CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəbdəbəli həyatdan üzüaşağı: Pandemiya kabusu şou əhlinə necə təsir edib?

© pixabay / StockSnapПевец на сцене, фото из архива
Певец на сцене, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus bəlası müğənnilərin də həyatını iflic edib. Ölümcül virusun yayılma təhlükəsinə baxmayaraq toyların bərpa olunmasını tələb edənlər də var

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. 2020-ci ilin mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunub və virusun yayılmasının qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu məqsədlə Azərbaycan ərazisində də 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunub.

Pandemiya dövrü bir çox sahələri zəiflətdiyi kimi, toy və şou proqramlardan pul qazanan sənət nümayəndələrindən də yan keçmədi, onların konsertləri, əsas gəlir yerləri olan toy şənlikləri ləğv olundu. Sputnik Azərbaycan bütün dünyanı cənginə götürən pandemiyanın dəbdəbəli həyat tərzi sürməyə öyrəşmiş şou-biznes nümayəndələrinə necə təsir etdiyini araşdırmaq üçün sorğu aparıb.

Народный артист Азербайджана Фаик Агаев, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq artisti toy təklifindən imtina edib

Söhbətimizi yerli şou-biznesimizin "əjdaha"sı sayılan Nadir Qafarzadə ilə başladıq. Nadir bəy pandemiya dövrünü müharibəyə bənzətdi: "Müharibə dövründə də insanlar ölür, aclıq, səfalət baş alıb gedir. Elə pandemiya da müharibədən fərqlənmir. Bu dövrdə nə qədər psixi travma alan insanlar var. İnsanlar maddi baxımdan da, mənəvi baxımdan da iflasa uğradılar. 49 yaşım var. Mən həyatda hər şey görmüşəm. Yoxsulluğu da, kasıblığı da görmüşəm. Anam rəhmətlik deyərdi: "İnsanın həmişə həyatda ağ günü olmur. İnsanın pis günü də olur. Pis günə pul saxlamaq lazımdır. Pis gün üçün tədarüklü olmaq lazımdır. Bu gün qazandığını bu gün yemə. Bir az da arxaya atmaq lazımdır". Anamın bir zamanlar dediyi sözlər bu gün öz təsdiqi tapır. Çox şükür ki, ac-susuz qalmadım. Hətta mən yardım da etdim, bu gün də edirəm. Amma sözsüz ki, bizdə də bitəcək. Çünki əlavə qazanc yoxdur, bir gün bitəcək".

Səhnəmizin ən hündürboy müğənnisi, "Yeni ulduz" müsabiqəsinin qaliblərindən olan Vüqar Muradov da pandemiyadan zərər çəkənlər sırasındadır: "Vəziyyət həddindən artıq pisdir. Artıq neçə aydır ki, borca-xərcə də düşmüşəm. Düşünürəm ki, bu hal 2021-ə qədər davam edəcək. Təəssüf ki, vaxtında özümə bir gün ağlamamışam. Digər sahələrdən gəlirim yoxdur. Təkcə toy və şou-proqramlardan gəlir əldə edirdim".

Fərqli səs tembri ilə seçilən Seymur Qasımzadəyə də bu dövr mənfi təsir edib:

"Mən müğənniliklə yanaşı, hərdən fotoqraf kimi də fəaliyyət göstərirəm. Hər iki sahədə durğunluq yaşanır. İnsanlarda artıq fotosessiya etdirməyə də maraq qalmayıb. Toy yox, pul yox. İnsanlar nə etsinlər? Mənim də başqa sahədən gəlirim yoxdur. Bu iki sahə də tənəzzül dövrünü yaşayır".

Bir müddət öncə maddi baxımdan sıxıntı yaşayan, sonradan tikinti şirkətlərinin birində reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunan Nura Suri pandemiyaya görə övladlarının üzünə həsrət qalıb. O, bu barədə özünün "Facebook" səhifəsində yazıb. Müğənni qeyd edib ki, böyük və ortancıl oğlu Amerikada yaşayırlar: "Fevralda 1 illik viza aldıq. Kiçik oğlumla Novruz bayramını qardaşları ilə Amerikada qeyd edəcəkdik, alınmadı, pandemiyaya görə gedə bilmədik. Heyf ki, indi həyatımıza, arzularımıza nəzarət öz əlimizdə deyil. Sabah nə olacağını da bilmirik. Heç evimizdən istədiyimiz vaxt çıxa biləcəyimiz də bizə məlum deyil. Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm".

Xalqımın toy kimi bir adəti var... Operativ Qərargah “toplantılara” icazə verəcəkmi?>>

Ölkəmizi Discovery İnternational Pop Festivalda təmsil edən gənc müğənni, "Ən yaxşı kişi səsi" və "Ən xarizmatik artist" nominasiyasının qalibi Tofiq Hacıyev isə karantin dövründə anlayıb ki, o, hər şəraitə uyğunlaşan insandır: "Karantindən öncə 4-5 saat evdə olan insan idim. O da ancaq yatmaq üçün evdə olurdum. İşlərim həddindən artıq çox idi. Dinamik iş rejimində çalışırdım. Karantin dövründə bütün günü evdə oturmaq məcburiyyətində qaldım. Amma hər pis işdə bir xeyir var.

Anladım ki, mən hər çətin ana uyğunlaşa bilirəm. Açığını deyim, evdə oturmaq mənə rahat oldu. Sözsüz ki, mənə də çətinlik yaratdı. İstər-istəməz bütün gəlir mənbələrindən oldum. Qazancım, işim heçə düşdü.

İndi yavaş-yavaş bərpa olmağa başlayıb. O da hələlik çıxışlar, şoular deyil. Hansısa layihələr, filmlərə mahnı yazmağa başlayıram. Çox şükür ki, bu tərəfdən qazanc var".

Ресторан в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müğənni də, restoranın sahibi də cərimələndilər

"Karantindən əvvəl böyük beynəlxalq layihədə iştirak edəcəkdim. Hansı ki, onun üzərində çox çalışmışdım. Karantinə görə beynəlxalq uçuşlar ləğv olundu və mən bu layihədə iştirak edə bilmədim", – deyə müğənni əlavə edib.

Karantin istedadlı müğənni Pərvin Piranova da mənfi təsir edib. Özünün təbiri ilə desək, bu dövr ona əməlli-başlı zərbə vurub: "Bu dövr incəsənət aləmini, musiqi aləmini çox sarsıtdı. Əksər müğənnilərin gəlir yeri toylardır. Toylara icazə verilməyəndə musiqiçilər nə etməlidirlər? Məsələn, aşpaz işləyən adam gedib taksi sürücüsü ola bilər. Amma müğənni bunu bacarmır. Biz bunu etsək, kənardan qınaq obyektinə çevriləcəyik. Mənə təkcə maddi yox, həm də mənəvi zərbə dəyib. Mən artıq bir müğənni olaraq öz işimdən sınmışam. Artıq yarım ildir musiqiçilər toylara getmirlər. Bu da o deməkdir ki, musiqiçi işləmir, paslanıb qalıb".

Müğənni ölümcül virusun yayılma təhlükəsinə baxmayaraq, Operativ Qərargahın qərarlarını da qınamağı unutmur:

"Operativ Qərargahı anlamıram. Nə düşünürlər? Toyların qadağan olunması ilə nə qədər insan işsiz qalıb. Baxın istirahət mərkəzlərinə, şəhərdaxili marşrutlara. Hər yer dolub-daşır insanlarla. İnsanlar oralarda virusa yoluxmayıb, toyda yoluxacaqlar?"

Populyar müğənni Damlanın meneceri Şəhriyar Abışov da barəsində danışdığımız mövzuya münasibətini bildirib: "Damla xanımın əlavə gəliri yoxdur. Ancaq toydan, şou-proqramlardan qazanır. Təbii ki, hər kəsə təsir etdiyi kimi, Damla xanıma da təsir edib. Amma nə mənim, nə də digər işçilərin məvacibi kəsilməyib. Hər ay vaxtında məvacibimizi almışıq. Ümid edirəm, tezliklə karantin bitər, biz də normal həyatımıza qayıdarıq".

Müğənni Kərim Abbasovun meneceri Rusif Hüseynov deyib ki, pandemiya dövrü meneceri olduğu müğənniyə də çox pis təsir edib: "Düşünürdük ki, may ayında karantin bitər, toylar, şou proqramlar başlayar. Biz də işlərimizə qaldığımız yerdən davam edərik. Bilirsiniz ki, müğənni bir mahnının yazılması, klip çəkilişləri, klipin sosial mediada tanıdılması üçün külli miqdarda pullar xərcləyir. Bu dönəmlərdə onu edə bilmədik".

Xəbər lenti
0