Daun sindromlu insanlar haqqında serialdan səhnə

Onlarda kin, nifrət, qəzəb olmur: Həftədə bir dəfə "Günəşin uşaqları" ilə görüşəcəksiniz

148
(Yenilənib 00:31 29.08.2020)
Azərbaycanlı kinematoqrafçılar tamaşaçılara dünya səviyyəli serial vəd edirlər. Onun qəhrəmanını isə doğulan gündən izləyiblər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Azərbaycanda ilk dəfə Daun sindromlu insanlar haqqında serial çəkilir. Əməkdar mədəniyyət işçisi, rejissor Ramin Hacıyev serial haqqında Sputnik Azərbaycan-a məlumat verib:

"Daun sindromlu insanlar bizim bir parçamızdır. Onları cəmiyyətdən təcrid etmək olmaz. Onlara olan münasibət dəyişməlidir. Onlar xəstə deyil, xəstə kimi yanaşmamalıyıq o insanlara. Adi insanlarda 46 xromosom var, onlarda isə xromosomların sayı 47-dir. Tanrı onları saf, pak yaradıb. Onlarda kin, nifrət, qəzəb olmur. Onlar ancaq sevinə və kədərlənə bilirlər. Bunu tamaşaçıya çatdırmaq üçün serialı çəkmək qərarına gəldik".

Ramin Hacıyev bildirir ki, bu mövzuda serial çəkmək onun çoxdankı arzusu olub. Lakin müəyyən səbəblərdən bunu reallaşdıra bilməyib: "Serialı çəkmək fikri çoxdan olub məndə. Texniki səbəblərə görə həyata keçirə bilmirdim. Serial "Xəzər" televiziyasında yayımlanacaq. Serialın quruluşçu rejissoru və ideya müəllifi mənəm. Ssenari müəllifi və redaktoru Azər Səlimlidir. Digər ssenari müəllifləri Tərlan Nur-Yaşar, Elsəvər Mehdizadə, Faiq Ağamalıyev, Səbuhi Bayramov və Araz Atakişiyevdir. Adı hələ dəqiqləşməsə də yeni mövsümdə - sentyabrda ekranlara çıxacaq".

  • Daun sindromlu insanlar haqqında serialdan səhnə
    © Photo : Ramin Hajiyev
  • Daun sindromlu insanlar haqqında serialdan səhnə
    © Photo : Ramin Hajiyev
  • Daun sindromlu insanlar haqqında serialdan səhnə
    © Photo : Ramin Hajiyev
  • Daun sindromlu insanlar haqqında serialdan səhnə
    © Photo : Ramin Hajiyev
1 / 4
© Photo : Ramin Hajiyev
Daun sindromlu insanlar haqqında serialdan səhnə

Serialın ssenari müəllifilərindən olan Araz Atakişiyev bildirir ki, baş rolun ifaçısı Daun sindromlu şəxsdir: "Əsas rolu Əli adlı gənc canlandıracaq. Ssenarini başlamazdan əvvəl bu sindromu araşdırmışıq. O niyə baş verir? Hansı səbəblərə görə insan Daun sindromlu doğulur? Daun sindromlu qəhrəmanımızın doğuluşundan başlayıb, onun yaşadığı hər anı, keçirdiyi hissləri və ona və onun kimi insanlara məxsus olan digər cəhətləri araşdırmışıq. Hazırda çəkdiyimiz aktyorun - Əlinin 20 yaşı var. Biz hətta o doğulan zaman səhiyyəmizin hansı vəziyyətdə olduğunu da araşdırmışıq. Yəni o doğulanda onun müalicəsi ola bilərdimi? Bütün bunları həkimlərlə məsləhətləşmişik. Çalışırıq ki, heç bir səhvə yol verməyək".

A.Atakişiyev bildirir ki, bədii-sənədli serialın mövzusu kimi, ona yanaşma tərzi də fərqli olacaq: "Bu dəfə dünya serial praktikasından istifadə etmişik. Azərbaycan tamaşaçısı üçün yad ola bilər. Həm mövzu, həm də seriala yanaşma fərqli olacaq. Serialın adı "Günəşin uşaqları" və ya "Mən kiməm?" ola bilər. Ola bilsin ki, ad dəyişildi. Həftədə bir dəfə yayımlanacaq. Elxan Yunis, Xalidə Quliyeva, Əbdülqəni Əliyev və s. aktyorlar rol alıblar. Çəkilişlər əsasən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində və həmin gəncin böyüdüyü evdə aparılacaq.

148
Əlaqədar
Həmyerlimizin filmi Qafqazın ən böyük və nüfuzlu film festivalında nümayiş olunacaq
Azərbaycanlı rejissorun "Daxildəki ada"sı qalib olub
"Həddini aşan" qadın rejissor güllələndi
Fehruz Şəmiyev: "Filmin büdcəsi yox, rejissorun çatdırmaq istədiyi fikir daha önəmlidir"
Azərbaycan əsilli avropalı rejissor festivalın qalibi oldu
Günel Atkinson Nəsibova

Azərbaycana səyahət etmək istəyən əcnəbilər “Ağsaqqal”ı görsünlər VİDEO FOTO

995
(Yenilənib 10:00 23.09.2020)
Fransada yaşayan Günel Atkinson Nəsibova qeyri-adi masaüstü oyun hazırlayıb. O, Azərbaycan xalqının mədəniyyətini, tarixini və ənənələrini populyarlaşdırmağa imkan verir.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Fransada yaşayan azərbaycanlı Günel Atkinson Nəsibova qeyri-adi masaüstü oyun yaradıb. “Ağsaqqal” adlanan oyun sosial şəbəkələrdə müzakirə mövzusu olub. Oyunun məqsədi Azərbaycanın dəyərləri, ənənələri, tarixi, mədəniyyəti və incəsənəti barədə biliklərin ötürülərək artırılmasına xidmət etməkdir. Öz ixtirası barədə Nəsibova Sputnik Azərbaycan-a müsahibəsində geniş məlumat verib.

- Günel, Bakıdan Fransaya köçməyiniz necə alındı?

- Bakıda riyaziyyat müəllimlərinin ailəsində doğulub-böyümüşəm. Uşaq vaxtı dama oynamağı sevirdim, hətta 13 yaşım olanda Azərbaycan çempionu adı da qazandım. 15 yaşımda daha bir sürpriz gözləyirdi məni - Freedom Support Act (FSA) proqramının qaliblərindən biri oldum. Bu proqram hər il 50 nəfər yuxarı sinif şagirdinin 1 il müddətində ABŞ-da dəyişmə proqramı vasitəsilə təhsil almasına sponsorluq edirdi.

Bakıya qayıdandan sonra Amerika Universitetinə qəbul olundum və dörd il sonra “İşgüzar idarəetmə” ixtisası üzrə bakalavr diplomu aldım. Maliyyə və mühasibat sahəsində müxtəlif beynəlxalq şirkətlərdə on il işlədikdən sonra qərara aldım ki, təhsilimi davam etdirim.

2010-cu ildə Böyük Brtaniyaya getdim. Əvvəl MBA proqramı üzrə oxuyurdum, sonra diplomlarımın sırasında CIMA diplomunu da qata bildim.  

2014-cü ildə həyat yoldaşımın işinə görə Bakıya qayıtdım və ailəm burada dörd möhtəşəm il keçirdi. Ancaq 2018-ci ildə ərimin müqaviləsi bitdiyindən yenidən Böyük Britaniyaya döndük.

© Photo : Gunel Atkinson Nasibova
Günel Atkinson Nəsibova

Təzə gəlmişdik ki, Parisə köçəcəyimiz barədə xəbər aldıq. Kefimiz pozula da bilməzdi – Paris nağıl kimi şəhərdir.

Burada artıq üçüncü ildir, yaşayırıq və hər gələn il hiss edirəm ki, Paris daha da doğmalaşır, onu daha çox sevirəm. Amma bunlara baxmayaraq, dünyanın heç bir şəhəri sevimli Bakımın yerini verə bilməz. Gözəl ailəm: həyat yoldaşım Klayv, iki gözəl övladım, oğlum Elvin və qızım Leyli var, buna görə taleyimə minnətdaram.

- Bəs  “Ağsaqqal” oyununu yaratmaq ideyası necə  yarandı? Adı da çox qəribədir.

- İdeyanı uşaqların sayəsində firikləşdim. Anlayırdım ki, Bakıda yaşamayaraq, öz Vətənin haqda yetəri həcmdə məlumat almayaraq, daimi olaraq həmvətənlərinlə ünsiyyət saxlamayaraq öz köklərindən daha da uzaq düşürsən. Bu, kefimi pozurdu. Elə vəziyyəti dəyişmək istəyi də masaüstü oyun yaratmaq ideyasını doğurdu.

Ailəmiz oyunları sevir. Ona görə əmin idim ki, bu formatda mütləq qoyduğum məqsədə çatacam.

- Niyə məhz “Ağsaqqal”?

- “Ağsaqqal” sözünü çox sevirəm. Onunla çox yaxşı assosiasiyalarım var. Ağsaqqal müdriklik və hörməti ehtiva edir, yəni bir sözdə bu qədər dərinlik var. Bu ad ağlıma gələndə dərhal anladım ki, başqa variant axtarmaq heç lazım da deyil.

- Bu, yaratdığınız ilk oyundur?

- Bəli, “Ağsaqqal” ilk oyunumdur. Planımda onu bir az da genişləndirmək var. Yəni davamı olaraq “Ağbirçək” də yarada bilərəm.

- Bu oyunun qaydaları nədir?

- “Ağsaqqal”ın məqsədi Azərbaycanın dəyərləri, ənənələri, tarixi, mədəniyyəti və incəsənəti barədə məlumatları ötürmək və çoxaltmaqdır. Oyunçular bizim ölkənin xəritəsini əks etdirən masaüstü lövhənin üzəriylə “səyahət” edərək ölkə haqda öyrənirlər. Qazanaraq “ağsaqqal” olmaq üçün oyunçu yolda Azərbaycan haqda suallar olan vərəqləri yığaraq səyahəti birinci tamamlamalıdır. Suallar da öz növbəsində bir neçə kateqoriyaya bölünür, həm öyrədici, həm də əyləncəlidir.

Oyun konsepsiyasına görə çətin deyil, amma məzmununa görə xüsusidir, gözəlliyi də elə bundadır.

© Photo : Gunel Atkinson Nasibova
Günel Atkinson Nəsibova

Oyunun çətinliyinə görə iki mərhələsi var, yəni onu Azərbaycanda yaşayanlar və xaricdə olanlar oynaya bilərlər. Hətta ən xırda detallar da Vətənimizə qarşı diqqət və məhəbbətlə düşünülüb. Məsələn, hərəkət etdirilən fişkalar da sevdiyimiz atributları – paxlava, çarıq, Qarabağ atı – ifadə edir.

- “Ağsaqqal” nə qədər vaxtınızı aldı? Oyunu yaradarkən hansı çətinlikləriniz oldu?

- Rəqəmsal dizayn, test mərhələsi və ilkin protototipinin əldə edilməsi də daxil “Ağsaqqal”ın yaradılmasına bir il sərf etdim. Yeri gəlmişkən, nə qədər narahat olub kədərlənsəm də COVID-19 və onun səbəbindən karantin bir qədər mənə kömək oldu ki, sevimli məşğuliyyətimə daha çox vaxt ayırıım.  

Əlbəttə, çətinliksiz də olmur. Məsələn, əvvəl heç vaxt rəqəmsal dizaynla məşğul olmamışam, müxtəlif proqramlar yükləyib hər şeyi öyrənməyə məcbur oldum. Oyun çapa hazır olan kimi ilk növbədə Bakıdakı naşirlərimizə müraciət etdim, amma belə bir istehsalçı tapa bilmədim. Xarici şirkətlərə müraciət etməli oldum.

Gələcəkdə öz yerli resurslarımızdan, azərbaycanlı istehsalçıların xidmətlərindən istifadə etmək istərdim. İndi bu layihənin maliyyələşməsi ilə bağlı çətinlik var, amma düşünürəm ki, yaxın gələcəkdə məsələ həllini tapacaq.

- Fransada oyununuzu necə dəyərləndirdilər?

- Fransada bizim diasporun nümayəndələrinə “Ağsaqqal” barədə məlumat verdim və onlardan, eləcə də hörmətli səfirimiz Rəhman Mustafayevdən dəstək və xoş arzular aldım. Əlbəttə ki, bu məni çox sevindirdi və qürurlandım.

Oyunum barədə ilk bölüşdüyüm insanlardan biri də həmyerlimiz, gözəl rəssam Əsmər Nərimanbəyova oldu. Parisdə yaşayan Əsmər xanım bizim dahi rəssamımız Toğrul Nərimanbəyovla Azərbaycanın xalq heykəltaraşı Elmira Hüseynovanın qızıdır, gözəl qəlbli bir insandır. O, “Ağsaqqal” oyununun faydasını dərhal qiymətləndirdi və bu istiqamətdə işimi təriflədi.

“Ağsaqqal” hələ satışa çıxmayıb, amma ümid edirəm ki, yaxın gələcəkdə onu almaq istəyənləri sevindirə biləcəyəm.

© Photo : Gunel Atkinson Nasibova
Günel Atkinson Nəsibova

- Belə bir fikir var ki, demək olar ki, bütün kompüter oyunları ünsiyyəti öldürür, masaüstü oyunlarda isə hər şey tərsinədir – tanışlıq, canlı ünsiyyət, elə coşğu da boldur. Necə bilirsiniz, kompüter oyunları masaüstü oyunları tamamilə sıxışdırıb çıxara bilər?

- Bəli, tamamilə haqlısınız. Masaüstü oyunların gözəlliyi  elə ondadır ki, onlar dost-tanışları, doğmaları bir yerə toplayır, vaxtımızı birlikdə maraqlı keçirməyə imkan yaradır. Məhz bu fakta görə, hesab edirəm ki, kompüter oyunları heç vaxt masaüstü oyunları sıxışdıra bilməz. Ən azından hələ robotlar bəşəriyyəti zəbt eləməyincə (gülür).

- Sizin oyunu Azərbaycanda almaq mümkün olacaq?  

- Əlbəttə, mütləq. Arzum odur ki, “Ağsaqqal” hər bir azərbaycanlının evində olsun.

995
Teqlər:
oyunçu, sual, ənənə, tarix, incəsənət, mədəniyyət, Azərbaycan, Böyük Britaniya, Fransa, azərbaycanlı, oyun
Tallin şəhərinə mənzərə, arxiv şəkli

Tallində azərbaycanlı rəssamın sərgisi keçirilir - VİDEO

6
(Yenilənib 01:55 23.09.2020)
Rövşən Nur 20 il Estoniyada yaşayıb və Tallin şəhərinin mənzərələri, Estoniya təbiəti ona çox yaxındır

BAKI, 23 sentyabr — Sputnik. Tallin Müəllimlər Evində azərbaycanlı rəssam Rövşən Nurun (Quliyev) "Yay" adlı rəsm sərgisinin açılışı olub.

Sputnik Azərbaycan xəbər verir ki, xəbər "bublik.delfi.ee" internet dərgisində nəşr olunub.

Qeyd olunur ki, Rövşən Nur 20 il Estoniyada yaşayıb və Tallin şəhərinin mənzərələri, Estoniya təbiəti ona çox yaxındır.

Sərgidə 30 rəsm əsəri nümayiş olunur. Sərgi 20 oktyabr 2020-ci il tarixinədək sənətsevərlərin üzünə açıqdır.

6
Teqlər:
sərgi, Tallinn, Estoniya, azərbaycanlı, rəssam
Əlaqədar
Azərbaycanlı rəssamdan kubalı həkimlərə qeyri-adi hədiyyə
Məşhur rəssam Türkiyədə "girov götürülmüş" oğluna görə pul ödəməkdən imtina edir
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO
Azərbaycanlının “əriyən xalçaları” əcnəbiləri heyrətə saldı - FOTO
Hollivud aktyoruna azərbaycanlı rəssamdan ithaf
Məktəbli, arxiv şəkli

"Bir il hana, bir il "dana"- İşləyən valideynlər iki yoldan birini seçməlidir

0
(Yenilənib 13:52 23.09.2020)
Valideynlərdən şikayət: "İbtidai siniflər üçün dərslərin həftədə iki-üç dəfə virtual keçirilməsi onları proqramdan geri qoyur. Uşaqların texniki bilikləri olmadığından, onlar sərbəst şəkildə virtual dərslərə qoşula bilmirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Dərslərin bu tədris ilindən koronavirus pandemiyasına görə hibrid keçirilməsi bu il məktəbə qədəm qoyan birincilər üçün çox ciddi problem yaradıb. Belə ki, virtual məktəbin funksiyalarından heç cürə istifadə etməyi bacarmayan 1-ci sinif şagirdləri dərslərin virtual keçirildiyi günlərdə valideyn köməyindən asılı vəziyyətə düşüblər. Bu isə işləyən valideynləri böyük çətinliklə üz-üzə qoyub.

Övladı bu il birinci sinfə gedən Fərizə Salmanova adlı valideyn Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özü və həyat yoldaşı işləyir. Uşaq həftənin yalnız iki gün dərsə gedir.

Onlayn dərs keçirilən günlərdə də təkbaşına dərslərə qoşula bilmir:

"Uşaq telefonla dərsə necə qoşulmağı bacarmır. Hansı uşağın valideyni evdədirsə, kömək edə bilirsə onlayn dərslərə qoşulur. Valideyni işləyən uşaqlar isə demək olar ki, həftədə iki gün dərs keçə bilir. Birinci sinif şagirdlərinin dərsi onlayn keçməsi demək olar ki, mümkün deyil. Müəllim sadəcə hansı hərfdən, hansı rəqəmdən neçə sətir yazmağı tapşırır".

Valideyn deyir ki, bir evdən iki-üç uşaq dərsə gedirsə, bu zaman problem daha da böyüyür: "Oktyabrın 1-dən mənim kiçik qızım da məktəbəhazırlığa gedəcək. Bir telefonla iki uşağın dərsə onlayn qoşulması isə mümkün deyil".

Salmanovanın sözlərinə görə, ibtidai siniflər üçün dərslərin həftədə iki-üç dəfə virtual keçirilməsi onları proqramdan geri qoyur. Uşaqların texniki bilikləri olmadığından, onlar sərbəst şəkildə virtual dərslərə qoşula bilmirlər.

Sputnik Azərbaycan onlayn təhsilin aşağı sinif şagirdlərinə yaratdığı problemdən çıxış yollarını araşdırıb.

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, valideynlər narazılıqlarında haqlıdırlar. Aşağı siniflərdə onlayn dərslərin keçirilməsi çətindir. Bunun üçün mütləq şəkildə valideynin köməyi olmalıdır. Hər iki valideyn işləyirsə, uşağa virtual məktəbə qoşulmağa dəstək göstərən olmur. Birinci sinfə gedən şagirdin isə elə texniki bacarıqları yoxdur ki, o, sərbəst onlayn dərslərə qoşulsun. Artıq bəzi ölkələrdə bunun çıxış yolunu tapıblar:

"Qonşu Gürcüstanda hər iki valideyni işləyən ailələrə uşaqların onlayn dərs keçməsi üçün sosial işçilər ayrılıb. Ana-ata işə getdikdə sosial işçilər uşağa bu məsələdə kömək göstərirlər. Çox təəssüf ki, bizdə hibrid dərslərə start verilsə də, bu problemin çıxış yolu yoxdur. Bu zaman valideyn məcburdur ki, uşağa onlayn dərslərə qoşulmaqda yardım üçün dayə tutsun. Çünki, bəzən nənə və baba yaşlı olduğu üçün evdə olsalar belə, uşağa bu məsələdə yardım edə bilmirlər. Dayə tutmaq üçün isə hər ailənin imkanı çatmır".

M. Mürşüdlü bildirir ki, problemdən çıxış yollarından biri ibtidai sinif şagirdlərinə əyani şəkildə hər gün 5 dəfə dərslərin keçirilməsini təmin etməkdir: " Qardaş Türkiyədə müəllimlər aşağı sinif şagirdlərinin evinə gedərək onlara yazıb oxumağı öyrədirlər. Bizdə müəlimlərə belə bir tapşırıq verilməyib. Ona görə də valideyn işdən gəldikdən sonra məcburdur ki, uşağın əlindən tutub ona yazmağı öyrətsin. Amma düşünürəm ki, işləyən ailələrin bu problemi nəzərə alınmaqla, aşağı sinif şagirdlərinin beş-beş bölünərək dərsə gündəlik getməsi təmin oluna bilər. Çünki, xüsusilə birinci və ikinci siniflərdə şagirdin müəllimlə birbaşa ünsiyyətdə olması çox vacibdir. Nəzərə alsaq ki, bu gün şagirdlərin çoxunun evində virtual məktəbə qoşulmaq üçün kompyuter, telefon və internetə əlçatanlıq tam təmin olunmayıb, bu zaman uşaqlar yazıb-oxumaq bacarığına yiyələnməkdən məhrum ola bilərlər. Azərbaycanda isə orta təshil icbaridir".

Təhsil İnstitutunun Təlimin Nəzəriyyəsi və Metosikası şöbəsinin müdiri Bibixanım İbadova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərslərin onlayn keçirilməsi zamanın tələbidir:

"Burada bizim heç birimizin istəyi nəzərə alınmır. Doğrudur ki, virtual məktəb ənənəvi təhsilin yerini verə bilməz. Amma məqsəd pandemiya dövründə şagirdlərin dərsdən kənar qalmamasıdır. Bəzi valideynlər işdə olduğu üçün uşağın dərslərinə vaxt ayıra bilmədiyini söyləyir. Amma valideyn hər zaman işdə olmur axı. Məktəb üçbucaqdır. Bu üçbucağın bir qolu müəllimdirsə, digər qolu valideyndir. Əvvəl valideynlər arxayın idi ki, müəllim onun övladına lazımi bilik verir. Amma indi valideyn öz övladını nəzarətə götürməlidir".

B. İbadova deyir ki, işləyən valideynlər də hibrid təhsil sistemində Təhsil Nazirliyi tərəfindən nəzərə alınıb: "Nəzərə almaq lazımdır ki, Virtual məktəbdən əlavə Teledərslər də var. Teledərslər "Youtube"a yüklənir. Bu gün uşaqların təhsil alması üçün əhatəli şərait yaradılıb. Teledərslərin "Youtube"a yerləşdirməyin məqsədi odur ki, şagirdlərin keçirilən dərsləri təkrar-təkrar izləmək imkanı olsun. Valideyn işdən gəldikdən sonra "Youtube"u açıb uşağı ilə dərsi izləyə bilər. İnternetdə dərs resurslarından da istifadə etməklə övladının dərs proqramını mənimsəməsinə yardım edər. Pandemiya dövründə hamımız səfərbər olmalıyıq ki, uşaqar təhsildən kənar qalmasınlar".

0
Teqlər:
təhsil, məktəb, virtual, Təhsil Nazirliyi
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Virtual məktəbdə qeydiyyat dayandırılır
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək