BAKI, 13 avqust — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunub.
Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 1 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.
Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.
BAKI, 28 yanvar — Sputnik. Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kəndi ərazisində yerləşir. Sözügedən kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Sputnik Azərbaycan xəbər verir ki, Kilsə Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kilsəni ziyarət edib.
BAKI, 28 yanvar — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan kinosunda dublyaj rejissoru kimi tanınan, xarici filmləri ana dilimizə tərcümə edən və dublyaj sənətinin ustadlarından sayılan, Əməkdar Mədəniyyət işçisi Arif Həbibi vəfat edib.
Bu barədə məlumatı mərhum rejissorun qızı İlhamə Həbibi sosial mediadan yayıb.
Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub.
1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib və həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb.
Arif Həbibi dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və adaptasiya edib.
Uzun illər Mədəniyyət və İncəsənət Universitetində dublyaj sənətindən dərs deyib.
BAKI, 28 yanvar — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 aprel 2021-ci il tarixinədək fəaliyyətini dayandırır.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.
Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.az, https://twitter.com/tehsilgovaz, https://www.instagram.com/edugovaz/, https://www.youtube.com/user/tehsilgovaz, @edugovaz) izləmək tövsiyə edilir.