Sayrışan İşıqlar serialından kadr

Həyatını riskə ataraq: Rejissor azərbaycanlı həkimlərin fədakarlığını seriala çəkəcək

54
(Yenilənib 13:55 29.06.2020)
Rejissor Zaur Tahirsoy, ölkədəki hazırkı vəziyyəti əks etdirmək və COVİD-19-a yoluxmuş şəxslərin müalicəsinin necə keçdiyini göstərmək üçün "Sayrışan işıqlar" serialına dəyişiklik etmək məcburiyyətində qalıb.

BAKI, 29 iyun — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan rejissoru Zaur Tahirsoy özünün sanballı əsəri olan "Sayrışan işıqlar" filminin ikinci hissəsində Azərbaycan həkimlərinin koronavirus xəstələrinin həyatı uğrunda mübarizə apararaq öz peşələrində necə heyrətamiz cəsarət və sədaqət nümayiş etdirdiklərini əyani şəkildə nümayiş etdirməyə qərar verib.

Rejissor Zaur Tahirsoy

Bu, Azərbaycanda yalnız YouTube-da yayımlanan və tibbi mövzuya həsr olunmuş ilk serialdır. Filmin ilk seriyası altı ay əvvəl çıxıb. Koronavirus pandemiyası səbəbindən rejissor gələcək çəkilişləri dayandırmaq məcburiyyətində qalıb. Lakin bu günlərdə işi bərpa etmək qərarına gəlib. Tahirsoyun sözlərinə görə, serialın birinci hissəsinə çoxlu sayda qüvvə və əmək sərf edilib. Lakin serial yaradıcıların gözləntilərini doğrultmayıb.

"İş çox keyfiyyətli idi, lakin təəssüf ki, izləyənlərin sayı o qədər də yüksək deyildi. Təəssüf ki, Azərbaycan kino sənayesində bir-birini dəstəkləməyi və həmkarlarının əsərlərini bölüşməyi xoşlamırlar. Bütün bunlara görə, biz filmin birinci hissəsinin piarını apara bilmədik, amma ikinci hissənin irəliləməsi ilə məşğul olmaq niyyətindəyik. Yeni seriya tezliklə tamaşaçılara təqdim olunacaq", - deyə Tahirsoy Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Rejissor serialın ssenarisinə dəyişiklik etmək qərarına gəlib. Belə ki, serial Azərbaycanda koronavirus pandemiyası ilə bağlı yaranmış hazırkı vəziyyəti əks etdirəcək. Bununla əlaqədar olaraq bəzi kadrlar yenidən çəkilib.

"Serialımız tibb haqqında olduğuna görə, biz burada sadəcə koronavirus mövzusunu əks etdirə bilmərik. Çəkilişə başlamazdan əvvəl biz artıq bir neçə aydır ki, bu cür xəstələrin müalicəsi ilə məşğul olan həkimlərlə söhbət etdik. Onlar bir çox şeyi izah etdilər və biz bunları yeni seriyada göstərməyə hazırlaşırıq. İnsanlar bilməlidir ki, həkimlərimiz xəstələri müalicə etmək üçün hər dəfə nələrdən keçirlər. Onlar xəstələri sağaltmaq üçün öz sağlamlıqları ilə risk edirlər. Biz serialda bütün bunlarla yanaşı, digər xəstəliklərə də toxunacağıq", - deyə Tahirsoy bildirib.

Filmin aktyor tərkibi hər dəfə dəyişəcək - yalnız baş qəhrəmanlar - Aysel Nazim və Rəşad Kəsəmənli, həmçinin altı gənc aktyor dəyişməz qalacaq. Rejissorun sözlərinə görə, "Sayrışan işıqlar" seriallar və filmlərin video axın şəkildə təchizatçisi olan Netflix ABŞ transmilli şirkətinin formatında çəkilir. Cəmi 12 seriya çəkiləcək. Tahirsoy hər bir hissədə kinolentin bir qəhrəmanının hekayəsini izah etmək niyyətindədir. Onun əsas məqsədi Azərbaycanda əslində çox yaxşı həkimlərin olduğunu və onları qiymətləndirmək lazım gəldiyini göstərməkdir.

"Sevindirici haldır ki, məndən sonra bir çox həmkarlarım YouTube üçün film və verilişlər çəkmək qərarına gəliblər. Artıq bizim telekanallardan mənə çox böyük təkliflər gəlib. Təbii ki, əgər mənim serialımı TV-də göstərəcəklərsə, bunun əleyhinə deyiləm. Amma bir şərtlə ki, onun YouTube formatı saxlanılsın", - deyə Tahirsoy qeyd edib.

Rejissor hazırda digər layihələr üzərində də işləyir. O, Azərbaycanda məktəb həyatı haqqında "Səkkizinci dərs" adlı serialın çəkilməsini planlaşdırır.

54
Kitabxana

Mədəniyyət işçiləri üçün böyük töhfə

5
(Yenilənib 00:38 16.01.2021)
Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir.

BAKI, 16 yanvar — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı "Boş məkan" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, "Cansız teatr", "Müqəddəs teatr", "Kobud teatr", "Teatr", "Y.Kaqarlitski" başlıqlı fəsillər üzrə toplanmış əsərlər teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verir.

Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Qeyd edək ki, Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir. O, həmçinin 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir. "Britaniya imperiyası", "Şərəf legionu" ordenlərinə layiq görülüb. "Avropa teatr mükafatı", "Kioto" və "Beynəlxalq İbsen mükafatı" kimi ödüllərlə də təltif edilib. Onun əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.

5
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

10
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

10
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi

Müdafiə Nazirliyindən məhkumluğu olan hərbi vəzifəlilərə - Siz gəlməyin

0
(Yenilənib 12:57 16.01.2021)
Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə müqavilə bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar yanvarın 18-dən fevralın 9-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

"Ehtiyat zabit hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər "Ehtiyat zabit hazırlığı kursu"na müvafiq ixtisaslar üzrə qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə müqavilə bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Kursa qəbul olunmaq istəyən namizədlər SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);

- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;

- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd.

Məhkumluğu olan hərbi vəzifəlilərin "Ehtiyat zabit hazırlığı kursu"na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, "Qızıl Şərq" hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi)

Telefon: (012) 538-85-62

Müraciət etmə vaxtı: 2021-ci il yanvarın 18-dən fevralın 9-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

0
Teqlər:
müraciət, ehtiyat, kurs, zabit, Azərbaycan Müdafiə Nazirliyi