Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Onun sazının sirri Kəlbəcərdən gəlib, oraya da qaytarmaq arzusundadır

© Sputnik / Musa MuradliSaz ustası Mətləb
Saz ustası Mətləb - Sputnik Azərbaycan
Abunə olmaq
Usta deyir ki, sazı yalnız tut ağacından düzəltmək mümkündür. Amma tut ağacının heç də hamısı bu alətin hazırlanması üçün yaramır. Saz üçün ancaq dağlıq ərazilərdə bitən tut ağaclarından istifadə olunur

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Saz ustası Mətləb Sadıqov 1985-ci ildə Kəlbəcər şəhərində doğulub. Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal edən zaman, minlərlə soydaşımız kimi o da zorla öz dədə-baba torpağından didərgin düşüb. Bir müddət Tərtər rayonunun Soyulan kəndində məskunlaşaraq orada yaşamalı olub. Dövlətin qaçqın və məcburi köçkünlər üçün Tərtər rayonunun Şıxarx qəsəbəsində inşa etdiyi evlərdən birində onların da ailəsi mənzillə təmin olunub. Bu ev bir az da Kəlbəcərə yaxın olduğundan, Mətləbə yurd havasını almağı asanlaşdırıb. Yurd havası ilə nəfəs alan aşıq, həm də sazın pərdələrində gəzişməklə el havalarını dilləndirir. 

Gözəl ifa ilə yanaşı Mətləb həm də gözəl saz aləti hazırlaya bilir. O, Sputnik Azərbaycan-a ilk öncə saz hazırlamağın sirlərini ona öyrədən ustadından danışıb: “Kəlbəcərdən çıxanda 7 yaşım var idi. O acılı günlər, dağı, dərəni necə aşmağımz, yolumu, çətinliyimiz bir lent yazısı kimi gözümün önündədir. Elə həmin illərdə əmim sazbənd Məcidin yanında şagirdlik edirdim. Beləliklə saz hazırlamaq sənətini əmimdən öyrəndim. Əmim Kəlbəcərdə yaşadığı gənclik illərindən başlayıb, bu günə qədər sazbəndliklə məşğuldur. Bir neçə sazbənd yetişdirib ki, onlardan biri də mənəm. Lap az yaşım olanda, məktəbdə oxuyarkən əmimin müəllimliyilə bu sənətə yiyələnmişəm”.

© Sputnik / Musa MuradliSaz ustası Mətləb
Onun sazının sirri Kəlbəcərdən gəlib, oraya da qaytarmaq arzusundadır - Sputnik Azərbaycan
Saz ustası Mətləb

Mətləb usta son vaxtlar yaranmış çətin dövrdə də karantin günlərdən səmərəli istifadə edib. El şənlikləri dayandırıldığından məclislərdən, toylardan ayrılsa da, bu günlərdə boş dayanmayıb, sazbəndlik sənətini davam etdirib. Karantin başlayandan 2-3 yarımçıq sazın işlərini  tamamlayıb. Qadağalar onun məclisdə iştirak edib pul qazanmaq imkanlarını məhdudlaşdırsa da, ölkədə tətbiq edilən karantin qaydalarına əməl etməyin də vacibliyini vurğulayır. İnsanları məsuliyyət hissini itirməməyə, virus ötdü keçdi deyə, arxayınlaşmamağa çağırır.

Çeşidinə görə usta Mətləb bir neçə növdə saz hazırlayır. Kiçik, orta, böyük ölçülü sazlar hazırlayan usta istənilən sifarişə uyğun iş gördüyünü bildirir.

© Sputnik / Musa MuradliSaz ustası Mətləb
Onun sazının sirri Kəlbəcərdən gəlib, oraya da qaytarmaq arzusundadır - Sputnik Azərbaycan
Saz ustası Mətləb

“Sazlar bir neçə formada olur. Kiçik sazlara cürə sazlar deyirik. Kiçik sazlarla yanaşı orta və tavar sazlar da hazırlayırıq. Sazların belə adlandırılması onların ölçüsünə görədir. 9 telli, 11 telli və 12 telli sazlar imkanlarına görə də bir birindən fərqlənir” – deyən sazbənd Mətləb Sadıqov əlavə edib ki, hər ağacdan da saz hazırlamaq olmur. Sazı yalnız tut ağacından düzəltmək mümkündür. Amma tut ağacının heç də hamısı bu alətin hazırlanması üçün yaramır. Saz üçün ancaq dağlıq ərazilərdə bitən tut ağaclarından istifadə olunur.

Mətləb Sadıqov həvəslə saz sənətinin təbliği ilə də məşğul olur. Ustanın fəaliyyətinin başqa bir yolu da müəllimlikdir. Saz hazırlamağı öyrənmək üçün gələn uşaq və yeniyetmələrə sənətin sirlərini aşılayır. Saz düzəltməklə yanaşı ifaçılığı da öyrənmək istəyənlər olur ki, onlara da ustad aşıq yorulmadan dərs keçir. Söhbət zamanı məlum oldu ki, saz ifaçılığını öyrənmək istəyənlərin sayı elə də az deyil. Onun 30 nəfər ifaçı şagirdi həvəslə xalqımızın bu sevimli sənətini öyrənir.

© Sputnik / Musa MuradliSaz ustası Mətləb
Onun sazının sirri Kəlbəcərdən gəlib, oraya da qaytarmaq arzusundadır - Sputnik Azərbaycan
Saz ustası Mətləb

Kəlbəcərli usta Mətləb Sadıqov ömrünün sonuna qədər sazbəndlik sənətinin öyrətməyə çalışacağını deyir. Necə ki, nəsildən gələn sənətkarlığı davam etdirib, eləcə də oğlu Eldənizə bu sənətin sirlərini öyrədib.

Sazəndənin ifa etdiyi havada, onun ifa tərzində yurd nisgili aydın sezilir. Aşığın da ən böyük arzusu Kəlbəcərə qayıdıb, sənəti orada davam etdirməkdir. Ümid edir ki, o gün uzaq olmaz. Tezliklə sazının səsi yenə də o yerlərdə səslənər.

Xəbər lenti
0