Julia Behbudova

Behbudovun ocağına gəlin gələn rus qızı: "Onun musiqisi həyatımda önəmli yer tutur”

1134
(Yenilənib 21:17 14.05.2020)
Canlandırdığın obrazın nə hiss etdiklərini anlamasan onu tamaşaçıya çatdırmaqda çətinlik çəkərsən. Bunun üçün səs, diapazonla birlikdə aktyorluq qabiliyyətinin də olması vacibdir.

BAKI, 14 may — Sputnik, Kamal Almuradlı. Soyadı onun brendidir. Azərbaycanda daha çox SSRİ Xalq artisti, unudulmaz sənətkar Rəşid Behbudovun gəlini kimi tanınılır. Əslində isə rus əsilli ifaçı Julia Behbudova beynəlxalq arenalarda kifayət qədər tanınan, sözünü deməyi bacaran opera sənətçisidir. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının Opera və Balet Teatrında çalışıb. Herzen Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsində vokal sənətinin sirlərini öyrənib. Beynəlxalq opera səhnələrində diqqət çəkən obrazları ilə kifayət qədər tamaşaçı sevgisi qazanmağı bacaran ifaçı hazırda Azərbaycanda yaşayır.

- Azərbaycanla ilk tanışlığınız nə zamandan yarandı?

- Azərbaycanla ilk əyani tanışlığım 2015-ci ilin yayında baş verdi. Bir dostumu ziyarətə gəlmişdim. O, məni mehribanlıqla qarşıladı. Bakının ecazkarlığına və modern ilə qədim tarixini özündə əks etdirdiyini gördükdə daha çox sevdim. Təkrarsız təbiəti, çoxəsrlik mədəniyyəti, tarixi, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələrinin olduğunun şahidi oldum. O zamana qədər Azərbaycanı Şərqdə klassik musiqisinin beşiyi kimi tanıyırdım. Belə ki, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə 1908-ci ildə səhnəyə qoyulması və bunun ardınca isə 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin müəllifi olduğu "Qız Qalası" baletinin müsəlman şərqində ilk dəfə oynanılmasından xəbərdar idim. Eləcə də 1912-ci ilin aprelində Şövkət Məmmədovanın ilk müsəlman qadın opera müğənnisi kimi tarixə düşdüyünü bilirdim.

Opera ifaçısı Julia Behbudova

- Hansı azərbaycanlı sənətkarlarımızı tanıyırsınız? İfaçılarımızdan kimləri dinləyirsiniz?

- Hər şeydən öncə keyfiyyətli musiqi, klassik əsər daha çox diqqətimi çəkir. Bir opera sənətçisi kimi də peşəkar klassik ifalar məni daha çox ilhamlandırır! Azərbaycan sənətkarlarına gəldikdə isə Şövkət Məmmədova, Qərinə Kərimova, Lütfiyar İmanov, Mürsəl Bədirovu tanıyıram və onları zaman-zaman dinləmişəm. Bunlardan başqa, Rəşid Behbudov və Müslüm Maqomayevin əsərlərini dinləyirəm və onların ifasından zövq alıram. Eyni zamanda, Rəşidə Behbudovanın musiqisi də həyatımda önəmli yer tutur. Bu gün həmin dəyərli sənətkarların davamçıları da yetişməkdədir. Bu məktəb, ənənə davam edir. Bu görkəmli Azərbaycan sənətkarlarına yaradıcı və mənəvi bir istiqamətdə böyümələrini davam etdirmələrini arzu edirəm!

- Belə gözəl səs diapazonunuzun olduğu halda, siz opera ifaçısı kimi tanınmağa üstünlük verdiniz. Diqqətinizi opera sənətinə nə cəlb etdi?

- Operada dramaturgiya, musiqi, təsviri sənət-dekorasiya, kostyum, xoreoqrafiya-balet kimi sənət sahələri birləşib. Operanı müxtəlif vokal musiqi formaları təşkil edir ki, burada qəhrəmanların xarakterləri – aria, arioza, ariyetta, kavatena, monoloq, ballada və sair kimi mahnının solo nömrələrini özündə əks etdirir. Bütün bunlar təbii ki, məni özünə cəlb edirdi. İlk dəfə musiqi məktəbində hazırlıq şöbəsinə daxil olanda 15 yaşım vardı, o zaman opera janrı mənə daha maraqlı və sehrli gəlirdi. Ondan əvvəl pop-caz ifası ilə məşğul olsam da, operanın ruhumu daha çox oxşadığının şahidi oldum. Sevimli müəlliməm də başqa bir ölkəyə getmişdi. Buna görə də məni bu çətin opera sənətində mənəvi müəllimim olmuş yaxşı dostunun etibarlı əlinə keçirdi. İstiqamətim ondan sonra dəyişdi və qətiləşdi. Beləliklə, addım-addım vokal sənətinin əsaslarını anlamağa başladım. Addımladıqca önümdə yollar açıldı. Beynəlxalq festivallar, konfranslar, maraqlı obrazlar biri-birini əvəzlədi.

Opera ifaçısı Julia Behbudova

- Opera sənəti ifaçıya çox az məşhurluq qazandırır. Dünya üzrə tanınmış biri olmaq üçün başqa bir sahə seçə bilərdiniz. Sənət seçərkən bunları nəzərə almısınızmı?

- Uşaqlıqdan bəri həmişə musiqiçi olacağım günün xəyalını qurmuşam. Yeniyetmə yaşlarımda məndən gələcəkdə kim olacağımı soruşduqda müğənni olacağımı söyləyirdim. Bu mənim uşaqlıq arzum idi. Hələ opera sənətinin dərinliyini bilməsəm də, instinktiv olaraq ona cəlb olunmuşdum. Əlbəttə, musiqi məktəbi ilə yanaşı, orta məktəbə də gedirdim. İngilis, fransız, eyni zamanda italyan dillərini öyrənirdim. Məzun olduqdan sonra tərcümə şöbəsində və ya musiqi məktəbində Universitetə daxil olmaq arasında seçim yaranmışdı. Hətta imtahanlardan keçdim, universitetə daxil oldum, amma sonra məktəbin xeyrinə imtina etdim. Uşaqlıqda bədii gimnastika ilə məşğul idim və musiqi arasında seçim etməli oldum və o an çətin anlar yaşadım. Nəticədə həyatımı istiqamətləndirən musiqiyə qayıtdım. Buna görə mənim üçün opera bütün sənətlərdən daha üstündür. Opera mənim ruhuma daha yaxındır. Mənə görə məşhur olmaq o qədər də önəmli deyil, çünki əsas sənətini sevmək və ona dərindən yiyələnməkdir.

Opera ifaçısı Julia Behbudova

- Yaradıcılığınıza nəzər yetirdikdə səhnədə çıxış etməklə yanaşı, müxtəlif obrazların da müəllifi olduğunuzu görürük. Oynamaq və ya ifa etmək ikisi bir arada nə qədər çətindir?

- Mənim üçün səhnədə və həyatda heç bir oyun yoxdur. Bir növ obrazı təcəssüm etdirməyim lazımdırsa, gündəlik həyatda insanlardan ilham alıram. Yəni gündəlik həyatda gördüyüm insanların xarakterlərinin bəzi xüsusiyyətlərini hiss edirəm və hər hansı bir opera hissəsində ifa zamanı obrazımın üzərində əks etdirirəm. Təbii ki, bütün görüntülər öz dünyagörüşümlə əks olunur, personajların hər birindən bir parça nələrsə qatıram və özüm də obrazlarımdan nələrsə öyrənmiş oluram. Ən başlıcası, yaşadıqlarını, hiss etdiklərini izləyiciyə çatdırmaqdır ki, ifaçı ilə həmrəy olmaq, daxili aləmini onunla bölüşmək, silinməz təəssürat yaratmaq əsas məsələlərdən biridir. Canlandırdığın obrazın nə hiss etdiklərini anlamasan, onu tamaşaçıya çatdırmaqda çətinlik çəkərsən. Bunun üçün səs, diapazonla birlikdə aktyorluq qabiliyyətinin də olması vacibdir.

- Azərbaycanın unudulmaz sənətkarı olan Rəşid Behbudovun əsərlərini ifa etmək istəmisinizmi?

- Rəşid Behbudovun repertuarından mahnı ifa etmək böyük məsuliyyətdir. Əlbəttə ki, onun kimi dahi, əvəzolunmaz sənətkarın səviyyəsinə yüksəlmək mümkün deyil. Bəlkə də bir gün görkəmli sənətkarın repertuarına toxunmaq üçün belə xoşbəxt bir fürsət tapacağam!

1134
La Casa de Papel serialından kadr

"Netflix" uğursuz kopyalanmış türk serialı...

41
Əgər mövzu və ideologiya etibarı ilə "La Casa de Papel" serialını hər hansı bir Türkiyə serialı parodiya belə etsəydi, bunun özü bir inqilab sayılacaqdı.

"Netflix" artıq dünyanın ən böyük kino platformasına çevrilməkdədir. Əlbəttə, bu platformada Azərbaycan istehsalı olan hər hansı film və ya serial yer almamaqdadır. Yaxın gələcəkdə bunun baş verəcəyinə dair hər hansı bir ümid işığı da olmadığından mən Türkiyə kino sektorunun "Netflix"dəki yerindən bəhs edəcəyəm.

"Netflix"də Türkiyə istehsalı olan (yanılmıramsa) iki serial yayımlanır. Bunların heç birini izləmədiyim üçün barələrində hər hansı bir fikir yürüdə bilməyəcəyəm. Lakin "Netflix"də yayımlanan bir sıra Amerika, İspaniya seriallarının izləyəcisiyəm və bu platformanın möhtəşəmliyinə dərin heyranlıq və pərəstiş duyuram. Üstəlik, film və serial sahəsinin gələcək inkişaf mərhələsinin məhz "Netflix"dən başladığını əminliklə iddia edə bilərəm.

"Netflix"də yayımlanan "La Casa de Papel" adlı ispan serialını bəlkə də çoxunuz izləmisiniz. İzləməyənlərə izləmələrini tövsiyə edirəm. Bu serial təkcə rejissor işi, aktyor oyunu, montaj və səs keyfiyyətləri ilə, məzmunu – dramaturgiyası ilə deyil, həm də özünün ehtiva etdiyi etiraz forması, tənqid üsulu ilə demokratiyanın, mənəvi və maddi azadlığın ən mükəmməl göstəricisidir.

Təbii ki, bu cür demokratik yaradıcılığa, mədəni cəsarətə elə ancaq hər hansı Avropa ölkəsi, Avropa xalqı sahib ola bilərdi. Yaxın Şərqdən, Qafqazdan, lap inkişaf etmiş uzaq Şərqdən də, Şimaldan və Cənubdan da belə keyfiyyətli tənqidi və etirazı gözləmək indiki halda hərdəmxəyallıq, hətta, dəlilik olardı.

Zeynəb Xanlarova, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"La Casa de Papel" mövzusu etibarı ilə siyasi səhnədə oynanılan böyük pul oyunlarına, insanların puldan asılı salınmış yazıq vəziyyətinə, məşiətimizlə bərabər xarakterimizin də pulla eyni mahiyyətə uyğunlaşdırılmasına etiraz edir. Əvvəlcədən təşkilatlanmış bir qrup kağız pulların istehsal olunduğu binanı işğal edir və burada istədikləri məbləğdə pul istehsal edib qaçmağı, o pulu öz aralarında bölüşdürüb öz böyük arzularını həyata keçirməyi planlaşdırırlar. Bunun üçün qurbanlar verirlər, yeri gəlsə, kiməsə hər hansı limitlərlə əzab da verirlər, amma qətiyyən can almamağa çalışır, vicdani və əxlaqi normaları qorumağa çalışır, xalqın gözündə qəhrəman olmaq, siyasətçiləri isə böyük bir iflasla baş-başa buraxmaq istəyirlər.

Serialın dördüncü sezonunun yayımına az qalmış Türkiyədə yayımlanmağa başlayan bir serialın anonsları çıxdı qarşıma. Bir müəllim dərs dediyi məktəbin binasının bir qismini partladır, öz şagirdlərini əsir götürür və özünün ailə-məişət problemlərinin intiqamını polisdən, müəllimdən, şagirddən almağa çalışır. "Öğretmen" adlı bu serialın anonslarından məlum olur ki, görüntüdə "La Casa de Papel"i parodiya etməyə çalışıblar. Lakin yaşadıqları mühitin maddi-mənəvi azadlıqları yalnız ailə-məişət intiqamlarına və kiçik əhəmiyyətli şəxslərə etiraz etməyə icazə verdiyi üçün mövzu və ideologiya baxımından "La Casa de Papel"ə yaxınlaşmağı da bacarmırlar.

Əslində, əgər mövzu və ideologiya etibarı ilə "La Casa de Papel" serialını hər hansı bir Türkiyə serialı parodiya belə etsəydi (ya da edə bilsəydi), bunun özü bir inqilab sayılacaqdı. Onlar isə təkcə müəllim obrazının xarici görünüşünü, kiçik məzmun detallarını, montaj və səs effektlərini məşhur ispan serialından kopyalamağa çalışıblar. Buna rəğmən, serial qısa müddətdə xeyli baxış toplayıb və sevilərək izlənilir.

Ah, yazıq Şərq! Hər zaman kiçik məsələlərlə baş qarışdırıb, kiçik ümidlərlə yetinməyə çalışıb. Amma onlar üçün hər zaman Avropa qəddar, zalım, ədalətsiz, əxlaqsız bir coğrafiya hesab edilib. Qəribədir, elə deyilmi? Mən də bu barədə uzun düşüncələrə dalıb bir antidepressant içirəm, vəssalam. Nə edim? Elə bununla kifayətlənə bilirəm. Bağışlayın!

41
 Şollerin arxivi bədii filmi

Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi

257
(Yenilənib 20:29 27.05.2020)
C.Qasımov bildirib ki, İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı Sərəncama ictimai dəstək olaraq "Şollerin arxivi" bədii filmini çəkib.

BAKI, 27 may — Sputnik. “Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. "Şollerin arxivi" filminin 2-ci hissəsini istehsal etmək üçün "From the Hearts Production Prodakshn"a ssenari təqdim etdik”.

Kinolent, arxiv şəkli
© Sputnik / Vladimir Pesnya

Bunu Sputnik Azərbaycan-a "Şollerin arxivi" filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib.

Onun sözlərinə görə, "From the Hearts Production Prodakshn" 1960-cı ildən Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Oksnard şəhərində fəaliyyət göstərir. Prodakşının müxtəlif proqramları var. Belə ki, onun "Roy W.Dean" qrantı 1992-ci ildə təsis olunub və pul mükafatları təqdim edir.

“İstehsal etdiyimiz "Şollerin arxivi" filmi də bu qrant proqramı üçün seçilmişdi. Qrantın internet səhifəsində film barədə məlumatlar yerləşdirilmişdi. Qrant üçün əsasən, cəmiyyəti faydalandıran filmlər seçilir. Payızda "Şollerin arxivi" filminin reklamı onların qəzetində yerləşdiriləcək. "From the Hearts Production Prodakshn" cəmiyyətə töhfə verən unikal filmləri olan müstəqil rejissorların filmlərini maliyyələşdirməyə kömək edir. Əsas odur ki, güclü hekayələri olsun və professional şəkildə təqdim olunsun. Bu prodakşının müxtəlif sponsorluq proqramları ilə bu günə kimi müxtəlif filmlərə 30 milyon dollardan çox maliyyə köməyi edilib",- deyə C.Qasımov əlavə edib.

Qeyd edək ki, filmin rejissorunu qrantla bağlı 15 dəqiqəlik virtual iclasa dəvət ediblər.

"From the Hearts Production Prodakshn" fondunun prezidenti Carole Dean "Şollerin arxivi" filminin yaradıcı heyətinə ünvanladığı məktubda deyib: "Parlaq filminizi nəzərdən keçirməyə göndərdiyiniz üçün təşəkkür edirik. Əsərinizi izləməkdən və oxumaqdan səmimi qəlbdən zövq aldıq..."

C.Qasımov bildirib ki, başda özü olmaqla bir qrup yaradıcı insan ölkə başçısı İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı Sərəncama ictimai dəstək olaraq "Şollerin arxivi" bədii filmini çəkib.

"Şollerin arxivi" filmi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan "Şollerin arxivi" bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

257

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

0
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

0