Vitraj ustası Gülçin Aslanlı

Nadir sənət növü ilə məşğul olan rəssam: “Armudu stəkanlar dövrün tələbidir”

835
(Yenilənib 10:05 03.05.2020)
Gülçin Aslanlı deyir ki, vitraj sənətin incəlik, səbir tələb etməsi səbəbindən onunla məşğul olan azdır. Çünki naxışların simmetrik alınması həm böyük səbir, həm də vaxt tələb edir.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Vitraj rəngli şüşələr, şəffaf boya və ya işıq ötürən örtüklər vasitəsilə hazırlanan, müxtəlif süjet və ornamentlərdən ibarət rəsm əsəridir. Kifayət qədər çətin sahə olan bu sənətlə məşğul olmaq da hər rəssamın işi deyil.

Azərbaycanda sənətin bu növünə həmişə maraq olub. Məsələn, Şəki Xan Sarayının pəncərələrinin hazırlanması zamanı vitraj sənətindən istifadə olunub. Sputnik Azərbaycan bu sənət növünü, oradakı incəlikləri ictimaiyyətə tanıtmaq üçün vitraj ustası Gülçin Aslanlı ilə sirlərindən danışıb. İlk sual isə ənənəvi olaraq, son günlərlə bağlı olub.

© Photo : Courtesy of Gulcin Aslanlı
Vitraj ustası Gülçin Aslanlı

- Karantin günləriniz necə keçir?

- Andrey Tarkovski deyir ki, "İnsan öz təkliyi ilə qalanda darıxırsa, deməli, o, yetkin deyil". Məncə hər bir insanın zaman-zaman yalnız qalmağa ehtiyacı var. Bu xüsusilə də yaradıcı insana çox yardımçı olan bir şeydir. Bu səbəbdən məncə biz bu karantin günlərimizi bir fürsətə çevirməliyik. Mən də fürsətdən istifadə edib günümün çox hissəsini əl işlərimə, yaradıcılığıma sərf edirəm. Qalan vaxtlarımı isə bədii ədəbiyyat oxuyur, dil öyrənir və internetdən müxtəlif mövzularda sənədli filmləri izləyirəm.

- Bildiyimiz qədər, emalatxananızı evə köçürmüsünüz və evdə məşğul olursunuz. Evdə yaradıcılıq ilə məşğul olmaq necə bir hissdir?

- Əslində sənətimlə əlaqədar olaraq tək qalmaq mənə də yaxşıdır. Beynimdəkiləri rahat şəkildə şüşə üzərinə həkk edə bilirəm. Bundan başqa, İçərişəhərdəki emalatxanam daima turistlərə açıq olurdu və gələn insanlara vaxt ayırırdım. Həm çalışır, həm də turistlərin suallarını cavablandırırdım. Təbii ki, onlara milli arnemanetlərimiz haqqında məlumat vermək, bunun haradan qaynaqlanmasından bəhs etmək məni yormurdu, ancaq bu məni istər istəməz işimdən edirdi. Ancaq evdə daha çox zamanım olur. Demək olar ki, günümün böyük bir hissəsini sənətimə ayırıram və bu da işimdə daha da irəliləməyə kömək edir.

© Photo : Courtesy of Gulcin Aslanlı
Vitraj ustası Gülçin Aslanlı

- Bu gün daha çox hansı əl işlərinizə tələbat var?

- Əgər karantin günlərini nəzərə almasaq, ümumilikdə əcnəbilərin və elə yerli vətəndaşların da seçimləri daha çox üzərində milli arnamentlərin də olduğu armudu stəkanlardır. Gördüyüm işlər yalnızca armudu stəkanlardan ibarət deyil. Bundan əlavə, başqa qablar üzərində də çalışıram. Buna əl işi olan boşqablar, güldanlar, qrafinlər və s. aid eləmək olar. Ancaq təkcə bu sadaladığım vitraj sənətindən əlavə həmçinin rəngkarlıq, qrafika, geyim üzərində rəsmlər və s. işlərlədə məşğul oluram.

- Bəs bu sadaladığınız işlərdən ən çox hansı sizə daha yaxındır?

- Ən çox ruhuma yaxın bildiyim vitraj sənətidir. Instagram-da (Instagram: @gulchinaslanli) məni izləyənlər də bunu yəqinki anlayıblar. Çünki daha çox bu işlə məşğul oluram və daima əl işlərimi Instagram vasitəsi ilə izləyicilərimlə bölüşürəm. Yaradıcı insan üçün əl işlərinin hamısı dəyərlidir. Necə də olsa onların hamısı sənə məxsusdur. Onların arasında seçim etmək, ayırd etmək o qədər də doğru deyil.

- İndi vitrajdan haralarda istifadə olunur?

- Azərbaycanda son zamanlar vitrajlara tələbat var. Belə ki, evlərdə tavan, pəncərə və qapı şüşələrini bu yolla bəzəmək istəyən insanlarımız az deyil. Ancaq bu iş ilə çox az rəssam məşğul olur.

© Photo : Courtesy of Gulcin Aslanlı
Vitraj ustası Gülçin Aslanlı

- Bəs bu işlə məşğul olan rəssamların sayı niyə bu qədər azdır?

- Əslində, bunu dəqiq deyə bilmərəm. Yəqin ki, bu sənətin bu qədər incəlik, səbir tələb etməsindən irəli gəlir. Çünki naxışların simmetrik alınması həm böyük səbir, həmdə vaxt tələb edir.

-  Vitrajda ən sevdiyiniz nədir?

- Armudu stəkanları daha çox sevirəm. Çünki onda bir zərafətlik var. Həm də armudu stəkanın özü çox zərifdir. Armudu stəkan üzərində ilk dəfə əl işi görəndə çox xoşuma gəlmişdi. Bəlkə də armudu stəkanın incə forması ilə üzərində olan incə naxışlar daha çox qadın ruhuna yaxın olduğundan bu məni özünə çəkdi. Həm də axı armudu stəkan bizimdir, özümüzə məxsusdur. Şərqi özündə əks etdirir. Bu səbəblərdən bacardığım qədər internet vasitəsi ilə armudu stəkanları daha çox tanıtmağa çalışıram. Deyərdim ki, hal hazırda armudu stəkanlar dövrün tələbidir.

835

Azərbaycanın ən gözəl qızı oğlanı onlayn seçdilər

4
(Yenilənib 23:19 10.07.2020)
Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Modellər Banu Şücai və Elçin Dadaşov Miss&Mister Azerbaijan-2020 milli gözəllik müsabiqəsinin qalibi olublar.

Bu barədə Sputnik Azərbaycan-a layihənin mətbuat xidmətindən məlumat verilib.

Koronavirus pandemiyası səbəbindən müsabiqə ilk dəfə onlayn keçirilib. Münsiflər heyətinə layihənin yaradıcısı və təşkilatçısı Anelya Orduxanova, baş koordinator, quruluşçu xoreoqraf Ayla Mais, koordinator və xoreoqraf Hidayət Xəlilov (Mister Super Model 2018) və müsabiqənin piar-meneceri, psixoloq Səxavət Qabiloğlu daxildirlər. 

© Photo : Courtesy organizers of the contest Miss & Mister Azerbaijan-2020
Banu Şücai və Elçin Dadaşov

Models Production model şirkətinin nümayəndəsi də finala qatılaraq iştirakçıların çıxışını onlayn izləyib.

Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar. Finalçılar Bakıdan və Azərbaycanın digər regionlarından şəbəkəyə qoşularaq məharətlərini münsiflərə nümayiş etdiriblər.

Səsvermə nəticəsində Banu Şücai və Elçin Dadaşov birinci olublar.

Banu Şücai Miss Globe International və  Miss smile titullarının sahibi, “Səs Azərbaycan” milli musiqi layihəsinin iştirakçısı olub. Dünyada bir çox beynəlxalq moda həftələrində model kimi iştirak edib. Elçin Dadaşov da moda və gözəllik sənayesi ilə bağlı müxtəlif layihələrə qatılıb.

 

4
Səmra Rəhimli, arxiv şəkli

Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib

186
(Yenilənib 19:54 10.07.2020)
Səmra Rəhimli həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunmuş "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib, tezliklə hip-hop albomunu da təqdim edəcək.

 

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni Səmra Rəhimli yeni hip-hop albomundan "Göz" adlı kompozisiyasının onlayn təqdimatını keçirib.

İfaçı Sputnik Azərbaycan-a bildirib ki, mahnı həyatdan tez getmiş reperlərin xatirəsinə həsr olunub.

Layihənin prodüseri müğənninin anası İlahə Baxşıyeva olub. Bu kompozisiyanı yazdırmağa onu 20 yaşında qətlə yetirilmiş amerikalı reper XXXTENTACİON-ın (Jasey Duane Ricardo Onfray) "Moonlight" ("Ay işığı") adlı məşhur hiti ilhamlandırıb.

"Mən artıq bir ildir ki, albom üzərində çalışıram. Onun yerli şou-biznesdə analoqu yoxdur, çünki bu, Azərbaycanda ilk qadın hip-hop albomudur. Bura on trek daxil olacaq. Bu albomun üzərində gənc reper və musiqiçilərdən ibarət tam bir qrup işləyir: sözlərin müəllifi Clavis və OD, musiqinin müəllifi OD, aranjman Clavis, miks və masterinq isə Drek-dir", – deyə Rəhimli qeyd edib.

Qız etiraf edib ki, hip-hop həmişə onu cəlb edib. O, hətta məktəb illərində ingilis dilində rep oxuyur, populyar reperləri dinləyirmiş. Rəhimli həmişə Azərbaycan dilində rep kompozisiyası ifa etmək istəyib.

"İllər sonra mən sevimli hip-hopuma qayıtdım və bizimlə eyni dalğada olan insanları tapmazdan əvvəl anamla bu işə çox vaxt sərf etdik. Armas sinqlinin uğur qazanmasından sonra biz bu istiqamətdə işləri davam etdirməyə qərar verdik - yeni trekləri yazmağa başladıq və bir vaxt ayıldıq ki, artıq bütöv bir albom üçün material yığılıb", - deyə müğənni etiraf edib.

Səmra Rəhimli 19 oktyabr 1994-cü ildə Bakıda anadan olub. "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçısı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, "Avroviziya-2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.

Hazırda müğənni çıxış etməyə və yeni layihələr üzərində işləməyə davam edir.

186
Əlaqədar
Müğənni Bəxtiyarın keçmiş həyat yoldaşı onun koronavirusa yoluxduğuna inanmır
Azərbaycanlı müğənni ukraynalı opera müğənnisinə klip çəkib
Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım
Hamının kefi qalxacaq! Dilarə Kazımova yay hitini təqdim edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar