CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sehrin pərdəarxası: "İnsanları kuklalarla hiss edirəm" - FOTO

© Sputnik / Kamal AlmuradlıAktrisa Elmira Hüseynova
Aktrisa Elmira Hüseynova  - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim 45 günlük məzuniyyətimiz olur, onda mənim qollarım ağrıyır evdə, çünki öyrəşmişəm ağır kuklalara"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova burada 1970-ci ilin fevralından işləməyə başlayıb. Əlli ildir məhz bu sənət ocağına bağlıdır. Həyat yoldaşı, mərhum yazıçı Şahmar Hüseynovla da burada tanış olub. Onunla elə doğma teatrında görüşdük. Söhbətə lap əvvəldən başladı...

-  Həyat yoldaşım 1966-cı ildən, universiteti bitirdiyi vaxtdan Kukla Teatrında çalışırdı. Adil İskəndərovun tələbəsi olmuşdu. Elə burada da tanış olduq, evləndik.  On yeddi il davam etdi evliliyimiz... İki oğlumuz var, böyüyü Ukraynada, balaca oğlum isə İsveçrədə yaşayır. Heç bir övladımız yolumuzu davam etdirmədi.

© Sputnik / Kamal AlmuradlıAktrisa Elmira Hüseynova
Sehrin pərdəarxası: İnsanları kuklalarla hiss edirəm - FOTO - Sputnik Azərbaycan
Aktrisa Elmira Hüseynova

- Elmira xanım, necə oldu ki, gəldiniz Kukla Teatrına?

- İlk dəfə televizordan eşitdim, Kukla Teatrında çalışmağa əməkdaşlar axtarıldığı elan olunurdu. Evdəkilərin xəbəri olmadan gəldim teatra. Mahnı oxudum, rəqs etdim, şeir dedim, heyvanların səsini çıxartdım və məni buraya qəbul etdilər. Amma üç ay əməkhaqqı almadan işlədim. Evdəkilərə də teatrda köməkçi kimi işlədiyimi demişdim, bilmirdilər aktrisa olduğumu, ta ki qastrollara qədər. Atamdan çox, əmimdən qorxurdum deyə gizlətmişdim.

- Televizordan eşitdiniz elanı və teatra gəldiniz. Onda belə çıxır ki, o elanı görməsəydiniz, həyatınız tamam başqa cür olacaqdı...

- Bəli, tam təsadüf. 17 yaşım var idi, elanı gördüm və gəldim.

- Elmira xanım, bu illər ərzində nə qədər obraz yaratmısınız?

- Neçə tamaşa oynadığımı xatırlamıram. İki yüzdən çoxdur.

- Ovaxtkı tamaşalarla indikilərdə fərq varmı?

- Var, əlbəttə var. Fərq - yazarlardadır. Tələbat dəyişib, o dövrdə başqa idi, indi tamam başqa.  O vaxtlar bizim yaxşı tamaşalarımız var idi - "Tələ quran özü düşər", "Tıq-Tıq xanım",  "Əzablı günlərin sonu", "Göyçək Fatma". O vaxtlar köhnə variantda idi bu tamaşalar. İndi də var, amma yeni versiyada. Çünki indi kompüter əsridir, uşaqlar daha maraqlı bir şey görmək istəyirlər, tamam başqa təlabatları var.

© Sputnik / Kamal AlmuradlıAktrisa Elmira Hüseynova
Sehrin pərdəarxası: İnsanları kuklalarla hiss edirəm - FOTO - Sputnik Azərbaycan
Aktrisa Elmira Hüseynova

- Ödəyə bilirsiniz?

- Əlbəttə. Bu yaxınlarda  "Qızıl balıq" tamaşasını təhvil verdik.

- Əvvələr qastrollara çox getmisiniz.

- Mən Yəməndə qastrolda olmuşam, bir aya yaxın Hindistanda qalıb tamaşalar göstərmişik, Özbəkistanda, Türkiyədə Əskişəhərdə və s.

- Repertuarınızda ən uzun ömürlü tamaşa hansı olub?

- "Göyçək Fatma" və "Tıq-Tıq xanım" ən uzun müddətli tamaşalardan olub. 70-ci ildən bu yana 3 dəfə quruluşu dəyişib. İlk dəfə "Göyçək Fatma"da Sənəmi, ikinci dəfə qurulanda ögey ananı oynamışam. Üçüncüdə isə dublyor kimi iştrak edirəm. Hər quruluş da on ilə qədər davam gətirə bilib.

- Ən həvəslə oynadığınız, sizə doğma olan rolunuz hansı olub?

- Bütün rollarımı həvəslə oynamışam. Doğmalaşıb bütün rollarım mənə, doğma olmasaydı, oynaya bilməzdim ki.

- Bir az da bu işin görünməyən tərəfindən, çətinliklərindən danışaq.

- Əsas texniki tərəflərdir. Kuklalar hazırlanan zaman sexə gedirəm, fikirlərimi bildirirəm. Çünki əvvəlcə özün öyrəşməlisən rola. Çoxu deyir ki, neyləyirsiz, bir parça taxtadır da, alırsınız əlinizə, oynadırsınız. Amma inanın, canlı səhnəyə çıxmaq daha asandır, nəinki kuklaları oynatmaq, canlı da oynamışam səhnədə, amma kuklalarla həqiqətən çətindir. Kuklaya səhnədə can verməlisən, elə oynamalısan ki, kuklalar səhnədə dirilsin.

© Sputnik / Kamal AlmuradlıAktrisa Elmira Hüseynova
Sehrin pərdəarxası: İnsanları kuklalarla hiss edirəm - FOTO - Sputnik Azərbaycan
Aktrisa Elmira Hüseynova

- Canlı tamaşalarda aktyor tamaşaçıdan impuls ala bilir, amma siz tamaşaçını görmürsünüz.

- Mən görürəm, ruhum görür. Kuklalarla hiss edirəm. Bizim işimiz həm çətindir, həm də maraqlı.

- Yazarlardan danışdınız. İndi elə tamaşalar var ki, baxırsan, aktyor canını qoyur, amma tamaşa özü yaxşı deyil. Yazar yaxşı deyil.

- Bizdə, şükür, elələri yoxdur, yeni pyes gətirəndə əvvəlcə oxuyuruq, qəbul olunur, düzəlişlər edilir. Hərdən elə əsərlər gəlirdi ki, dinləyəndə adamı yuxu basırdı, amma elələri də olurdu, qulaq asanda istəyirdim çıxım tamaşaya, oynayım rolu. Misalçün, it rolu verilirdisə mənə, mən artıq xəyalımda səhnədə olurdum, onu necə geyindirəcəm, necə zıqqıldayacam, necə səhnələşdirəcəmsə, hamısı gözümdə canlanırdı.

- Yeni gələn aktyorlarla məşğul olursunuz?

- Yeni nəsillərə bu sənəti öyrətməyə paxıllıq çəkmirəm. Bizim kənarda güzgülərimiz var, onun qarşısında öyrədirəm kuklalarla işləməyi, bilmədiklərini başa salıram, amma tez yorulurlar. Çünki kuklalar ağırdır, elə kuklalarımız var ki, 2 kq-dan ağır olur. Siz inanırsınız, bizim 45 günlük məzuniyyətimiz olur, onda mənim qollarım ağrıyır evdə, çünki öyrəşmişəm ağır kuklalara. İşimizin görünməyən tərəfləri çoxdur.

© Sputnik / Kamal AlmuradlıAktrisa Elmira Hüseynova
Sehrin pərdəarxası: İnsanları kuklalarla hiss edirəm - FOTO - Sputnik Azərbaycan
Aktrisa Elmira Hüseynova

- Artıq təqaüd yaşına çatmısınız.

- Əlli ildir işləyirəm Kukla Teatrında, artıq 65 yaşım var. Drektorumuza minnətdarlığımı bildirirəm ki, yaşlılara hörmət edir. Rolumuz olanda olur, olmayanda cavanlara kömək edirik. İşsiz qala bilmirəm, elə öz axarında gəlib-gedirəm teatra. Elə vaxt olur ki, tamaşalar olmur, buraxırlar bizi. Siz inanın, dayana bilmirəm evdə.  Mənim birinci evim buradır. Uzun illər rejissor köməkçisi işləmişəm, rolum olmasa da, həmişə tamaşaların məşqlərində iştrak etmişəm. Buradan ayrı qala bilmərəm.

Xəbər lenti
0