Rasim Balayev

Rasim Balayev insanlara müraciət etdi Evdən çıxmayın!

26
(Yenilənib 13:38 22.03.2020)
R.Balayev ev şəraitində də gigiyena qaydaların əməl etməyi tövsiyə edib: "Biz bir az səhlənkarıq, amma bu cür olmaz. Evdən bayıra çıxmaq lazım deyil, çıxmayaq"

BAKI, 22 mart — Sputnik. “Hələ çox adam bu epidemiyaya zarafat kimi yanaşır, məsələnin ciddiyyətindən bixəbərdir”.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə üçün dövlət səviyyəsində bir sıra addımlar atılır: “Prezidentimiz sağ olsun, bu barədə çoxlu tədbir görülür. Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Dövlət səviyyəsində bu xəstəliyin qarşısının alınmasına çalışırlar. Mən deyərdim ki, insanlarımız dövlətin verdiyi tövsiyələrə əməl etsinlər. Çox təəssüf ki, bəzi adamlar buna barmaqarası baxırlar. Deyirlər, keçib gedəcək, qrip kimi xəstəlikdi. Amma elə deyil, insanlarımız buna ciddi yanaşmalı, verilən göstərişlərə əməl etməlidirlər”.

Xalq artisti vətəndaşlara, xüsusilə yaşlı insanlara evdən çıxmamağı məsləhət görüb: “Mən özüm təzə əməliyyat olmuşam. İmmunitetim demək olar sıfır dərəcəsindədir. Bu xəstəlik də immuniteti aşağı olan adamlarda daha ciddi fəsadlar yaradır. Buna görə də evdən çıxmamağa çalışıram. Evdə oturanlar kitab oxusunlar, filmə baxsınlar. Müxtəlif məşğuliyyətlər tapıb məşğul olsunlar. Xahiş edirəm, dövlətimiz bu pandemiya ilə mübarizəyə bu qədər əhəmiyyət verirsə, deməli, çox ciddi xəstəlikdir. Özü də tək bizdə deyil, bütün dünyanı ağzına alıb. Ona görə də dövlətin, həkimlərin, mütəxəssislərin dediklərinə əməl olunmalılar”.

R.Balayev ev şəraitində də gigiyena qaydaların əməl etməyi tövsiyə edib: “Biz bir az səhlənkarıq, amma bu cür olmaz. Evdən bayıra çıxmaq lazım deyil, çıxmayaq. Zəruri ehtiyaclar üçün də marketə-aptekə gedəndə tibbi qaydalara riayət edək, küçədə-bayırda ara məsafəsi saxlayaq. Evə gələndən sonra yuyunaq. Xahiş edirəm, heç kəs buna barmaqarası baxmasın. Məsələ ciddidir, bir nəfərin məsuliyyətsizliyi yüzlərlə adamın xəstəliyə yoluxmasına səbəb ola bilər. Başda Prezident olmaqla, dövlət orqanları bu xəstəliyin qarşısının alınması yolunda ciddi işlər görür, koronavirusla mübarizə üçün pul ayrılır. Ona görə də mənim xahişim budur ki, tələblərə ciddi əməl edək. Hər halda biz də görürük ki, tələblərə riayət olunan yerlərdə  virusun yayılması faizi azdır. Biz buna əməl etməklə koronavirus dəhşətindən xilas ola bilərik. Yəqin ki, Allahın köməyi ilə bunun dərmanı tapılacaq. Lakin hələlik xəstəliyin kütləvi yayılmaması üçün nə tələb olunursa, etməliyik. Xahişim, ricam budur ki, insanlar tələblərə riayət eləsinlər”.

26
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

5
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

5
Xaç, arxiv şəkli

"Xristian irsimizi tanıyaq" - Müqəddəs Məryəm ana katolik kilsəsi - VİDEO

20
(Yenilənib 11:43 22.01.2021)
Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.

BAKI, 22 yanvar — Sputnik. Müqəddəs Məryəm ana katolik kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən ("Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" kostyolu - polyak katolik kilsəsi, memarı İ.K.Ploşko) inşa edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Məryəm ana katolik kilsəsi haqqında qısa videoçarxı təqdim edir.

20
Bakıda buludlu hava, arxiv şəkli

İstirahət gününün havası açıqlandı

0
(Yenilənib 12:41 23.01.2021)
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0