İlham Əhmədov Sputnik Azərbaycan
BAKI, 21 mart — Sputnik. Azərbaycanda qədim tarixi abidələri, eləcədə qoruq və kurqanlarının zənginliyi ilə tanınan rayonlardan biri də Qəbələ rayonudur. Rayonun tarixini özündə əks etdirən tarixi muzey və məkanlar həm rayona gələn xarici turistlərin, həm də yerli qonaqların diqqət mərkəzindədir.
Qəbələyə səfər edən turistlər turizm məkanlarını ziyarət etməklə yanaşı, rayonun tarixi ilə də yaxından tanış olmaq və Qədim Qəbələ haqqında yaranan suallara cavab tapmaq istəyirlər. Bunun üçün də qonaqlar əsası 1980-cı ildə qoyulan Qəbələ Tarix Diyarşünaslıq Muzeyinə üz tuturdular.
Qeyd edək ki, muzey eksponatlarının zənginliyi ilə seçilirdi. Bu da öz növbəsində rayona səfər edən qonaqların sayına da çox ciddi təsir göstərirdi. Muzey həm də çox maraqlı və zəngin tarixə malik bilik ocağı kimi tanınmaqda idi.
Lakin son zamanlar isə muzeylə bağlı acınacaqlı durum yaranıb. Mədəniyyət Nazirliyi 2018-ci ilin yay aylarında muzeyin yenidən təmir və bərpası edilməsi ilə bağlı təqdirəlayiq qərar verib. Bunun üçün də muzeyin fəaliyyəti dayandırılıb. Amma...
İki il bundan qabaq təmirə saxlanılan bu muzey görənləri heyrətə salır. Muzeyin təmiri hələ də başa çatmayıb, nə pəncərəsi var, nə də illərdir gələn insanlara xidmət edən zəngin eksponatları. Təmir işləri yekunlaşmaq bilməyən bu məkan yerli sakinlərin göz dağına, rayona gələn qonaqlar və turistlərin köks ötürdüyü yerə çevrilib.
Qəbələ Tarix Diyarşünaslıq Muzeyində 2500 illik tarixi əks etdirən 14000-dən çox eksponat nümayiş etdirilirdi. Muzeyin 900 kv.m-lik binası,13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otağı, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası da vardı. Lakin bütün bu sadaladıqlarımızdan ancaq açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası qalır.
Rayon sakinləri də ürək ağrısı ilə təmir və yenidənqurma prosesinin hansısa səbəbdən uzandığını, bundan hamının zərər çəkdiyini bildirirlər. Sosial mediada bir neçə dəfə rayon sakinlərinin, eləcə də qonaqların muzeyin fəaliyyət göstərməməsi, bu prosesin uzanmasından gileyləri əksini tapıb.
Sputnik Azərbaycan yaranmış vəziyyətlə bağlı İsmayıllı Regional Mədəniyyət idarəsinin direktor müavini Azər Abbasovla əlaqə saxlayıb və ondan problemin nə zaman aradan qaldırılacağına aydınlıq gətirməsini xahiş edib.
Azər Abbasov da hələ də qapı-pəncərəsi olmayan muzeydə işlərin yekunlaşmaq üzrə olduğunu iddia etdi: “Muzeydə artıq təmir işləri başa çatıb. Demək olar ki, son tamamlama işləri aparılır. Artıq ekspozisiyanın da yenidən qurulması az vaxta təmin olunacaq”.
Təmirin olduqca bahalı bir proses olduğundan xeyli zaman aparmasını da təbii hal sayan direktor müavini onu da bildirdi ki, yaxın zamanlarda – yay aylarında muzeyin yenidən açılaraq istifadəyə verilməsi nəzərdə tutulub.
Biz də ümid edirik ki, deyilənlər həqiqət olar, bir rayonun tarixi və tarixi abidəsinə olan bu biganəlik yaxın zaman çərçivəsində aradan qaldırılar.
BAKI, 20 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın əfsanəvi müğənniləri olan Rəşid Behbudov və Müslüm Maqomayev müxtəlif ölkələrdən olan ifaçılar üçün nümunə olaraq qalır. Onlardan biri də ukraynalı müğənni, bir çox beynəlxalq müsabiqələrin qalibi Oleksandr Yakimets nəinki korifey sənətkarların repertuarından mahnıları ifa edir, həmçinin görkəmli Azərbaycan vokalçılarının xatirəsinə həsr olunmuş tədbirlər də keçirir.
Əslən Ukraynanın Dnepropetrovsk vilayətindən olan Oleksandr Yakimets Qlinka adına Dnepr musiqi məktəbinin "Akademik ifaçılıq" fakültəsini bitirərək əvvəlcə kiçik mütəxəssis, daha sonra bakalavr və magistr diplomuna yiyələnib. Dnepr Estrada Teatrının bədii rəhbəri olan Yakimets həm də şəhər 1 saylı musiqi məktəbində gənc nəslin yetişdirilməsi ilə məşğuldur.
Öz doğma şəhərində tez-tez Müslüm Maqomayev və Rəşid Behbudovun xatirəsinə konsertlər təşkil edən müğənni nə vaxtsa Bakını ziyarət etmək arzusundadır.
"Öz peşəsinin vurğunu olan bir insan kimi mənim üçün yeni-yeni musiqi yaradıcılıqlarını, xüsusilə də vokal yaradıcılığını kəşf etmək maraqlıdır. Bununla əlaqədar olaraq mən bir çox azərbaycanlı ifaçıların – Müslüm Maqomayev, Bülbül, Sona Aslanova və Rəşid Behbudovun yaradıcılığı ilə maraqlanmışam. Onların hər biri böyük şəxsiyyətdir", - deyə Yakimets Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Müğənninin sözlərinə görə, Azərbaycanın musiqi irsi çox zəngindir. İfaçı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 1913-cü ildə qələmə aldığı "Arşın mal alan" operettasını çox sevir. Belə ki, hələ tələbəlik illərində Yakimets operettaya dəfələrlə tamaşa edib və təkcə musiqiyə, yumora deyil, həmçinin operettada baş rolu ifa edən Rəşid Behbudovun səsinə də valeh olub.
"Bir tenor kimi mən Rəşid Behbudovun unikal, lirik səsinin gözəlliyini, yüngüllüyünü qiymətləndirməyə bilməzdim. Mən o zaman heç düşünməzdim ki, vaxt gələcək və 2016-cı ildə, elə bu məşhur müğənninin yüz illiyində onun və Müslüm Maqomayevin xatirəsinə Dnepr şəhərində konsert keçirəcəyəm. Həmin tədbir çox yüksək səviyyədə keçdi. Maqomayevi bütün dünya tanıyır. Rəşid Behbudov isə haqsızcasına yaddan çıxarılıb. Lakin "İlk sevgi mahnısı", "Sevgilim", "Dağ yolları ilə", "Qeyri-adi gözlər" kompozisiyalarını unutmaq mümkün deyil. Buna görə də ideya və imkan yaranan kimi biz Dnepr estrada teatrının kollektivi ilə birlikdə maksimum gücümüzü səfərbər edərək Dnepr şəhər sakinlərinə bu cür möhtəşəm musiqidən gözəl təəssürat əldə etmək imkanı yaratdıq", - deyə Yakimets bildirib.
Müğənni qeyd edib ki, öz konsertlərində nəinki "Sevgilim", "Qeyri-adi gözlər", "Bir qıza rast gəldim" kompozisiyalarını tez-tez ifa edir, həm də teatrda qoyulan musiqili səhnəciklərdə də onlardan istifadə edir.
Əfsanəvi Azərbaycan müğənnilərindən başqa, Yakimets cavan nəslin mümayəndələri, məsələn, Əzizə Mustafazadə, Emin Ağalarov, Samir Cavadzadə, Səbinə Babayevanın da yaradıcılığı ilə tanışdır.
"Mən zamanla ayaqlaşan insanam. Lakin mənə elə gəlir ki, əvvəlki estrada indikindən bir addım irəlidə olub. Mən nümunə gətirib müasir estrada müğənnilərini müqayisə etməyəcəyəm. Əlbəttə, yaxşı mahnılar var. Amma XX əsrin estradası əbədi yaşayacaq. Onda hər şey - poeziya, ahəngdarlıq, ruh, melodiya və digər başqa müsbət cəhətlər var. Hər bir mahnı öz-özlüyündə bir şedevrdir. Hər bir kompozisiya bir mini-tamaşadır və möhtəşəm özünüifadə tərzidir", - deyə Yakimets bildirib.
Müğənni hələ ki, Bakıda olmadığını bildirib. Onun sözlərinə görə, uzaq 2016-cı ildə öz həmkarı ilə birlikdə R.Behbudov və M.Maqomayevin xatirəsinə həsr olunmuş konserti "Bakı, şəhərim mənim" mahnısı ilə başlayıb və hesab edir ki, məhz bu kompozisiya Azərbaycan paytaxtını tam tərənnüm edir.
Oleksandr Bakını ziyarət etmək və buradakı dostları ilə görüşmək arzusundadır.
BAKI, 20 aprel — Sputnik, Kəmalə Əliyeva. Moskvada aprelin 23-də baş tutacaq beynəlxalq kino festivalında həmyerlimiz Könül Nağıyevanın Türkiyədə lentə alınmış "Gerçek olamaz" adlı ilk tammetrajlı filminin premyerası olacaq. Bu barədə Sputnik Azərbaycan-a müəllif məlumat verib.
Nağıyevadan başqa, filmin rejissoru və ssenari müəllifi həmçinin Korxan Uğurdur. Baş rolu özünün ifa etdiyi filminə rejissor türkiyəli sənət dostları Çetin Sarıqartal, Kaan Urgancıoğlu, Suat Güzey və başqalarını dəvət edib. Əsər "FREE MIND MEDIA" studiyasında lentə alınıb.
Süjet xəttinə görə, filmin əsas qəhrəmanı Leyla İstanbul klublarından birində caz oxuyur. Uşaqlıqda bədbəxt ailənin və valideynlərinin ayrılmasının şahidi olan Leyla bu uşaqlıq travması üzündən heç kimlə yaxın münasibət qura bilmir. Lakin küçədə fotoqraflıq edən Muradla tanışlıq onun həyatını tamamilə dəyişəcək. Onların arasında məhəbbət baş qaldırır, lakin Leyla bu hisslərdən qorxur. O, seçim etməlidir: ya keçmiş həyatına dönməli, ya da Muradla qalaraq real həyatın açarını tapmağa çalışmalıdır.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, Moskva beynəlxalq kino festivalı 1935-ci ildən bəri hər il keçirilir. Bu dəfə festival aprelin 22-dən 29-na qədər keçiriləcək.
Посмотреть эту публикацию в Instagram
Xatırladaq ki, Könül Nağıyeva Azərbaycan Prezidenti yanında İdarəetmə Akademiyasının məzunudur. 2014-cü ildə İstanbula köçərək orada təhsilini davam etdirib. 2018-ci ildə həmyerlimiz Türkiyənin ən yaxşı əcnəbi aktrisası adını qazanıb. 2017-ci ildə "FREE MIND MEDIA" studiyasının əsasını qoyan Nağıyeva 2019-cu ildə özünün ilk "Mən xatırlayıram" adlı filmini çəkib.
BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.
"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.
Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər.
"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.