Rəssam Georgi Kurinovun əl işi

Koronavirus yaradıcılığa mane olmur: rusiyalı rəssam Bakıdakı binaların fasadlarını bəzədi

39
(Yenilənib 19:31 18.03.2020)
Rəssam Georgi Kurinov Bakıda daha iki binanın fasadına rəsm çəkmək üçün ikinci dəfə Azərbaycanın paytaxtına gəlib

BAKI, 18 mart — Sputnik, Kəmalə Əliyeva. "Heç bir virus yaratmaq istəyən yaradıcı insanı dayandıra bilməz". Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində ikinci dəfə Bakıya gələn məşhur rusiyalı monumentalist-rəssam, daha çox GOOZE təxəllüsü ilə tanınan Georgi Kurinov deyib.

Kurinov ilk gəlişində iki həftə ərzində paytaxtda yerləşən "Leninqrad layihəsi" üzrə tikilmiş iki binanı öz divar rəsmləri ilə bəzəyib, onlarda azərbaycanlıların qadın və kişi obrazlarını təsvir edib. Rəsmlərdə Azərbaycanın görməli yerlərinin obrazları və milli musiqi alətimiz tar da əksini tapıb.

© Photo : Courtesy of Georgi Kurinov
Rəssam Georgi Kurinovun əl işi

"Mənim işlərim sifarişçilərin xoşuna gəlib və onlar məni yenidən Bakıya dəvət ediblər. Mən buraya yenidən gəlməyə məmnuniyyətlə razılıq verdim. Amma bu dəfə mən o qədər də azad yaradıcılıqla məşğul ola bilməyəcəm, çünki təsvirləri sifarişçi özü seçib", - deyə Kurinov bildirib.

Rəssamın sözlərinə görə, sifarişçi onun çoxsaylı eskizlərini kənara qoyub, baxmayaraq ki, onlar daha maraqlı idilər. Amma rəssam kompromisə getməli olub.

© Photo : Courtesy of Georgi Kurinov
Rəssam Georgi Kurinovun əl işi

Kurinova ən qəribə gələn isə sifarişçinin binaların fasadlarında pərdə rəsmi görmək istəyi olub. O, hələ də heç cür başa düşə bilmir ki, niyə binaların fasadına çəkilmiş rəsmlərdə pərdələr görünməlidir. Bu, rəssama çox qəribə gəlib. Kompozisiyanın qalan hissəsini isə rəssam özü yaradıb.

"İlk şəkil dəniz şəhərinin simvolu kimi gəmi şəklində buludlardan ibarət peyzajın metaforasıdır, ikincisi isə məbədə və insanın mənəvi inkişafına doğru gedən uçan adalar və cığırların mənzərəsidir", - deyə Kurinov bildirib.

Стрит-арт художник Георгий Куринов
© Sputnik / Murad Orujov
Rəssam Georgi Kurinov

Bakıdan sonra rəssam doğma Krasnodar şəhərinə, oradan isə artıq başqa ölkələrə üz tutub orada da öz kompozisiyalarını yaratmaq niyyətindədir. Eyni zamanda, Kurinovu bütün dünyada tüğyan edən koronavirus da qorxutmur.

"Bir neçə il əvvəl koronavirusdan heç də az qorxunc olmayan donuz, quş qripi, ebola və digər viruslar yayılmışdı.  Amma nədənsə onda belə ajiotaj yaratmamışdılar. Mənə elə gəlir ki, bu, sadəcə feykdir”, - deyə Kurinov bildirib.

Rəssam yenidən Bakıya qayıtmağa ümid edir və onun fikrincə, burada qeyri-adi kompozisiyaların yaradılması üçün yerlər olduqca çoxdur.

Georgi Kurinov səkkiz ildir strit-artla (küçə incəsənəti) məşğuldur. Rəssam müxtəlif ölkələrdə boz fasadları, hasarları, qarajları nağıl dünyalarına çevirməklə məşhurlaşıb.

39