Şollerin arxivi filmindən kadr

Almanla gürcü azərbaycanlı rejissora iki mükafat qazandırdılar

481
(Yenilənib 10:36 15.03.2020)
"Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada daha geniş tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq" - Cəlaləddin Qasımov

BAKI, 15 mart — Sputnik. "Zoroaster Award" İtaliya-Azərbaycan Beynəlxalq film festivalında Cəlaləddin Qasımovun 2 filmi qalib olub.

Rejissorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onun "Şollerin arxivi" bədii filmi "Ən yaxşı bədii film" nominasiyası, "Stalinin qaranlıq keçmişi" sənədli filmi isə "Ən yaxşı sənədli film" kateqoriyası üzrə qalib olub.

"2019-cu il yanvarın 25-də “Nizami” Kino Mərkəzində İtaliya-Azərbaycan Beynəlxalq film festivalının açılışında mətbuat konfransı keçirildi. Orada festivalın sədri, italiyalı aktyor Remo Girone iki ölkə arasında mədəni əlaqələrdən danışaraq bildirdi ki, Azərbaycan filmlərini izləməyib, tanımır, festivallarda rastlaşmayıb. Mən sonra R.Girone ilə görüşdüm və istehsal etdiyim “Şollerin arxivi” bədii filminin İtaliyanın “Social Machinery Film Festival”ında qalib olduğunu (14.07.2018) bildirdim. R.Girone isə istehsal etdiyim filmləri onun sədri olduğu "Zoroaster Award İtalian-Azerbaijan İnternational Film Festival"ına göndərməyimi istədi. Nəticədə hər iki filmim festivalın qalibi oldu", - C.Qasımov deyir. 

“Şollerin arxivi” filmi dünya film bazarında "Vimeo", "Amazon" ABŞ, İngiltərə, "UDU Digital", Hollivud prodüserləri ilə əlaqə məkanı olan iPitch.tv platformalarında yerləşdirilib. Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

"Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Son bir ildə 104-cü mükafatı qazanmışıq. Bu təkcə bizim uğurumuz deyil, eyni zamanda Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir", - rejissor qeyd edib.

Bu filmi Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri kimi dəyərləndirən rejissor C.Qasımov daha sonra vurğulayıb:

"Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada daha geniş tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq. Çəkdiyim filmlər dünya film bazarında özünə layiqli yet tutdu. Dünya mediasında bu ekran əsəri barədə geniş məlumatlar yazıldı. Dövlət dəstəyi olsa, biz daha da böyük uğurlar əldə edə bilərik, mədəniyyətimizi daha geniş şəkildə dünyaya tanıdarıq".

Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” sənədli filmində isə “Koba” ləqəbli Stalinin Bakıda yaşadığı dövrlər lentə alınıb.

481
Əlaqədar
Əfsanəvi kinostudiya film istehsalını dayandırdı
"Kərimov" bu postda da qala bilmədi
Agent Malderin budəfəki məxfi materialı Azərbaycanla bağlıdır
Aktrisa Zülfiyyə Qurbanova: "Adamı qanmaz yerinə qoymayın"
Premyerası uğursuz olan "Yırtıcı quşlar"ın adını dəyişib