Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cansız əşyaları dirildənlər: Rəsmdən başlayır, dərzilərdən keçərək aktyorlarda bitir

© © Sputnik / Kamal Almuradlıİqbal Əliyev baş rəssam
İqbal Əliyev baş rəssam - Sputnik Azərbaycan
Abunə olmaq
“Rejissor çox şey istəyə bilər. Ancaq kuklanın müəyyən standartlaşdırılmış menyusu var, ondan kənara çıxmaq mümkün deyil” 

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Kukla Teatrı spesifik xüsusiyyətə malik, özünəməxsus estetikası olan bir sahədir. Elə bir sənət növüdür ki, onun vasitəsi ilə uşaqlara da, uşaq qəlbli insanlara da sevinc bəxş edir. Onları real dünyadan qoparıb nağıllar dünyasına səyahətə aparır. Canlı sənət növü olan teatrda kuklaların “oyunu” isə xüsusi önəm daşıyır. Bu işdə Kukla Teatrının aktyorlarının üzərinə böyük yük düşür.

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının qonağı olaraq teatrda bir neçə yeni tamaşanın məşq prosesinin aparıldığının şahidinə çevrildik. Bizim üçün ən maraqlı məqam isə teatrın öz daxili gücünə hazırlanan kuklaların hazırlanması prosesini izləmək idi.

© © Sputnik / Kamal AlmuradlıKuklalarının hazırlanması prosesi
Cansız əşyaları dirildənlər: Rəsmdən başlayır, dərzilərdən keçərək aktyorlarda bitir - Sputnik Azərbaycan
Kuklalarının hazırlanması prosesi

Teatrda olduğumuz gün A.S.Puşkinin "Balıqçı və balıq" nağılı əsasında səhnələşdiriləcək "Qızıl balıq" tamaşasının kuklalarının hazırlanması prosesi gedirdi.

Teatrın sexində baş rəssam İqbal Əliyev eskizləri divardan asaraq kuklaları hazırlayırdı. Qeyd edək ki, sözügedən tamaşada 14 kukla hazırlanır.

Rəssamla iş prosesində söhbət etmək imkanı əldə etdik. İqbal Əliyev kuklaların hazırlanması üçün ilkin növbədə rejissorla rəssamın ortaq məxrəcə gəlməsinin vacibliyini vurğuladı. Bildirdi ki, ilk növbədə pyes bədii şurada müzakirə olunur. Qərar qəbul olunduqdan sonra eskizlər hazırlanır. Eskizlər təzədən bədii şuraya təqdim olunur. Müzakirə olunub ortaq qərar qəbul olunur. Rəssam deyir ki, ola bilər, müzakirədə rəssamın düşündüyü bəzi rəsmlər bəyənilməsin. Rəssam yenidən onun üzərində işləyir. Eskizlər qəbul olunduqdan sonra sexə düşür. Əsas proses sexdə baş verir.

Eskizləri rəssamdan sonra ilk görən isə heykəltəraş olur. Eskiz əsasında başın forması gildən və plastilindən hazırlanır. Hazırlandıqdan sonra onun qəlibləri tökülür. Qəlibdən çıxdıqdan sonra piyamaşada faktura olunur. Oradan çıxardıqdan sonra öz formasını alır. Gildən çıxan qəlib ağardılır və üzərindən bir neçə dəfə cilaladıqdan sonra kuklanın siması daha hamar olur. Kuklanın ağzı içəridən mexanika qurulduqdan sonra hərəkətə gətirilir. Bəzi kuklalar var ki, onda ağızla bərabər gözləri də açılır. Bu mərhələdən sonra kuklanın bədəni hazırlanmağa başlayır. Dərzilər süngərlə kuklanın qollarını və ayaqlarını tikirlər. Tikiş işləri isə daha çox əl ilə aparılır.

© © Sputnik / Kamal AlmuradlıDərzi xanımlar kuklanın qollarını və bədənini hazırladıqdan sonra iş yenidən rəssama həvalə olunur
Cansız əşyaları dirildənlər: Rəsmdən başlayır, dərzilərdən keçərək aktyorlarda bitir - Sputnik Azərbaycan
Dərzi xanımlar kuklanın qollarını və bədənini hazırladıqdan sonra iş yenidən rəssama həvalə olunur

Dərzi xanımlar kuklanın qollarını və bədənini hazırladıqdan sonra iş yenidən rəssama həvalə olunur. Bədəni yığılan kuklanın bəzədilməsi prosesi başlanır. Rəssam kuklanın başı olan qəlibin üzərində kosmetik, yəni rəngləmə işləri ilə məşğul olur. Eskizə uyğun şəkildə kuklalar bəzədilir. Növbəti dəfə kuklalar dərzilərə həvalə olunur. İkinci dəfə dərziyə ötürülən kuklaların bu dəfə geyimləri hazırlanır. Rəssam dərziyə geyimlərin kəsim formasını rəsmə uyğun şəkildə göstərdikdən sonra dərzi kuklaların geyimlərini düzəldir. Dərzilərin işinə nəzarət edən rəssamla dərzinin birgə işi nəticəsində kuklalar geyindirilir. Kuklanın əlləri, ayaqları birləşdikdən sonra proses aktyorlara həvalə olunur və aktyorlar kuklalarla məşqə başlayırlar.

Hazırlanan kuklaların ölçüsü isə 70-80 sm arasındadır. Bunlar şirma arxasından oynanıldığı üçün troslu kuklalar hesab edilir. Ümumilikdə tamaşanın hazırlanmasına 3 ay vaxt sərf edilir.

© © Sputnik / Kamal AlmuradlıBəzən kuklanın qəlibi hazırlananda sınaraq yararsız hala düşür
Cansız əşyaları dirildənlər: Rəsmdən başlayır, dərzilərdən keçərək aktyorlarda bitir - Sputnik Azərbaycan
Bəzən kuklanın qəlibi hazırlananda sınaraq yararsız hala düşür

İqbal bəy deyir ki, bəzən kuklanın qəlibi hazırlananda sınaraq yararsız hala düşür: "Bəzən olur ki, onu birləşdirmək mümkünsüz olduğu üçün yenidən işləyirik. Elə kuklalar var ki, onu yenidən bərpa edirik. Misal çün “Göyçək Fatma”, “Məlik Məmməd”, “Zınqırovlu pişik”, “Cik-cik xanım” tamaşalarındakı kuklaları yenidən restavrasiya etmişik. Repertuardan çıxan tamaşalar digər kukla teatrlarına göndərilir. Bəzi yaradıcılıq studiyaları bizə müraciət edirlər. Heç bir müraciəti cavabsız qoymuruq. Bəzən də kuklaların üzərində dəyişikliklər edib yenidən səhnəyə çıxarırıq. Göyçək Fatma tamaşası 25 il idi ki, eyni kuklalarla repertuarda idi. Biz də tamaşanın stilistikasını pozmadıq, həmin kuklaları yenidən bərpa etdik".

Ən kaprizli rejissorun da nazı ilə oynadığını deyən rəssam uşaqlar üçün çalışdığını söyləyir: "Onların zövqünü oxşamağa cəhd göstəririk. Rejissor tamaşanı hazırlayır. Kukla sənətində kukla rəssamının sözü daha önəmlidir. Rejissor çox şey istəyə bilər. Ancaq kuklanın müəyyən standartlaşdırılmış menyusu var, ondan kənara çıxmaq mümkün deyil. Ağzı gözü açılmalıdır, qulaq tərpənməlidir. Bəzən də bığ tərpənməlidir. Başın içərisində o qədər mexanikanın hamısını çatdırırıqsa, artıq burda rejissor digər mexanika istəyə bilməz. Bu baxımdan rejissor rəssamla razılaşmalıdır. Rejissor hazırlıq prosesində gəlib kuklaya baxır. Sevgi ilə yanaşdıqda kukla düzəltmək çox asandır. Ən çətin iş isə ipli kuklalardır. Onların həm hazırlanması prosesi, həm material, həm də müddət baxımından daha çox vaxt tələb edir. "O olmasın, bu olsun" tamaşasında materialların hamısı müxtəlifdir. Kuklalar var ki, onların əlləri, qolları süngərdən hazırlanır. Onda iş prosesi tez başa gəlir. Marionetkalarda isə əllər, ayaqlar hamısı taxtadan yonulur. Bu da hər taxtadan əmələ gəlmir, sınmayan, suya davamlı, effektli material olmalıdır. Ən çox xərc marionetkalara qoyulur. Ayaqların altına eyni miqdarda qurğuşun qoyulmalıdır ki, tarazlıq yaransın”.

© © Sputnik / Kamal AlmuradlıHazırlanan kuklaların ölçüsü isə 70-80 sm arasındadır
Cansız əşyaları dirildənlər: Rəsmdən başlayır, dərzilərdən keçərək aktyorlarda bitir - Sputnik Azərbaycan
Hazırlanan kuklaların ölçüsü isə 70-80 sm arasındadır

İqbal bəy qeyd edir ki, kukla janrının texniki baxımdan bütün növləri bizim teatrda var: “Parket, oyuq, marionetka, örtükarxası, əlcək kuklalar. Bunların hamısı troslu kuklalardır. Marionetkalar aktyordan metr yarım, iki metr uzaqda olur. Bu baxımdan aktyor üçün ən çətini marionetkalardır. Kukla teatrında oynamaq çətindir. Bir var, aktyor özü oynayır. Kukla teatrında isə aktyor həm özü oynayar, həm də o plastikanı kuklaya ötürür. Gördüyünüz bu kuklalar hazır olduqdan sonra biz onu güzgülü zala verəcəyik. Kuklanı oynayan aktyor artıq kuklanın xarakterini tapmalıdır. Aktyor özü kukla hazırlanmasında iştirak etməlidir. Çünki bilavasitə onunla aktyor işləyəcək. Kuklanın xarakterini tapmaq üçün rəssama kömək edə bilər və yaxud kuklada hər hansı bir ştrixin olmasına yardımçı ola bilər. Aktyorların istəyi ilə kuklanın yığılması daha maraqlı olur. Aktyor canlı oynayanda bilir ki, nələr edəcək bu daha maraqlı olacaq. Bir sözlə kukla rəsmdən başlayır, dərzilərdən keçərək aktyorlarda bitir".

© © Sputnik / Kamal Almuradlıİqbal Əliyev baş rəssam
Cansız əşyaları dirildənlər: Rəsmdən başlayır, dərzilərdən keçərək aktyorlarda bitir - Sputnik Azərbaycan
İqbal Əliyev baş rəssam
Xəbər lenti
0