ABŞ-da yaşayan Xan Bəyli

ABŞ-dakı Xan Bəyli Azərbaycan musiqisi ilə amerikalıların könlünü fəth edib - VİDEO

178
(Yenilənib 19:21 28.01.2020)
İfaçı öz yeni albomuna Azərbaycan xalq mahnılarını da əlavə edib və konsertlərində bir neçə milli musiqi nümunəmizi ifa edərək amerikalıların könlünü oxşayır

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. ABŞ-da yaşayan Xan Bəyli artıq beş ildir ki, Azərbaycan musiqisini populyarlaşdırmaqla məşğuldur. Okeanın o tayındakı həyatı ilə bağlı ifaçı Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

Xan Bəylinin əsl adı Şirxan Ağabəylidir. O, Amerikaya gedəndən sonra öz ad-soyadını qısaltmaq qərarına gəlib. Musiqiçinini valideynləri 80-ci illərin sonunda Azərbaycandan Ukraynaya miqrasiya ediblər. Müğənni Ukraynada doğulub, böyüyüb və təhsil alıb. Uşaq vaxtı valideynləri Şirxanı Azərbaycana tez-tez gətiriblər.

"Valideynlərim istəyirdilər ki, muğamı öyrənim, ona görə də məni Bakıya göndərirdilər. Mənim musiqi üzrə pedaqoqum "İrs" folklor ansamblının bədii rəhbəri Sidqi Mustafayev olub. Bizim dərslərimiz İçərişəhərdə keçilirdi. Bu məşğələlər mənim gələcəyimə çox kömək elədi və Azərbaycan musiqisini daha dərindən öyrənməyimə imkan yaratdı", - deyə Bəyli bildirib.

Musiqi həmişə onun həyatında böyük rol oynayıb, məhz ona görə də Xan özünü incəsənətə həsr etmək qərarına gəlib. Odur ki, yaradıcılıq fəaliyyəti ilə peşəkarcasına məşğul olur, Rusiya, Ukrayna və Qazaxıstandan olan müxtəlif artistlərlə birlikdə studiyalarda kompozisiyalarını yazdırır.

Ukraynada məktəbi başa vurandan sonra musiqiçi təhsilini xaricdə davam etdirmək qərarına gəlib. O, müxtəlif institutlara ərizə göndərib və onların çoxu müsbət cavab verərək onu qəbul etməyə hazır olduqlarını bildiriblər. Beyli Bostondakı Berkli musiqi kollecini seçib. O vaxtdan Amerikada yaşayır.

"Mən artıq beş ildir Amerikada yaşayıram. Baxmayaraq ki, Amerikada tamam başqa həyat tərzi və mentalitet mövcuddur, oraya adaptasiya olunmaq mənə asan oldu. Burada çox böyük rəqabət var, amma mənə irəli getmək çətin deyil. Mən dəvət olunduğum müxtəlif layihələrdə iştirak edirəm. Həmçinin öz solo layihələrim var. Mən bütün musiqi janrlarında ifa edirəm və hesab edirəm ki, musiqiçi hər bir alətdə çalmağı bacarmalıdır", - Beyli deyir.

Onun repertuarında əsas yeri Azərbaycan mahnıları tutur. O, bizim mahnıları özünün bütün konsertlərində ifa etməyə çalışır. Musiqiçinin sözlərinə görə, amerikalılar çox açıq və hər şeylə maraqlanan insanlardır. Ona görə də nə isə yeni bir şeyə qulaq asmağı sevirlər, xüsusilə də həmin şey onların ürəyincədirsə.

"Amerikalıların reaksiyası həmişə əladır. Onlar Azərbaycan musiqisindən, xüsusilə də xalq musiqisindən zövq alırlar. Bu musiqi çox melodikdir və hər kəsin ürəyinə yol tapa bilir. Hazırda mən yeni albomumu yazdırmaqla məşğulam. Ora bir neçə xalq musiqimizi də əlavə edəcəyəm. Sinqllar tədricən çıxacaq. Albomda mənim müəllif kompozisiyalarım da yer alacaq", - Bəyli bildirib.

İfaçı artıq Berklidə təhsilini başa vurub və yaşayıb-yaratmaq üçün Nyu-Yorka yerləşib. Bəyli etiraf edir ki, heç vaxt qarşısına şöhrətlənmək məqsədini qoymayıb. O həm özü, həm də insanlar üçün musiqi, nə isə qiymətli bir şey yaratmaq istəyir.

Musiqiçinin planları çoxdur və onlardan biri də Bakıya gəlməkdir. Bəyli axırıncı dəfə tarixi vətənində altı il əvvəl olub. Əgər dəvət olarsa, o, məmnuniyyətlə Bakı səhnəsində çıxış etmək istəyir.

178
Əlaqədar
Məşhur rusiyalı ulduz azərbaycanlı anası ilə birgə şəklini paylaşıb
Erməni müğənni istəyinə çatdı: Yusif Eyvazov onunla eyni səhnəni bölüşəcək
Alim Qasımov: "Qaydasız döyüş kimiydi, kim haradan gəldi vururdu" - VİDEO
Dünyanın beş dəbli kişisindən biri azərbaycanlı oldu
Xalq artisti yeganə klipi azərbaycanlı müğənni üçün çəkib