Ofisdə iş, arxiv şəkli

Şura nazirliklə birgə layihələrə yüz min manat ayırdı

9
(Yenilənib 14:45 27.11.2019)
Gələn il üçün birinci müsabiqənin mövzusu artıq elan olunub, ikinci müsabiqənin mövzusu isə 2020-ci ilin birinci yarısında elan ediləcək.

BAKI, 27 noyabr — Sputnik. Mədəniyyət sahəsinin inkişafına töhfə verən qrant müsabiqələri davam etdirilir

Azərbaycan Milli Kitabxanasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyinin 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə hər iki qurumun nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirliyin QHT-lərlə birgə həyata keçirdiyi tədbirlər və layihələr haqqında açıqlamasında bildirib ki, bu layihələrin mədəniyyət sahəsinin inkişafına verdiyi töhfələr baxımından əhəmiyyətlidir: "Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlığa xüsusi önəm verir. Bu istiqamətdə bir neçə ildir müxtəlif layihələr həyata keçirilir. Nazirlik Şuradan əlavə də qrant müsabiqələri reallaşdırır. Qanunvericiliyə uyğun olaraq, il ərzində iki dəfə qrant müsabiqəsi təşkil olunur. Gələn il üçün birinci müsabiqənin mövzusu artıq elan olunub, ikinci müsabiqənin mövzusu isə 2020-ci ilin birinci yarısında elan ediləcək".

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova qrant müsabiqəsi haqqında məlumat verərək söylədi ki, qrant müsabiqəsi "Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqinə dair təşəbbüslər", "Regionlarda mədəniyyətin inkişafına dair təşəbbüslər", "Muzeylər, kitab işi və xalq yaradıcılığının inkişafına dair təşəbbüslər" istiqamətləri üzrə elan olunub. Hər istiqamət üzrə dörd qalib nəzərdə tutulub. Müsabiqənin müddəti 2-8 ay arasında müəyyən olunub. Qrant müsabiqəsinin ümumu məbləği 100 min manat təşkil edir. Müsabiqə üzrə layihələrə dair sənədlərin qəbulu 20 noyabr tarixindən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır. Birinci mərhələ 20 noyabr – 16 dekabr tarixlərini əhatə edir. 20 noyabr – 26 dekabr tarixlərini əhatə edən ikinci mərhələdə layihə sənədlərinin texniki seleksiyası keçiriləcək. 27 dekabr – 27 yanvar tarixlərində üçüncü mərhələ üzrə qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi təşkil ediləcək. Nəhayət, dördüncü mərhələdə 2020-ci il fevralın 10-dan sonra layihələr Şurada müzakirə olunacaq və qaliblər elan ediləcək.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Nədimə Rəhimli Şuranın həyata keçirdiyi qrant müsabiqələri haqqında açıqlamasında dedi ki, Şura 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri üzrə iş həyata keçirir. Bu gün müzakirə edilən qrant müsabiqəsi də Mədəniyyət Nazirliyi ilə birgə gerçəkləşdirilir. Müsabiqədə iştirak etmək üçün canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, bu sistemi yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT – dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.

9