Tar ustası Qurban Verdiyev

Onlardan Şuşanın səsi gəlir: Vətən həsrətini alətlərdə yaşadan usta

1252
(Yenilənib 22:12 10.11.2019)
Bərdənin Mustafaağalı kəndində məskunlaşmış şuşalı ustanın hazırladığı tar illərin zəhməti ilə yaranır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Qurban Verdiyev ömrünün ilk çağlarını Azərbaycanın dilbər guşəsi, musiqi mədəniyyətinin beşiyi olan Şuşada keçirib. Müharibə başlayınca isə o gözəl həyatdan ona ancaq nisgil, bir də doğma yurdundan qoparıb özüylə gətirdiyi Şuşa ruhu qalıb.

Şuşa işğal olunanda ata-anası, bacı-qardaşları ilə birgə Bərdə rayonunun Mustafaağalı kəndinə pənah gətiriblər. Qurban Şuşadan ayrılmağını özünə bağışlaya bilməyib. Doğma şəhərini qoruya bilməsə də, ona yas tutmağı özünə borc bilib. O gündən bu günə qədər üzünü də təraş etmir. Şuşaya qayıdan gün uzun, ağarmış saqqalıyla vidalaşmağı arzulayır.

Şuşalı gənc ona və ailəsinə qucaq açan Mustafaağalı kəndində qısa vaxtda hamının sevdiyi insana çevrilib. Əlinin zəhmətiylə dolanan Qurban elin kədərinə, sevincinə şərik olub. O elə indi də yorulmaq bilmədən işləyir. Taxta materiallarından qapı-pəncərə bağlayır, yeri gələndə qəssab baltasını götürüb xeyir-şər məclislərində ət doğrayır.

Usta Qurban Verdiyevin emalatxanası
© Sputnik / Musa Muradli
Usta Qurban Verdiyevin emalatxanası

Amma çox sevdiyi başqa bir məşğuliyyəti var Qurbanın - tar düzəltmək. Çünki bu sənəti elə Şuşada öyrənib: "1972-ci ildən musiqi alətləri, əsasən tar düzəltməklə məşğulam. O vaxtlar Şuşada Sadıqcan adına şərq musiqi alətləri fabrikində işə başladım. Bu sənətə də elə həmin dövrdə yiyələndim. Çalışdığım odur ki, xalqımızın bu sənətini gələcək nəsillərə çatdırım, məndən sonra bu işə kimsə sahib çıxsın. Bu, çox gözəl sənətdir. Xalqımızın kökündən gəlir. Nə qədər ki canımda can var, yaşatmağa çalışacam".

Qurban Verdiyev tarın sehrinə düşdüyünü deyir: "Məni bu sənətə gətirən tarın ecazkar səsi olub. O səs insanda qeyri-adi hiss, duyğu yaradır".

Usta Şuşadan ayrılandan sonra bir müddət tar düzəldə bilmədiyini deyir: "1992-ci ildə köçkünlük həyatı başlayanda bu kəndə - Mustafaağalıya gəldik. Bir müddət tar hazırlaya bilmədim. Müharibənin yaratdığı psixoloji travma, şübhəsiz ki, məni də sıxırdı. İşləyə bilmirdim. Ancaq kənd adamlarının bizə mehriban, qayğıkeş münasibəti köməyimiz oldu. Yenidən bu sənəti davam etdirmək barədə düşünməyə başladım.

Usta Qurban Verdiyev hazırladığı tarın səsi mötəbər təhsil ocaqlarından - Ağdam Musiqi Kollecindən, Milli Konservatoriyadan, Asəf Zeynallı adına Musiqi Kollecindən gəlir.
© Sputnik / Musa Muradli
Usta Qurban Verdiyev hazırladığı tarın səsi mötəbər təhsil ocaqlarından - Ağdam Musiqi Kollecindən, Milli Konservatoriyadan, Asəf Zeynallı adına Musiqi Kollecindən gəlir.

Tar hazırlamaq üçün alətlər axtarmağa başladım, çünki Şuşadan gələndə heç nə gətirə bilməmişdik. Şuşadan çıxmağı ağlımıza belə gətirə bilmirdik. Son ana qədər Şuşamızı qorumağa çalışsaq da, xəyanətin qarşısında bunu bacarmadıq. Lap axırda məcbur qalıb, ailə üzvlərimizi götürüb, çətinliklə şəhəri tərk elədik".

Şuşalı tar ustası bu sənətlə çoxlu pul qazanmasa da, hərdən sifarişlər aldığını bildirir: "Musiqi məktəbinə gedən uşaqların valideynləri tar almağa gəlirlər. Biz də onlara istədikləri tarı - təlim üçün, ya da peşəkar musiqi alətini - hazırlayıb veririk. Zövq, texniki imkanlar - hamısı razılaşdırılır.

Uşaqlarla yanaşı, Musiqi Kollecində oxuyan tələbələr də tar almaq üçün müraciət edirlər. Mən də çalışıram ki, onların zövqünə uyğun musiqi aləti düzəldim. İşlədiyim 40 il müddətində hazırladığım tarı geri qaytaran, narazı qalan olmayıb".

Qurbanın bağladığı tarların səsi mötəbər təhsil ocaqlarından - Ağdam Musiqi Kollecindən, Milli Konservatoriyadan, Asəf Zeynallı adına Musiqi Kollecindən - gəlir. Ağcabədi, Goranboy, Yevlax da daxil olmaqla kənar rayonlardan da gəlib, usta Qurbanın hazırladığı tarı alırlar.

"Tar əsasən tut ağacından hazırlanır. Yuxarı qol, kəllə hissəsi qoz ağacından, aşıqları adətən armuddan olur. Tarın hissələrinin müxtəlif ağaclardan hazırlanmasının da öz sirri var. Armud, adətən, tarı kökdə daha yaxşı saxlayır. Kökləyəndə uzun müddət dəyişmədən çalmaq olur. Tar hazırlamaq üçün ərik ağacından da istifadə etmək olar", - deyə Q.Verdiyev sənətinin sirləri ilə bölüşür.

Qurban Verdiyevin tara olan məhəbbəti övladlarına da keçib.
© Sputnik / Musa Muradli
Qurban Verdiyevin tara olan məhəbbəti övladlarına da keçib.

O deyir ki, tarın hazırlanmağı üçün xeyli zaman lazımdır: "Çanaq hissəsini, qolunu, aşığını ayrı-ayrılıqda hazırlayıb illərlə qurumağını gözləyirik. Bütün bunların tam quruması üçün ən azı 3 il keçməlidir ki, tam keyfiyyətli musiqi aləti hazırlamaq mümkün olsun. Tədricən, mərhələ-mərhələ hazırladığımız hissələrdən tarı komplektləşdirib, hazırlayırıq. Əgər bütün hissələri əlimizin altında hazır olarsa, tarın yığılması 3 ay çəkə bilər".

Usta Qurban sənətinin sirlərini övladlarının mənimsəyəcəyi günü səbirsizliklə gözləyir. Müharibə üzündən gec evlənib. Uzun illər Şuşaya qayıdıb orada ailə qurmağı arzulayıb. Nəhayət, 50 yaşı haqladığında taleyi ilə barışıb, evlənib. İndi İlqar və Vüqar adında iki oğlu var, biri 9-cu, digəri 7-ci sinifdə oxuyur. Hələlik tar düzəldə bilməsələr də, tar ifaçılığını mənimsəməyə başlayıblar. Bərdə şəhər 1 saylı uşaq Musiqi məktəbində musiqi təhsili alırlar.

Arzulayaq ki, ustamızın düzəltdiyi tarlar yenidən Şuşada dilə gələcək. O gözəl günlər yenidən yaşanacaq. Qarabağda ölüm saçan silahların deyil, musiqinin səsi aləmə yayılacaq. 

1252
Teqlər:
Şuşa, Bərdə, usta, musiqi aləti
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (17)
Əlaqədar
Rövşən Cabbar: "Natiqə dedim ki, bunu şou alətinə çevirənlərə təpinməyə haqqın çatır"
"Sabah da deyəcəklər ki, bu da bizimdir" - Qarmon ustası sirləri açır
Stradivari bilsə, ikinci dəfə ölərdi - azərbaycanlı müəllimdən qeyri-adi təklif
Azərbaycanda unikal sərgi - Xan əminin qavalı, Aftandilin qarmonu, Aşıq Ədalətin sazı
"Orkestr adam" – Mingəçevir sakini unikal musiqi aləti yaradıb