Rejissor Anar Abbasov

Azərbaycanlı rejissor Rusiya kinematoqrafinı fəth edib vətənində film çəkməyi arzulayır

649
(Yenilənib 13:09 18.10.2019)
Rejissor Anar Abbasov inanır ki, Rusiya kinematoqrafiyasında öz layiqli yerini tutacaq və ona Azərbaycanda da kino çəkmək müyəssər olacaq.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Rusiya kinematoqrafında böyük uğurlara imza atmış azərbaycanlı rejissor Anar Abbasov artıq uzun illərdir Moskvada yaşayır və işləyir. Rusiya kino həftəsi çərçivəsində onun sonuncu filmi "Döyüş" ilk dəfə Bakıda təqdim edilib və paytaxt tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb. Rejissor gələcəkdə vətənində mütləq kino çəkmək istəyir və bu barədə təklifləri gözləyir. Anar Abbasov bu barədə Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb.

- Anar, Bakıya tez-tez gəlirsiz?

- Yox, çox nadir hallarda. Hərdən vaxt olmur, hərdən də digər problemlər çıxır.

Режиссер Анар Аббасов, фото из архива
Rejissor Anar Abbasov

- Niyə siz Moskvaya getmək qərarına gəldiniz?

- Bu, çoxdan olub. Keçmişdə mən Crazy rəqs qrupunun heyətində çıxış etmişəm. Mən və bu kollektivdən olan digər həmkarlarım öz karyeramıza Azərbaycandan kənarda başlamağa qərar verdik və Moskvaya yollandıq. Biz orada öz rəqs karyeramızı davam etdirdik. Sonra bizi rəqqas sifətilə "Fabrika zvyozd" musiqi proqramının birinci və ikinci mövsümünə dəvət etdilər. Səhv etmirəmsə, bu, 2003-cü ildə idi. Sonra Moskvada öz çoxdankı arzumu yerinə yetirmək və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmaq qərarına gəldim. Bəxtim gətirdi ki, mən ilk cəhddən ora daxil oldum.

- Sizi rəqqaslıqdan rejissorluğa aparan səbəb nə oldu?

- Bu sənətlərin hər ikisi yaradıcıdır. Başa düşdüm ki, elə ideyalar var, onları həyata keçirmək üçün rəqslər yetərli deyil. Mənim üçün kino öz ideyalarını çatdırmaq üçün maksimum üsulları olan incəsənətdir.

- Bəs siz reallıqda hansı ideyaları çatdırmaq istəyirsiniz?

- Həyatımda bir vacib mövzu var ki, bu da insan və Allahın münasibətləridir. İndi mənim üçün vacib olan təkcə öz ideyalarımı çatdırmaq deyil, həm də onları çatdırmaq istədiyim insanlara söylədiklərimin maraqlı olmasıdır.

- Rusiyada kinematoqrafiya ilə məşğul olmaq çətin deyil ki?

- Mən hələlik burada öz yerimi tapmamışam. Hələlik sadəcə yeni başlayan rejissoram. Ümid edirəm ki, hələ Rusiya kinosunda öz layiqli yerimi tutacağam. İndilik isə özümü məşhur, uğurlu, əla rejissor adlandıra bilmərəm. Rusiyada mənim hörmət etdiyim çoxlu yaxşı rejissorlar var.

- Rusiyada sizə kim dəstək verir və filmlərinizi çəkməyə yardım edir?

- Mən Aleksey Uçitelin emalatxanasında öyrənirəm. Orada beş il təlim keçmişəm və bu müddətdə senari yazmışam. Bu, ustadımın xoşuna gəlib. Biz onun əsasında film çəkmək istəyirik. Senarini Rusiyanın Mədəniyyət Nazirliyinə göndərmişik və orada təsdiqlənib.

- Siz artıq nə qədər film çəkmisiniz?

- Mənim iki tammetrajlı filmim var. Qalanları qısametrajlıdır. Ən çox xoşuma tammetrajlı film çəkmək gəlir. Çünki bu filmlər rejissora istədiyini maksimum səviyyədə təqdim etməyə imkan verir. Bütün bunlarla yanaşı kinoteatrlarda əsasən tammetrajlı filmləri göstərirlər və tamaşaçılar da onlara baxır. Qısametrajlı filmlər isə əsasən festivallar və internet üçün nəzərdə tutulur.

- Rusiyada yaşayarkən Azərbaycan kinematoqrafının necə inkişaf etdiyini izləmək imkanınız olur?

- Mənim çox yaxşı dostum var. O, biznesmendir və kinonu çox sevir. Mənə yeni Azərbaycan filmlərinin linklərini göndərir. Azərbaycan kinosunun öz çətinlikləri var və maliyyələşmə səviyyəsi çox vaxt keyfiyyətli film çəkməyə imkan vermir.

Əminəm ki, Azərbaycanda çox sayda istedadlar var. Əgər onlara imkan verilsə, mənə elə gəlir ki, Azərbaycan kinematoqrafı böyük zirvələri fəth edə bilər. Mən "Nar bağı" filminə baxmağı çox istəyirəm. Həmin film böyük uğur qazanıb və bu, müsbət haldır.

- Bəs sizə Azərbaycanda film çəkməyi təklif ediblər?

- Hardasa beş il əvvəl Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirəndən sonra prodüser İrina Bağırzadə Azərbaycandan kənarda yaşayan azərbaycanlıları bir neçə qısametrajlı filmdən almanax çəkmək üçün Bakıya dəvət elədi. Biz onu çəkdik və kinoteatrda nümayiş etdirdik. Bu, mənim təcrübəmdə yeganə hal olub ki, vətənə kino çəkməyə dəvət ediblər. Mən belə bir fürsətin bir daha verilməsini çox istəyirəm. Azərbaycanda təkcə bədii deyil, sənədli və qısametrajlı filmlər də çəkmək istəyərdim. İstəməzdim ki, vətənimlə əlaqəm üzülsün. Əgər təklif olsa, mən hazıram.

- Azərbaycan mövzusu və bizim milli koloritimiz sizin yaradıcılığınızda öz əksini tapırmı?

- Əlbəttə, mənim azərbaycanlı köklərim var və onda mənim dünyagörüşümün əsası dayanır. Mənim ilk diplom filmim "Qurban" Azərbaycanda çəkilib. Mən orada üç qızı olan və bir oğlan uşağının da olmasını arzulayan atanı göstərmişəm. O, öz arzusunun yerinə yetməsi üçün müsəlman ənənələrinə uyğun olaraq Haçaqaya dağına qurban demək qərarına gəlir. Qoyunla birlikdə o, dağa qalxır. Amma sonra qurbanlıq qoyunu kəsmək fikrindən daşınır. Fəqət Allah ona bunsuz da oğul verir. Mən bu filmdə öz ölkəmin dini adətini göstərmək istəmişəm.

- Eyni vaxtda həm senari müəllifi, həm də rejissor olmaq çətin deyil ki?

- Mən öz filmim üçün senarini özüm yazmışam. Film üzərində işləyərkən eyni vaxtda həm prodüserlik, həm də rejissorluq etmək, yaxud da, bir filmin həm rejissoru, həm də aktyoru olmaq, onların hamısını bir araya sığışdırmaq çətindir. Mən özümdə aktyoru və prodüseri görmürəm. Əgər bu mənim ideyamdırsa, onu yazmalıyam. Hələ elə senari müəllifinə rast gəlməmişəm ki, mənim ideyalarımı istədiyim kimi ifadə edə bilsin.

- Öz filmlərinizdə tez-tez hansı mövzuya toxunursunuz?

- Daha əvvəl də dediyim kimi, yaradıcılığımın ana xəttini insanla Allah arasındakı əlaqə təşkil edir. Bu ideya məndə müxtəlif şəkillərdə təzahür edir. Bütün plan və ideyalarımı burada səsləndirmək istəmirəm. Misal üçün ilk tammetrajlı filmim "Amun"u İsraildə çəkmişəm. Bu filmin senarisini yazana qədər mən iki il İsrailə gedib-gəldim, sənədli film çəkdim. Yalnız bundan sonra oynaq senari yazmaq qərarına gəldim.

İsrail dinlərin beşiyidir. Məni əsasən İsa peyğəmbərin qırx gün çobanlıq etdiyi dağ maraqlandırırdı. Prodüserimə minnətdaram ki, mənə inanaraq bu filmin çəkilişinə o qədər pul xərclədi.

- Sonuncu "Döyüş" filminizdə siz yenə də əvvəlki sənətinizi yada salmısız və rəqqasların həyatından bəhs etmisiniz...

- Vaxtilə rəqqas olan şəxs kimi həmişə rəqs barədə film çəkmək istəmişəm, çünki bu sənət mənim üçün həyatımın azı 10 ili deməkdir. Bilirəm ki, Rusiyada dünya səviyyəsinə uyğun küçə rəqslərinin bilinməyən bir qatı var. Mən həmişə yarışlarda ilk yerləri tutan rus rəqqaslarının ifa etdiyi rəqslərin bütün üslublarını göstərmək istəyirdim. Amma film əvvəlcə gördüyüm kimi alınmadı.

- Niyə?

- Çünki ideya həmişə transformasiyaya məruz qalır. Film heç də həmişə özülündə dayanan ideyanı təcəssüm etdirmir. Bununla yanaşı, rejissor film üzərində hakimiyyətə malik deyil, yaxud əksinə. Film komanda məhsuludur, baxmayaraq ki, sən həm müəllif, həm də rejissorsan, guya hər şeyi öz nəzarətində saxlayırsan, amma burada bir qədər başqa güclər də rol oynayır. Elə şeylər var ki, onlara təsir göstərə bilmirsən.

- "Döyüş" filminiz haqqında hansı rəylər var?

- Rəylər müxtəlifdir: savadlı tənqidlər də var, müsbət şərhlər də var, hansı ki, mənfilərdən çoxdur. Filmin reytinqinin yüksək olduğunu deyə bilmərəm, amma orta səviyyədən yuxarı idi. "Döyüş"ü izləyən rəqqaslar müsbət rəy bildirdilər. Peşəkarlıq nöqteyi-nəzərindən bu filmlə bağlı çoxlu tənqidi məqamlar var və bunlar mənim tamamilə razılaşdığım çox vacib məqamlardır. Ancaq təəssüf ki, bunu düzəltmək artıq mümkün deyil.

Kameraman Aleksandr Demyanenko inanılmaz kadrlar çəkib, lakin bütün bunlar investisiya tələb edir. Filmimizin xərcinin kirəsini ödədiyini deyə bilmərəm. Prokatda biz qazanc əldə etmədik, amma bu təkcə bizim filmimizin problemi deyil, bütün Rusiya filmlərinin 99% -nin fəlakətidir. İndi tamaşaçılar kinoya o qədər də çox getmir ki, rus filmləri öz xərcini ödəyə bilsin. Sadəcə tək-tək hallar var ki, böyük pullar toplanır.

- Rusiyalı rejissorlar sizə dəstək verir?

- Festivallarda yolumuz kəsişir. Moskvada baş tutan son "Yaşamaq istəyirik" festivalında mənim "Döyüş" filmim Qran-Priyə layiq görüldü. Bu, məni çox sevindirdi, çünki müsabiqəyə təqdim edilən əsərlər arasında 30-cu Kinotavr" Açıq Rus Film Festivalında ən yaxşı film adını qazanan "Öküz" filmi də var idi. Heç bir halda özümü tərifləmək istəmirəm. Tez-tez rejissorlarla kəsişirik, bir-birimizi qiymətləndiririk, ünsiyyət qururuq.

- Seriallar çəkmək istəmirsiniz ki?

- Çox istəyirəm, amma təklf olmayıb. Mən hələlik çoxseriyalı film üçün senari yazmamışam. Məni ən çox tammetrajlı filmlərin senarini yazmaq cəlb edir. Özümü serialda da sınamağı çox istərdim. Bu, mənim atmaq istədiyim daha bir addımdır. Çünki kino biznesinə adlamaq və onu daxildən başa düşmək istəyirəm. Bu vaxta qədər məsafə saxlamağa cəhd etmişəm. Həmkarlarımın təcrübəsindən bilirəm. Bu, elə bir asılılıqdır ki, sonra aşınma baş verir.

За фильм битва режиссер Анар Аббасов получил Гран-при на  Московском кинофестивале Будем жить
Rejissor Anar Abbasov

- Hazırda hansı film üzərində işləyirsiniz?

- Hazırda biz kino fonduna uşaq layihəsi təqdim etmək niyyətindəyik. Mənim fikrimcə, bu, xəzinə axtaran və sonra da valideynləri tərəfindən özləri axtarışa məruz qalan yeniyetmələrlə bağlı çox maraqlı hekayədir. Allah eləsin, layihəmizi təsdiqləsinlər.

649