Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, arxiv şəkli

Burada uşaqları "yoğururlar": "Hər şeyi sıfırdan başlamağı xoşlayıram"

905
(Yenilənib 17:57 17.10.2019)
Kukla oynatmaq aysberqin ucudur. Aysberqin altı isə onun nəfəsi, plastikası, rəqs və təməldir. Əgər təməl hazırdırsa, aysberqin üzərini hazırlamaq çətin deyil

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında növbəti ustad dərsləri başlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə teatrın truppasına daxil edilən gənc aktyorlara kukla oynatma sənəti, fərqli texnikalarla hazırlanmış kukla nümunələrini obraza çevirmənin incəlikləri öyrədiləcək. Bundan başqa, aktyorlara səs, ifadə, hərəkət üzrə təlimlər də keçiləcək.

Sistemli şəkildə davam edən dərsləri tanınmış teatr rejissoru və aktyoru, uzun illər (1987-1993) Dövlət Kukla Teatrının baş rejissoru olmuş Namiq Ağayev aparır.

Teatr rejissoru, aktyor Namiq Ağayev
© Sputnik / Kamal Almuradlı
Teatr rejissoru, aktyor Namiq Ağayev

Bu dərslərin təşkilində məqsəd incəsənət profilli ali və orta ixtisas təhsilli məktəblərimizdə kukla teatrı aktyorluğu, kuklaçılıq və ümumilikdə kukla sənətinin oyun və texniki tərəflərinin öyrədilməməsi baxımından yarana biləcək çatışmazlıqları aradan qaldırmaqdır. Dərslər müddətində rejissorun aktyorlarla oyun-tamaşa, praktiki materiallarla işləmə vərdişləri də təkmilləşdiriləcək.

Namiq Ağayev çoxillik sənət təcrübəsini bölüşməklə yanaşı, aktyorlara kukla aktyoru və rejissoru kimi özünü ifadə sərbəstliyi, həmçinin obraza çevirdiyi kuklasının mexanizm olaraq mənimsəmək vərdişləri də aşılayır. Namiq Ağayevlə söhbətə başlayarkən bildirdi ki, ilk olaraq teatrın direktoru Rəşad Əhmədzadə tərəfindən təklif alıb və məmuniyyətlə qəbul edib: "Mən də kuklaçı olduğuma görə bu təklifi qəbul etdim. Burada hamımız həmkarıq.

Mən nəzəri danışmağı sevmirəm. Onun üçün hər şeyi praktika ətrafında tətbiq etməyə daha çox üstünlük verirəm. Bu gün ikinci dərsimizdir. Mən bu gənclərin potensialını dəyərləndirir, ilkin aparatı qururam. Gənclər çox həvəslidirlər. Rejissorun vəzifəsi aktyorun beynində lazımi hüceyrəni oyatmaqdır.

Əgər o hüceyrə oyaqdırsa, bu, əladır, yatıbsa, onu aktivləşdirməyə çalışıram. Gənclərlə işlədikdə görürəm ki, onlar canlı enerji ötürürlər".

Namiq Ağayevin ustad dərsləri
© Sputnik / Kamal Almuradlı
Namiq Ağayevin ustad dərsləri

Namiq Ağayev qeyd edir ki, alışdığımız kukla min janrdan biridir. Heyf ki, o janr özü haqqında yanlış məlumat yaradıb: "Kukla oynatmaq aysberqin ucudur. Aysberqin altı isə onun nəfəsi, plastikası, rəqs və təməldir. Əgər təməl hazırdırsa, aysberqin üzərini hazırlamaq çətin deyil. Bu gün əşyanı hiss etmək növünü öyrənirik. Əsas odur ki, əşyanı hiss edə bilsinlər. Gərək rejissor əlinin altındakılardan istifadə edə bilsin. Mən hazır məhsulla işləməyə çətinlik çəkirəm, bunun üçün hər şeyi sıfırdan başlamağı xoşlayıram".

Rejissor treninqin nəticəsinin bir tamaşaya çevriləcəyini söylədi: "Hələ ki, ilkin mərhələdir. Gənclər öyrənməyə meyllidirlər. Öyrətmək isə peşəmizdir. Kukla oynatmaq kuklanın yaranışından başlayır. Onlar bu treninqdə iştirak etməklə kamilləşəcəklər. 2-3 aya rahat şəkildə özümüzə məxsus bir tamaşa hazırlayacağıq. Hələ hansı tamaşa olacağı müəyyən deyil. Hər hansı bir janrdan azad, özünəməxsus bir tamaşa hazırlamaq istəyirik. Mənim öz metodum var. Bir tamaşa hazırlayanda ilk növbədə aktyorlara, atmosferə və tələbata baxılır. Kukla az danışmalıdır. Ona görə deyirlər ki, kukla teatrının özəl və spesifik xüsusiyyəti var. Kukla teatrında rejissor, senarist, aktyor olmur. Burada hər kəs kuklaçıdır".

Namiq Ağayevin ustad dərsləri
© Sputnik / Kamal Almuradlı
Namiq Ağayevin ustad dərsləri

Teatrın baş rejissoru, əməkdar artist Qurban Məsimov isə bizimlə söhbətində bildirdi ki, bu treninqdə əsas qazanan tərəf kuklaya həvəsi olan və bu sənətin dərinliklərinə yiyələnməyə israrlı olan gənclərdir: "Kuklaçı dünyası tamamilə fərqlidir. Biri var, dram teatrının dünyası, biri də var, kuklaçının aləmi. Aktyor klassik düşüncə tərzinə sahib olduqda kukla teatrında daha rahat işləyə bilir. Aktyorun özünün plastikası nə qədər zəngindirsə, onu kuklaya ötürməyə çalışır. Bunları bacarmayan aktyorun özünü tapması çox çətindir.

O ki qaldı teatrımızda keçirilən ustad dərslərinə, yeni mövsümdən teatra yeni aktyor və aktrisalar cəlb olunublar. Təbii ki, onlar kukla teatrının tamaşa hazırlamasında bu prosesi bilmədikləri üçün belə treninqlər keçirmək qərarına gəldik. Namiq Ağayev kukla teatrında öz sözünü demiş sənətkarlardandır. Onun düşüncə tərzi, dünyaya baxış bucağı tamamilə fərqlidir. O bir kuklaçı kimi sözünü demiş sənətkardır. Hətta sizə deyim ki, mənim incəsənət estetikam onun hazırladığı tamaşalarla formalaşıb.

Düşündük ki, teatrımıza yeni gələn aktyorlara təməl bazası olaraq onun treninqləri keçirilsin. Gənclər kuklanın idarə edilməsi, kukla dünyası ilə tanış olsunlar. Bilirsiniz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kukla teatrı üçün aktyor yetişdirmir. Aktyorlar da məcbur olurlar ki, teatra düşəndən sonra hər şeyi öz təcrübələrində öyrənsinlər".

Teatrın baş rejissoruna "Bəs nə üçün teatrın öz rejissorları bu missiyanı üzərlərinə götürmədilər?"sualını ünvanladıqda isə dedi ki, Namiq Ağayevin bu sahədə yetəri qədər təcrübəsi və istedadı var. Rejissor teatrda hər hansı tamaşanı işlədikdə orada oynayan aktyorlar yenidən "yoğrulurlar": "Aktyor rezin kimi olmalıdır və hər bir rolu canlandırmağı bacarmalıdır. Rejissorlar da bu gün hazır materialla işləmək istəyirlər. Onsuz da rejissor hər zaman aktyoru öyrədir. Ancaq öyrətməyə zamanı o qədər də yoxdur. Bu, bütün teatrlarda belədir. Kastinq elan olunanda o aktyorlara üstünlük verilir ki, onlar qılınc oynatmağı, rəqs etməyi bilsinlər, vokal imkanlara malik olsunlar. Əgər bu qabiliyyətlər yoxdursa, həmin aktyor kastinqdən keçmir".

  • Namiq Ağayevin ustad dərsləri
    Namiq Ağayevin ustad dərsləri
    © Sputnik / Kamal Almuradlı
  • Namiq Ağayevin ustad dərsləri
    Namiq Ağayevin ustad dərsləri
    © Sputnik / Kamal Almuradlı
  • Namiq Ağayevin ustad dərsləri
    Namiq Ağayevin ustad dərsləri
    © Sputnik / Kamal Almuradlı
1 / 3
© Sputnik / Kamal Almuradlı
Namiq Ağayevin ustad dərsləri

Az əvvəl treninqdə nəinki teatra yeni gələn aktyorları, eyni zamanda tanınmış kinoşünasları və müəyyən müddət teatrda müxtəlif səpkili obrazlar yaradan gəncləri də gördüyümüzü bildirdik. Rejissor isə bəzən treninqdə teatrın istedadlı aktyorlarının da iştirak etməsində heç bir qəbahət görmədiyini əlavə etdi: "Onlar yeni nələrisə öyrənmək, Namiq Ağayevin biliklərindən yararlanmaq istəyirlər. Mən özüm də bəzən bu treninqləri dinləyirəm. Mən daha çox əşyalarla işləməyi xoşlayıram. Ancaq Namiq Ağayev parça və qəzetlərlə çalışır. Məsələn, o, cansız parçanı səhnədə necə gözəl canlandırmağı ən xırda detalına qədər izah edir.

O, sıfırdan başlayıb, uşaqları "yoğurub" bir tamaşa hazırlamaq istəyir. Niyə də olmasın ki? Düzdür, bunu bir laboratoriya şəklində davam etdirmək niyyətindəyik. Düşünürəm ki, bu ustad dərsləri vasitəsilə gənclər kukla dünyası ilə daha yaxından tanış olacaqlar. Bu sahəyə yiyələnəcəklər və bizim işimiz daha rahat olacaq. Teatrda aktyorları bir orduya bənzətsək, Namiq Ağayev həmin ordunun qoşununun təlimi ilə məşğuldur. Bir də bizə səhnədə, yəni döyüşdə çox lazım olacaq".

Qeyd edək ki, teatrın təşkil etdiyi bu dərslərdə digər kukla teatrı aktyorları, həmçinin bu sahəyə maraq göstərən şəxslərin iştirakı sərbəstdir.

905
Teqlər:
ustad dərsi, master klass, Azərbaycan Dövlət Kukla Teatrı, teatr
Əlaqədar
"Nəm-nəm"dən baş rejissorluğa gedən yolun yolçusu: "Aktyorlar canavara çevrilib"
Gözü özgə "qazan"da qalan rejissor: "Afaq Bəşirqızını dəyişəcəm"
"Filmlərdə teatrdan qazandığımızı xərcləyirik" - Məmməd Səfa
M.A.P. gəlir – Görmədiyiniz məşhurları orada görəcəksiniz
"Boynubükük qalmışıq" - Tbilisidəki Azərbaycan teatrında ürək dağlayan mənzərə
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Kərimov: "Bu, islam dünyası üçün bir təhqirdir"

27
(Yenilənib 18:59 28.10.2020)
Anar Kərimov hesab edir ki, Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi beynəlxalq təşkilatlar tərəfindən lazımınca pislənəcək.

BAKI, 28 oktyabr — Sputnik. İşğal edilmiş ərazilərimizdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi haqqında faktlar var.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, Zəngilandakı məscid tövlə kimi istifadə edilib:

"Zəngilandakı məscidlə bağlı ürəkağrıdıcı mənzərəni görmüsünüz. O, tövlə kimi istifadə edilib. Bu, beynəlxalq normaların pozulması ilə yanaşı, müsəlman, islam dünyası üçün bir təhqirdir. Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və onlara dəyər veriləcək. Biz ümid edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı tarixi abidələri nişan alıb məhv etməsini dayandırmağa çağıracaq".

27
Sənədin imzalanması

Mədəniyyət Nazirliyində islahatlar davam edir

20
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb. Əmrə əsasən yeni kadr təyinatları həyata keçirilib

BAKI, 28 oktyabr — Sputnik. Akif Marifli Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov isə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Anar Kərimovun müvafiq əmrlərinə əsasən Nazirliyin regional mədəniyyət idarələrində də yeni kadr təyinatları həyata keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov tutduqları vəzifələrdən azad ediliblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Rəşad Əliyev təyin edilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi isə Nazirliyin Regional siyasət şöbəsinin əməkdaşı Əlisultan Sadıxova həvalə edilib.

20
Erməni əsgərlərinin dəbilqələri

Ermənistanın Qarabağda zərərsizləşdirilən hərbçilərinin sayı 1100-ü keçdi

0
(Yenilənib 12:22 29.10.2020)
Bununla da Ermənistan tərəfindən rəsmi olaraq ölən hərbçilərin sayı 1119-a çatıb. Ermənistan tərəfi döyüşlər zamanı yaralanan hərbçilərin sayını açıqlamır.

BAKI, 29 oktyabr — Sputnik. Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi əks-hücum əməliyyatı zamanı itkilərini az da olsa etiraf etməyə davam edir. Sputnik Ermənistan xəbər verir ki, ermənilər daha 51 hərbçisinin Azərbaycan tərəfindən zərərsizləşdirildiyini bildiriblər.

Bununla da Ermənistan tərəfindən rəsmi olaraq ölən hərbçilərin sayı 1119-a çatıb. Ermənistan tərəfi döyüşlər zamanı yaralanan hərbçilərin sayını açıqlamır.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.

Oktyabrın 25-də Zəngilan rayonunda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayıl rayonunda Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunda Əfəndilər, Yusifbəyli, Çay Tumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri işğaldan azad edilib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb
Rəqibimizin "taktikası": döyüş meydanında silah-sursatı, texnikanı atıb qaçdı - VİDEO
Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü təxirə salındı
Füzuli, Xocavənd və Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub