Tbilisidəki Azərbaycan teatrı

"Boynubükük qalmışıq" - Tbilisidəki Azərbaycan teatrında ürək dağlayan mənzərə

3478
(Yenilənib 22:40 12.10.2019)
Əlimizdən gələni edirik ki, Gürcüstanda yeganə Azərbaycan teatrını ayaqda saxlayaq. Verilən cuzi maaşa baxmayaraq, burada çalışan insanlar mədəniyyətimizi yaşatmaq üçün gəlirlər.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. 1873-cü ildə həvəskar teatr kimi fəaliyyətə başlayan Tbilisidəki Azərbaycan teatrına baş çəkdik. Qapıda bizi teatrın qarovulçusu Süphi dayı qarşıladı. Teatrın bədii rəhbəri Turqay Vəlizadəni soruşduq. Qapını göstərib "məşq gedir" dedi. Mane olmamaq üçün Süphi dayı ilə söhbət edib gözləmək qərarına gəldik. Biləndə ki, jurnalistik, bikefləşdi. Bir az fikirləşəndən sonra dedi: "Bu binaya o qədər həmkarlarınız gəlib reportaj hazırlayıb ki. Amma nə faydası?! Köhnə hamam, köhnə tas. 2003-cü ildən dövlət statusu alsa da, bina qəzalı vəziyyətdədir. Maaşlar isə gülməlidir, cəmi 120 lari alıram. Yaxşı ki, yaxınlıqda Heydər Əliyev adına bağ var. Bağban kimi 400 lari verirlər. Yaradıcı heyət isə əsl fədakarlardır. Ağır vəziyyətə baxmayaraq, yenə də teatrdan əl çəkmirlər"...

Elə bu vaxt qapı açıldı və Turqay bəy bu sətirlərin müəllifini içəri dəvət etdi. Sənət məbədindən çox atılmış binaya bənzəyən Heydər Əliyev adına teatrın nimdaş, uçqun kiçik zalında müsahibəyə başladıq.

 Tbilisidəki Azərbaycan teatrı
© Sputnik / Kamal Almuradlı
Tbilisidəki Azərbaycan teatrı

- Turqay bəy, ümid edirik, məşqinizə mane olmadıq.

- Anton Çexovun "Ayı" əsəri əsasında hazırlanmış tamaşanın məşqlərini edirik. 11-15 oktyabrda Aktau şəhərində keçirləcək beynəlxalq festivala dəvət almışıq. Ümumilikdə isə bu il "Ər və arvad" tamaşasını hazırlamışıq. Laşa Buğadzenin "O stul və bax bu çarpayı" tamaşasını təhvil verdik.

 Turqay Vəlizadən
© Sputnik / Kamal Almuradlı
Turqay Vəlizadən

- Bura Azərbaycandan rəsmi nümayəndələr gəlirmi, sizə kömək edən olurmu?

- Bizim maaşımız və büdcəmiz Gürcüstan dövləti tərəfindən ayrılır. Mən bu il yanvar ayından təyin olunmuşam. Bu müddət ərzində səfirliklə bir görüşümüz olub. Mövzumuz Cəlil Məmmədquluzadənin yubileyi ilə əlaqədar tədbirin hazırlanması idi.

Bu an söhbətə teatrın truppa rəhbəri Leyla Qasımova qoşulur:

- Azərbaycan tərəfindən deputatlar, nazirliyin əməkdaşları, hətta burada fəaliyyət göstərən SOCAR-ın nümayəndələri gəlib. Amma nəticə olmayıb. Yenə də ümidimizi itirmirik, inanırıq ki, nə vaxtsa bizə də diqqət göstəriləcək.

Leyla Qasımova
© Sputnik / Kamal Almuradlı
Leyla Qasımova

- Ən çox nəyə ehtiyac duyursuz?

- Binanın təmirsiz və bərbad olması bir tərəfə, bina özü qəzalı vəziyyətdədir. Hər an başımıza uça bilər. Əlimizdən gələni edirik ki, Gürcüstanda yeganə Azərabycan teatrını ayaqda saxlayaq. Verilən cuzi maaşa baxmayaraq, burada çalışan insanlar mədəniyyətimizi yaşatmaq üçün gəlirlər. Bildiyiniz kimi, Tbilisidə Rus Dram Teatrı, erməni teatrı da var. Onların binası görkəmli, maaşı bizdən qat-qat artıqdır. Bu barədə biz boynubükük qalmışıq. Festivallara gedəndə də bizi gürcü tərəfi maliyyələşdirir. Ara-sıra Azərbaycandan da köməklik edən olub. Amma bu, sistemli və davamlı şəkildə olmayıb. Teatrın binasında tamaşa oynaya bilmirik. İnsanlar bizim ünvanı tanımırlar. Səbəb isə tamaşaları başqa teatrların səhnəsində oynamağımızdır.

 Tbilisidəki Azərbaycan teatrı
© Sputnik / Kamal Almuradlı
Tbilisidəki Azərbaycan teatrı

- Repertuarınız necə tərtib olunur? Aylıq tamaşalar oynanılırmı?

- Binanın problemi olduğu üçün hər həftə tamaşa oynamaqdan məhrumuq. Digər teatrlarda tamaşa oynayanda kirayə pulu ödəyirik. Gürcüstan Mədəniyyət Nazirliyinin hər dəfə bizim tamaşaları maliyyələşdirməsi mümkünsüzdür. Binanın bir dəfə kirayələnməsi azı 5000 lari edir. İl ərzində bir neçə dəfə tamaşa nümayiş etdiririk. Amma təkrar oynamaq üçün büdcəmizdə pul olmalıdır.Tamaşaçılarımızın əksəriyyəti azərbaycanlılardır. Onlarla yanaşı rus və gürcülər də maraq göstərir.

 Tbilisidəki Azərbaycan teatrı
© Sputnik / Kamal Almuradlı
Tbilisidəki Azərbaycan teatrı

- Burada məşq edirsiniz, başqa yerdə oynayırsınız. Bəs təbliğatınızı necə qurursunuz?

- Ancaq sosial şəbəkə vasitəsilə paylaşırıq. Həmçinin səfirliyi və buradakı şirkətləri dəvət edirik.

 Tbilisidəki Azərbaycan teatrı
© Sputnik / Kamal Almuradlı
Tbilisidəki Azərbaycan teatrı

- Azərbaycanlıların daha sıx olduğu ərazilərə qastrol səfəri edirsinizmi?

- Təbii ki, gedirik. İmkan dairəsində Marneulidə, Bolnisidə, Dmanisidə tamaşalar oynayırıq. Avtobusumuz olsa, bu iş daha rahat olar. Teatrımızda 10-15 nəfərlik nəqliyyat vasitəmiz olsaydı, daha yaxşı olardı.

- Eşitdik festivala hazırlaşırsız...

  •  Tbilisidəki Azərbaycan teatrı
    Tbilisidəki Azərbaycan teatrı
    © Sputnik / Kamal Almuradlı
  •  Tbilisidəki Azərbaycan teatrı
    Tbilisidəki Azərbaycan teatrı
    © Sputnik / Kamal Almuradlı
  •  Tbilisidəki Azərbaycan teatrı
    Tbilisidəki Azərbaycan teatrı
    © Sputnik / Kamal Almuradlı
  •  Tbilisidəki Azərbaycan teatrı
    Tbilisidəki Azərbaycan teatrı
    © Sputnik / Kamal Almuradlı
  •  Tbilisidəki Azərbaycan teatrının afişası
    Tbilisidəki Azərbaycan teatrının afişası
    © Sputnik / Kamal Almuradlı
1 / 5
© Sputnik / Kamal Almuradlı
Tbilisidəki Azərbaycan teatrı

- Bu il çox heyf ki, bir neçə festivalda iştirak etmə fürsətini əldən verdik. Amma oktyabrda Qazaxstanda keçiriləcək festivalda iştirak edəcəyik. Həmçinin bu il Türkiyəyə də yollancağıq.

Müsahibəni yekunlaşdırıb binadan fotolar çəkməyə başladıq. Solmuş, divarlarından tamaşaçı hərarəti kəsilmiş zalı, qrim iyindən məhrum olmuş otaqları bir-bir dolaşdıq. İşimizi yekunlaşdırıb teatrın əməkdaşları ilə sağollaşdıq. Bu miskin görkəmli, kif qoxuyan, qaranlıq divarların arasından çıxıb çölündəki rəngarəng "Tbilisoba" festivalına tələsdik. Orada hər şey Azərbaycan teatrından çox daha fərqli və rəngli idi. Bu, qonşu Gürcüstanda Azərbaycan mədəniyyətinə münasibətlə Gürcüstanın öz mədəniyyətinə münasibəti arasındakı dərin uçurumun bariz nümunəsi idi...

3478
Netflix

"Netflix" İstanbulda ofis açır

22
"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib

BAKI, 3 dekabr — Sputnik. Dünya üzrə təxminən 195 milyon üzvü olan "Netflix" platformasının İstanbulda ofisi açılacaq. Bu addım Türkiyədə istehsal olunan uğurlu ekran əsərlərinin dünya tamaşaçısına tanıdılmasında da əhəmiyyətli rol oynayacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı "Netflix" platformasından bildirilib.

Türkiyədəki sərmayələrini artıran şirkətin yeni ofisinin 2021-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy xüsusilə son on beş il ərzində əhəmiyyətli inkişaf yolu keçən ölkəsinin kino və teleserial sektorunun iqtisadi artımla yanaşı, həm də mədəni diplomatiya sahəsinə böyük töhfələr verdiyini bildirib: ""Netflix" kimi qlobal bir şirkətin ölkəmizdə ofis açması qərarını məmnuniyyətlə qarşıladıq. Türkiyə istehsalı olan film və serialların 190 ölkədə izlənə bilməsi bu sektorun daha geniş beynəlxalq cəmiyyətə tanıdılması və film turizminin inkişafına böyük töhfələr verəcəyini düşünürük".

"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib.

22
Teqlər:
ofis, Türkiyә, Netflix şirkəti
İlqar Muradov, arxiv şəkli

İlqar Muradov: "Düşünürəm ki, zahirən Dronqoya oxşarlığım var"

2268
(Yenilənib 18:06 03.12.2020)
"Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Onun həzin, məlahətli səsini dinlədikcə ötən günlərə qayıdırsan. Kiminin uşaqlığı, kiminin gəcliyi, kiminin ilk məhəbbəti düşür yada… Bir sözlə, onu dinlədikcə xatirələr düşür yada.. "Bir ömrün nəğməsi", "Mənim 17 yaşım var", "Mənimlə qal", "İstərsənmi", "Bu dünyanı nağıl bilək", "Peşiman olarsan" mahnıları insanın ruhunu oxşayır. Söhbət alicənablığı, sakit, ciddi, ağır təbiəti, qalmaqallardan uzaq olması ilə seçilən Xalq artisti İlqar Muradovdan gedir. Sənətkar özü və sənəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb:

"Mən əslində, 5 yaşında pianoda çalıb-oxuyurdum. Məndən böyük bacım, qardaşım musiqi məktəbinə gedirdilər. Valideynlərimin dediyinə görə, mən onların ikisindən də istedadlı olmuşam. Sonra mən Naxçıvanda 7 illik Orta İxtisas Musiqi Məktəbinin piano şöbəsini bitirdim. Demək olar ki, ömrüm boyu musiqi ilə məşğul olmuşam. 1981-ci ildə bizim dahi sənətkarımız, mərhum Rafiq Babayev məni Bakıya dəvət etdi. Həmin vaxtdan bu günə qədər də oxuyuram".

"İlqar Muradovun ruhunu ifadə edən mahnı hansıdır?" sualına Xalq artistinin cavabı belə oldu: "Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır. Mənim üçün fərqi yoxdur. Onlar mənim daxili aləmimdən xəbər verir. Onlar mənim övladlarımdır. Necə ki, övladlarımızın arasında fərq qoymuruq. Oxuduğum mahnılarım da mənim övladlarımdır. Onlar mənə yaxın olmasaydılar, mən onları ifa etməzdim".

Dünyanı cənginə alan COVİD-19 pandemiyası həmsöhbətimizin də yaradıcılığına təsirsiz ötüşməyib: "Karantindən qabaq 3 konsert nəzərdə tutulmuşdu. Onun 2-ni edə bildik, 1 konsert qaldı. Həmin konsertin tarixi dəyişilə-dəyişilə dekabrın 20-ə salınıb. Həmin vaxta bitsə, konsert baş tutacaq, ancaq çətin ki, o vaxta bitər. Ümidimiz 2021-ci ilədir".

Pandemiyadan söz düşmüşkən, müğənni insanlarımızı diqqətli olmağa, özlərini qorumağa çağırdı: "İnsanlar son dərcə diqqətli olsunlar. Qarabağ uğrunda döyüşlərdə qələbə qazandıq. Qripə də qalib gələsi olsaq çox yaxşı olar. Bu, özümüzün əlindədir".

"Pandemiya dövrü hər kəsə təsir etdiyi kim mənə də təsir etdi. Xüsusən maddi tərəfdən. Mən də öz doğmalarımı qorumaq üçün məcburiyyətdən evdə qaldım. Əslində mənə mənəvi olaraq elə də böyük təsir etmədi. Həmin dönəmlərdə yaradıcılığımın üzərində işlədir. Həmin dövrü səmərəli keçirdim".

Müsahibimizin fərqli imici, üzünün fakturası rejissor Yavər Rzayevin diqqətiini çəkib. Rejissor İlqar Muradovu quruluş verdiyi "Xeyirlə şərin rəqsi" filminə dəvət edib: "Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. Quruluşçu rejissor Yavər Rzayev məni baş rola - Dronqo obrazına dəvət etdi. Film Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında lentə alınıb. Filmə ona görə çəkildim ki, o obraza simpatiyam var idi. Ümumiyyətlə, Çingiz müəllimin özünə də çox böyük hörmətim var. Yenə bu tipli obraza dəvət etsələr gedəcəyəm, amma başqa filmə yox".

"Əvvəlcə çəkilişə razılıq vermədim, çünki mən aktyor deyildim. Amma əsərlə tanış olduqdan sonra obrazda xarakterimə uyğun nələrisə tapdım. Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var. Çingiz Abdullayev mənim obrazımdan çox razı qalıb. Hətta premyerada da qeyd etdi ki, bu günə qədər çox film olub, lakin onların arasında ən uğurlu alınan və ən çox bəyəndiyi məhz bu filmdir. Bundan başqa, peşəkar kino mütəxəssisləri də film haqqında müsbət rəylər bildirirlər. Ümid edirəm ki, bunun ardı və yaxud başqa obrazlar olacaq".

Xalq artisti ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edib: "Bir neçə layihələrdə də iştirak etmişəm. Misal kimi Norveç xoru ilə olan layihəni göstərə bilərəm. 1995-ci ildə mərhum səyyah Tur Heyerdal Azərbaycana gəldi. Onun ideyası ilə layihə yazıldı. Bu proyekt ən yaxşı proyektlər sırasına düşdü. Orda həm bəstəkar, həm də xalq mahnılarından istifadə etdik. Mərhum bəstəkar-pianoçu Rafiq müəllimin davamçısı olaraq dostum Siyavuş Kərimi ilə əl-ələ verib başqa-başqa ölkələrdə Azərbaycan musiqisini təbliğ etmişik. Qismət olarsa, yenə də edəcəyik".

2268
Tədqiqat, arxiv şəkli

Yapon alimlər indiyədək heç kəsin görə bilmədiyini gördülər

0
(Yenilənib 01:52 04.12.2020)
Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

BAKI, 4 noyabr - Sputnik. Yapon alimlər əvvəllər müşahidə edilə bilməyən zərrəciklərin vizualizasiya metodunu aşkarlayıblar. Müəlliflərin fikrincə, bu, günəş batareyaları və işıq diodlardan tutmuş smartfon və lazerlərədək gələcək yüksək texnologiyalı qurğuların hazırlanmasında gərəkli olan ikiölçülü yarımkeçiricilərin öyrənilməsində inqilaba bərabər kəşfdir.

Sputnik Azərbaycan bildirir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Eksitonlar - bir çox müasir texnologiyanın əsas tərkibi olan yarımkeçiricilərdə maddənin həyəcan vəziyyətini əks etdirən kvazi hissəciklərdir. İşıq elektronlara təsir edib onları daha yüksək enerji halına qaldıran zaman eksitonlar yaranır, bu zaman elektronların əvvəl olduğu enerji səviyyəsində isə dəlik əmələ gəlir.

"Dəlik - elektronun olmaması deməkdir, ona görə də onlar elektronun əksi olan yükü daşıyırlar. Əks yüklər bir-birini cəzb edir, həm elektronlar, həm də dəliklər birləşərək eksitonları əmələ gətirir, bunlar isə öz növbəsində material daxilində hərəkət edir", - Okinava Elm və Texnologiya İnstitutunun professoru, femtosaniyə spektroskopiya bölməsinin rəhbəri Keşav Dani yazır.

İri yarımkeçiricilərdə eksitonlar əmələ gəldikdən sonra saniyənin milyardda bir kəsikləri ərzində sönür. Üstəlik, onlar "kövrək" də ola bilir, bu isə həm öyrənilməsini, həm də idarəolunmasını çətinləşdirir. Ancaq təxminən on il əvvəl alimlər ikiölçülü yarımkeçiriciləri kəşf etdilər ki, bunlarda eksitonlar daha dayanıqlıdır.

"Stabil eksitonlar bu materiallara, doğrudan da unikal xüsusiyyət bəxş edir, buna görə də eksiton əsaslı yeni optik-elektron qurğuların yaradılması üçün xeyli araşdırma aparılıb, - digər müəllif, femtosaniyə spektroskopiya bölməsinin əməkdaşı doktor Jülyen Madeo qeyd edir. - Ancaq hazırda eksitonların ölçülməsi üçün standart eksperimental texnika məhduddur".

Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

Qara eksitonlarda elektronların impulsu parlaq eksitonlardakı elektronların impulsundan və əlaqədə olduqları dəliklərin hərəkət anından fərqlənir, bu isə onlara işığı udmağa imkan vermir.

"Bilirdik ki, onlar var, amma birbaşa görə, tədqiq edə bilmədiyimizdən materialın optik-elektron xüsusiyyətlərinə nə dərəcədə təsir etdiyini bilmirdik", - Madeo bildirib. 

Qara eksitonları vizuallaşdırmaq üçün alimlər əvvəllər əlaqəsiz elektronları öyrənmək üçün istifadə etdikləri güclü texnikanı modifikasiya ediblər.

"Tərkibi zərrəciklər olan eksitonlarda bu metodların necə işə yarayacağı aydın deyildi. Bu yanaşmanın əsaslı olub-olmadığı barədə elmi cəmiyyət böyük nəzəriyyə müzakirəsi açdı", - professor Dani qeyd edib.

Müəlliflər təxmin ediblər ki, yüksək enerjiyə malik fotonlu işıq seli ilə yarımkeçirici materialdakı eksitonlara təzyiq olunsa, fotonların enerjisi eksitonları dağıdaraq elektronları materialdan çıxara bilər. Bununla da elektronların materialdam çıxdığı istiqaməti ölçərək elektronların eksitonların tərkibi olduğu zaman malik olduğu ilkin impulsu təyin etmək mümkün olardı. Beləliklə, alimlər nəinki eksitonları görə, eləcə də qara və parlaq eksitonları bir-birindən ayıra biləcəklər.

"Bütün texniki problemləri həll edb, qurğunu qoşarkən bizim ekranda eksitonlar peyda olanda - bu, doğrudan da möhtəşəm idi", - tədqiqatda iştirak etmiş doktor Mişel Man deyib.

Alimləri bir xüsusiyyət də təəccübləndirib: onlar şahid olublar ki, materialda qara eksitonlar parlaq eksitonlardan çoxdur, üstəlik, müəyyən şərtlər daxilində, həyəcanlanmış elektronlar materialda səpələnib impulslarını dəyişən zaman eksitonlar dəyişə bilir (parlaqdan qaraya).

0
Teqlər:
elektron zərrəcik, yarımkeçirici, material, optik, elmi tədqiqat, tədqiqat, alimlər, Yaponiya