Xalq artisti Fidan Hacıyeva

Fidan Hacıyeva: "Televiziya radioda xalqın zövqünü korlamaq olmaz"

695
(Yenilənib 19:33 04.10.2019)
Xalq artisti: “Arzum bu məktəbdə təhsil alan hər bir şəxsin Azərbaycanı layiqincə təmsil etməsinə nail olmaqdır”

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Onu Azərbaycan səhnəsinin “Karmen”i də adlandırırlar. Çünki milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan sonra bu ifanın öhdəsindən gələn ikinci şəxsdir.

Akademik Opera və Balet Teatrının ən gənc solisti, özünün dediyi kimi oxumaqdan doymayan, Respublikanın Xalq artisti Fidan Hacıyeva bir müddət öncə Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin olundu. Səsi, görünüşü və səmimiliyi bir-birini tamamlayan Fidan xanım müsahibə üçün təklifimizi məmnuniyyətlə qəbul etdi. Amma işinin çoxluğu səbəbindən müsahibə vaxtı təyinatından bir qədər sonraya təsadüf etdi.

Xalq artisti Fidan Hacıyeva
© Sputnik / Murad Orujov
Xalq artisti Fidan Hacıyeva

ARAYIŞ: Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"nin qalibi olub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Xalq artisti adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb.

- Fidan xanım, yeni işiniz uğurlu olsun! Təyinatınız barədə məlumat verərdiniz.

- Təşəkkür edirəm. Təbii ki, Əhməd Bakıxanov adına uşaq musiqi məktəbinə direktor təyin olunmağım mənə göstərilən böyük etimaddır. Mənim ən böyük istəyim ölkəmiz üçün dəyərli musiqiçilər yetişdirməkdir. Bir az əvvələ qayıtmaq istərdim. Bu işdə özümü təcrübəli hesab edirəm. 2016-cı ildə Fidan Hacıyeva vokal musiqi mərkəzi olaraq fəaliyyətimiz olub. İlk musiqiçiyəm ki, özəl məktəbimi açmışam. Bu mənim həyata keçən ən böyük arzum idi. İtaliyada ustad dərsləri alarkən müəllimim Bruna Baqlioninin öz adını daşıyan balaca bir studiyası var idi. Mən də fikirləşdim ki, öz adımı daşıyan bir mərkəz açacağam və davamçılarımı yetişdirəcəyəm. Həmin mərkəzin yaranma ideyası da buradan qaynaqlanırdı. Bütün ömrümü öyrənməyə, oxumağa həsr etmişəm. Sənətimi çox sevirəm. Aspirantura pilləsinə qədər qalxmışam. 19 yaşımda Opera və Balet teatrının ən gənc solisti oldum. Kidjiano Akademiyasında təhsil almışam, Moskvada böyük sənətkar İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri keçmişəm. İndiyə qədər də öyrənməkdən usanmıram. Məqsədim biliklərimi tələbələrə ötürməkdir. Bunu mən missiya kimi qəbul edirəm. Bu il 5 tələbəm konservatoriyaya qəbul oldu. Bəlkə də onların valideynlərindən çox mən sevinirəm. Sözügedən təyinata görə təşəkkürümü bildirirəm. Arzum bu məktəbdə təhsil alan hər bir şəxsin Azərbaycanı layiqincə təmsil etməsinə nail olmaqdır.

Xalq artisti Fidan Hacıyeva
© Sputnik / Murad Orujov
Xalq artisti Fidan Hacıyeva

- Uşaq musiqi məktəbi olduğu üçün bu işin görünməyən qəliz tərəfləri var. Sizcə, bu işin öhdəsindən gəlmək nə dərəcədə çətindir?

- Çalışıram ki, gələcəkdə hər ay konsertimiz olsun. Böyük səhnəyə çıxmaq üçün bu çox vacibdir. İlk gələn gün bildirmişəm ki, noyabr ayında konsertimiz olacaq. Hamımız birlikdə bu işi bacaracağıq. Hər bir müəllim üçün tələbə yetişdirmək şərəfdir.

- Opera və Balet Teatrındakı fəaliyyətiniz haqda məlumat verərdiniz.

- Teatrda yeni tamaşaya hazırlaşırıq. Oktyabrın 23-ü Cüzeppe Verdinin "Trubadur" operasında yaşlı ana obrazını yaradacağam. İtaliyan bəstəkarı Maskaninin "Kənd namusu" operası üzərində işləyirəm. Bu mənim üçün yeni olsa da, çox maraqlıdır. İsveçrədə noyabr ayında solo konsertim planlaşdırılır.

- Siz teatrla yanaşı, həm də Daxili Qoşunların solistisiniz.

- Bizim əsgərlər qarşısında çox gözəl konsertlərimiz olur. Mənim vətənpərvərlik mövzusunda çoxlu əsərlərim var. Təbii ki, səsimdəki çalarlar imkan verir ki, bu tip mahnıları ifa edim. Eldar Həsənov, Lalə Cəfərova, İlqar Novruzov yeni əsərlər yazıblar. Səsimə uyğun olduğu üçün mən də ifa edəcəyəm.

- Fidan xanım son dövrlərdə səslərinə uyğun olmayan mahnılar oxuyan ifaçılar həddən artıq çoxdur. Çox heyf ki, onları televiziyalarda da təbliğ edirlər. Bir sözlə efirlərdən düşmürlər. Bu problemlə bağlı Xalq artisti kimi, pedaqoq kimi etirazınızı bildirirsinizmi?

- Bilirsiniz ki, televiziyalarımızda bədii şuralar yaradılıb. Bizim Azərbaycan televiziyasında yaradılan bədii şurada böyük sənətkarlarımızla yanaşı, mən də varam. Bu iş başlanıb. Ancaq özəl kanallarda işçilərin maddi məsələlərini həll etmək üçün kommersiya müğənnilərindən istifadə olunur.

Xalq artisti Fidan Hacıyeva
© Sputnik / Murad Orujov
Xalq artisti Fidan Hacıyeva

- İcazə verin, bu məqamda sizə bir sual verim. Sizcə kanalların qazancı önəmlidir, ya Azərbaycan musiqisini bu səviyyəyə salmaq?

- Xarici ölkələrə tez-tez gedirəm. İngiltərədə bir çox kanallar var. Bir kanal klassik musiqini, digəri xəbərləri, bir başqa biri tarixi nümayiş etdirir. Sırf şounu təbliğ edən ayrıca kanal da var. Tamaşaçıya seçim imkanı verirlər. Hesab edirəm ki, bizdə də bu tətbiq olunmalıdır. Məsələ ondadır ki, bizim kanallar çox qarışıqdır. Hər şey var. Bu tamaşaçıya da çətinlik yaradır. Yada ki, o bayağı adlandırdığımız müğənni təhsil alsın. Düzdür, bu, onlar üçün bir az çətin olar (gülür).

- Onların içində yaşları 50-60-ı keçmiş şəxslər də var. Gec deyil?

- Pavarottinin 60 yaşı olanda sual veriblər ki, sonuncu dəfə müəllim yanında nə vaxt olmusunuz? O isə cavabında “dünən” deyib. Öyrənmək heç zaman gec deyil. Ona görə də, zövqlərin formalaşması üçün məktəblər xüsusi əhəmiyyət kəsb edir. Ailədə də düzgün istiqamət verilməlidir.

- Mən sizi ilk dəfə 10 il əvvəl görmüşəm. Heç dəyişməmisiniz. Formada qalmağın sirri nədədir?

- Musiqi məni yaşadır. Sevimli sənətlə məşğul olanda, insan öz yerində olanda cavan qalır. Mən xoşbəxtəm ki, klassik musiqi ilə məşğulam.

- Fidan xanım, siz və sizin kimi peşəkar musiqiçilərin əksəriyyəti nədənsə sosial şəbəkədə öz tanıtımlarını aparmırlar. Kənarda dayanmaqla meydanı lazımsız müğənnilərə təhvil vermiş olmursunuz?

- Çox yaxşı vurğuladınız. Əksər həmkarlarım bu məsələdə passivliklərini məclislərə getməməklə əsaslandırırlar. “Bizə dövlət işi bəs edir” deyirlər. Bu bizim səhvimizdir. "Instagram"da fəal olsam da, digər sosial şəbəkələrdə çox passivəm. Biz sənətkarların təbliğatı ilə məşğul olan mərkəzə ehtiyac var. Çünki işimizlə yanaşı, həm də ailəmizə vaxt sərf edirik. Bütün bu işləri görməyə zaman yetmir.

 

Xalq artisti Fidan Hacıyeva
© Sputnik / Murad Orujov
Xalq artisti Fidan Hacıyeva

- Üç övladınız var. Davamçı varmı?

- Bir qızım və iki oğlum var. Böyük oğlum idmanla məşğuldur. Qızımın riyaziyyata böyük marağı var. Balaca oğlum isə musiqiyə həvəslidir. Evin sonbeşiyinin üzərinə məsuliyyət düşüb. Mənim rəhmətlik atam başqa peşə sahibi olsa da, tarda gözəl ifa edirdi. Muğamlarımızı çox yaxşı bilirdi. Anam evdar xanım olub. Buna baxmayaraq, onun gözəl səsi var idi.

- Musiqimizin gələcəyi üçün nə etməliyik?

- İlk növbədə televiziya və radioda düzgün mahnılar səslənməlidir. Xalqın zövqünü korlamaq olmaz.

695
Televizora baxan adam, arxiv şəkli

Tərcüməçilər üçün şad xəbər - Pul olacaq

12
(Yenilənib 13:40 13.08.2020)
Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

BAKI, 13 avqust — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunub.

Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 1 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

12
Dueyn Conson, arxiv şəkli

Bu il ən çox qazanan aktyorlar kimlərdir?

898
(Yenilənib 23:38 12.08.2020)
"Forbes" jurnalının versiyasına görə, Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib

BAKI, 13 avqust — Sputnik. "Forbes" jurnalının versiyasına görə, Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib. 12 ay ərzində Conson 87.5 milyon dollar qazanıb.

O, təkcə bu il "Netflix"də nümayiş olunacaq "Red Notice" serialından 23.5 milyon dollar əldə edib. Siyahıda ikinci yerdə kanadalı aktyor Rayan Reynolds dayanır. O, 71.5 milyon dollar qazanıb. Üçlüyü amerikalı Mark Uolberq tamamlayır.

"Forbes"un reytinqində daha sonra Ben Afflek (55 milyon dollar), Vin Dizel (54 milyon dollar), Bollivud ulduzu Akşay Kumar (48.5 milyon dollar) və Brodvey müzikllarının yaradıcısı Lin-Manuel Miranda (45.5 milyon dollar) dayanır. Siyahının onluğunu Uill Smit (44.5 milyon dollar), Adam Sendler (41 milyon dollar) və Ceki Çan (40 milyon dollar) tamamlayırlar.

Qeyd edək ki, sözügedən jurnal iki həftədə bir nəşr olunan bir biznes jurnalıdır.

Jurnal 1917-ci ildə Şotlandiyadan ABŞ-a köç edən Berti Çarlz Forbs tərəfindən hazırlanıb. Onun ölümündən sonra oğlu Bryus şirkətin başçısı olub. Jurnalın bugünkü redaktoru isə Vilyam Baldvindir. Dünyanın 70 ölkəsinə yayılan jurnal 26 dildə nəşr olunur.

898
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
“Karib dənizinin quldurları”nda qəribə dəyişiklik olacaq
Azərbaycanlı rejissorun filmi növbəti uğurunu Hollivudda qazandı - VİDEO
Buludlu hava, arxiv şəkli

Rayonlarda yağış, paytaxtda isə külək olacaq

0
(Yenilənib 14:51 13.08.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 13 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

14 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35, dağlarda gecə 11-15, gündüz 16-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0