Zərgər, numizmat Eduard Şamaryayev

Dəyərsiz "Yelizaveta", varlı "Məmmədəmin" - Tarixi ölməyə qoymayan adamla söhbət

659
(Yenilənib 14:50 05.10.2019)
"İçi 37 qram qızılla dolu olan bu ordenin üstü platindən idi. Platini əridə bilmirdi. Ona görə də Leninin rəsmi olan hissəni qopardıb qorxusundan onu ayaqyoluna tullayırdı"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Onları maqnitlə pul axtaranlar, yaxud da öz dilləri ilə elə "manyak" da adlandırmaq olar. Əslində, numizmatların böyük əksəriyyəti zərgər olduğu üçün hər işə də zərgər dəqiqliyi ilə yanaşırlar. Maraqlıdır, əsrlər öncə dövriyyədə olduğu müddətdə dəyərsiz olan pulları bu gün bir ev, bahalı bir avtomobil qədər dəyərli edən nədir?

 Zərgər, numizmat Edvard Şamaryayevin əl işləri
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin əl işləri

Yolumuz əslən yəhudi olan sənətkarın emalatxanasınadır. Zərgər, numizmat Eduard Şamaryayev öz evində, dörd əsrlik tarixin yatdığı emalatxanada Rusiyanın müxtəlif əsrlərə aid pulları ilə Sputnik Azərbaycan-ın oxucularını tanış etdi, numizmatikanın sirlərini açdı. Eyni zamanda da biz qızılın, gümüşün əridilməsi prosesi ilə tanış olduq.

- Eduard bəy, bir qədər özünüz, işiniz haqda məlumat verərdiniz. Nə zamandan numizmatika ilə məşğulsunuz?

- Biz 500 il öncə Qubada məskunlaşan yəhudi nəslindənik. İspaniyadan sürgün olunduğumuz üçün bizi "ispanski yəhudi" adlandırırlar. Burada doğulduğum üçün Azərbaycanı çox sevirəm. O ki qaldı bu işlə məşğul olmağıma, qonşumuz zərgər idi, atam onun işini çox bəyəndiyi üçün dedi ki, sən də zərgər olacaqsan. Elə o vaxtdan həm zərgərliklə məşğul olmağa, həm də müxtəlif pullar yığmağa başladım.

- Neçə yaşından belə pullar toplayırsınız?

- Dörd yaşımda mənə bir qəpik hədiyyə etdilər. O qədər gözəl idi ki, məndə bu işə maraq oyatdı. İndi kolleksiyamda 500-dək kağız, 3 minədək isə qəpik pul var. Zərgər olduğum üçün çox zaman müxtəlif dəyərli metallardan olan medalları, ordenləri, qəpikləri gətirirlər ki, əridib sırğa, üzük hazırlayım. Amma mən onları alıb kolleksiyama əlavə edir, əvəzində isə onlar üçün təzə qızıl, gümüş alaraq istədikləri sifarişi hazırlayıram. Amma etiraf edim ki, onlar arasında hətta zibillikdən tapdığım pullar da olub.

Edvard Şamaryayevin kolleksiyasında 500-dək kağız pul var ki, onların 150-si Azərbaycana aiddir
© Sputnik / Nigar Maharram
Eduard Şamaryayevin kolleksiyasında 500-dək kağız pul var ki, onların 150-si Azərbaycana aiddir

- Kolleksiyanızda hansı ölkənin pulları üstünlük təşkil edir?

- Demək olar ki, kolleksiyamın 99 faizi rus pullarından ibarətdir. Məni daha çox rus pulları  cəlb edir. Çünki Rusiyanın qədimi sikkə və pulları digər ölkələrlə müqayisədə çox dəyərlidir. Başqa ölkələrin kağız və sikkə pullarının qiyməti ilbəil artmasa da, rus pulları hər il dəyər qazanır. Məndə olan Rusiyaya aid 20 qramlıq 1 rublların hamısı gümüşdəndir. Kolleksiyamda Yelizavetanın, III Aleksandrın vaxtına, Birinci və İkinci Dünya müharibələri dövrünə aid pullar da var.

- Bəs bu pulların dəyərini necə ölçürsünüz?

- Burada pulun vəziyyəti, hansı ilə aid olması, azsaylı olub-olmaması və seriya nömrəsinin hansı hərflə başlamasının çox böyük önəmi var. Biz hər şeyə diqqət edirik. Əbəs yerə bizə "manyak" deməyiblər. Hətta qəpiyin kənarlarına vurulan zavodun möhüründə, buraxıldığı yerin adının baş hərfləri arasında məsafələrin aralı, yaxud da sıx olması da onun dəyər ölçüsü hesab edilə bilər. Yəni hərflər arasında məsafənin geniş olması o deməkdir ki, həmin sikkə çıxanadək bu möhürlə daha az buraxılış olub. Belə pullar nadir hesab edilir və bəzən hətta bir evin qiymətinə satılır. Biz sikkə pulların dəyərini ilk olaraq maqnitlə müəyyənləşdiririk. Əgər maqnit pulu özünə çəkirsə, demək ki, həmin sikkə dəyərsizdir. Çox təəssüf ki, rus pullarından fərqli olaraq Azərbaycan pulları maqnitə yapışır. Bu isə onun ucuz xammaldan hazırlandığını göstərir.

- Bir az da bizi kolleksiyanızla tanış edərdiniz. Yelizaveta, Nikolay pullarının vəziyyəti necədir?

- Hazırda kolleksiyamda vəziyyəti yaxşı olan gümüşün dəyəri 300 manatdır. Amma əlimdəki "Yelizaveta" çox yeyildiyi üçün o qədər də qiymətli, dəyərli deyil. Biz adətən eyni sikkənin yaxşı vəziyyətdə olanını tapdıqdan sonra köhnəsini satırıq. Kolleksiyamdakı qəpiklər arasında bizim nadir hesab etdiyimiz illərdən olanlar da var. Bu nadir illərdən biri də 1917-ci il hesab edilir. 1917-ci ilin fevralında Rusiyada inqilab olduğu üçün həmin ilin yalnız ilk ayında sikkələr buraxılıb. Onların sayı isə təxminən 20-30 min olduğu üçün dəyərləri də ilbəil artır. Bundan başqa, 1931 və 1958-ci illər belə nadir illərdən hesab edilir. 1958-ci ildən 1961-ci ilədək sikkələr buraxılmayıb. Buna görə də 1958-ci ildə müəyyən qədər buraxılan sikkələr nadir hesab edilir. Hazırda bu pulların qiyməti bəlkə də 100 min dollardır. O zamanlar bu pulların bir hissəsini istismar üçün Sibirə göndərmişdilər. Xruşşov həmin sikkələrin dizaynını bəyənmədiyi üçün onların yenidən buraxılışına qadağa qoyuldu. Lakin bundan sonra öncədən həmin ildə buraxılan pullar geriyə qaytarılmadı. İndi, bəlkə də, qızıldan olan bu sikkələr Sibirdə hansısa nənənin daxmasında yatır.

 Zərgər, numizmat Edvard Şamaryayevin kolleksiyası
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin kolleksiyası

Kolleksiyamda 1743-cü ilə aid olan qəpik də var. ¼ qəpik isə 1896-cı ilə aiddir. Ümumiyyətlə, Rusiyada 50 ildən artıq yaşı olan hər şey "antikvar" hesab edilir. Və onların ölkədən çıxarılması qanunla qadağandır. Maraqlı bir əhvalatı danışım: 2017-ci ilin yanvarında Rusiyada sərhədi keçmək istəyərkən bir kişini məhz bu qanunu pozduğuna görə tutaraq 3 illik həbs cəzası vermişdilər. Sən demə, həmin şəxs hər zaman ilk qazandığı pulu üzərində gəzdirirmiş.

- Bu sikkələrin arxasındakı qartal işarəsi nəyin rəmzidir?

- Müxtəlif illərə aid olan və arxasında qartal işarəsi olan sikkələrdə imperiyanın get-gedə böyüməsi əksini tapır. İmperiya böyüdükcə yeni istismara verilən sikkələrdə qartalların qanadlarındakı kvadratların, yəni ərazilərin sayı da əksini tapır.

 Zərgər, numizmat Edvard Şamaryayevin əl işləri
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin əl işləri

- Şirvanşahlar dövrünə aid sikkə varmı?

- Şirvanşahlar dövrünə aid olan sikkəni əritmək üçün gətirmişdilər. Həmin sikkə tələbələrimin əlinə keçmişdi, qəfildən gözüm "kasa"nın içinə sataşdı. Orada Şirvanşahlar dövrünə aid olan sikkənin əridildiyini görəndə qaçaraq, elə isti-isti həmin sikkəni "kasa"dan çıxartdım. Təəssüf ki, bəzən insanlar dəyərini bilmədiyi üçün "tarix"imizi əridirlər.

 

Kolleksioner Edvard Şamaryayev eyni zamanda döş nişanları də yığır
© Sputnik / Nigar Maharram
Kolleksioner Eduard Şamaryayev eyni zamanda döş nişanları da yığır

- Kolleksioner kimi eyni zamanda medal və ordenlər də yığırsınız...

- Böyük Vətən Müharibəsində göstərdikləri şücaətə görə təltiflər olurdu. Hazırda məndə Berlinin, Varşavanın, Praqanın tutulması, Yaponiya üzərində qələbə və Moskvanın qorunmasına görə verilən müxtəlif belə medallar var. Xidməti nailiyyətlərə görə verilən bu medalların hamısı gümüşdəndir. Kolleksiyamda 18-ci əsrə aid olan ordenlər də var.

- "Qəhrəman ana" medalı. İlk dəfədir ki, belə bir medala toxunuram. Nə maraqlıdır...

- Gördüyünüz bu medallar 10, 8 və 7, 5 uşaqlı analara verilirdi. Hətta məndə nənəmin də medalı var. O, 7 uşaq anası olduğu üçün medalla təltif olunmuşdu. Bu medal 26 qramlıq gümüşdən ibarətdir. Beş uşağa görə verilən medallar isə tuncdandır.

Qəhrəman ana medalı
© Sputnik / Nigar Iskanderova
"Qəhrəman ana" medalı

- Maraqlıdır, bu medalların arxasında olan nömrələrlə nəyi müəyyənləşdirmək mümkündür?

- Medalların, ordenlərin hamısının arxasında nömrələr var. Xüsusi bir sayt var, bu nömrələrlə onun kimə verildiyini müəyyənləşdirmək olur. Ümumiyyətlə, Rusiyada orden və medalların satışı qadağan olduğu üçün biz lazım olan sayta girməklə onun oğurluq olub-olmadığını müəyyənləşdirə bilirik.

- Axı bütün medalların arxası nömrəli deyil...

- Kiminsə sinəsinin medallarla dolu olması heç də onların hamısının dəyərli olması demək deyil. Arxası nömrəsiz olan medallar qiymətli metallardan hazırlanmır. Başı çıxan adamlar bilirlər ki, bu medallar əslində heç də müharibəyə aid deyil.

- Burada görkəmli şair Nizami Gəncəvinin, maestro Niyazinin rəsminin də əks olunduğu sikkələri görürəm.

- SSRİ dövründə yubiley pullar da buraxılırdı. Sonuncu belə yubiley pulun üzərində Nizami Gəncəvinin rəsmi əksini tapıb. Bu sikkə 1991-ci ildə, Nizami Gəncəvinin 800 illiyi münasibəti ilə buraxılıb. Bundan başqa, belə yubiley pullardan üzərində Niyazinin, radionu icad edən Papovun rəsmi olanlar da kolleksiyamdadır.

 Zərgər, numizmat Edvard Şamaryayevin əl işləri
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin əl işləri

- Başqa hansı nümunələri yığırsınız?

- Kolleksiyamda Moskva və Sankt-Peterburq metrostansiyalarında istifadə olunan jetonlardan da var.

- Yeni pulları nə zaman kolleksiyanıza daxil edirsiniz?

- Yeni parıldayan bir qəpik, yaxud da cağ pul dövriyyəyə buraxılan kimi onu dərhal kolleksiyama qoyuram. Çünki təzə pul zədələnmiş olmur və seriya nömrəsi A ilə başlayır, rəqəmlərin sayı isə çox olmur. Bu isə gələcəkdə həmin pulun dəyərini daha da artırır.

- Yerli pullarla bağlı danışardınız. Məsələn, bizim pullarda onun buraxılış tarixi göstərilmir...

- Bizim qəpiklərin üzərində tarixin olmaması çox böyük problemdir. Başqa ölkələrdə pulun yalnız bir tərəfində onun dəyəri yazılır, digər tərəfində isə gözəl bir dizayn olur. Bizdə isə Fransada buraxılan bu pulların hər iki tərəfində onun dəyəri yazılıb. Bundan başqa, pulumuzun Fransada istehsal olunması da bir başqa problemdir. Çünki pul iqtisadiyyatımız deməkdir, onun başqa əldə olması arzuolunmaz nəticə də yarada bilər. Həm də bu pullar qiymətsizdir. Gümüş, mis və digər qiymətli metallar var ki, onların zamanı ötsə də, sabah ondan nəsə əldə etmək olur.

 Zərgər, numizmat Edvard Şamaryayevin əl işləri
© Sputnik / Nigar Maharram
Zərgər, numizmat Eduard Şamaryayevin əl işləri

- Heç başınıza maraqlı hadisələr gəlib?

- O zamanlar 250 manatla 1 manat oxşar idi. Biz axşam 1 manatın üzərinə 250 yazırdıq və axşam nənələrə verirdik ki, xərcləsinlər. Amma bu, cinayət idi. Başqa bir qəribə, amma arzuolunmaz hadisə isə ilk kolleksiyamı itirməyimlə bağlı idi. İncəsənət muzeyinə gedəndə kolleksiyamı unudub orada qoymuşdum, bu isə bir ay sonra yadıma düşmüşdü. Dostum da mənə bir maraqlı əhvalat danışmışdı. Ağdaşda yaşayırdı, deyirdi ki, o vaxtı necə olubsa, əlinə Leninin rəsmi olan 20-30 orden keçib. İçi 37 qram qızılla dolu olan bu ordenin üstü platindən idi. Platini əridə bilmirdi. Ona görə də Leninin rəsmi olan hissəni qopardıb qorxusundan onu ayaqyoluna tullayırdı.

- Topladığınız nümunələri auksiona çıxarırsınız?

- Xeyr.

- Kolleksiyanızda nə qədər kağız, nə qədər qəpik, sikkə var?

- 500-dək kağız pulum var ki, onların 150-si Azərbaycana aiddir. Qəpiklərimin sayı isə 3 mindən çoxdur. Bu yaxınlarda bir nəfərin evinə getmişdim, o, bir şampan butulkasını sovet dövrünə aid qəpiklərlə doldurmuşdu. O zamanlar hamı bilirdi ki, bir şampan butulkası ilə dolu olan 1 qəpiklər neçə rubl edir. Camaat bu pulları yığıb sonradan banklara verib kağız pul alardı. Ona görə də o vaxtın şampan butulkaları da kolleksionerlər üçün çox dəyərli idi.

- Bir az da zərgər kimi fəaliyyətinizdən danışaq.

- 1996-cı ildən zərgərliklə məşğulam, bu vaxtadək 600-dən artıq zərgər yetişdirmişəm. Əsasən milli texnikaya, xalq naxışlarına üstünlük verirəm.

- Xammal almaq necə, çətin deyil?

- Xammal almaq çətin deyil. Adətən "lom", hazır sınmış əşyalar alırıq. Gümüşün bir qramı 70 qəpiyə, 583 əyarlı qızılın bir qramı isə 47 manatdır. Külçələri isə banklardan alırıq. Hazırda qızılın bir unsiyası 1525 dollar, 1 kilosu isə 65 min manatdır. Qiymətlərimizi də son bazar qiymətlərinə uyğun təyin edirik. Bu sənət dolanışıq üçün, gələcək üçün çox yaxşıdır. ABAD-da bütün Azərbaycan sənətkarları arasında qazanca və satışa görə mən hər ay lider oluram. Orta hesabla 3-4 minlik mal satıram.

 Edvard Şamaryayev zərgərlikdə milli texnikaya, xalq naxışlarına üstünlük verir
© Sputnik / Nigar Maharram
Eduard Şamaryayev zərgərlikdə milli texnikaya, xalq naxışlarına üstünlük verir

Sonda isə qızıl və gümüşün əridilməsi prosesi ilə də tanış olduq. Bu işdə ustaya hər zaman tələbələri Elçin İbrahimov, İlham Talehli kömək edirlər.

Bir sözlə, ustadın emalatxanasına getməklə sanki əsrlər öncəyə, müharibə dövrlərinə də səyahət etmiş olduq. Əslində, tarixə toxunmaq çox maraqlı bir hiss yaradır. Eləcə də A seriyası ilə başlayan, qısa nömrəli, yalnız bir rəqəmi 6, digəri isə 5-dən ibarət, bir "Mercedes"in qiymətinə olan "1 Məmməd"ə toxunmaq şansı qazandıq.

659
Teqlər:
kolleksiyaçı, kolleksiya, numizmatika, zərgərlik məmulatı, zərgərlik
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (39)
Əlaqədar
Ayağımızın altında yatan sərvət - Biz ondan da xəbərsizik
İndi də qızıl sikkə və külçələrimiz olacaq, özü də mağazada
Tək əllə düzənlər, şüşə parçalarla xarüqələr yaradan sənətkarların izində
Ekspert: Zərgərlik məmulatları sərmayə vasitəsi hesab oluna bilməz
Baş Prokurorluq

Azərbaycanda nazirlikdə saxtalaşdırma ilə bağlı Baş Prokurorluq cinayət işi açdı

2260
(Yenilənib 13:19 23.07.2021)
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

BAKI, 22 iyul — Sputnik. Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə "Rəqəmli Dövr" MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.

Habelə ölkədə keçirilmiş ticarət festivalları ("Şoppinq festival") üzrə icraçı müəssisə olan "Azərbaycan Konqreslər Bürosu" MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib. Bundan əlavə, araşdırmalarla nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən hadisələr Əbülfəs Qarayev mədəniyyət və turizm naziri olarkən baş verib.

Məlumat üçün bildirək ki, bu ilin may ayının 21-də prezident İlham Əliyevin sərəncamı ilə Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib. Bu sərəncamdan bir müddət əvvəl isə DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirərək nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu saxlayıb. Aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Ə. Qarayev 1994-cü ildən nazir işləyirdi.

2260
Təyyar Bayramov

"Kənan səhnədə oxuyanda çox kövrəldim" - Təyyar Bayramov oğlu ilə yaşadığı aləm barədə

6921
(Yenilənib 01:15 21.07.2021)
Muğam ustası Təyyar Bayramovun sözlərinə görə, Kubada keçirilən konsertdə muğamın hər xırdalığını elə alqışlayıblar ki, sanki xiridarların içində oturub muğam oxuyursan.

BAKI, 21 iyul — Sputnik. Respublikanın Əməkdar artisti Təyyar Bayramovu hər dinləyəndə xəyallar bizi Qarabağa aparır. Bəlkə də bu, onun təpədən-dırnağa qarabağlı olmasından, Qarabağın dilbər guşələrindən olan Ağdamda doğulmasından irəli gəlir. Dediyinə görə, uşaqlığı çox xoş keçib. O vaxta qədər ki, erməni işğalçıları onları doğma yird-yuvalarından didərgin salıb. 1993-cü ildə Ağdam işğal olunanda ailəsi ilə birlikdə Bakıya gələn Bayramov Sputnik Azərbaycan-la söhbətində uşaqlığından, sənətə gəlişindən və muğamın Azərbaycandakı vəziyyətindən danışıb:

"Ağdamda çox firavan həyatımız olub. Uşaqlığımız Qarabağın dilbər bölgələrində - Şuşada, Laçında, Kəlbəcərdə keçib. Demək olar ki, hər yay o torpaqları gəzirdik. Uşaqlığım Ağdam şəhərində keçib. Tar məktəbinə gedirdim. Düzdür, tara o qədər də həvəsli deyildim. Qarabağda belə bir adət var idi ki, mütləq hansısa bir alətdə ifa etməyi bacarmalı idin. Bacım qarmona, mən tara gedirdim. Musiqi üstündə köklənmişik.

Sonra hüzur, xoşbəxt, qayğısız illərimizə erməni işğalçıları qənim kəsildi. Elə bir gün gəldi ki, topun, mərminin altında yaşamağa uyğunlaşdıq. O da bizimçün adiləşdi. Ağdam işğal olunandan sonra Bakıya gəldik, digər həmyerlilərimiz kimi çadırlarda qalmasaq da, öz yurdumuzdan uzaqlaşmağımız bizi çox sarsıtdı. Əvvəllər yaşımın az olduğu vaxtlarda torpağımızı itirdiyimizi o qədər də hiss etmirdim. Həm də düşünürdük ki, bu, müvəqqətidir.

Amma yaş üstünə yaş gəldikcə, insan öz doğma torpağını arzulayır. Yaşın az olanda insan bunu dərk etmir, fərqinə varmır. Artıq son illər Ağdamın bizdə olan ərazilərinə konsertə gedəndə özümü saxlaya bilmirdim, kövrəlirdim. Öz evimiz tərəfə boylanırdım. Allaha min şükür ki, artıq o torpaqlar bizdədir. Bunun üçün prezidentimizə, qazilərimizə təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm".

28 il sonra doğma torpaqlara qayıdan muğam ustası təəssüratlarını belə anladıb: "Həmişə deyirdim Ağdama gedən kimi ilk gedib atamın qəbrini ziyarət edəcəyəm. Amma təəssüf ki, hələ mümkün olmayıb. Çünki oralar minalanıb. Atamın qəbri olan yerlər qalıb, digər yerləri şumlayıb taxıl əkiblər. Amma qəbir daşları yoxdur. Üzü Xankəndinə doğru səhnənin qurulduğu yerdə mən atamla bir zamanlar şəkil çəkdirmişdim. Onda Kənan (muğam ifaçısı olan oğlunu nəzərdə tutur - red.) yaşda idim.

Kənan səhnədə oxuyanda çox kövrəldim, o illərə qayıtdım. Elə hisslər var ki, onları sözlə ifadə etmək mümkünsüzdür. Birinci dəfə Mənsum İbrahimovla birlikdə Ağdama getmişdik. Öz evimizin 150 metrliyindən keçib getmişdik. Çox sarsılmışdıq. İkinci dəfə isə Ağdamın təməl qoyma mərasiminə getdik. Möhtəşəm tədbir idi. Buna görə özümü şanslı və xoşbəxt hiss etdim. Ağdam Qarabağın döyünən ürəyi olub. Zamanında çox inkişaf etmiş bir bölgə idi. İnşallah əvvəlkindən də möhtəşəm olacaq".

© Sputnik / Nigar Iskanderova
Təyyar Bayramov 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Muğam Müsabiqəsində birinci yerə layiq görülüb

Təyyar Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub. Beynəlxalq Muğam Müsabiqəsində münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı – Qran-Priyə layiq görülüb. Muğam ustası hər kəsin sevə-sevə izlədiyi müsabiqə haqqında deyir:

"İlk başlayanda hər şey maraqlı olur. Elə muğam müsabiqəsində də belə oldu. Hər kəsin marağına səbəb olmuşdu. Ölkədə rezonans doğurdu. Birinci muğam müsabiqəsi olduğundan oradakı iştirakçıların içində ali təhsillilər daha çox idi. Amma zamanla müsabiqə adiləşdi. Təbii ki, bizim muğamımız heç vaxt adiləşməyib. Bilirsiniz, mən ustadlarımızın dediyinə istinad edib deyirəm ki, hər bir müsabiqədə 3 nəfər Azərbaycan muğamına yararlı ifaçı çıxsa, bu, çox böyük göstəricidir. Təbii ki, onların hamısı professional sənətlə məşğul olmurlar. Olsalar, daha yaxşı olar. Amma hər müsabiqədə 3-4 nəfər yaddaşda qalır. Birinci müsabiqədən daha çoxdur. Bu müsabiqələr səhnəmizə xeyli sayda Leylilər, Məcnunlar, Əslilər, Şah İsmayıllar qazandırdılar. Siz özünüz də fikir versəniz görərsiniz ki, son dövrlər dövlət tədbirlərində, ölkəmiz üçün əhəmiyyətli tədbirlərin səhnələrində daha çox muğam müsabiqələrinin iştirakçıları yer alıblar".

Pandemiya sənət adamlarının əksəriyyətində depressiya yaradıb. Təyyar Bayramovun çətinlikləri olsa da, heç vaxt sevdiyi işdən, dərslərdən yayınmayıb:

"Pandemiya vaxtı dərslərimiz heç dayanmadı. Onlayn dərslərimiz davam elədi. Yeni gənclərin hazırlanması mütəmadi olaraq davam edir. Təbii ki, biz də əziyyət çəkdik. Amma bu dövrü çətin də olsa, keçə bildik. Pandemiya vaxtı əksər insanlar distant təhsilə öyrəşə bilmirdilər. Amma bu, mənim üçün yenilik deyildi. Son 5-6 ildir ki, mən tələbələrimlə onlayn dərslərə üstünlük vermişəm. Həftədə 2 dəfə dərs keçirdim, 1 dəfə də "WhatsApp" vasitəsi ilə onlarla məşğul olurdum.

Bir var bir tələbə 5 ilə nailiyyət qazansın, bir də var 3 ilə. Dərs yükünü artırırdım ki, nəticəni tez ala bilim. Ona görə də bu, mənim tələbələrim üçün ilk olmadı. Bu dərs prosesi tələbələrim üçün rahat oldu, çünki, onlar öyrəşmişdilər. Elə tələbə var, onunla hər gün də məşğul olsan, yenə də öyrənə bilməyəcək. Amma elə tələbə də var ki, o, uşaqlıqdan muğam eşidib, onun üçün çox rahat olur. Uşaqlıqdan ailəsində muğam eşidən tələbə ilə onlayn təhsil də rahat olur. Mənim iranlı tələbəm var idi, Hüseyn Zaman. Ona distant dərs keçmişdim, həmin ifaçı muğam müsabiqəsində iştirak etdi. Amma təbii ki, təkcə onlayn dərslə tam nailiyyət əldə etmək olmaz. Səs aparatından nə zaman və hansı formada istifadə etməyi ancaq üz-üzə öyrənmək olar".

© Sputnik / Nigar Iskanderova
Təyyar Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub

Hər bir insanın formalaşmasında mühitin böyük rolu var. Bayramovun fikrincə, bu fikir muğam ifaçıları üçün də keçərlidir: "Elə bir bölgə yoxdur ki, oradan ifaçı çıxmasın. Amma bir məsələ var ki, ifaçını mühit yetişdirir. Düşdüyü mühit insana təsir edir. Qarabağda hər kəs muğam dinləyərdi. Məsələn, mənim atamın maşınında maqnitofon var idi. Şahmalı Kürdoğlu (Şahmalı Hacıyev) adlı ifaçı var idi, atam həmişə onun muğamlarını dinləyirdi, Yaqub Məmmədova, Arif Babayevə, köhnə muğam oxuyanlara qulaq asardı. Musiqinin səsini artırardı, bütün qonşular o musiqiyə qulaq asardılar.

Məsələn, Qazaxda hansı evə gedirsən, oradan bir saz asılıb. İstər-istəməz orada böyüyən uşağın beyini ora yönəlir, aşıq musiqisi ilə yoğrulur. Amma bu, o demək deyil ki, Tovuzdan xanəndə çıxmaz. Məsələn, Kəlbəcərdə xanəndələr yetişmir. İlk dəfə Babək Niftəliyev oradan professional səhnəyə çıxıb. Ondan sonra davamçıları gəldi".

Müsahibimiz xarici qastrollarda onu dinləyib, təəccübünü gizlətməyən tamaşaçılardan söz açıb: "Biz xarici ölkələrdə konsert verəndə zilə, bəmə, zəngulələrə heyrətlə qulaq asırlar. Xarici tamaşaçılar soruşurlar ki, boğazına nəsə qoydurmusan? Deyirlər ""Aaaa" eliyirsiniz, onu necə edirsiniz? Mümkün deyil axı, hansısa aparat qoymusan, boğazına nəsə qoydurmusan, ola bilməz. Allah insanı elə yaratmayıb". Tərcüməçi deyir axı elə bir şey mümkün deyil. İnsan boğazına necə aparat yerləşdirə bilər? Heç cür inandıra bilmirik ki, bunu özümüz oxuyuruq. Bizim musiqimiz xarici ölkələrdə fərqli qarşılanır. Bir fərq olur, bizdə tamaşaçı hər xırdalığa fikir verir, alqışlayır. Amma orada əvvəlcə tamaşaçılar sakitcə dinləyirlər, bizə elə gəlirdi ki, xoşlarına gəlməyib. Amma mahnı bitən kimi çox yüksək alqışlar görürük.

Yunanıstanın Afina şəhərində ilk dəfə olaraq azərbaycanlıların konserti təşkil olunmuşdu. Orada çox böyük maraqla qarşılanmışdı. Tədbirdə vitse- prezident Mehriban Əliyeva da iştirak edirdi. Daha sonra Kubada da konsert oldu. Orada elə idi ki, sanki xiridarların içində oturub muğam oxuyursan. Hər bir xırdalığı alqışlayırlar.

Mən də təəccübləmişdim ki, bu, necə olur? Adi bir xırdalığı necə böyük alqışlayırdılar. İtaliyada böyük bir festival təşkil olunmuşdu, açıq havada. Xarici ölkələrdən də musiqiçilər var idi, amma onlar fonoqram oxuyurdular. Bizdə isə tar, kamança və qavalla muğam oxuyurduq. Barmaqlarım o qədər donmuşdu ki, qavalla çıxış etmək olmurdu. Yarım saat ayırmışdılar bizə. Biz o soyuqda çıxışımızı etdik, çox böyük sevgi ilə qarşılandı. 1 aya yaxın Amerikada olduq. Amerikada musiqinin tanıtımı layihəsi var idi. Bütün ştatlarda, orta məktəblərdə, uşaq bağçalarında, qocalar evində, ali məktəblərdə və s. bir çox müəssisələrdə master-klass keçmişdik".

Təyyar müəllimin dediyinə görə, muğam sahəsində ruhumuza daha yaxın olan ölkə İrandır: "Koreyadan tələbimiz var idi, çalışırdı, öz üzərində işləyirdi, amma alınmırdı. Türkiyədən də tələbəm var idi. Əcnəbilərin içində ən çox iranlıların ruhu bizə daha yaxındır. Çünki onlar da bizim musiqilərimizlə böyüyüblər. Mən İrana gedəndə gördüm ki, muğam müsabiqəsindən heç məndə olmayan lent yazıları onlarda var".

Təyyar Bayramov may ayında təşkil olunan "Xarıbülbül" festivalında ifa etdiyi "Bayatı-Şiraz"la hər kəsi göz yaşlarına boğan oğlu Kənandan da bəhs edib:

"Kənanla özüm də məşğul oldum. Sonradan Mənsum müəllim dinlədi, dedi səsi yaxşıdır. Sonradan Heydər Əliyev adına Təhsil Kompleksinə daxil oldu. Çox fərqli uşaq idi. Uşaq ola-ola oturub muğamları dinləyirdi. Onun yaşıdları ancaq cizgi filminə baxırdılar, amma Kənan gün ərzində 1 dəfə mənim ifamda olan "Şah İsmayıl" operasına, bir dəfə də "Leyli Məcnun" operasına baxırdı. Əzbər bilirdi o operaları. Harada nə baş verəcəyini dəqiq bilirdi".

© Sputnik / Nigar Iskanderova
Təyyar Bayramov

T.Bayramov bir müddət öncə müğənni Tacir Şahmalıoğlunun "Təyyar Bayramovun oğlu da məni yamsılayır. Kaseti qoyub, öyrənib. Eynisi deyil, ondan daha aşağı səviyyədədir. Mənim kimi oxuması mümkün deyil" fikrinə münasibətini bildirib:

"Bizim Tacir müəllimlə münasibətimiz çox yaxşıdır. Mən əvvəl musiqisi Tahir Əkbərin olan "Amin" mahnısını dinlətdim, bəyəndi. Dedim "əmisi, Kənan "Bayatı-Şirazı" da oxumaq istəyir. Dedi "qurbandır, oxusun". Dedi "İndi oxuyub pis vəziyyətə salırlar, amma Kənan oxusun". Mən də oxumuşam, amma mən də fərqli oxumuşam. Gələn hər bir gənc o musiqiləri ifa etməlidir ki, unudulmasın.

Məsələn "Azərbaycan" mahnısını Müslüm Maqomayevdən yaxşı heç kəs oxumayıb. Onda musiqini heç kəs oxumasınmı? "Şuşanın dağları"nı Xan əmidən yaxşı heç kəs oxumayıb, belə çıxır ki, heç kəs onu oxumasın? Kənan o mahnını da ifa edib. "Şuşanın dağları"nı oxuyanda heç dörd yaşı yox idi. Amma gənclər ondan əvvəl ifa edənləri vurğulamalıdırlar".

Onu da qeyd edək ki, T.Bayramov 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Muğam Müsabiqəsində birinci yerə layiq görülüb. Eyni ildə Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Muğam Müsabiqəsində Qran-pri mükafatına layiq görülən həmsöhbətimiz 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Əməkdar artist söhbətimizin sonunda xarici musiqiçilərlə olan sintezləri haqqında deyib: 

"Xalq artisti Səyavuş Kərimlinin "Salam-Hola" adlı layihəsi Amerika və Azərbaycan musiqiçiləriylə birgə keçirildi. Çox maraqla qarşılandı. Bu çərçivədə bizim çoxlu konsertlərimiz oldu, möhtəşəm idi. Mən də orada 3 mahnı ifa etmişdim. Daha sonra dünya şöhrətli Sami Yusufla da improvizələrimiz olub. Nəsiminin "Sığmazam" qəzəlini xor və orkestri ilə birgə oxuduq. İmprovizə savadlı şəkildə olanda qəbul olunur, sevilir".

6921
İmza, arxiv şəkli

Azərbaycanın 7 ölkə ilə birgə komissiyalarının tərkibi dəyişdirildi

0
(Yenilənib 20:40 23.07.2021)
Dövlət başçısının sərəncamları ilə ölkəmizin Belarus, Koreya, Kuba, Qətər, Vyetnam, Özbəkistan və Qazaxıstan ilə birgə komissiyalarının tərkibləri dəyişib.

BAKI, 23 iyul — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.".

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Belarus Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1346 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın həmsədri

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi.".

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası üzrə tərkibinə edilmiş dəyişikliklər barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2444 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla "Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2444 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

"Komissiyanın həmsədri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, eyni zamanda, Kuba Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri.".

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Kuba Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 iyun tarixli 2125 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 iyun tarixli 2125 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın həmsədri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri.".

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş göndərməlidir.

Prezident İlham Əliyev "İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1476 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

"İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri.".

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Vyetnam Sosialist Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru

Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.".

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Özbəkistan Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri .".

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

0