ABADın tətbiqi sənət üzrə kuratoru Mir Teymur Məmmədov kermika məhsulu hazırlayarkən

Ayağımızın altında yatan sərvət - Biz ondan da xəbərsizik

830
(Yenilənib 13:37 20.09.2019)
"Bu gün dünyada 128 gil növü var və onun da 98-i Azərbaycandadır. Bu isə xəzinə, qızıl deməkdir. Çünki bizim torpağımız keramikanın yaranması üçün əsas xammal olan gillə zəngindir"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Mürəkkəbliyi, xırdalığı və daha çox zaman tələb etməsi ilə seçilən sənətlərdən biri də keramika sənətidir. Yaranma tarixi neolit dövrünə aid olan bu sənət tarix boyu ölkəmizdə yayılaraq inkişaf edib. Lakin müəyyən bir dövr bu sənət üçün "susqun dövr" kimi yadda qalıb.

Artıq bu susqunluq və durğunluq aradan qalxıb desək, yanılmarıq. Çünki hazırda da bu sənətin daha geniş yayılması, təbliği və qədim ənənələrin ötürülməsi üçün varislər tərəfindən lazım olan addımlar atılır, müəyyən işlər görülür. Onlardan biri də həmsöhbətimiz, Şəki-keramika Mərkəzinin və ABAD-ın keramika üzrə kuratoru Mir Teymur Məmmədovdur. Emalatxanası Şəkidə yerləşən sənətkarla bu sənətin cari problemləri haqda danışdıq:

ABADın tətbiqi sənət üzrə kuratoru Mir Teymur Məmmədov
© Sputnik / Nigar Iskanderova.
"ABAD"ın tətbiqi sənət üzrə kuratoru Mir Teymur Məmmədov

- Müəyyən bir dövrdə Azərbaycanda keramika sənəti unuduldu, inkişafdan qaldı. İstəyərdim öncə bu haqda danışaq.

- Belə deyə bilərik ki, sovet dövründə Azərbaycan tətbiqi sənətinin inkişafı dalana dirənmişdi. Azərbaycanda keramika sənətinin qədim tarixə malik olmasına baxmayaraq, o zamanlar dünyada daha çox gürcü, Latviya, Polşa, Ukrayna, keçmiş Çexoslovakiya, Rusiya keramikası tanınırdı.

- Bəs hazırkı vəziyyəti necə qiymətləndirmək olar?

- Ötən ilin oktyabrın 29-da "ABAD"ın "Keramika Mərkəzi" fəaliyyətinə başladı. Belə bir mərkəzin yaradılmasından sonrakı əsas hədəfimiz isə bu cür mərkəzlərin sayını artırmaq, tətbiqi sənətimizi bərpa etməklə onu Azərbaycanın bütün regionlarında yaymaq oldu. Artıq bu gün Azərbaycan keramika sənətinin inkişafına görə dünyada birinci yerdə qərarlaşıb.

Mir Teymur Məmmədovun hazırladığı keramik məhsul
© Sputnik / Nigar Iskanderova.
Mir Teymur Məmmədovun hazırladığı keramik məhsul

- Keramikanın mənbəyi torpaqdır. Daha doğrusu, gildir. Dünyada və Azərbaycanda olan gil növlərinin sayı nə qədərdir?

- Bu gün dünyada 128 gil növü var və onun da 98-i Azərbaycandadır. Bu isə xəzinə, qızıl deməkdir. Çünki bizim torpağımız keramikanın yaranması üçün əsas xammal olan gillə zəngindir. Sanki Mendeleyevin bütün cədvəli Azərbaycanda əksini tapıb. Hətta bu gün ayağımızın altını qazsaq, 2-3 metr dərinlikdən gil çıxara bilərik.

- Ən az rast gəlinən gil növü hansıdır?

- Azərbaycanda ən az təsadüf edilən gil növü ağ gildir. Bu gilə isə əsasən Qazax rayonunun ərazisində rast gəlmək mümkündür.

Tətbiqi sənət üzrə kuratoru Mir Teymur Məmmədov iş başında
© Fotoqraf Elgün Əli
Mir Teymur Məmmədov iş başında

- Eyni zamanda həm də sobatikmə sənəti ilə bağlı ənənələrin təbliği ilə məşğulsunuz. İstəyərdim bu haqda da danışasınız.

- Azərbaycanda sobatikmə sənətinin tarixi qədim zamanlara gedib çıxır. Bu sənət yüksək qabiliyyət tələb edir. Bu gün mən sobatikmə sənətini tədris etmək üçün müxtəlif ölkələrdən dəvət alır, yerli ənənələrimiz haqda da onlara məlumat verirəm. Bu ölkələr sırasında Moldovanın adını çəkə bilərəm. Hətta bununla bağlı olaraq Belarus, Ukrayna, Rusiya kimi ölkələrdə müxtəlif simpoziumlar da təşkil edirəm.

- Sobaların tutumu nə qədərdir?

- Sobalarımız müxtəlif ölçülüdür. Onlar arasında 200 litrədək olanlar da var.

ABADın tətbiqi sənət üzrə kuratoru Mir Teymur Məmmədov və layihə meneceri Tovuz Mustafayeva
© Sputnik / Nigar Iskanderova.
"ABAD"ın tətbiqi sənət üzrə kuratoru Mir Teymur Məmmədov və layihə meneceri Tovuz Mustafayeva

- Rənglərdən danışardınız...

- Öncə oksidlər haqda danışım. Oksidlər cürbəcür elementlərin duzlarıdır. Bu oksidlər gilə müxtəlif rənglər verir və onlar "qırmızı gillər" kateqoriyasına şamil olunur. Oksidləri daha çox Rusiyadan alıram. Bura dəmir, xrom oksidləri də aiddir. Cürbəcür oksidləri şəffaf şirəyə, yəni gilə vurduqda isə rənglər əmələ gəlir. Bundan başqa, oksidlərlə yanaşı, nikel, xromlar da müxtəlif cür rəngvermə qabiliyyətinə malik olurlar. 

- Hansı rəngi əldə etmək daha çətindir?

- Fərqi yoxdur, bütün rəngləri əldə etmək çətindir. Bu çox çətin işdir və bunun üçün mürəkkəb bir prosedur keçmək lazım olur. Çünki biz bu rəngləri çox yüksək qiymətə alırıq.

Mir Teymur Məmmədovun hazırladığı keramik məhsul
© Sputnik / Nigar Iskanderova.
Mir Teymur Məmmədovun hazırladığı keramik məhsul

- Bir nümunənin sobada bişməsi üçün temperatur nə qədər olmalıdır?

- İstədiyimiz nümunəni əldə etmək üçün həmin nümunəni sobada 1200, lazım gəldikdə isə 1500 dərəcədə bişiririk. Çünki çini 1280 dərəcədən 1380 dərəcəyədək bişir. Sobada bişirərək əldə etdiyimiz nümunənin qurudulması isə müəyyən qədər vaxt tələb edir. Məsələn, çox kiçik ölçüdə olan bir stəkanın qurudulması üçün yayda 4, qışda isə 1 həftədən bir qədər də artıq zaman tələb olunur.

- Mir Teymur müəllim, keramika sənətinin inkişafı yolunda əsas çətinliyiniz nədir?

-  Bizim əsas problemimiz şirə, yəni "qlazur" düzəldən zavodun olmamasıdır. Bu şirələrin tərkibində 5-6 cür inqredientlər var. Ona görə bu şirələr daha çox Türkiyə, Almaniya, Rusiya kimi ölkələrdən gətirilir. Mən isə bu cür şirələri İspaniyadan alıram. Deyərdim ki, xərclərimizin böyük hissəsi, təxminən 60 faizi elə şirəyə gedir. Belə şirələrin bir litri 10-20, hətta 100 dollar da ola bilər. Şirə almaq üçün bəzən ildə bir neçə dəfə sifariş veririk.

Qeyd edək ki, ötən həftə "ABAD" tərəfindən müxtəlif sənətkarların əsərlərinin də nümayiş olunduğu sərgidə bu cür keramik məhsulların qiyməti 2-3 min manat olanlara da rast gəldik. Qoyulan qiymətə dəyər desək, yanılmarıq. Çünki bu cür keramik məhsulların, bəzəkli qabların hər zərrəsində alın təri, bir əzabkeş zəhməti uzaqdan duyulur.

830
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (28)
Film çəkilişi, arxiv şəkli

"Onlara pul lazım deyil, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq"

996
(Yenilənib 21:45 08.08.2020)
Əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Ay camaat, bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib". Personajlarının hər kəlməsi xalq dilində zərb-məsələ çevrilmiş "Bəyin oğurlanması" filmindən kolxoz sədri Hidayət müəllimin fikridir. Kino, doğrudan da qəliz və vacib məsələdir. Ölkənin dünya arenasında tanınmasında kino əvəzsiz vasitədir.

Venesiya beynəlxalq film festivalının keçirildiyi məkanın yanında qızıl şir heykəli, arxiv şəkli
© Sputnik / Екатерина Чеснокова

Tənqidçi və kinoşünas Sevda Sultanova Sputnik Azərbaycan-la söhbətində son illər Azərbaycan kinosunda yaranan boşluqlardan danışıb.

- Ötən əsrin 60-70-ci illəri və qismən də 80-ci illər Azərbaycan kinosunun intibah dövrü olub. Lakin sonralar, məlum səbəblərdən, digər sahələr kimi, kino sahəsi də tənəzzülə uğradı. Sonralar digər sahələr inkişaf etsə də kino sahəsi yerində sayır, sizcə, bunun səbəbləri nədir?

- Azərbaycan kinosunda bir neçə dəfə qırılma nöqtəsi baş verib. Birinci qırılma nöqtəsi 1930-cu illərin repressiyaları ilə bağlıdır. Yəni senzura gücləndi, kino sektoruna nəzarət gücləndi, həbslər başladı, qeyri-millətdən olan kadrlara üstünlük verildi. Ümumiyyətlə, kino sənəti ölkəmizə gəldiyi ilk illərdə ən yaxşı filmləri azərbaycanlılar çəkiblər, nəinki ruslar və ya ermənilər. Digər millətlərin çəkdikləri filmlərdə xeyli təhrif vardı ki, bu barədə Cəfər Cabbarlı "Hara gedir Azərkino" məqaləsində yazıb. Yerli rejissorlarımız isə mühiti, coğrafiyanı, mentallığı, yerli mədəniyyəti, əhvalatları bilirdilər, üstəlik, istedadlı çəkirdilər.

Qeyd etdiyiniz 60-70-ci illərdə də intibahı milli rejissorlarımız yaratdılar. Mənə görə, Azərbaycan kinosu ikinci intibah dövrünü məhz sovetlərin dağılması ərəfəsində yaşadı. Bu, 1980-ci illərin sonundan 1990-cı illərin ortalarınadək davam etdi. "Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi" adlı araşdırmamda bu haqda ətraflı yazmışam. Sonrakı illərdə kinoya ayrılan büdcənin monopoliyaya alınması, keyfiyyətsiz idarəetmə sistemi bu sahədə növbəti qırılma nöqtəsinə səbəb oldu. Daha bir məqamı deyim: əslində bunun özü böyük araşdırma mövzusudur. Yaradıcılığının ilk illərində yüksək peşəkarlıq göstərən rejissorların sonrakı işlərində zəif nəticələr göstərməsi maraqlıdır. Misalçün, Hüseyn Seyidzadənin "Yenilməz batalyon" filmində əldə etdiyi nəticə digər filmlərində nəzərə çarpmadı. Səbəbləri çox ola bilər. Məsələn, Seyidzadə çox sıxışdırılırdı, bu da onun yaradıcı potensialına təsir etməyə bilməzdi. Dediyim kimi, araşdırılmalı mövzudur.

- Ümumiyyətlə, necə düşünürsünüz, kinomuzun bu duruma düşməsinin günahkarı kimlərdir?

- Bayaq dediyim kimi, başlıca problem doğru olmayan idarəçilik sistemindədir. Amma italyan neorealizmi çətin şərtlərdə yaranmışdı. Görünür, burada yaradıcı adamların entuziazmı da böyük rol oynayır.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunan dərslərin əksəriyyəti qeyri-ixtisas fənləridir. Universitetə böyük şövqlə qəbul olunan tələbənin qol-qanadı həmin illərdə sınır. Sizcə, milli kinomuzun bu duruma düşməsinin səbəbi həm də bu ola bilərmi?

- İncəsənət Universitetində tədrisin hansı prinsiplərə əsaslanması, keyfiyyəti haqda ətraflı məlumatım yoxdur. Amma orada təhsil alan tələbələrdən, məzunlardan eşitdiklərimə görə, dərslər keyfiyyətli, məhsuldar keçirilmir, müəllimlərin bir qisminin sahələri üzrə yetərli bilgiləri yoxdur, peşəkarlığı qənaətbəxş deyil. Aydın Dadaşov bir dəfə məni kinoşünaslıq kafedrasına dəvət etmişdi. İstəyirdi ki, mən və Aygün Aslanlı müəllim kimi burada fəaliyyət göstərək. Yeri gəlmişkən, mən İncəsənət Universitetini bitirmədiyimdən, orada dərs deməyim üçün ya kino ilə bağlı kitabım olmalıydı, ya da heç olmasa, Universitetdə qiyabi təhsil almalıydım. Aydın müəllim dedi ki, sənin üçün şərait yaradacağıq. Nə kitab yazmağa, nə ikinci təhsilə həvəsim olmadığımdan alınmadı. Həm də kitab üçün təklif olunan mövzu ürəyimcə deyildi. Həmin kafedrada bir neçə müəllimlə söhbət edəndə onların kino bilgilərinə dırnaqarası heyran oldum.

Bu il milli kino ilə bağlı iki mühüm araşdırma etmişəm, "Ekranlaşdırılmış ədəbi əsərlər" kitabım çıxıb. Xeyli resenziyam var, yaxınlarda "Azlogos"da dünya kinosunda homoseksual mövzunu araşdıran yazım yayımlandı, üstəlik, mükafat alan yeni Qərb filmləri ilə bağlı təhlillərim var. Mənim üçün maraqlıdır ki, İncəsənətdə dərs deyən kinoşünasların və ya kino tənqidçilərinin hansı məhsulu var? Bu, mənim üçün, doğrudan, maraqlıdır. Və onların yetişdirdiyi yeni nəsil kino tənqidçiləri haradadır?

Bu yaxınlarda gənc kinotənqidçilər axtarırdım, əməkdaşlıq üçün. Araşdırdım, tapa bilmədim. Məlum oldu ki, teatrşünaslıqda, teatr tənqidində yeni, maraqlı imzalar var, amma kinoda yoxdur. Mən, Aygün Aslanlı kino tənqidi ilə məşğul olmaq istəyən gənclərlə biliklərimizi təmənnasız paylaşmağa, fikir mübadiləsi etməyə hazırıq. İstəyənlər sizinlə əlaqə saxlayıb, əlaqə nömrələrimi sizdən götürə bilərlər. "Debüt" studiyası və "Artlogos" saytı ilə birgə kino verilişi planlaşdırırıq. Aygünlə mən müəllifik. İlk mövzumuz "Resenziya necə yazılmalıdır?" olacaq. Qısa zaman içərisində gərəkli bilgiləri verməyə çalışacağıq.

- "Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar" adlı yazınızda xaricdə uğur qazanan gənc rejissorlarımızı qeyd etmisiniz. O rejissorlar ki, əcnəbi rejissorlarla rəqabətə girə biləcək qədər güclüdürlər.

- Azərbaycanda istedadlı rejssorlar həmişə olub. Xüsusən, indi gənc nəsil kinematoqrafçılar gəlirlər ki, onlar tədricən "Yeni dalğa"ya zəmin yaradırlar. Kino sahəsində idarəçiliyin qüsurluluğu, uyğun iqtisadi şərtlərin olmaması, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməməsi prosesi xeyli ləngitdi. Teymur Hacıyevin Kann festivalında, Hilal Baydarovun Venesiya festivalının əsas müsabiqəsinə düşməsi onların təkbaşına, müstəqil fəaliyyətlərinin nəticəsidir. Yəni, burada dövlətin rolu olmayıb.

Həmişə bu fikirdə olmuşam ki, tammetrajlı bədii filmlərə dövlət maliyyəsi ayrılmasın. Uşaq, cizgi, müəyyən mövzularda – məsələn, Qarabağ kimi mühüm mövzularda çəkilən filmlər istisna olmaqla.

İstedadlı, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq, həm də yaşadığımız texnogen dünyada imkanların bolluğu buna şərait yaradır. Demək istədiyim odur ki, əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

- Son illər ölkəmizdə film sahəsində, xüsusən də komediya filmləri monopoliyadadır. Çəkilən əksər komediya filmlərində eyni simaları görürük. Sizcə, bu, komediyanı çəkən rejissorun özünü sığortalaması ola bilərmi? Çünki həmin filmlərə sponsorluq edən təşkilatlar populyar simaya daha çox etibar edir.

- Mən gözləyirdim ki, komediya janrından tədricən dram, triller, melodram və digər janrlara keçiləcək. Yəni qanunauyğunluq bunu tələb edir. Amma hələ ki, komediya janrı dominantdır. Ən pisi isə odur ki, komediya janrının özündə belə çox az istisnanı nəzərə almasaq, keyfiyyət dəyişikliyi baş vermir. Çünki yeganə məqsəd pul qazanmaqdır. Onların pul qazanmaq istəyinə normal baxıram. Ancaq pul qazanmaq üçün yaxşı məhsul təklif etmək lazımdır axı. Ona görə eyni adamlar komediya çəkir ki, azad iqtisadi bazar yoxdur, normal reklam bazarı yoxdur, ifadə sərhədləri məhduddur və dediyim səbəblərdən ciddi rəqabət yoxdur. 1990-cı illərin əvvəllərindən iş adamları kinoya investisiya qoyurdular. Dövlətdən asılı olmayan, alternativ maliyyə ilə çəkilən müstəqil kino yavaş-yavaş inkişaf edirdi. Onların arasında festival üçün nəzərdə tutulan, ciddi filmlər üstünlük təşkil edirdi. Sonralar bu ənənə müxtəlif səbəblərdən yox oldu.

996
Əlaqədar
Həyatını riskə ataraq: Rejissor azərbaycanlı həkimlərin fədakarlığını seriala çəkəcək
Kinorejissor: “Filmimizin beynəlxalq festivalda iştirakı böyük qələbədir”
Azərbaycanlı cütlüyün ağlına qeyri-adi ideya gəlib
Azərbaycanlı dramaturqun pyesi Rusiya festivalının şort-listinə daxil edilib
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Tamer Karadağlı, arxiv şəkli

“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim

1209
"Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik" - Tamer Karadağlı

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib. Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki il əvvəl getdim oraya və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub: “Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

Qeyd edək ki, 53 yaşlı aktyor “Bir tutam baharat”, “Memlekette Demokrasi Var”,  “Şans Kapıyı Kırınca”, “Pamuk prens” və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur “Acayib hikayeler”,  “Doktorlar”, ”Fedai”, “Ah kalbim” və s. seriallarına çəkilib. Azərbaycan tamaşaçısı isə onu “Çocuklar duymasın”dakı Haluk obrazı ilə sevib.

1209
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0