Azərbaycan Respublikasının Xalq artisti Firudin Məhərrəmov

Gözü özgə "qazan"da qalan rejissor: "Afaq Bəşirqızını dəyişəcəm"

973
(Yenilənib 12:05 22.08.2019)
"Xırda qrup şəklində yaradılan qeyri-peşəkar truppalar nəyə görə zövqləri korlamalıdır? Bunlar 5-10 manat qazanc üçün yaradılır. "Xaltura"ya yol vermək olmaz".

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Azərbaycan Respublikasının Xalq artisti Firudin Məhərrəmov. Ömrünü 40 ildən artıqdır ki, teatra həsr edən adam. Həyatda mülayim, tamaşa məşqi zamanı bir o qədər sərt olan şəxs. Uzun illər tanıdığım Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru ilə müsahibə həm rahat idi, həm də məsuliyyətli. 

1987-ci ildə V.Şukşinin "Diribaş adamlar" əsərinə verdiyi quruluşla Sumqayıt teatrına rejissor vəzifəsinə qəbul olunan sənətkar o vaxtdan indiyə qədər ölkənin müxtəlif teatrlarında 100-ə yaxın tamaşa hazırlayıb.

- Firudin müəllim, rejissorluq çox fərqli sənətdir. Hər adam bu sahəyə meyl edib bu işlə məşğul ola bilməz. Necə oldu ki, bu sahəyə sizdə maraq yarandı?

Azərbaycan Respublikasının Xalq artisti Firudin Məhərrəmov
© Sputnik / Kamal Almuradlı
Azərbaycan Respublikasının Xalq artisti Firudin Məhərrəmov

- Sumqayıtda teatr 1969-cu ildə yaransa da, ona qədər şəhərdə bir çox dərnəklər, xalq teatrları fəaliyyət göstərirdi. Sumqayıt teatrının Arif Ağayev adlı baş rejissoru var idi. O vaxt dedilər ki, Moskvadan Efrosun (Anatoli Efros - RSFSR-in əməkdar incəsənət xadimi, rejissor - red.) tələbəsi gəlib, dram dərnəyində dərs deyir. Mən də o dərnəyə yazıldım. Ona qədər də Nərimanov adına Mədəniyyət evində Baba Rzayevin dərnəyinə gedib, onun hazırladığı tamaşalara baxırdıq. 

Uşaqlıq dövrü idi. Orada gördüyümüzü gəlib həyətdə tətbiq edirdik. Hətta bilet də düzəldirdik. Pilləkənlərdə uşaqlar əyləşirdilər, biz də tamaşa oynayırdıq. Qəribə bir həzz var idi bu işdə. Teatr fəaliyyətə başlayanda isə tamaşalara gedib baxırdıq. Rza Əfqanlı, Barat Şəkinskayanın üz cizgiləri hələ də gözümün önündədir. Mənə elə gəlirdi ki, səhnədə sanki dağ var. Çox heyrətamiz ekzotika idi. Həmin dövrdə Rövşən Almuradlı universitetə yeni daxil olmuşdu. O da tələbəlikdə öyrəndiklərini dərnəkdə bizə öyrədirdi. Əsgərlikdən sonra rus dram dərnəyinə üz tutdum. Yəhudi müəllim var idi, Konstantin Şahbazidi. Başqırdıstanın əməkdar artisti idi. Həyat yoldaşı ilə birlikdə bizə dərs deyirdi. Bu proseslərin hamısı məndə rejissorluğa həvəs yaratdı. Elə bu həvəslə də ali məktəbə sənədlərimi verdim. Qabiliyyət imtahanında söylədiyim şeirin müəllifi yadımdan çıxdığına görə kəsildim. İkinci il hazırlaşdım və sənədlərimi yenidən verdim. Bu dəfə qəbul oldum. 3 il Mehdi Məmmədovdan dərs aldım. Eyni zamanda Azərpaşa Nemətov da müəllimim olub. 1987-ci ildən Sumqayıt teatrında fəaliyyətə başladım. Bir il truppa müdiri olandan sonra rejissor kimi ştata götürüldüm.

- Sumqayıt teatrında sizin rejissor, daha sonra baş rejissor dövrünüz var. Bunlar arasında fərq varmı?

- Mən şəxsən böyük fərq görmürəm. Baş rejissor olmaq o demək deyil ki, xüsusi tamaşalar hazırlamalıdır. Bu vəzifənin bir az prestiji var. Bir az da məsuliyyəti. Əslində baş rejissor teatrın yaradıcı yönünü müəyyən etməlidir. Onun inkişafını, ardıcıllığını bilməlidir. Bizdə bunu etmək mümkün deyil.

- Səbəb nədir?

- Hamı bunun səbəbini yaxşı bilir. İndiki zamanda, tamaşaçının qıt olan vaxtında teatr direktorları fikirləşirlər ki, ancaq kommersiya tipli tamaşalar oynanılmalıdır. Teatra pul gəlməlidir. Bizim teatrda məcburuq uşaq tamaşaları oynayaq. Böyük tamaşalarının gəlirliliyi çox aşağıdır.

- Çıxış yolunu nədə görürsünüz?

- Bir çox yerdə reklamlarımız gedir. Az da olsa, təsiri var. 50-60 bilet alınır. Hərdən öz-özümə deyirəm ki, bizim teatr bu gün fəaliyyətə başlayıb ki, bu qədər adam gəlir? Bunun bir çox səbəbləri var. Bir quruluşdan digərinə keçəndə itkilərimiz də çox oldu. İnsanların yaşayış səviyyəsi də bu məsələdə rol oynadı. Bu problemin bir ucu teatrdadırsa, bir ucu da tamaşaçıdadır. Tamaşaçıdan çox şey asılıdır: onların mədəni səviyyəsindən, təhsilindən, dünyagörüşündən. Bizim hədəf qrupumuz intellektuallar olmalıdır. Onları cəlb etməliyik.

- Bayaq söylədiyiniz yaradıcı istiqamətin müəyyənləşməsi məhz buna görə lazımdır?

- Tamamilə doğrudur. Tamaşanın sırf hansısa hədəf qrupu üçün hazırlanmasını düzgün hesab etmirəm. Təbii, bu da olmalıdır. Amma bu, sayla ola bilər. Repertuar tamaşaları müxtəlif səpkili olmalıdır ki, hamını əhatə edə bilsin.

 - Müxtəliflik deyirsiniz. Sizcə, Sumqayıt teatrı müxtəlif tamaşalar hazırlamaq gücündədirmi?

- Sumqayıt teatrında dediklərimi tətbiq etmək üçün bir rejissor azdır. Ümumiyyətlə Azərbaycan teatr məkanında fərqli düşüncəli teatrlar olmalıdır. Alternativ olmasa, inkişaf olmayacaq. Elə yaradıcı adam üçün də motivasiya ondan əmələ gəlir. İndi teatrlara fərqli rejissorları dəvət edirlər. Mən bunun əleyhinə deyiləm. Burada aktyorlar yaxşı qazanırlar. Belə ki, fərqli rejissorlarla işləmək onların inkşafına səbəb olur. Bu olanda teatrda ədəbi proses də maraqlı olur. Bu olmayanda isə durğunluq yaranır. İndi hamı çox gözəl bilir ki, kim kimdir. Rejissorları da, aktyorları da çox gözəl tanıyırlar.  Onları nə qədər malalasaq da, iş göz qabağındadır. Bu baxımdan mən fikirləşirəm ki, teatrda yaradıcı baxımdan ciddi mexanizm olmalıdır. Yaradıcı işə müdaxilə olmamalıdır. Direktor, təbii ki, teatrın gəlirini fikirləşir. Onun kommunal xərclərini düşünür. Amma bir qızıl ortam tapılmalıdır.

Azərbaycan Respublikasının Xalq artisti Firudin Məhərrəmov
© Sputnik / Kamal Almuradlı
Azərbaycan Respublikasının Xalq artisti Firudin Məhərrəmov

- Bir ara teatrlarda attestasiya məsələsi atılmışdı ortaya. Amma sonra, deyəsən, unuduldu.

- Şəxsən biz istəyirik. Fikirləşirəm ki, yuxarı instansiyalar da bunun lehinədir. Attestasiya ona görə lazımdır ki, bu işi bacarmayan şəxslər gedib başqa işlə məşğul olsunlar. Dövlətə başqa sahədə xeyir verə bilərlər. İnandırım sizi, elə gözəl təmizlənmə olar! Bunu etməməyə səbəb isə - elə adamlar var ki, uzun illərdir, işləyir. Düşünürsən ki, çıxartsan, gedib yaşının bu vaxtında nə ilə məşğul olacaq?

- Teatr cəmiyyətin aynasıdır. Sumqayıt teatrı ayna rolunu nə dərəcədə yerinə yetirə bilir?

- İcazənizlə suala sualla cavab verim. Hansı teatr ayna rolunu tam yerinə yetirir? Bu problemə ümumi yanaşmaq lazımdır. Əgər hər hansısa orqan xəstədirsə, bu, bütünlükdə bədənə təsir edir. Fərdi şəkildə bəli, işlər var. Amma tam şəkildə ayna ola bilmirik. Bayaq sadaladığım bir neçə məsələ var ki, teatrın direktoru ilə ümumi konsensusa gəlinməlidir. Mən monumental tamaşalar qoymuşam. Mənə qədər də olub. Amma burada bir tərəfi günahkar hesab etmək olmaz. Bu məsələnin yaradıcı tərəfi var və tamaşaçı tərəfi var. Mən dünyanın bir çox ölkələrində olmuşam. 

İnsanlar tamaşaya bilet almaq üçün növbəyə dururlar. Şübhəsiz ki, həmin insanların intellektual səviyyəsi var. Onlar nə etdiklərini yaxşı bilirlər. Bizdə 70-80 faiz "əşşi, teatrdır da, gedim baxım" prinsipi ilə yanaşır. Amma xaricdə yaradıcı xətti böyük həvəslə izləyirlər. Təbii ki, bunun kökündə təhsil dayanır. Dediyim bu intellekt teatrda da heç də ürək açan deyil. Aktyorlar, rejissorlar arasında sorğu keçirsinlər. Lap elə içi mən qarışıq. Görün nə qədər adamın dünya teatrından, ədəbiyyatdan xəbərləri var. Bunun üçün tək internet bəs etmir. Gözlə görmək lazımdır. Yaxşı xatırlayıram, 90-cı illərdə Teatr Xadimləri İttifaqından bizi Moskvaya göndərmişdilər. Piter Bruk 3 gün bizə təlim keçdi. Onun o 3 günlük leksiyaları bizə 3 il motivasiya verdi. İndi kimi haraya göndərirlər? Öz qazanımızdan çıxıb kənar qazana baxmaq imkanımız yoxdur.

- Üç yüz mindən çox əhalisi olan Sumqayıtda cəmi bir teatr fəaliyyət göstərir. Alternativ teatrın olmasına necə baxırsınız?

- Bu yaxınlarda Vidadi Həsənovla müsahibənizdə o, Gürcüstanla bağlı fikir söyləmişdi. Oranın teatrlarının sayının çox olmasını bildirmişdi. Niyə də olmasın ki? 10-15 il öncə Sumqayıtda kukla teatrı yaratmaq istəyi var idi. Xırda qrup şəklində yaradılan qeyri-peşəkar truppalar nəyə görə zövqləri korlamalıdır? Bunlar 5-10 manat qazanc üçün yaradılır. Ona görə də əsaslı şəkildə alternativ teatr olmalıdır. "Xaltura"ya yol vermək olmaz.

- Firudin müəllim, planınızda və beyninizdə hansı tamaşalar var?

- Beynimdə olan tamaşa  Alber Kamyunun “Kaliqula” əsəridir. 10 ildir ki, bu haqda düşünürəm. Bir neçə ideyanı özündə cəmləşdirir, eyni zamanda əsər konfliktlərlə zəngindir. Çoxşaxəli əsərdir. Amma müəyyən səbəblərdən hələ də qalıb. Planda olan tamaşa isə Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar Lənkəran teatrında “Vəfalı Səriyyə” əsərini səhnələşdirməliyəm. Sentyabrda artıq hazırlıq prosesi başlayacaq. İkinci tamaşa isə Akademik Musiqili Teatrda olacaq. Həm “Difai” təşkilatı dövründən, həm də repressiya illərindən bəhs edən “İstintaq” tamaşasını hazırlayacam. Həmişə komik obrazlarda tamaşaçıların gördüyü Afaq Bəşirqızı bu dəfə tam başqa bir üslubda baş rolun ifaçısı olacaq.

973
Teqlər:
tamaşa, müsahibə, rejissor, teatr
Əlaqədar
Sumqayıtın yubileyinə töhfə: 30 ildə ilk kinoteatr tikilir
İrəvan teatrında həyat dramı - Həm işini, həm uşağını itirdi
 Beynəlxalq Muğam Mərkəzi, arxiv şəkli

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsinin ilk buraxılışı Şuşaya həsr olunacaq

9
BMM ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə dağıdılıb talan edilən tarixi-mədəni irsimizin bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb.

BAKI, 30 oktyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzi (BMM) ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə dağıdılıb talan edilən tarixi-mədəni irsimizin bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb. Azərbaycan musiqi tarixində mühüm yer tutan Qarabağın musiqi tarixi də öz qədimliyi və özünəməxsusluğu ilə seçilir. Mütəmadi olaraq musiqi irsimiz, qədim musiqi alətlərimiz və muğamlarımız haqqında məruzə və məlumatlar təqdim edən BMM bu dəfə "Qarabağ muğam məktəbi və Qarabağ xanəndələri" adlı layihəni təqdim edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, ilk mərhələdə qədim Şuşa və Şuşanın yetirdiyi musiqiçilərlə yanaşı, BMM-in foyesində büstləri qoyulan korifey xanəndələr haqqında məlumatlar təqdim olunacaq.

Yolumuz mədəniyyət, musiqi məbədimiz olan Şuşayadır. Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır, təbirini və təyinini haqlı olaraq qazanıb. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətiriblər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Primovun, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovun və daha onlarla tanınan, adı tarixə yazılan musiqiçilərin vətənidir.

XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndə sənəti də daha sürətlə inkişaf edib. Xanəndəlik sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, daha çox və xüsusilə Şuşa şəhərində inkişaf etmişdi. Bu, şübhəsiz, təsadüfi bir hal olmayıb, Şuşanın coğrafi şəraiti, digər tərəfdən isə şəhərin geniş mədəni-iqtisadi münasibətləri ilə əlaqədar idi.

Qeyd edək ki, layihə BMM-in sosial şəbəkə hesablarından yayımlanacaq.

9
Rəssam, arxiv şəkli

Tələsin: Yeniyetmələr arasında rəsm müsabiqəsi start götürdü

17
Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

BAKI, 29 oktyabr — Sputnik. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 10-17 yaş arası uşaq və yeniyetmələr arasında "Terrora yox deyək!" adlı rəsm müsabiqəsi elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd yeniyetmələrin diqqətini erməni terroruna cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə xüsusi istedadları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Müsabiqə vətənpərvərlik mövzusunda keçirilir. Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

Yarışma başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən 3 qalib seçiləcək. Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

Əlavə məlumatı http://clb.az/yeniyetmlr-arasnda-terrora-yox-deyk-adl-rsm-msabiqsi_d3001.html ünvanından əldə etmək olar.

17
(0:50 / 4.16Mb / просмотров видео: 4)

Erməni terrorunun qurbanına çevrilmiş 53 yaşlı Goranboy sakininin evi necə görünür video

0
Dünən Goranboyun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə düşən mərmi 53 yaşlı qadının həyatına son qoyub. Onun evinin bu faciədən sonra necə göründüyünü videomuzda izləyin.

Yaşadığı evinin həyətində öz gündəlik işləri ilə məşğul olan kənd sakini 53 yaşlı Flora Ziyadova qəlpə yarasından elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı qadın evində tək olub. Onun evi də tamamilə yararsız hala düşüb.

Hazırda prokurorluq əməkdaşları mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərini həyata keçirir. Ermənistan SQ atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqda və dinc mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08: 00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri, sentyabrın 27-də, səhər saat 06:00 radələrində geniş miqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə