Nicat Zeynallı

Tanınmış klipmeyker: "Azərbaycan müğənniləri təfəkkür etibarı ilə kasaddırlar"

1326
(Yenilənib 20:58 19.08.2019)
“İndi arada mənə də deyirlər ki, həkimsən get həkimliyini elə. Hətta evdə də valideynlərim arada söyləyirlər ki, sən nə işlə məşğulsan”

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. Son dövrlər çəkdiyi kliplərlə milyonlarla baxış sayı yığan Nicat Zeynallıdan müsahibə almaq qərarına gəldik. İllər öncə "Sevən ürəklər" qrupunun solisti kimi parlayan Nicatın əsl peşəsi isə sən demə həkimlik imiş. Son çəkdiyi kliplə isə Türkiyə trendində pop ulduz Hadisəni belə qabaqlamağı bacarıb.

- Hal-hazırda klip bazarında vəziyyət necədir?

- O qədər də ürək açan deyil. Çünki klip kanalı yoxdur. Bir musiqi kanalı fəaliyyət göstərir, orada da senzura mövcuddur. Digər kanallarda isə ümumiyyətlə klip göstərilmir.

- Sizin gördüyünüz işlər internet üzərindədir. Son gördüyünüz iş Sura İsgəndərlinin "Bir daha yak" mahnısına çəkilmiş klipdir. Sizcə tələbat həqiqətən internet üzərindəndir?

- Qəribəsi odur ki, mən işlədiyim müğənnilərin heç biri Azərbaycanda o qədər də populyar deyil. Sura İsgəndərli, Nahidə Babaşlı, Nigar Məhərrəm, Sadiq Hacı... Adlarını sadaladığım bu müğənnilər maraqlıdır ki, trenddə Türkiyə düşürlər.

- Səbəb nədir?

- Bizim trenddə tələbat başqadır. Əhali başqa cür müğənniləri dinləyir.

- Başqa cür deyəndə kimləri nəzərdə tutursunuz?

- Dostlarım olsa da faktı deyəcəm. Son zamanlar Röya, Brilliant Dadaşova, Tünzalə Ağayeva, Dilarə Kazımzadə keyfiyyətli kliplər təqdim edirlər. Amma baxış sayı 100 mindən yuxarı deyil. Kütlə onları izləmir. Ən çox baxılan Mənsur Şərif, Rəsul, Damladır. Geniş mənada onların sosial şəbəkəyə yerləşdirdiyi mahnılara mahnı da demək olmaz. Amma çox heyf ki, insanlar bu tip mahnılara üstünlük verirlər.

- Belə çıxır tamaşaçının zövqü korlanıb?

- Bunun səbəbi var. İndiki vəziyyət nəticədir. Ən böyük səbəb təhsilin zəif olmasıdır. Nəticə etibarı ilə kino, musiqi, ədəbiyyat və ümumiyyətlə incəsənət deqradasiyaya uğrayıb.

- Kliplərin televiziyada nümayiş olunmaması nə ilə bağlıdır?

- 10 il bundan öncəyə qədər Azərbaycanda televiziyalara böyük maraq var idi. Bütün müğənnilər, elə mən özüm də, pul verib efirə çıxırdıq. Bunu normal qəbul edirdik. İndi isə dövr dəyişib. Televiziyalar bu prosesdə çox gec ayıldılar. Sosial şəbəkəyə meyl edən kütləni itirdilər. Bugünkü gün hər müğənninin “Youtube”da öz kanalı var. Onun pul verib efirə çıxmağa ehtiyacı yoxdur. Əksinə "Youtube"da yerləşdirdiyi mahnıya görə aylıq pul qazanır. Bundan sonra hər müğənninin öz kütləsi olacaq.

- Kliplərin başa gəlmə prosesindən danışaq.

- Mənim ən çox problem yaşadığım məsələ bizdə müğənnilərlə işləməkdir. Onlar təfəkkür etibarı ilə kasaddırlar. Klipdə ancaq sağdan, soldan qəşəng görsənməyə diqqət edirlər. Nə rejissorun konseptinə, nə klipin ideyasına, nə montaja, nə rəngə, nə işığa fikir vermirlər. Lazımsız müdaxilələr edirlər. Elə olan təqdirdə də deyirəm ki, ya mən deyən olacaq, ya da öz bildiyin kimi get başqa adam çəksin. Səidə Sultanın "Kin" klipini çəkəndə müğənni bir dəfə də olsun müdaxilə etmədi. Buna görə də klip ölkədə böyük rezonansa səbəb oldu. Suranın "Niyə” klipi həmçinin. Ümumiyyətlə, mənim texniki problemim olmur. Əksinə, müğənnilərin “kapriz” problemləri var. Bu nə xəstəlikdir, bilmirəm.

- Bir müddət kino bazarında da parladınız.

- Mən elə indi də kino bazarındayam. Sadəcə indi durğunluqdur. Vaxtı ilə özəl sektorda bu işi mən dirçəltdim. Azərbaycanda çəkilən özəl filmlərin 90 faizinin montaj və rənglənməsini mən etmişəm. Son zamanlar müəyyən şirkətlər aralarında mübahisə yarandı. İstəkləri monopoliya yaratmaq idi. Onların da güdazına biz getdik. Kino elə bir sənətdir ki, orada monopoliya yaratmaq olmaz. Kiməsə filmə görə qadağa qoymaq düz deyil.

- Klip bazarı sizə nə verəcək?

- Açığı deyirəm ki, bu işi pul qazanmaq üçün etmirəm. Çünki Azərbaycan kanalları mənim çəkdiyim klipləri göstərmir. Ona görə yox ki, çəkdiklərim pisdir. Səbəb Azərbaycanda musiqi kanalının olmamasıdır. Bir kanal var, onun da yayımı və reytinqi güclü deyil. Sadəcə daxili həvəsim var. 

Hər bir insanın bu həyatda missiyası var. Vaxtı ilə Vaqif Mustafazadəyə də boş, lazımsız yerə irad bildirirdilər. İndi arada mənə də deyirlər ki, həkimsən get həkimliyini elə. Hətta evdə də valideynlərim arada söyləyirlər ki, sən nə işlə məşğulsan. Mən 4 il ardıcıl "Rode" qısa filmlər festivalının finalına qədər irəliləmişəm. Bu yaxınlarda çəkdiyim Sura İsgəndərlinin klipi 5 milyondan artıq baxış sayı yığıb. Halbuki, Hadisənin klipi 2 milyondan o tərəfə keçməyib.

- Bilirik ki, Türkiyə bazarı daha böyükdür. Oradan təklif gəlməyib?

- Nigarın və Suranın kliplərindən sonra çox olub. Oradakı bazara daxil olmaq üçün gərək elə orada da yaşayasan. Hələlik ailə vəziyyətim buna imkan vermir.

- Gələcək planlar haqqında danışardınız.

- Böyük planım yoxdur. Amma çox arzulayıram ki, film çəkim və özüm də çəkilim. Mən ziyalı və imkanlı ailədə böyümüşəm. Hind filmlərinə böyük marağım olub. Bəlkə də oradan qaynaqlanır ki, musiqili melodram çəkmək istəyirəm. Heç istəmirəm o filmə kimsə baxsın. Çəkib evdə özüm baxacam.

- Vaxtı ilə "Sevən ürəklər" qrupu həddən artıq populyar idi.

- Vaxtı ilə deyəndə ki, bu müddət ərzində 100-ə yaxın musiqimiz olub. Yeni klipimiz 15 gündür işıq üzü görüb. Sadəcə biz o populyarlığı illər öncə yaşamışıq. Yəni indi ona ehtiyacımız yoxdur. Qrupun üzvü Nail aranjemanla məşğuldur, Şaiq hərbidədir, mən də bildiyiniz kimi kino və klip sahəsində.

- Sanki ölkədə konsertlər də azalıb.

- Bu çox geniş mövzudur. Niyə biz sovet dövründə hind filmlərinə ailə ilə gedib baxırdıq? Çünki insanlar indikindən qat-qat xoşbəxt idilər. İnanın, indi də çox istəyirəm ki, ailəm ilə birlikdə hind filmlərinə baxım. Amma indi elə əfsanəvi filmlər yoxdur. Heç yadıma gəlmir ki, ailəmlə birlikdə nə vaxt filmə baxmışam.

1326
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

5
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

5
Xaç, arxiv şəkli

"Xristian irsimizi tanıyaq" - Müqəddəs Məryəm ana katolik kilsəsi - VİDEO

20
(Yenilənib 11:43 22.01.2021)
Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.

BAKI, 22 yanvar — Sputnik. Müqəddəs Məryəm ana katolik kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən ("Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" kostyolu - polyak katolik kilsəsi, memarı İ.K.Ploşko) inşa edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Məryəm ana katolik kilsəsi haqqında qısa videoçarxı təqdim edir.

20
Vüqar Səfərli, arxiv şəkli

Vüqar Səfərli apelyasiya şikayəti verdi - Ev dustaqlığına çıxmaq üçün

0
(Yenilənib 13:14 23.01.2021)
Qeyd edək ki, Səfərli bir müddət əvvəl də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ramin Qaraqurbanlının icraatına verilib.

Məhkəmənin baxış iclası yanvarın 25-nə təyin olunub.

Qeyd edək ki, V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, "Portos" MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə "Portos" MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2" aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol" qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

0