Afaq Abbasova

Afaq Abbasova: "Çıxış zamanı ariya bitdi, amma əl çalan olmadı"

2279
(Yenilənib 22:50 12.08.2019)
Əməkdar Artist: "Çox təəsüf ki, indiki zamanda sənətə yox diploma qiymət verənlər də var"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Müsahibimiz Afaq Abbasova 1986-cı ildə Şirvan şəhərində müəllim ailəsində anadan olub, 2002-2006-cı illərdə Asəf Zeynallı adına musiqi kollecində təhsil alıb. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Xalq artisti, professor Fidan Qasımovanın tələbəsidir.

2010-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrın repertuarındakı "Sevil", "Arşın mal alan", "Traviata", "Boqema", "Çio-Çio-San", "Trubadur" opera tamaşalarında Sevil, Gülçöhrə, Gülnaz, Nigar, Violetta, Mimi, Çio-Çio-San, Leonora kimi aparıcı partiyaları ifa edib. Türkiyə, Avstriya, Şimali Kipr və Moldovada keçirilmiş beynəlxalq festivallarda çıxış edib.

Afaq Abbasova
© Sputnik / Kamal Almuradlı
Afaq Abbasova

Belarusun "Bolşoy teatr"ının, Belqrad Milli Opera Teatrının, Əlişir Nəvai adına Özbəkistan Akademik Opera Teatrının dəvətli solistidir. 2014-cü ildə Azərbaycanın Əməkdar Artisti adına layiq görülüb.

- Afaq xanım, sizdə operaya maraq necə yarandı?

- Bizim ailəmizdə musiqiçi olmayıb. Atam da, anam da müəllimdirlər. Bütün uşaqlar kimi kiçik yaşlarımda mahnı oxumuşam. Amma görünür məndə istedad fərqli olub. Kənardan dinləyənlər gözəl səsim olduğunu bildiriblər. Əslində uşaq vaxtı təhlükəsizlik orqanlarında işləməyi arzulamışam. Amma böyüdükdən sonra atamın yaxın dostu məsləhət gördü ki, musiqi sahəsinə gedim. Düzdür, valideynlərim razı olmasalar da, sonradan yola gəldilər. Sənədlərimi Asəf Zeynallı adına Musiqi Kollecinə verdim. Kollecin rəhbəri Nazim Kazımov məni dinlədi və bu təhsil ocağına qəbul etdi. İlk ifam "Sevgili canan" oldu. Hazırda da həmin kollecdə dərs deyirəm.

- İlk müəlliminiz kim olub?

- İlk müəllimim Natəvan Şeyxova oldu. O məni məcbur etdi ki, kolleci bitirən kimi sənədlərimi konservatoriyaya verim. Təhsilə gec başladığım üçün mənə çətin gəlirdi. Amma çox çalışdım. 2006-cı ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul oldum. Akademiyanın ikinci kursundan Opera və Balet teatrının tamaşalarına gedirdim. Elə həmin vaxtdan məndə teatrda oxumaq üçün həddən artıq həvəs yarandı. Əlbəttə ki, bir tələbə üçün bu arzuların reallaşması çox tez idi. Sənətin sirlərinə yiyələnəndən sonra qəti şəkildə rayona qayıtmamaq qərarına gəldim. Çünki mənim öncədən də istəyim diplom əldə etmək yox, sənətə yiyəlnmək idi. Çox təəsüf ki, indiki zamanda sənətə yox, diploma qiymət verənlər də var. Ailəm də təkid edirdi ki, bitirdin qayıt gəl və texnikumda dərs de.

- Bu qərarı verərkən yəqin içinizdə bir əminlik olub.

- Elədir ki var. Çünki mən imtahanlarımı uğurla vermişdim. Fidan xanımın tələbəsi olmaq o demək deyil ki, qiymətlər asan şəkildə yazılır. Mən həmçinin Azərbaycan Respublikasının xalq artisti, professor, Azərbaycanın ilk peşəkər qadın teatrı rejissoru mərhum Gülcahan Güləhmədovanın tələbəsi olmuşam. Onun son günlərinə qədər evinə gedirdim. O, mənə opera rejissorluğunun sirlərini öyrədirdi. Hətta mənə söyləyirdi ki, gəl sənə kitablarımı verim rejissorluğa hazırlaş. Mən ondan çox şey öyrəndim. Klassik musiqi elədir ki, onun içinə daxil oldunsa çıxış yoxdur. Zaman keçdikcə mənim qidama çevrildi, əl çəkə bilmədim. Bütün günüm musiqi dinləməklə, internet üzərindən xarici klassikaya qulaq asmaqla, tamaşalara baxmaqla keçirdi. Mənə elə gəlirdi ki, ayrılsam sağalmaz xəstəliyə düçar ola bilərəm. Opera mənim həyat tərzimə çevrildi.

- Opera və Balet teatrında ilk rolunuzu necə xatırlayırsınız?

- İlk rolum Cüzeppe Verdinin "Traviata" operasında Violetta obrazı olub. Mənə əsər təqdim edildi və deyildi ki, səni dinləyəcəyik bəyənsək burada fəaliyyət göstərəcəksən. Opera teatrının səhnəsi sınaq meydanıdır. Əgər sən özünü doğrultsan oxuyacaqsan. 23 yaşımda baş rol ifa etmək böyük məsuliyyət tələb edirdi. İfa zamanı çox həyəcanlı idim. Amma işimin öhdəsindən gələ bildim. Məhz bu tamaşadan sonra məni solist kimi qəbul etdilər.

- Səhnədən səhnəyə fərq varmı?

- Səhnədə fərq yoxdur. Amma tamaşaçıdan tamaşaçıya fərq var. Səhnədə çıxış zamanı tamaşaçıların əl çalmağından reaksiyanı bilmək olur. Bir dəfə səhnədə çıxış zamanı ariya bitdi, amma əl çalan olmadı. İlk dəfə idi bu halla rastlaşırdım. Zalda tam sakitlik çökdü. Öz-özümə fikirləşdim ki, pis oxumuşam. Bir neçə saniyədən sonra alqış, bravo sədaları ucaldı. Tamaşa bitən kimi, musiqiçi dostlardan soruşdum ki, ifamdan sonra niyə sakitlik çökdü? Cavab olaraq söylədilər ki, çox mükəmməl oxudun. Tamaşaçılar ardını gözləyirdilər.

- Afaq xanım, digər teatrlara marağınız varmı?

- Tələbə vaxtı Akademik Milli Dram Teatrında və Akdemik Musiqili teatrda olmuşam. Teatrlar bir-birinə bağlıdır. Aktyor peşəkarlığı baxımından mütləq baxmaq lazımdır. Açığı, vaxtımın darlığından son dövrlər alınmır. Amma mütləq imkan tapan kimi gedəcəm. Xarici səfərlərim zamanı bir qayda olaraq getdiyim yerdə opera teatrına baş çəkirəm.

- Elə bir opera teatrı var ki, arzusundasınız?

- Hər bir ifaçının istəyər ki, Avropa səhnəsində çıxış etsin. Elə bir ifaçı yoxdur ki, La Skalanı arzulamasın.

Ən böyük arzum isə Azərbaycan operalarını xarici səhnələrdə ifa etməkdir.

- Hansı ölkənin musiqilərini daha çox bəyənirsiniz?

- Klassik operaları yox, xalq musiqisini nəzərdə tutursunuzsa, Azərbaycan xalq musiqilərinin dünyada bərabəri yoxdur. Bunu tam əminliklə deyirəm.

- İtaliyada festivaldan yeni qayıtmısınız. Səfər barədə məlumat verərdiniz.

- May ayında Bakıda İtaliya səfirliyinin təşkilatçılığı ilə tamaşalar oynanıldı. Drijor İtaliyadan dəvət olunmuşdu. Həmin səfər zamanı məni və digər solist həmkarlarım dinlənildi. Bir müddətdən sonra isə məni Romaya dəvət etdilər. Orada Bethovenin 9-cu simfoniyasını ifa etdim. Bu festivalda Almaniya, Italiya, ABŞ, Rusiyadan olan vokalçılar iştirak edirdi. Çox böyük fəxr hissi ilə deyirəm ki, festivalın açılışını bizə həvalə etmişdilər. Azərbaycan adına məncə böyük uğurdur.

- Dünyanın bir çox səhnələrində çıxış etmisiniz. Kuryoz, fors major hadisə ilə qarşılaşmısınız?

- Belqradda "Trubadur" tamaşasında Leonora obrazını canlanıdırırdım. 3-cü aktda Leonora zəhər içməli idi. Kulisdə gözləyirəm ki, tərəf müqabilim çıxışını bitirsin və mən səhnəyə çıxım. Süjet xəttinə görə mübahisə etməliyəm və sonra barmağımdakı üzükdən zəhər içməliyəm. İfa vaxtı yadıma düşdü ki, üzüyü unutmuşam. Həmən an barmağımı tutdum ağzıma üzümü tamaşaçılardan çevirdim. Guya zəhəri içib üzüyü xüsusi jestlə atdım. Izləyicilər bunu hiss etmədi.

- Ciddi musiqi ilə məşğul olan şəxs kimi ara musiqilərinə münasibətiniz?

- Məncə hər şeyi zamana buraxmaq lazımdır. Mən professional musiqinin tərəfdarıyam. Fürsətdən istifadə edib klassik musiqi dinləməyən insanlara səslənirəm. Bir dəfə dinləsəniz dünya görüşünüz, musiqi zövqünüz, həyata baxışınız müsbət mənada dəyişəcək. Əsl musiqinin nə olduğunu anlayacaqlar. Ən azından öz klassik musiqilərimizi dinləmək vacibdir.

2279
Tamer Karadağlı, arxiv şəkli

“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim

921
"Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik" - Tamer Karadağlı

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib. Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki il əvvəl getdim oraya və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub: “Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

Qeyd edək ki, 53 yaşlı aktyor “Bir tutam baharat”, “Memlekette Demokrasi Var”,  “Şans Kapıyı Kırınca”, “Pamuk prens” və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur “Acayib hikayeler”,  “Doktorlar”, ”Fedai”, “Ah kalbim” və s. seriallarına çəkilib. Azərbaycan tamaşaçısı isə onu “Çocuklar duymasın”dakı Haluk obrazı ilə sevib.

921
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
Bella Hadid, arxiv şəkli

Dünya şöhrətli model: "Özümü faydasız hiss edirəm"

530
(Yenilənib 20:16 06.08.2020)
Hamam dəsmalına bürünərək çəkdirdiyi şəkillərini "Instagram"-da paylaşan model "500 gündür" özünütəcriddə yaşadığını deyib, baxmayaraq ki, COVID-19 cəmi 8 aydır aşkarlanıb

 

BAKI, 6 avqust — Sputnik. Üz proporsiyasına görə dünyanın ən gözəl qadını sayılan 23 yaşlı model, fələstin əsilli Bella Hədid karantin dövründə çəkdirdiyi fotolarını paylaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, "Instagram" səhifəsində paylaşılan şəkillərdə üzündə qrim olan supermodel yataq otağında hamam dəsmalına bürünərək poza verib.

Model deyib ki, "500 gündür" özünü tamamilə faydasız hiss edir. Çünki pandemiya dövründə özünütəcrid rejiminə riayət etməyə və evdə qalmağa çalışıb. Karantin dövründə müxtəlif yeməklər hazırlayıb paylaşan model, eyni zamanda dülgərlik və təsərrüfatla məşğuldur. Bundan başqa, Hədid izləyicilərinə evdə oturarkən necə makiyaj etməyi öyrədib.

Ulduzun çəkdirdiyi şəklin fonundakı Odri Hepbernin portretləri izləyicilərin diqqətini cəlb edib. Bella aktrisanın şəkillərindən ilhamlandığını yazıb.

530
Əlaqədar
“Miss Azərbaycan”la tanış olmağın çox asan yolu varmış – zərfin içində...
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Qərənfil, arxiv şəkli

Azərbaycanda idman assosiasiyasının rəhbəri vəfat edib

0
(Yenilənib 18:17 08.08.2020)
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti professor Xanlar Qurbanov bu gün, 71 yaşında vəfat edib

BAKI, 8 avqust — Sputnik. Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri, professor Xanlar Qurbanov dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası sosial şəbəkədə məlumat yayıb.

Məlumatda deyilir ki, SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” ordeninin laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovunun vəfatı yalnız Akademiyaya deyil, idman aləminə böyük itkidir.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Xanlar Qurbanova rəhmət diləyib, ailəsi və yaxınlarına başsağlığı verib.

0