Gənc və istedadlı aktyor Şəmsəddin Quliyev

Gənc aktyor: "Biletin qiymətini 2 manat edəndə dedilər varlanmaq istəyirsiz?"

2374
(Yenilənib 23:33 14.07.2019)
"Afişada Fərdanı, Elməddini, İslamı görən kimi bilet alıb gəlirlər"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Gənc və istedadlı aktyor Şəmsəddin Quliyev Qax rayonunda anadan olub. Məktəb illərindən teatra, kinoya sidq ürəkdən bağlı olan gənc Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirib. Gənc aktyor çoxlarının mümkünsüz hesab etdiyini illər öncə reallaşdırıb. Belə ki, yaradıcı dostları ilə birlikdə "Şəriklər" adlı 49 seriyadan ibarət serial çəkib. O, Sputnik Azərbayan-a müsahibəsində bildirib ki, adıçəkilən serialı pulsuz çəkiblər və bu, bölgədə bir ilk olub:

"Bu, regionda bir ilk idi. Serialın davamını çəkmək istəyirik. Demək olar ki, o, bizə pulsuz başa gəlib. Çəkiliş, montaj, yol xərcləri, məkanlar üçün pul xərcləməmişik. Çünki heç kim pul istəmirdi. Kanal S (indiki ARB Şəki) də serialın yayımına görə, bizdən pul istəmədi. Orada rol alan aktyorların əksəriyyəti aktyor sənəti təhsili almayıblar. Bəlkə də elə ona görə serial təbii və səmimi alındı. Yayınlandığı dövrlərdə çox sevilirdi".

Şəmsəddin Quliyev
© Şəmsəddin Quliyevin şəxsi arxivindən
Şəmsəddin Quliyev

Həmsöhbətimiz yaşadığı bölgənin paytaxtdan uzaq olmasının yaradıcılığına təsir etdiyini deyir: "Bölgədə yaşamağım yaradıcılığıma təsir edir. Heç kəsə sirr deyil ki, bu gün rayonlara nisbətən paxtaxt daha çox inkişaf edib. Bu, incəsənət sahəsində özünü daha qabarıq göstərir. Bölgələrdə teatrların və kinonun vəziyyəti elə də ürəkaçan deyil. Televiziyalar demək olar ki, yoxdur. Belə olan təqdirdə, cavanlar qaçır paytaxta. Onları qınamıram. Burada nə qədər çalışsam da, istədiyimi əldə edə bilməyəcəm. Məsələn, ötən il "Taksi Liza" filminə çəkildim. Orada bəy obrazını mənə həvalə etmişdilər. Toy səhnəsinin çəkilişini edirdik, sübh tezdən çəkməli idik. Rejissor dedi "olmaz, biz indi çəksək, tamaşaçı bunu başa düşəcək". Çəkiliş təxirə salındı. Mən qayıtdım Qaxa. Günorta zəng elədilər ki, axşam çəkilişdi. Mən əlimdə o kostuyumla yenidən qayıtmalı oldum Bakıya".

Hər insanın uşaqlıq arzuları olur və o, həmin arzuların reallaşmasına can atar. Elə müsahibimiz də uşaqlıq arzularının reallaşmasına can atıb və dediyinə görə, qismən də olsa nəticə əldə edib: "Mənim 3 böyük arzum var idi: Futbol həvəskarıyam, uşaqlıqdan ən böyük xəyalım "Qalatasaray"ın oyununa getmək idi; ikinci arzum, bir dəfə də olsa kinoteatrda özümü seyr etmək idi, üçüncü arzum da Türkiyədə hər hansı bir filmə çəkilmək. Demək olar ki, hər üç uşaqlıq arzuma çatmışam".

Son dövrlər Azərbaycanda komediya filmlərinin çəkilişi geniş vüsət alıb. Gənc aktyor bu filmlərin sırf kommersiya xarakteri daşıdığını söyləyir:  "Hər kəs çalışır ki, komediya çəksin. Sponsorlar da komediya filmlərinə pul ayırmaqda maraqlıdırlar. Digər janrlarda film çəkiləndə tamaşaçı çox az gəlir. Kinoteatrlara da bu sərf etmir. Klaviatura qəhrəmanları həmişə komediya filmlərini öz şərhlərində tənqid edirlər. "Bu nədi, şit, bayağı filmlər çəkirsiz. Ondansa, vətənpərvərlik mövzusunda film çəkin, gəlib baxaq". Amma çəkib kinoteatrda nümayiş olunanda 5 manatlarından keçib gəlib filmə baxmırlar. Amma afişada Fərdanı, Elməddini, İslamı görən kimi bilet alıb gəlirlər. Çəkildiyim "Taksi Liza" filmi bir neçə dəfə nümayiş olunub. Hər dəfə zal dolu olub".

Ş.Quliyev Azərbaycan incəsənətinə adlarını qızıl hərflərlə yazdıran aktyorları zirvə sayır və onlardan örnək aldığını deyir. Aktyor düşünür ki, yaradıcı insan örnək götürə bilər, lakin onun da öz dəsti-xətti olmalıdır: "Türkiyənin məşhur aktyoru Şahan Gökbakar özünü Kamal Sunalla müqayisə etmişdi. Cəmiyyət onu qınamışdı. Mənə elə gəlir ki, bizim müasir aktyorlarımız cürət edib bu sözü söyləməzlər. Məsələn, düşünmürəm ki, Fərda ya da Elməddin özlərini Yaşar Nuri, Siyavuş Aslan, Eldəniz Zeynalov və digər bizim klassiklərimizlə müqayisə etsinlər. O insanlar öz dövlərində də,  bu gün də sevilirlər, gələcəkdə də seviləcəklər. Bugünkü yumor qəhrəmanlarımızın isə gələcəkdə xatırlanıb-xatırlanmayacağını  zaman göstərəcək. Təbii ki, mən də daxil olmaqla bütün aktyorlar klassiklərimizdən örnək alırıq, onlardan öyrənirik, lakin onların yolunu getmirik. Bu günün tələbi başqadır. Həm də ki, hər kəs öz yolunu getməlidir. Mən kimisə təqlid etsəm, məni heç kim tanımayacaq".

Gənc aktyor nümunəvi addımları ilə də tanınıb. Belə ki, tamaşadan yığılan pulları xeyriyyə məqsədilə xərcləyib. Dediyinə görə, Qaxda 3 ay səhər-axşam məşq edib tamaşa veriblər, biletlərin qiyməti isə cəmi 1 manat olub. Sonradan biletin qiymətini 2 manat edəndə isə yerli camaatın qəribə reaksiyası ilə üzləşiblər: 

"Dedilər ki, "varlanmaq istəyirsiz"? Amma o afişada "bayağı", "şit" adlandırdıqları aktyorların birinin şəkili olsaydı və biletin qiymətini 5 manat etsəydik, gedib o bileti alacaqdılar. 300 nəfərlik zal idi, 600 manat qazandıq. O pulun yarısı texniki avadanlıqların icarəsinə getdi. KVN-dən qazandığım ən çox pul 50 azn olub. Aktyorlarla məsləhətləşdik ki, gəlin pullarımızı toplayaq, rayonda olan imkansız ailəni sevindirək. Belə də etdik. Sağ olsunlar, sözümü geri çevirmədilər".

Şəmsəddin Quliyev teatr səhnəsində
© Şəmsəddin Quliyevin şəxsi arxivindən
Şəmsəddin Quliyev teatr səhnəsində

Ötən il Şəmsəddinin ən böyük arzusu reallaşıb. O, Türkiyə, eləcə də Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi "Bir litr göz yaşı", "Möhtəşəm ikili" və "Mehmetçik" serialına çəkilib:

"Əslində Türkiyəyə əməliyyat üçün getmişdim. Burnumda problem var idi. İşdən 1 aylıq icazə alıb getdim. 1-ci kursda oxuyanda bir tələbə yoldaşım Türkiyədə serialların birində pizzacı rolunu oynayırdı. Dedim kaş mən də bir dəfə də olsa çəkilərdim. Türkiyəyə getdikdən sonra dostuma dedim "məni ajanslara apara bilərsən?" Getdik ajansa, şəkillərimi çəkdilər. Axşam mənə mesaj gəldi ki, "siz projemiz üçün uyğunsuz". Məni Azərbaycanda da çox sevilən "1 litr göz yaşı" serialına dəvət etdilər. Epizodik də olsa, mən onlardan çox şey öyrəndim. Sevdiyim aktyorları gördüm, onlarla eyni serialda çəkilmək mənim üçün böyük uğurdu".

Aktyorun türklərin alman dəqiqliyi ilə işləməsindən xoşu gəlib. Düşünür ki, bəlkə də elə buna görə onlar bu gün bizdən çox irəlidədirlər. "Məsələn, serial çəkilir, serial efirə getməmişdən qabaq şəkil çəkib sosial şəbəkədə paylaşmaq olmaz. Mən bu səhvi etdim, setdən şəkil paylaşdım, o saat zəng vurdular ki, "silin o fotonu, olmaz". Hər bir aktyorun qeydinə qalırdılar. Fərqi yoxdu bu epizodik roldə oynayır, ya baş rolda. Açığı, özüm seriallara baxmırdım, filmlərinə baxırdım. Anam baxanda onun sayəsində 1-2 serial aktyorunu tanımışdım"- deyə aktyor bildirir.

Həmsöhbətimiz türk dünyasında geniş tamaşaçı auditoriyası toplayan "Mehmetçik" serialının çəkiliş anlarından danışıb. Serialda Osmanlı əsgəri rolunu canlandıran aktyor deyib ki, tarixi serial olduğuna görə, "Mehmetçik"in çəkilişləri çox çətin idi.

"Çəkilişlərin aparıldığı məkan hava limanına yaxın idi deyə tez-tez təyyarə keçirdi. Rejissor vaxtaşırı çəkilişi dayandırırdı. Çünki tarixi serialdır, indiki tamaşaçı da həddindən artıq diqqətlidir və səvləri bağışlamır. Son dövrlərin ən məşhur serialı olan "Game of Thrones"da (Taxt-tac oyunları) məşhur kofe şirkətinin istehsalı olan kofenin reklamı gedib. Bəlkə də bilərəkdən ediblər, amma tamaşaçı bunu qəbul etmir" - deyən Şəmsəddin öz sənətini hər şeydən çox sevdiyini deyib. Buna görə də səhhətində problemlər olsa da, israrla çəkilişləri davam etdirib:

""Mehmetçik"dən bir gün qabaq reklama çəkildim. Çəkiliş açıq havada aparılırdı. Onsuz da xəstə idim, xəstəliyim daha da artdı. Dedim yatmaq olmaz, xəstə də olsam, serialın çəkilişinə gedəcəm. "Mehmetçik"də geyimim həddən artıq isti idi, xüsusilə də papaq. O istilik məni sağaltdı. Həm də ən böyük arzuma çatırdım axı, ona görə də, xəstəliyi hiss etmirdim. Yorulsam belə, bu,  türklər demiş, tatlı yorğunçuluq idi".

Həmsöhbətimiz qardaş ölkədə incəsənət xadimlərimizə olan münasibətə də toxunub. Onların bizim sənətkarlardan heç kəsi tanımaması aktyorumuzu təəssüfləndirib. Orada olduğu müddətdə həm də təbliğatla məşğul olub.

"Bizdə 7-dən 77-ə hər kəs onların incəsənət sahəsinin, idman sahəsinin məşhurlarını tanıyır. Bunun ən böyük günahkarı biz özümüz, KİV-lər və xüsusi ilə TV-lərdir. Bu gün Azərbaycan tamaşaçısı 3 yerə bölünüb: rus kanallarına baxanlar, türk kanallarına baxanlar və az qism də Azərbaycan kanallarına baxanlar. Azərbaycan telekanalları bizim mədəniyyətimizi yetərincə təbliğ etsəydilər, onlar da bizi tanıyardı. Bundan başqa, onlarda bir xalq olaraq da eqo var. Onlar "türkün türkdən başqa dostu yoxdur" məsəlini çəksələr də, "biz bize yeteriz" deyirlər".

Şəmsəddin Qax rayonunun mədəniyyət şöbəsində bədii rəhbər vəzifəsində çalışır, həm də orada bədii qiraət dərnəyinin rəhbəridir. Şimal-qərb bölgəsində KVN ((Şən və Hazırcavablar klubu) tamaşaları ilə də tanınır. Aktyor düşünür ki, o və komandası digər bölgələrdə daha çox sevilir:

"Məsələn, Zaqatalada əlamətdar günlərdə komediya şousu nümayiş etdiririk. Camaat yaxınlaşır, şəkil çəkdirir, xoş sözlər söyləyirlər. Qaxda isə dünyanın ən məşhur aktyoru da olsam, yenə də yerlilərim üçün Eyvaz kişinin oğluyam. Məni aktyor kimi yox, atam Eyvazın oğlu kimi tanıyacaqlar. Mən 49 seriyalı serial çəkdim, uşaqlıqdan tamaşalarda oynadım, amma bir dəfə "Bozbash Pictures"də məni gördülər və yerli ləhcə ilə dedilər ki,  "qada, sən də aktyorsanmı?"... Dedim normal tamaşalarıma, filmlərimə baxsaydız, bilərdiz ki, aktyoram, ya yox... 

Məhəbbət bir bəladır tamaşı
© Şəmsəddin Quliyevin şəxsi arxivindən
Məhəbbət bir bəladır tamaşı

Şəki Azərbaycanın yumor mərkəzidir. Bir dəfə Şəmsəddinin aktyor dostu Natiq İsaqov "şəkililəri güldürmək asan deyil, onları güldürə bilsən, deməli, sən əsl aktyorsan" deyib. Şəmsəddin də tədbirlərin birində dostu İbrahimlə tamaşa qurub, səhnəni 3 ləhcədə - Şəki, Qax, Zaqatala ləhcəsində hazırlayıblar. Məşqləri isə telefonun köməyilə ediblər. Şəkili tamaşaçıların istəyi əsasında tamaşanı Zaqatala ləhcəsində təqdim etməli olublar. Şəki tamaşaçıları bu nömrəni çox bəyəniblər. Natiq İsaqov aktyoru təbrik edərək, tamaşanın şəkililərin ürəyincə olduğunu deyib". Aktyor KVN-də əsasən şimal-qərb bölgəsinin ləhcəsindən istifadə etdiklərini bildirib. 

Şəmsəddin dostları ilə bir-birilərini parodiya etsələr də, bu janrın riskli olduğunu düşünür. Onun fikrincə, hər adam yumoru qəbul eləmir.

Onları Youtube-dan ən çox izləyənlər Azərbaycandan sonra Rusiya, Türkiyə və İranlı tamaşaçılardır. Hətta "qürbətdə vətəni yaşatdığına" görə ona qəflətən sarılıb minnətdarlıq edən tamaşaçıları da olub. 

Şəmsəddinin aktyorluq sənətində ilk müəllimi unudulmaz sənətkarımız Yaşar Nuri olub, sonra isə Rafiq Əliyev olub:

"Məktəb illərindən öz rayonumuzda, qonşu rayonlarda KVN-də çıxış edirdim. Müəllimim həmişə mənə bunu irad tuturdu. Tələbə vaxtı bir video çəkib paylaşmışdım, ağlıma da gəlməzdi ki, müəllim bəyənər. Dedi ki, "oğlum, çox maraqlıdır". Bu söz məni ruhlandırdı".

Bir müddət Akademik Milli Dram Teatrında çalışan aktyor hazırda bölgədə fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq teatrında işləyir. 

Qeyd edək ki,  III Respublika Xalq teatrları festivalı çərçivəsində Gənc Tamaşaçılar Teatrında Qax rayon Mədəniyyət Mərkəzinin Xalq teatrının təqdimatında Əhməd Orucoğlunun “Məhəbbət bir bəladır” komediyası oynanılıb və uğur qazanıb. Şəmsəddin Quliyevin də rol aldığı tamaşanın kollektivi Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən fəxri diplomla təltif edilib.

2374

Səyyad Əlizadənin ciyərində buzlu şüşə aşkarlanıb, müğənni ECMO cihazına qoşulub

3
ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.

BAKI, 17 sentyabr — Sputnik. Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu baradə müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb: "Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.

3
UNESCO-nun loqosu, arxiv şəkli

İşğaldan azad edilmiş ərazilərə UNESCO-nun missiyasının göndərilə bilər

3
(Yenilənib 10:57 17.09.2021)
Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

BAKI, 17 sentyabr — Sputnik. Özbəkistanda səfərdə olan mədəniyyət naziri Anar Kərimov bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri ilə görüşlər keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos ilə görüşündə Azərbaycanın UNESCO ilə sosial və humanitar elmlər sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın tarixindən söz açan Anar Kərimov bu əlaqələrin inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu bildirib.

Nazir həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" beynəlxalq platforması haqqında məlumat verib. Qeyd edilib ki, BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqu özündə ehtiva edən "Bakı Prosesi" qlobal platforma kimi yüksək qiymətləndirilib. BMT-nin Sivilizasiyalar Alyansı və UNESCO Bakının ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı kimi çıxış edir. Dünyada multikultural və tolerant ölkə kimi qəbul olunan Azərbaycan fərqlilikləri özünün zənginliyi kimi olaraq edir.

Görüşdə həmçinin Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşən ölkələrlə əməkdaşlığa böyük önəm verdiyi, bu qədim yolun müasir inkişafdakı rolunu əhəmiyyətli hesab etdiyi vurğulanıb.

Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

Söhbət zamanı UNESCO tərəfindən Azərbaycanın Ermənistan işğalından azad olunmuş Qarabağ bölgəsinə texniki missiya göndərilməsi məsələsi barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə gender bərabərliyi, gənclər sahəsində, eləcə də UNESCO-nun təşkil etdiyi Gənclər Forumu ilə əməkdaşlıq da müzakirə mövzusu olub.

Həmçinin oxuyun:

UNESCO-nun Qarabağa qiymətləndirmə missiyası göndərməsi müzakirə olunub

3
Teqlər:
YUNESKO
İmtahan, arxiv şəkli

Tələbələrə müjdə-Təhsil tələbə kreditlərinin verilməsinin vaxtı məlum oldu

2
(Yenilənib 11:58 17.09.2021)
Təhsil Tələbə Kredit Fondunun 80 milyon Nizamnamə fondu var, kreditin 40 minə yaxın tələbəyə verilməsi nəzərdə tutulub.

BAKI, 17 sentyabr — Sputnik. Oktyabr ayından etibarən tələbələr tələbə kreditlərindən yararlana biləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib. O, bildirib ki, Təhsil Tələbə Kredit Fondunun 80 milyon manat Nizamnamə fondu var, kreditin 40 minə yaxın tələbəyə verilməsi nəzərdə tutulub:

" Tələbə kreditindən istifadə həm bakalavr, həm magistr pilləsi üçün nəzərdə tutulur. Kredit sosial və standart kreditdən ibarətdir. Oğlanlara Hərbi xidmət dövrü, qızlara ailə qurduğu müddətdə 2 il ödəməmək üçün güzəşt edilir. Semestr ərzində 71 baldan yuxarı toplayan tələbələr üçün faiz hesablanmır. Standart götürülən kreditlər zamanı 91 baldan yuxarı bal toplayan tələbələr də faizdən azad olunur, 50 faiz güzəşt edilir".

N. Məmmədli qeyd edib ki, tələbələr növbəti semestrdən tələbə kreditlərindən yararlana biləcəklər. Qeydiyyat edu.az portalı üzərindən həyata keçiriləcək:

"Oktyabrdan tələbələr tələbə kreditlərindən yararlana biləcək. Ödəniş etmiş tələbələrin təhsil səviyyəsi yoxlandıqdan sonra, ödədiyi kredit ona geri qaytarılacaq. 1-ci kursda orta müvəffəqiyyət göstəriciləri nəzərə alınacaq. Qalan kurslarda şərtlər dəyişməzdir".

Həmçinin oxuyun:

Tələbələr bu ildən təhsil krediti əldə edə biləcəklər

2
Teqlər:
təhsil