Gəncə Dövlət Dram Teatrının binası, arxiv şəkli

"Hamlet" hədəfi haçalanan direktorla rejissoru üz-üzə qoydu

20
(Yenilənib 21:15 08.07.2019)
İllərlə arada yaranan hər xırda anlaşılmazlıq sonda ciddi təhlükəyə səbəb olur

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova ötən mövsüm "Hamlet" tamaşasının ictimai baxışının təxirə salınması haqda fikirlərini bölüşüb.

- Gəncə teatrı üçün ötən mövsüm nə ilə yadda qaldı?

- Bizim bir neçə xarici səfərlərimiz baş tutdu. Səfərlə yanaşı, mənim üçün ən yaddaqalan hadisə Nodar Dumbadzenin "Hellados" psixoloji dramı oldu. Biz bu tamaşa ilə Türkiyəyə, Ukraynaya səfər etdik. Tamaşada rol almış aktyorlar Ruslan Hüseynov və Murad Meyfəliyev Ukraynadakı festivalda ən gözəl aktyor dueti nominasiyası üzrə mükafat aldılar. Gürcüstanda Nodar Dumbadze festivalında ən yaxşı tamaşa nominasiyası üzrə qalib oldu. Daha sonra məni Gürcüstanın Axmeteli adına Dövlət Dram Teatrı eyni əsəri hazırlamaq üçün dəvət etdi. Mən təklifi qəbul etdim və orada tamaşaya quruluş verdim. Mövsümün sonu isə məşhur ingilis dramaturqu Uilyam Şekspirə müraciət etdik. Onun şah əsəri olan "Hamlet"i səhnələşdirdik. Artıq tamaşa hazırdır. Sentyabrda nümayiş olunması planlaşdırılır. Sadəcə, geyim və dekor məsələsi qalıb.

- Bu tamaşanın baxışı iyun ayında olmalı idi.

- Mən problemə toxunmaq istəmirəm. Teatr çox çətin sənətdir. Kollektivdə qarşılıqlı anlayış olmalıdır. Ən əsası da - teatrın direktoru və baş rejissoru bir hədəfə vurmalıdır. Belə olmadıqda isə illərlə arada yaranan hər xırda anlaşılmazlıq sonda ciddi təhlükəyə səbəb olur.

- Artıq neçə ildir Gəncə teatrında baş rejissorsunuz. Yaradıcı mühitinizi dəyişmək haqda düşünürsünüzmü?

- Beş ildir, Gəncə teatrında baş rejissoram. Mədəniyyət Nazirliyinə təşəkkür edirəm ki, digər teatrlarda tamaşa hazırlamağıma şərait yaradır. Gəncəyə qədər bir çox yerlərdə səhnə əsərlərinə quruluş vermişəm. Sözün düzü, fikirləşmirdim ki, Gəncədə bu qədər müddət fəaliyyət göstərərəm. Bunun müsbət və mənfi cəhətləri var. Mən bir yerdə dayanan rejissor deyiləm. Fərqli yerlərdə özümü sınayıram. Ümid edirəm ki, öz teatrımı haçansa tapacam.

20