Əməkdar jurnalist Varis Yolçuyev

Varis: "Hər il gələndə başqaları şad olur ki, bir il yaşadım, amma mən itirdim deyirəm"

572
(Yenilənib 17:21 23.06.2019)
Yazar: "Təltif olunmağa ehtiyacım yoxdur"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Azərbaycan yazıçısı, əməkdar jurnalist Varis Yolçuyevin Moskvada "Qızıl LİFFT" seriyasında nəşr edilən "Metamorfoz. Bir gecənin əhvalatı" kitabı oxuculara təqdim olunub. Roman bir-birini tanımayan müxtəlif taleli beş insanın təsadüfən rastlaşmasından və hər birinin tale hekayətindən bəhs edir - beş dərdli insanı dərd bir yerə yığır ki, onları nisbətən yüngülləşdirsin. Fürsətdən istifadə edib festivaldan yenicə dönmüş yazıçıdan müsahibə aldıq.

- Varis bəy, bu yaxınlarda Moskvaya səfər etmişdiniz. Zəhmət olmasa, səfəriniz barədə məlumat verərdiniz.

- Moskvaya Rusiya Yazıçılar İttifaqının və Avrasiya Millətlər Assambleyası ədəbiyyat şurasının dəvəti ilə getmişdim. Belə ki, iyunun 2-də Moskvada hökumət evində böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin 220 illik yubileyi münasibətilə Rusiya Yazıçılar İttifaqının rəyasət heyətinin qərarı ilə bir qrup yazıçıya "Puşkin" medalı təqdim olunurdu. Həmin yazıçılar ötən il ərzində ən yaxşı nəsr və poeziya nümunələri ortaya qoyan və bu əsərləri "Rusiya poeziya almanaxı" və "Rusiya nəsr almanaxı" adlı vintaj kitablarına düşən müəlliflər idi ki, onlardan biri də mənəm. Rusiya Yazıçılar Birliyinin sədri Dmitri Kravçuk medalı şəxsən mənə təqdim etdi. Bununla yanaşı, qeyd edim ki, 1-6 iyun tarixlərində Moskvanın Qızıl meydanında böyük kitab festivalı keçirilirdi. Həmin sərgidə mənim Qızıl LİFFT seriyasında çıxmış "Metamorfoz" kitabımın təqdimatı oldu.

Əməkdar jurnalist Varis Yolçuyev
© Sputnik / Murad Orujov
Əməkdar jurnalist Varis Yolçuyev

- Necə oldu ki, Avrasiya materikinin ədəbiyyat üzrə LİFFT festivallar festivalına qatıldınız?

- Ötən il internetdən məlumat aldım ki, 98 ölkənin qatılacağı belə bir festival keçiriləcək. Qərara aldım ki, bu yarışda iştirak edim. Təşkilat komitəsinə sözügedən əsərimi göndərdim. Seçim turunu keçərək Soçiyə vəsiqə qazandım. 37 ölkənin 170 yazıçısının qatıldığı bu mötəbər yarışda iştirak etdim. 4 gün davam edən festival 27 may 2018-ci il tarixində yekunlaşdı. Çox arzu edirdim ki, Cümhuriyyətimizin 100 illiyində üçrəngli bayrağımızı qalib kimi dalğalandırım. Şükürlər olsun ki, bu mənə nəsib oldu. Avrasiya materikinin ədəbiyyat üzrə LİFFT festivallar festivalının qalibi olduğum üçün bu il Qızıl meydandakı kitab festivalında LİFFT-in qızıl seriyasını rus şairi Konstantin Kedrov Çelışev, qazax yazıçısı Oljas Süleymenov və mən təqdim edirdik. Bu layihə çərçivəsində mənim "Metamorfoz" romanım qalib olduğu üçün yalnız bu əsər çap olunub. Bütün xərcləri isə həmin nəşriyyat tərəfindən ödənilib. Qaydalara görə, yalnız qalib əsərlər çap oluna bilər.

- Növbəti ədəbiyyat yarışı nə vaxt olacaq?

- Növbəti yarış qalib olan şəxsin ölkəsində keçirilməlidir. Ənənəyə uyğun olaraq, bu il festival 30 sentyabr – 4 oktyabr tarixlərində Bakıda keçiriləcək. Bu mötəbər tədbir BMT-nin himayəsi altında baş tutacaq. Təşkilatçı LİFFT fondu, Azərbaycanda isə Heydər Əliyev Fondudur. Festival Heydər Əliyev Mərkəzində keçiriləcək və 55 ölkədən 200 yazıçı qatılacaq. Gələnlər arasında Nobel mükafatçıları da var. Məşhurlardan polyak şairi Kşiştof Şatravski, qazax yazıçısı Oljas Süleymenov, yapon əsilli dünya sülh mükafatı laureatı Xadao Sendao, italyan ədəbiyyatşünası Massimo Maurisio, yapon yazıçısı Akufimi Takida, türk Serjat Kabaklı, Nobel nominantı olan ris şairi Konstantin Kedrov-Çelişev var. Azərbaycandan festivalın fəxri spikerləri Anar, Elçin, Kamal Abdulla, Elmira Axundova, Çingiz Abdullayev, Ramiz Fətəliyev, Nizami Cəfərov, Ramiz Rövşən, Afaq Məsud olacaq. Onu da qeyd edim ki, təşkilatçılar bu festivalı böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr ediblər. Bir sözlə, bu il ölkəmizdə böyük kitab bayramına şahidlik edəcəyik.

Əməkdar jurnalist Varis Yolçuyev
© Sputnik / Murad Orujov
Əməkdar jurnalist Varis Yolçuyev

- Varis bəy, televiziyadan ayrıldınız, amma qəzetdən əsla...

- Bilirsiniz ki, mən həm də jurnalist kimi fəaliyyət göstərirəm. Azərbaycanın əməkdar jurnalistiyəm. Hazırda nəşr etdiyim "168 saat" qəzeti ilə bağlı onu deyə bilərəm ki, ölkədə nəşr olunan yeganə regional rəngli qəzetdir. Dünyada qəzet jurnalistikası ölməyibsə, bizdə də ölməməlidir. Hazırda onlayn media aparıcı olsa da, çap mediası da yaşamalıdır. Böyük abunə kütləmiz var. Satışı da normaldır.

- Sosial şəbəkələrdə ən çox futbolu tənqid edirsiniz. Bu, futbola olan sevginizdən irəli gəlir və ya ən çox problemi bu sahədə görürsünüz?

- Mən qatı futbol azarkeşiyəm. İndiyə qədər də futbol oynayıram. Bu sevgi hələ uşaq vaxtımdan var məndə. Gənclik illərim sovet vaxtına təsadüf edir. O vaxt SSRİ və "Neftçi" (Bakı) anlayışları var idi. Flaqmanın Bakıda keçirilən 15 oyununa gedib izləyirdik. Xüsusi ilə də "Neftçi" və "Ararat" klubları arasında keçirilən oyun ajiotajlı olurdu. Həvəslə gedib baxırdıq. Qatı futbol azarkeşi olduğum üçün indi də klublarımızın və milli komandamızın beynəlxalq turnirlərdəki məğlubiyyətinə çılğın reaksiya verirəm. Azarkeşlər futbol qurumunu günahlandırsa da, mən fərqli düşünürəm. Birdən-birə dünya və ya Avropa çempionu ola bilmərik. İndi bizdə fərdi yarışlarda nailiyyətlər əldə olunsa da, sovet dövründə komanda yarışlarında, istər voleybol olsun, istər həndbol, nəticələrimiz olub. Əlifba A hərfindən başlayır, futbolsa uşaq və məhlə futbolundan başlayır. Ümumiyyətlə, futbola kompleks yanaşılmalıdır. Uşaq futbol məktəbi inkşaf etdirilməlidir. Əcnəbi məşqçi, oyunçu gətirməklə problemi həll etmək olmaz.

Əməkdar jurnalist Varis Yolçuyev
© Sputnik / Murad Orujov
Əməkdar jurnalist Varis Yolçuyev

İndi qələbələr olmasa da, məncə, əcnəbi məşqçi ilə öz evimizdə ortabab yığma komandaya 1:5 hesabı ilə uduzmaq biabırçılıqdır. On milyon əhalisi olan ölkənin çempionatında 8 yox, daha çox klub iştirak etməlidir.

- Bu yaxınlarda doğum gününüzü qeyd etdiniz. Hansı yazıçılardan təbrik aldınız və hansılardan gözləyirdiniz, amma təbrik edən olmadı?

- Tam ciddi deyirəm. Uşaqlıqdan doğum gününü qeyd etməyi sevməmişəm. Təbrikləri də sosial şəbəkədə qəbul etdim. Dostlarım təbrik etdilər. Xaricdə yaşayan kolleqalarım əlaqə saxladılar. Hər il gələndə başqaları şad olur ki, bir il də yaşadım, amma mən itirdim deyirəm. Adamlar var, qapı-qapı gəzib nəsə umurlar. Doğum gününə son ümid yeri kimi baxırlar. Təltif olunmalarını istəyirlər. Mənim bunlara ehtiyacım yoxdur.

572