Çəkiliş meydançası

Azərbaycanda Türkiyə təcrübəsi tətbiq edilsin: Həm sənət qazanacaq, həm dövlət

5398
(Yenilənib 16:53 16.04.2019)
Sənətkarları sənətin ətrafına toplayıb onların yaradıcılığından faydalanmaq lazımdır

BAKI, 18 aprel — Sputnik. Tarix təcrübələr kitabıdır. Tarixə baxanda görürük ki, bu gün dünyaya meydan oxuyan bütün ölkələrin inkişafı elm və mədəniyyətin tərəqqisindən keçir. Bu gün güc sahibi olan Amerika, Avropa ölkələri, Rusiya, Çin, Yaponiya, İsrail kimi ölkələr də elm və mədəniyyət hesabına indiki zirvəyə yüksəlib.

Təəssüf ki, bizim ölkədə elm və mədəniyyətlə bağlı bir sıra problemlər hələ də tam həllini tapmayıb. Nəticədə bəzi elm, sənət adamlarımız xaricə üz tutmaq məcburiyyətində qalıblar. Dünyanın fizika, riyaziyyat, kimya olimpiyadalarında böyük uğurlar qazanmış gənclərimiz, əsasən Amerikaya, Avropaya yerləşib orada fəaliyyət göstəriblər. Bu gün Slikon Vadisində yaşayan "Twitter"də, "Facebook"da çalışan azərbaycanlı gənclər var.

Azərbaycanda sənətin qarşısında bəzi əngəllər durur. Əgər bu gün bir sənət adamının öz yaradıcılığı ilə uğur qazanması üçün keçdiyi yola baxsaq, bu yolu keçmək üçün insani sevgidən başqa heç bir amil məcbur edə bilməz. Sənət adamlarının yaralı yeri də məhz o sevgidir. Məhz o sevgidən imtina edə bilmədikləri üçün hər əziyyətə tab gətirirlər.

Bu əngəllərin aradan qaldırılması üçün, təkrarçılıq olmasın, sənət adamlarına sərbəstlik vermək və yaradıcı adamların maddi rifahını yaxşılaşdırmaq lazımdır. Müasir dünyamızda musiqi və kino sahələri böyük gəlirli biznes sahələrinə çevrilib. Bizdə isə musiqinin gəliri toy səhnəsindən, kinonun gəliri bayağı komediyalardan keçir.

Bunu həll etmək üçün, mədəni həyatımızı inkişaf etmiş ölkələrin mədəni həyatı ilə eyni səviyyəyə qaldırmaq üçün onların təcrübələrindən faydalanmalı, onların üsulların öz inkişaf prosesimizə tətbiq etməliyik. Məsələn, Türkiyədə kinoya, seriala vəsait ayıran özəl şirkətlər dövlət vergilərindən müəyyən faizlə azad olunur. Bununla həm dövlət, həm şirkət, həm də mədəniyyət qazanır.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər
© Official website of President of Azerbaijan Republic

Olduqca ağıllı və əlverişli üsuldur. Dövlət öz hesabına kinoya pul ayırmaqdansa, sahibkarları bu işə cəlb edir, əvəzinə vergi faizlərini azaldır. Sahibkar da həm vergi ödəmək, həm də reklam xərci çəkməkdənsə, hər ikisini bir yoldan ödəməklə kino və seriala maraq göstərir. Daha sonra kino və serial gəlirlərindən dövlət yenə öz vergisini götürür. Ortada itirən yoxdur, qazanan isə çox. Mükəmməl deyilmi?

Mən bu üsulun Azərbaycandakı kino və serial sektoruna tətbiq olunmasını vacib hesab edirəm. Son dönəm mədəniyyətin və mədəniyyət adamlarının dövlət diqqətində olması ürəkaçandır. Lakin bunun mühüm və uğurlu nəticələr verməsi üçün, müasir və ağıllı təcrübələrdən bəhrələnmək lazımdır. Ənənəvi, sovet üsulu ilə mədəni dirçəliş müasir dünyamızda elə də uğurlu olmayacaq.

Bir faktı unutmamaq lazımdır ki, hər bir istedadı itirdikcə, dövlət də, xalq da, sənət də itirir. Bu itirməklə bir yerə vara bilməyəcəyik. Sənətkarları sənətin ətrafına toplayıb onların yaradıcılığından faydalanmaq, ölkəni və xalqı mədəniyyətlə təmsil etmək, mədəniyyətlə dirçəltmək zamanıdır.

5398
Teqlər:
vergi, dövlət, serial, kino, sənət
Əlaqədar
"Böyük Dayaq” filminin çəkildiyi evə səyahət
Filmlərə layiq sevgi hekayəsi: Əlilliyi olan cütlük hər şeyə rəğmən xoşbəxtdir
"Nəsimi", "Babək", "Koroğlu" filmlərinin çəkildiyi qalanın sirri
Məşhur rejissor azərbaycanlı qızla rus oğlanın sevgisi barədə film çəkmək istəyir

Azərbaycanlı məşhurlar vaksinasiyadan sonra özlərini necə hiss edirlər

640
(Yenilənib 22:34 07.03.2021)
"İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil".

BAKI, 7 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı məşhurların bir qismi həm ölkədə, həm də xaricdə könüllü şəkildə koronavirusa qarşı peyvənd olunublar. Onların hamısı özlərini yaxşı hiss edir və məsləhət görürlər ki, bu təhlükəli virusa yoluxmamaq üçün hər kəs peyvənd olunsun. Onlar Sputnik Azərbaycan-a verdikləri müsahibədə bu barədə daha ətraflı danışıblar.

Türkiyədə yaşayan məşhur azərbaycanlı bəstəkar, Xalq artisti Cavanşir Quliyev fevralın 4-də Çinin "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi ilə vaksinasiya olunub. Peyvəndin ikinci dozası isə ona martın 4-də (fevral ayının 28 gündən ibarət olduğu nəzərə alınaraq) tətbiq ediləcək. Bəstəkar deyir ki, nə peyvənd vurulan vaxt, nə də sonra ciddi bir dəyişiklik hiss etməyib. Quliyev özünü çox yaxşı hiss etdiyini bildirir.

"Hətta dostlarımla zarafat da elədim ki, bəlkə mənə adi su məhlulu vurublar? Peyvəndə şübhə ilə yanaşanlara bir məsəlini xatırlatmaq istəyirəm, öz təyinatına görə vaksin insanın ölümünə səbəb ola bilməz, ancaq virus insanları öldürür. Ən pis halda nə ola bilər – əgər insan çox güclü dərmanlar qəbul edirsə (xərçəng xəstələri, auto-immun xəstəliklərindən əziyyət çəkənlər və. s), bu zaman peyvəndin təsiri bir az azala bilər. Məsələn, əgər tamamilə sağlam insanda 100 faizlik müdafiə yaranırsa, belə xəstələrdə həmin göstərici 90 faiz olur.

Bəstəkar onu da əlavə etdi ki, hər şey insanın seçimindən asılıdır: kim xəstələnmək istəmirsə, peyvənd olunsun.

Azərbaycanın Xalq artisti Röya Ayxan ölkənin şou-biznes nümayəndələri arasında COVID-19-a qarşı ilk peyvənd olunan şəxsdir. O, rəsmi təmsilçisi olduğu özəl xəstəxananın həkimləri tərəfindən vaksinasiya olunub. Müğənni deyir ki, peyvənddən sonra orqanizmində heç bir dəyişiklik hiss etməyib, əksinə işləmək üçün enerjisi bir az da artıb.

"Vaksinasiyadan sonrakı gün dərhal işə başladım, özümü yaxşı hiss edirdim. Düzünü deyim ki, koronavirusa yoluxmaqdan çox qorxurdum, çünki dostlarımın, tanışlarımın əksəriyyəti artıq xəstələnmişdi. Allaha şükür ki, bəxtim gətirdi. Xəstələnməmək üçün peyvənd olunmaq qərarına gəldim. İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil", – deyə müğənni vurğulayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Röya (@royaofficial)

SSRİ Xalq rəssamı Tahir Salahovun qızı, Moskvada yaşayan rəssam Aydan Salahova Rusiyanın koronovirus əleyhinə ilk peyvəndi olan "Sputnik V" ilə vaksinasiya olunub. O, işi ilə əlaqədar tez-tez xarici ölkələrə səfər etdiyindən COVID-19-a yoluxmamaq üçün risk etmək qərarına gəlib və peyvənd vurdurub. Rəssama artıq preparatın ikinci dozası da vurulub və o, özünü çox yaxşı hiss edir. Düzdür, əvvəl bir az üşütmə və hərarət müşahidə olunsa da, sonra vəziyyəti yaxşılaşıb.

Azərbaycanın Xalq artisti, müğənni Faiq Ağayev "CoronaVac" peyvəndinin birinci dozasını vurdurub. Müğənninin sözlərinə görə, hamı əvvəlki həyat tərzinə qayıtmaq istəyir və uşaq bağçalarının, məktəblərin, ali təhsil müəssisələrinin açılması tezliklə digər məhdudiyyətlərin də aradan qaldırılacağına inam hissi yaradır.

"Bu dəfə hər şey insanların özündən asılıdır. Arzularımızı gerçəkləşdirmək, sağlamlığımızı qorumaq istəyiriksə, peyvənd olunmalıyıq. Yaxın günlərdə "Sinovac" şirkətinin "CoronaVac" vaksininin ikinci dozasının vurulması üçün yenidən tibb müəssisəsinə müraciət edəcəyəm. Beləliklə, həm özümü, həm də yaxınlarımı yoluxmaqdan qoruyacağam. Peyvənd vurdurun – sağlam yaşayın!" – deyə Ağayev qeyd edib və öz pərəstişkarlarını sağlam gələcək naminə vaksinasiya olunmağa çağırıb.

Xatırladaq ki, Azərbaycanda SARS-CoV-2 əleyhinə vaksinasiya prosesi yanvarın 18-də başlayıb. "2021-2022-ci illər üçün Azərbaycan Respublikasında COVID-19-a qarşı peyvənd strategiyası"na uyğun olaraq ilk növbədə həkimlərin və tibb işçilərinin vaksinasiya olunması nəzərdə tutulmuşdu. Bundan sonra 65 yaşdan yuxarı insanlar vaksinasiya prosesinə cəlb olundu. Hazırda yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına peyvənd vurulması davam edir. 18 yaşınadək şəxslər, hamilə qadınlar və allergiya xəstələri istisna təşkil edir. Vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" preparatı ilə həyata keçirilir.

Vaksinasiyada iştirak etmək üçün https://randevu.its.gov.az/ linki vasitəsi ilə onlayn növbə əldə etmək lazımdır. Bunun üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu daxil edərək "Yoxla" düyməsinı sıxmaq lazım gəlir. Sonra təklif olunan siyahıdan peyvənd məntəqəsini, tarixi və saatı seçib mobil telefon nömrənizi daxil etməlisiniz. Qeydiyyat tamamlandıqdan sonra həmin nömrəyə növbəyə alındığını bildirən mesaj göndərilir. Mesajda peyvəndin ilk dozasının vurulacağı tarix, vaxt və yer göstərilir. Tibb müəssisəsində qeydiyyatdan keçən vaxt şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir. 28 gündən sonra peyvəndin ikinci dozası tətbiq olunan vaxt təkrar qeydiyyatdan keçmək tələb olunmur.

640
Çəkiliş, arxiv şəkli

Türkiyə ilə birgə təcrübə milli kinomuzun inkişafına verəcək - Fikirlər müxtəlifdir

994
(Yenilənib 10:06 07.03.2021)
Cabbarov: "Heç kəsdə təəssürat olmamalıdır ki, Qarabağ müharibəsini Azərbaycan xalqından başqa hansısa qüvvə udub. Bizə hansısa uğurlu türk filminin nüsxəsi lazım deyil".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Türkiyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib. Bunula bağlı Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov türkiyəli həmkarı Mehmet Nuri Ərsoyla görüşüb. Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq. Birgə əməkdaşlığın Azərbaycan kinematoqrfiyasının inkişafına nə kimi təkan verə bilər? Elə bu sualımızı kinematoqrafçılarımıza yönəldirik.

"Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bu addımı müsbət qiymətləndirdiyini söylədi: "Türkiyə kinematoqrafçıları tarixi filmlərin çəkilişində, batal səhnələrin (Batal janrı — təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr – red) quruluş verməsi baxımından daha təcrübəlidirlər. Bizim təcrübəmizlə Türkiyə təcrübəsinin sintezindən maraqlı filmlər ərsəyə gələ bilər. Digər tərəfdən, Türkiyə kinematoqrafiyası dünya modelini mənimsəyib və uğurla təkmilləşdirir. Ən azı bizim kinematoqrafçılarımız Türkiyə həmkraları ilə təcrübə mübadiləsi edərək daha ciddi işlər ortaya qoya bilərlər. Onlar kino sənayesində inkişaf etmiş ölkələrin modelinə əsaslanıb istehsalat münasibətləri baxımından daha irəlidədirlər. Bu baxımdan da bizim kadrlar təcrübə yığa bilərlər və ciddi nəticələr əldə edə bilərlər".

Kinooperatorun sözlərinə görə, bu təcrübə 90-cı illərdə də olub: "Türkiyənin istehlak bazarı tamaşaçı nöqteyi-nəzərindən daha genişdir. Bu, müştərək bir iş olacaq. Bu filmlərin təbliğatı və yayımında onların da marağı olacaq. İstehlak bazarının inkişafı baxımından Azərbaycan kinosuna yeni şanslar verəcək. Filmlərin ideoloji marağı bir yana, kammersiya və bazara çıxışına da böyük təkan verəcək. Bu, ilk deyil. 90-cı illərin əvvəllərində Türkiyə ilə müştərək filmlər çəkirdik. 1993-cü ildə türkiyəli rejissor Kuban Uğur İlhanla "Laçın dəhlizi" filmini çəkdik. Bu, ilk "qaranquş" idi. Sonradan nədənsə bu münasibətlər səngidi".

R.Quliyev əlavə edir ki, Türkiyə kinematoqrafçıları da bizim təcrübələrimizdən yararlanacaqlar: " Sovet kinosundan bizə miras qalan istehsal münasibətləri var. Həmin təcrübədən götürülməli maraqlı nüanslar var. Çünki, yadımdadır ki, biz Türkiyədə olanda, kinolent və rəqəmsal daşıyıcılarla bağlı müzakirələrimiz olurdu. Onlar buna təəccüb edirdilər ki, Azərbaycan kino məktəbinin nümayəndələri rus-sovet məktəbinin ənənələrini yaşatmaqla yanaşı, peşə biliklərinə daha fundamental səviyyədə yiyələniblər. Bizim bir çox sənətkarlarımız 90-cı illərdən bu yana professor kimi fəaliyyət göstərirlər, bizim əldə etdiyimiz bilikləri oradakı tələbələrlə bölüşüblər".

"Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Türkiyə ilə ortaq istehsal bizim üçün də faydalı ola bilər:

"Türkiyə kinematoqrafiyası dünyada sözün həqiqi mənasında səs salıb. İstər serialları, istərsə də filmləri son 20 ildə sürətli şəkildə inkişaf edib. Dünyanın hər bir ölkəsində yayımlanır. Hətta açıq yayımlarda onların kinolarına, seriallarına rast gələ bilərik. Ümid edirik ki, biz də nələrisə öyrənə biləcək. Onlar da bizdən nələrisə öyrənə bilərlər. Bu əlaqələr nəticəsində keyfiyyətli işlər ortalığa qoya bilərlər".

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov digər həmkarlarından fərqli düşünür. Cabbarovun fikrincə, Qarabağ mövzusunda olan filmlərimizin təbii və təsirli alınması üçün azərbaycanlı rejissor çəkməlidir: "Mən bütün xarici ölkələrlə əməkdaşlığa ikiəlli razıyam. Amma bir şeyi bilmək lazımdır ki, Qarabağ mövzusunda olan filmlərimizin təbii və təsirli alınması üçün azərbaycanlı rejissor çəkməlidir. Bizim texniki investisiyaya, prodüserə və senari dəstəyinə ehtiyacımız var. Amma senaridə müəllif kimi yox, məsləhətə ehtiyacımız var. Rejissorlara, aktyorlara, bəstəkarlara, montajçılara bizim ehtiyacımız yoxdur. Bunların hamısı bizdə var. Filmin milliliyini qorumaq üçün burada yaşayan, bu dərdləri hiss edən adam olmalıdır. Ona görə də aludə olmaq lazım deyil ki, Türkiyədən kinematoqrafçı çağırmaqla, hər şey yaxşı olacaq".

"Məsələn Türkiyə ilə bizim iş birliyimiz olan Elçin Əfəndiyevin əsəri əsasında lentə alınmış "Mahmud və Məryəm" filmi ürəyimizcə olmadı. Yəni, hələ Türkiyəni iştirakı uğurlu işin qarantiyası deyil. Necə ki, Qarabağı azərbaycanlılar azad edib, Qarabağ haqqında filmi də azərbaycanlılar çəkə bilər. Necə ki, "Dolu"nu, "Fəryad"ı, "Hər şey yaxşılığa doğru"nu çəkiblər, bundan sonra da çəkəcəklər".

Cabbarov vurğuladı ki, bu məsələdə son dərəcədə diqqətli olmaq lazımdır: "Heç kəsdə təəssürat olmamalıdır ki, Qarabağ müharibəsini Azərbaycan xalqından başqa hansısa qüvvə udub. Bizə hansısa uğurlu türk filminin nüsxəsi lazım deyil. Türkiyə dünyada tanınmış festivallarında yer tutublar, amma onlar müharibə filmləri ilə qazanmayıblar. Ona görə də onların bizə bu cəhətdən köməyi yoxdur. Biz marketinq baxımdan geridəyik, amma yaradıcılıq baxımından yox. Ona görə də Azərbaycan filmini Azərbaycan ruhunu daşıyan sənətkarlar çəkməlidir. Digər mövzularda türklər çəkə bilərlər, amma müharibə mövzusunda yox".

994
Teqlər:
Türkiyə, Azərbaycan, kino, film, müharibə, Qarabağ, Rejissor
Əlaqədar
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
Qarabağda vacib film çəkilir: Şuşada kino şəhərciyi olsa... - VİDEO
Dünya kinosu dəyişir, çünki yalançı uğur modeli artıq insanları cəlb etmir
Portuqaliyanın məşhur kino şirkəti Xocalı haqda film çəkib - VİDEO
Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

Badamdarda torpaq sürüşdü, yol bağlandı

8
Badamdarda sonuncu dəfə sürüşmə hadisəsi bu il yanvarın 28-də qeydə alınmışdı. Həmin vaxt 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görmüşdü.

BAKI, 8 mart - Sputnik. Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə nəticəsində bir neçə gün əvvəl təmizlənən Badamdar şossesi yenidən bağlanıb, yaxınlıqda olan restoranın isə pəncərəsi sınıb. 

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, Bakıda sırf insanların yaşadığı yerlərdə olan sürüşmə zonaları dörd hissədə müəyyən edilib. Bunlardan biri Alov qüllələri ətrafı və onun əhatəsində olan sahələr - Dağüstü park, Nərimanov heykəlinin ətrafı, Abdulla Şaiq küçəsi və s.-dir. Bu, ərazisinə görə ən böyük sürüşmə sahəsidir. İkinci və üçüncü sürüşmə zonaları Badamdar ərazisindədir. Dördüncü sürüşmə zonası Gəncə prospektindədir. Orada iki yerdə müəyyən edilib. Bunlar general Şıxlınski və Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşir.

Badamdarda sonuncu dəfə sürüşmə hadisəsi bu il yanvarın 28-də qeydə alınmışdı. Həmin vaxt 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görmüşdü.

 

8
Teqlər:
Badamdarda sürüşmə, Badamdar, Bakı