Televizor qarşısında əyləşən adam

Xalq hələ "İtkin gəlin"i axtarır, ey tamahının qulları

6614
(Yenilənib 13:15 16.03.2019)
Bu cür sənətdənkənar işləri hansı üzlə kütləyə təqdim etmək olar?

BAKI, 19 mart — Sputnik. Bu gün dünyanın bütün ölkələrində film sektoru var. Biz uşaqlıqdan Sovet dövründə çəkilən Azərbaycan filmlərini izləyərək böyümüşük. "Bir qalanın sirri", "Sehirli xalat", "Qərib cinlər diyarında" kimi filmlər bizim təfəkkürümüzü formalaşdırıb, xəyal gücümüzü artırıb.

Texnikanın hələ bu günkü səviyyəsinə çatmadığı bir dönəmdə, iyirminci əsrin ortalarında Əlisəttar Atakişiyev kimi əvəzsiz rejissor böyük peşəkarlıqla bu filmləri çəkib və Azərbaycan kinosuna böyük incilər bəxş edib.

Sonralar başladıq Hollivud filmlərini izləməyə. O filmlərdə daha böyük keyfiyyət, texnika, aktyor oyunu, rejissor işi, uğurlu ssenari gördük. Bütün bunlar Azərbaycanın ən adi vətəndaşında da film haqqında biliklər yaratdı. Tamaşaçılarımızın tənqidetmə bacarığı oldu. Zarafat deyil, qanında sənət axan bir millətik biz. Ucqar rayonlarımızda adi bir evdar qadın belə şeir yazır, mahnı oxuyur. Sənətlə yoğrulub xəmirimiz.

Bu gün telekanallarda yayımlanan seriallar var. Ard-arda kinolar da çəkilir. Doğrudur, bu çəkilən kinoların və serialların içində yaxşıları da var. Amma o qədər azdır ki, mən ümumi danışmağa məcburam.

Rasim Ocaqov, Əlisəttar Atakişiyev, Həsən Seyidbəyli kimi rejissorlar, Ramiz Rövşən, İsa Muğanna kimi ssenari müəllifləri, Həsən Məmmədov, Həsənağa Turabov, Səyavuş Aslan, Lütfəli Abdullayev, Amaliya Pənahova, Nəsibə Zeynalova, Leyla Bədirbəyli kimi aktyor və aktrisalar görüb bu xalq. Bunu niyə dedim bilirsiz? İndi biləcəksiz...

Bu gün çəkilən kinoların və serialların yaradıcı heyətləri Azərbaycan kinolarına, seriallarına baxılmır deyə şikayətlənirlər. Türkiyə, Rusiya, Avropa, Amerika istehsalı olan kinolara və seriallara marağın çoxluğu onları qıcıqlandırır. Yaxşı, bəs sizin yaratdığınız bu sənətdənkənar nümunələrə necə baxsın bu millət? Axı mən dedim, o boyda insanların yaratdığı böyük sənət nümunələrini görən bir millət sizin bayağı, şit, eybəcər məhsulunuzdan necə həzz alsın?

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər
© Official website of President of Azerbaijan Republic

Dövlət kinoların və serialların çəkilməsi üçün pul ayırır. Bu pul telekanalların və kinostudiyanın əlində olan materialların, yəni ssenarilərin çəkilməsi üçün lazımi şəkildə paylanmalıdır. Amma nədənsə kinonun və serialın büdcəsinə sənəddə göstərilən məbləğdən qat-qat aşağı bir məbləğ gəlib çıxır. Maraqlıdır ki, rejissorlar da bu ədalətsizliklə barışıb susurlar. Onlar etiraz etmir və öz haqlarını tələb etmirlər. Görəsən niyə?

Çünki filmin ya da serialın büdcəsinə gəlib çatan o kiçik məbləğin bir qismi də rejissorun cibinə gedir. Rejissor rollara aktyor və aktrisalar təyin etmək üçün kimə mürciət etməlidir? Əlbəttə ki, İncəsənət Universitetinin tələbələrinə, ali təhsilli, təcrübəli aktyor və aktrisalara, Əməkdar və Xalq artistlərinə.

Amma ayrılan kiçik məvacibin müqabilində hansı peşəkar, təcrübəli aktyor və aktrisa gəlib o kinoya, seriala çəkilər? Özünə, peşəsinə hörmət edən, işini sevən heç bir aktyor, aktrisa bunu qəbul etməz. Onda rejissor nə etməlidir? Öz qohum-əqrabalarına, dost-tanışlarına müraciət edir. Cüzi bir məbləğin müqabilində heç bir istedadı, biliyi, təcrübəsi olmayan insanlar məhz şöhrət naminə teksti götürüb keçir kamera önünə. Ordan-burdan tanışlıqla ucuzvari texnika da tapırlar. Vəssalam, serial ya da kino hazırdır.

Bu cür sənətdənkənar bir işi hansı üzlə kütləyə təqdim etmək olar? Lap siz üz tapıb təqdim etdiniz, millət bunu qəbul edəcəkmi? Bunları da qoyduq bir kənara, bəs sizi efirdən izləyən peşəkar insanların qınağından qorxmursunuz?

Niyə də qorxasınız ki? Onların qınağı sizin üçün nəyi dəyişir? Vəsaiti mənimsəmisiniz. Kamera önünə keçən sənətdən xəbərsiz dost-tanışlarınız da "ulduzluq" eşqinə düşüb öz eqolarını yemləyirlər. Burda hər baxımdan siz qazanan tərəfsiz. Amma Azərbaycan xalqı, Azərbaycan İncəsənəti, bu İncəsənətin istedadlı şəxsiyyətləri itirən tərəfdir. Sizin nə vecinizədir?!

Heç olmasa tamaşaçı tələb etməyin. Tamahınıza qul olub bu cür iş əxlaqına sığmayan bir vicdansızlıq edirsiz, çəkin, yayımlayın, sonra da oturun dost-tanışınızla bir yerdə baxın öz çəkdiyinizə. Anlayışlı, bilikli, ziyalı insanlar sizdən nə zövq alacaq axı?

Hələ 90-cı illərin əvvəllərində Lütfi Məmmədbəyov Əlibala Hacızadənin eyni adlı romanı əsasında "İtkin gəlin" serialını çəkmişdi. Cəmi on iki seriadan ibarət bu serial adi bir əl kamerası ilə çəkilmişdi. Üzərində demək olar ki, heç bir texniki iş aparılmamışdı. Lakin filmdə elə bir təbiilik var ki, bu serial hələ yaddaşlardadır. Elə Əfsanə adının həmin vaxtlarda dəbə düşməsi də məhz bu serialın qəhrəmanı olan Əfsanənin adı ilə bağlı idi. Görün bu cür zəif texnika ilə çəkilən serial özünü xalqa necə sevdirmişdi!?

Dövlət lazım olan vəsaiti ayırır. Kürsüdə oturub özünü dünyaya hakim zənn edən kəslər bu vəsaiti mənimsəyir və nəticədə xalq öz sənətindən mərhum olur! Məcbur olur ki, xarici kinolara, seriallara baxsın. Bəs nə etməlidir? Məncə sizi izləyən kiçik bir kütlə belə varsa, o da sizin üçün çoxdur, həddindən artıq çoxdur. İzlənmə sayınız sıfır səviyyəsində olmalıdır ki, bəlkə onda etdiyiniz yanlışları anlayasız...

6614
Teqlər:
rejissor, aktrisa, aktyor, efir, sənət, xalq, serial, film
Əlaqədar
Türk seriallarına qoyulan qadağanın arxasından görün kim çıxdı?
Populyar serialın rejissoru: "Tamaşaçıların gözləmədiyi bir final olacaq"
Populyar serialın aparıcı aktrisası filmdən qovuldu
 Beynəlxalq Muğam Mərkəzi, arxiv şəkli

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsinin ilk buraxılışı Şuşaya həsr olunacaq

9
BMM ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə dağıdılıb talan edilən tarixi-mədəni irsimizin bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb.

BAKI, 30 oktyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzi (BMM) ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə dağıdılıb talan edilən tarixi-mədəni irsimizin bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb. Azərbaycan musiqi tarixində mühüm yer tutan Qarabağın musiqi tarixi də öz qədimliyi və özünəməxsusluğu ilə seçilir. Mütəmadi olaraq musiqi irsimiz, qədim musiqi alətlərimiz və muğamlarımız haqqında məruzə və məlumatlar təqdim edən BMM bu dəfə "Qarabağ muğam məktəbi və Qarabağ xanəndələri" adlı layihəni təqdim edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, ilk mərhələdə qədim Şuşa və Şuşanın yetirdiyi musiqiçilərlə yanaşı, BMM-in foyesində büstləri qoyulan korifey xanəndələr haqqında məlumatlar təqdim olunacaq.

Yolumuz mədəniyyət, musiqi məbədimiz olan Şuşayadır. Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır, təbirini və təyinini haqlı olaraq qazanıb. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətiriblər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Primovun, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovun və daha onlarla tanınan, adı tarixə yazılan musiqiçilərin vətənidir.

XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndə sənəti də daha sürətlə inkişaf edib. Xanəndəlik sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, daha çox və xüsusilə Şuşa şəhərində inkişaf etmişdi. Bu, şübhəsiz, təsadüfi bir hal olmayıb, Şuşanın coğrafi şəraiti, digər tərəfdən isə şəhərin geniş mədəni-iqtisadi münasibətləri ilə əlaqədar idi.

Qeyd edək ki, layihə BMM-in sosial şəbəkə hesablarından yayımlanacaq.

9
Rəssam, arxiv şəkli

Tələsin: Yeniyetmələr arasında rəsm müsabiqəsi start götürdü

17
Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

BAKI, 29 oktyabr — Sputnik. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 10-17 yaş arası uşaq və yeniyetmələr arasında "Terrora yox deyək!" adlı rəsm müsabiqəsi elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd yeniyetmələrin diqqətini erməni terroruna cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə xüsusi istedadları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Müsabiqə vətənpərvərlik mövzusunda keçirilir. Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

Yarışma başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən 3 qalib seçiləcək. Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

Əlavə məlumatı http://clb.az/yeniyetmlr-arasnda-terrora-yox-deyk-adl-rsm-msabiqsi_d3001.html ünvanından əldə etmək olar.

17
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 37 dollara düşüb

0
(Yenilənib 12:38 30.10.2020)
Dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 37,65 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,67 dollar geriləyərək 36,98 dollar, "Light" markalı neftin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 35,62 dollar olub.

Qeyd edək ki, dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0