Orxan Lətifzadə

"Efirimizi bayağılıq bürüyüb"

1085
(Yenilənib 16:32 05.03.2019)
Gənc bəstəkar: "Telekanalları açırsan, bayağı musiqilər, radionu açırsan, orada da yenə eyni mahnılar, toylar da, həmçinin"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Orxan Lətifzadə 1990-cı ildə Şəki şəhərində anadan olub. 2001-ci ildə Şəki şəhər 1 nömrəli musiqi məktəbinin tar sinfinə qəbul olub. 2006-cı ildə həmin məktəbi bitirib, Şəki musiqi kollecinə qəbul olub.

Orxan Lətifzadə
© Orxan Lətifzadənin şəxsi arxivindən
Orxan Lətifzadə

2010-cu ildə kolleci bitirdikdən sonra hərbi xidmətə yollanan gənc musiqiçi orada orkestr bölüyündə iştirak edib. Truba alətində ifa edib. 2013-cü ildə truba üzrə Bakı Musiqi Akademiyasına qəbul olan istedadlı musiqiçi 2018-ci ildə həmin təhsil ocağını bitirib.

Gənc bəstəkarın əsərləri Azərbaycanla yanaşı ölkə hüdudlarından kənarda - Rusiya və Türkiyədə də səsləndirilib.

O.Lətifzadə Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Akademiyaya qəbul olunmazdan əvvəl də iri həcmli əsərlər yazdığını deyib: "Bir sıra orkestr əsərlərim var, xalq artisti Firəngiz Əlizadəyə həsr etmişəm. Firəngiz xanım da bu əsəri çox bəyənib. Digər əsərimi də bəstəkar Arif Məlikova həsr etmişəm. Bizim M.F.Axundov adına Kitabxanada da əsərlərim var".

Orxan Lətifzadənin diplomu
© Orxan Lətifzadənin şəxsi arxivindən
Orxan Lətifzadənin diplomu

Gənc bəstəkarlara müraciət edənlər Akademiyanın tələbələri və opera müğənniləridir. Estrada janrında da musiqilər yazdığını deyən bəstəkar ona təklif olunan əksər şeirləri qəbul etmir: "Hər sözü musiqidə işlətmək düzgün deyil. Çünki istər-istəməz dinləyicinin zövqü korlanır. Bəstələdiyim mahnıların, şeirlərin çoxunu özüm yazıram. Bir müasir əsərim var, poema janrındadır. Onu Rast muğamı üzərində işləmişəm ki, hər hansı bir xarici ölkədə dinləyən əsərin sırf Azərbaycana aid olduğunu hiss etsin. Ən çox Rast, Şur, Bayatı-Şiraz muğamları üzərində işləyirəm".

Bəstəkar Saleh Nəzərovun tələbəsi olan O.Lətifzadə Xalq artisti, bəstəkar Arif Məlikovu ilham qaynağı hesab edir: "Tələbəsi olmasam da, Arif müəllimdən çox şey öyrənmişəm. O da mənim orkestr əsərlərimi yüksək dəyərləndirib. Həmin əsərim mart ayında gənclərə dəstək layihəsi çərçivəsində səslənməlidir. Hər il Firəngiz Əlizadə Şəki şəhərində Beynəlxalq musiqi festivalı keçirir. Bu il mən də Arif müəllimə həsr etdiyim əsərimi o festivalda ifa etmək istəyirəm".

Gənc bəstəkar efirlərə ayaq açan bayağı musiqilərdən də danışdı: "İndi yazılan musiqilər 3 dəqiqəlik akkord üzərində yazılır. Ona görə də bu mahnılar tez yaddan çıxır. Tofiq Quliyevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Şəfiqə Axundovanın, Fikrət Əmirovun mahnıları nəinki dillər əzbəridir, yaddaşımızdan heç vaxt silinmir. Kütlənin musiqi zövqünün formalaşmasında televiziya, radio və saytların rolu var. Çünki hər adamın imkanları çatmır, pul verib konsertə, dəyərli musiqiyə qulaq assın. Bu mənada KİV-in üzərinə böyük yük düşür. Təəssüf ki, telekanallar da kütlənin arxasınca qaçır".

Müsahibimiz bayağı musiqi yazan həmkarlarından gileyləndi. O, bunu sənətə, musiqiyə xəyanət hesab edir: "Əksəriyyəti pul xətrinə mahnı yazır, bu, düzgün deyil. Sənəti pula satmaq olmaz! Telekanalları açırsan, bayağı musiqilər, radionu açırsan, orada da yenə eyni mahnılar, toylar da, həmçinin. Bilmirik, insanlar nəyə oynayır. Bu, insanları zövqsüzləşdirir, çox böyük təhlükədir! Baxın, klassiklərimizə, onlarda bir dənə də olsun bayağı musiqi ola bilməz. Toyun özü də bir ənənədir. Yaxşı olar ki, toylar üçün də səviyyəli musiqilər yazılsın. Yaxşı ki, AzTV və Mədəniyyət kanalı var. Yaxşı olar ki, tamaşaçılar hərdən o kanallara baxsın ".

Orxan Lətifzadənin diplomu
© Orxan Lətifzadənin şəxsi arxivindən
Orxan Lətifzadənin diplomu

Bir sıra beynəlxalq mükafatların laureatı olan istedadlı bəstəkar AzTV və Mədəniyyət kanalının təşkil etdiyi mahnı janrında müsabiqəyə qatılıb: "Vətənpərvərliyə aid mahnımı müsabiqəyə təqdim etdim və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Bundan başqa, "Üzeyir Hacıbəyli" Beynəlxalq musiqi festivalı olub, bizim orada da çıxışlarımız olub. Qazaxıstanın Astana şəhərində böyük festival keçirilir. Mən də əsərimi orda təqdim edəcəm. İstəyirəm ki, Arif Məlikova həsr etdiyim əsərlər xarici ölkələrdə səslənsin. Ancaq xarici ölkələrdə əsər təqdim etmək burdakı kimi rahat deyil. Çalışıram ki, əsərlərim burada ifa olunsun, sonra xarici ölkəyə göndərə bilim".

Gənc bəstəkar not qıtlığından da danışdı: "Xarici mahnıların notları internetdə var, amma təəssüflər olsun ki, bizim mahnıların notları internetdə yoxdur. Ya gərək mahnının notlarını eşitmə qabiliyyəti ilə yaza biləsən, ya da hər hansı ifaçının əlinə baxıb ifa etmək lazımdı".

Musiqiçi belə qənaətdədir ki, musiqi zövqünün formalaşması ailədən başlayır: "Hər şey evdən, ailədən başlayır. Valideynlər uşaqlara öncə bizim mahnıları öyrətməlidirlər. Öz musiqimizi gələcək nəslə təbliğ etməliyik, çünki Azərbaycandan kənara çıxanda ölkəmizi təmsil edirik. Gənc valideynlər yaxşı olar ki, heç olmasa, həftədə bir dəfə övladlarına klassiklərimizin mahnılarını dinlətsinlər. Uşaqları toy mahnıları ilə böyütməsinlər. Yalnız o zaman sağlam düşüncəli gələcəyimiz ola bilər. İnsanın formalaşmasında musiqinin çox böyük təsiri var".

Son dövrlərdə demək olar ki, uşaq mahnıları yazılmır. Gənc bəstəkarın fikrincə, bunun səbəbi bəstəkarların böyük qisminin toy üçün mahnılar yazmasıdır: "Düşünürlər ki, bu mahnını yazsam, nə qədər pul qazana bilərəm? Təbii ki, uşaq mahnısından qazanc əldə edə bilməzlər. Mən 3 uşaq mahnısı yazmışam, gələcəkdə də uşaqlar üçün mahnılar yazacam".

Orxan Lətifzadənin diplomu
© Orxan Lətifzadənin şəxsi arxivindən
Orxan Lətifzadənin diplomu

O, həmçinin opera janrında yazılan əsərlərin kasadlığından gileylənib: "İllərdir Opera və Balet Teatrının repertuarında yeni əsərlər yoxdur. Çünki opera janrı çox çətindir, heç kəs girişmək istəmir. O janrda əsər yazmaq istəyirəm, amma hələ özümü hazır hiss etmirəm. Bunun üçün uzun zaman tələb olunur, gərək illərlə əziyyət çəkəsən. Həmkarlarım da çox zaman simfonik orkestr üçün əsər yazırlar. Bunun üçün böyük qrup lazımdır. İstəyirəm ki, yaxın gələcəkdə simfonik orkestr üçün yazılan əsərlərim səslənsin".

1085
Teqlər:
ifa, musiqi, efir, bəstəkar, gənc
Əlaqədar
Dahi Azərbaycan bəstəkarının ev muzeyi açılıb
Ürəkləri fəth etmiş azərbaycanlı bəstəkar
Tanınmış bəstəkar dünyasını dəyişdi
Tanınmış bəstəkarın oğlu DİN-də yeni vəzifəyə təyin olundu