Vüsalə Səid Əyyubqızı

Bir layihə, iki iddiaçı Hər iki tərəf "haqlıyam" deyir

3259
(Yenilənib 14:46 03.02.2019)
Vüsalə Səid: "Həyata keçirilməyən layihəni necə oğurlamaq olar?!"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Bir neçə gündür media yeni qalmaqalla çalxalanır. Belə ki, “Sinemanın kral və kraliçası” adlı layihə ətrafında söz-söhbət səngimək bilmir. Bəzi şəxslər bu layihənin fırıldaqçılıq və pul yığmaq üçün tələ olduğunu iddia edirlər.

Baş verənlərə aydınlıq gətirmək üçün layihənin Azərbaycan üzrə rəhbəri Vüsalə Səid Əyyubqızı Sputnik Azərbaycan-a açıqlama verib.

Vüsalə Səid Əyyubqızı
© Sputnik / Murad Orujov
Vüsalə Səid Əyyubqızı

O bildirib ki, layihə türk layihəsidir və ilk dəfə 2017-ci ildə keçirilib: “Sinemanın kral və kraliçası” layihəsinin 2018-ci ildə Azərbaycanda da seçimi edildi. Bu layihənin məqsədi istedadlı gəncləri cəlb etmək və onlara film sahəsində özlərini sınamaqda kömək etməkdir. Layihədən gələn gəlir isə fiziki məhdudiyyətli insanlara verilir. Hər bir iştirakçı 150 TL (48.80 manat) ödəməklə iştirak edir. Azərbaycanda uğurla seçimdən keçən 2 nəfər - bir oğlan və bir qız Türkiyədə baş tutacaq düşərgədə iştirak edir və final gecəsinə qatılır”.

“Finalda qalib gələn cütlük filmə çəkiləcək və bununla da film sahəsində ilk addımlarını atacaq. Biz sözlə, məqsədimiz istedadlı gəncləri film sənayesinə cəlb etmək, əngəlli insanlara maddi yardım göstərməkdir. Keçənilki tədbirlərdə münsiflər heyətində Məlahət Abbasova və Gülnarə Xəlilova da iştirak edirdi. Qeyd edim ki, keçən il Azərbaycanı təmsil edən gənc xanım Pərvin Həsənzadə hazırda telekanallardan birində çalışır, Pərviz Musayev isə qısametrajlı filmlərdə çəkilib” – deyə o əlavə edib.

Vüsalə Səid Əyyubqızı
© Sputnik / Murad Orujov
Vüsalə Səid Əyyubqızı

Vüsalə Səid vurğulayıb ki, bu ildən layihənin şərikləri ayrıldığı üçün iki tədbir təşkil olunacaq: “Biri bizim təşkil etdiyimiz “Sinemanın kral və kraliçası” adlı layihə, digəri isə “Sinema gözəli” olacaq. Aysel Nazim də bu layihəni Azərbaycanda idarə edəcək. Aysel Nazim bir neçə gün öncə açıqlama verib ki, “bizim layihə ödənişsizdir, onlar ödənişli”. Guya biz fırıldaqçılıqla məşğuluq. Bir sözlə, Aysel Nazim pulsuz piar üçün bu addımı atdı”.

“Halbuki fərq yaş həddində və finalçı sayındadır. Biz finala iki nəfər seçirik, onlar isə 6 qız, 6 oğlan. Bizdə yaş həddi 18-26-dır, onlarda 18-28. Məqsədlərimiz eynidir. Onlar iddia edirlər ki, biz onların layihəsini oğurlamışıq. Həyata keçirilməyən layihəni necə oğurlamaq olar?! Həm də, biz iki dəfə bu layihəni keçirmişik. Onlar iddia edirlər ki, biz pul yığırıq. Bəli, bizim layihə pulludur. Əngəlli insanlara kömək etmək nə vaxtdan pis bir şeydir?! ” – deyə müsahibimiz vurğulayıb.

Vüsalə Səid Əyyubqızı
© Sputnik / Murad Orujov
Vüsalə Səid Əyyubqızı

Vüsalə Səid qeyd edib ki, bununla bağlı məhkəməyə müraciət edəcək: “Mənim fikrimi öyrənmədən ünvanıma, işimə xələl gətirən sözlər deyillər. Heç kim məni dələduzluqda ittiham edə bilməz. Artıq vəkilimlə danışmışam. Qısa müddətdə bu sahədə məni və işimi ittiham edən hər kəs məhkəmə qarşısında cavab verməli olacaq”.

“Üçbucaq” Media Prodakşının direktoru Ceyhun Qəşəm də əlavə edib ki, bütün bu söz-söhbət Anar Heybətovun sosial şəbəkələrdə layihə haqqında məlumat paylaşmasından sonra yaranıb: “Onun statusunun altından Məlahət Abbasova şərh yazıb ki, “mən aldadıldım, sənin də aldadılmağını istəmərəm”. Bu statusdan sonra məsələ gündəmə gəldi. Biz də suallara cavab verdik”.

Ceyhun Qəşəm
© Sputnik / Murad Orujov
Ceyhun Qəşəm

Ceyhun Qəşəm əlavə edib ki, jurnalistlər 31 mart azərbaycanlıların soyqırımı günü zamanı qala gecənin keçiriləcəyini iddia edib, tənqid edirlər: “Elə deyil. 31 mart günü final gecəsi yox, finalçıların düşərgə günlərindən biri olacaq. Düşərgədə də, sadəcə adi təhsil günü başlayır. Aprel ayının 9-u isə final gecəsi olacaq”.

Tural Əzizov
© Sputnik / Murad Orujov
Tural Əzizov

Layihənin tərəfdaşı olan “Kastinq” saytının rəhbəri Tural Əzizov da layihə barədə danışıb: “Bu ildən başlayaraq tərəfdaşlığa başlamışıq. Məqsədimiz kino sahəsinə marağı olan bütün istedadlı gəncləri Azərbaycanda və dünyada tanıtmaqdır. Sayt vasitəsilə onlar haqqında məlumatlar yayırıq. Nəticədə aktyora ehtiyacı olan şəxslər sayta daxil olub, bəyəndikləri gəncləri seçərək  çəkiliş edə bilərlər. Saytda daima onların reklamları gedəcək və qarşılarında yollar açılacaq”.

3259