Əliturab Rəşidoğlunun əl işləri

Taxta oddan xariqələr yaradan usta - Gənc yaşında ürəkləri fəth edib

5708
(Yenilənib 14:21 03.02.2019)
Onun incəliklə yaratdığı sənət əsərlərindən biri - Milli qəhrəmanımız Mübariz İbrahimovun portreti isə xüsusilə diqqət cəlb edir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Göyçay bu gün Azərbaycanın ən çox tanınan rayonlarından biridir. Rayon təmiz havası, gözəl və tarixi əks etdirən çinarları, dadlı və özünəməxsus yeməkləri, təbii nemətləri, özünəməxsus narı, qonaqpərvər sakinləri və bacarıqlı sənətçiləri ilə artıq dünyada tanınır.

Göyçaylı sənətkarlardan biri də hazırda Sumqayıt şəhərində yaşayan və mühəndislik fakültəsində təhsil alan Əliturab Rəşidoğludur. Kiçik emalatxanasında ağac üzərində yandırma – prioqrafiya üsulu ilə möcüzələr yaradan Əliturabı həm Sumqayıtda, həm də Göyçayda tanımayan, demək olar ki, yoxdur.

Əliturab Rəşidoğlunun əl işləri
© Sputnik / Ilham Ahmadov
Əliturab Rəşidoğlunun əl işləri

Ə.Rəşidoğlu Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbəti zamanı bildirib ki, bu sənət üzrə xüsusi təhsil almayıb: "Xüsusi müəllimim olmayıb. Gör-götür dünyasıdır, mən də bu sənətin incəliklərini yavaş-yavaş öyrənmişəm".

Onun sözlərinə görə daxili hissiyyat, fantaziya, rəssamlıq olmasa, bu sənətlə məşğul olmaq mümkün deyil: "Ən əsas məsələ isə yaxşı zövqün olmasıdır. Əminliklə deyə bilərəm ki, daxili hissiyyatım çox güclüdür deyə bu iş məndə uğurlu alınır. Prioqrafiya üsulu ilə işlədiyim əl işləri görən hər kəsin diqqətini cəlb edir".

Əliturab Rəşidoğlunun əl işləri
© Sputnik / Ilham Ahmadov
Əliturab Rəşidoğlunun əl işləri

Dəfələrlə müxtəlif yerlərdə, eləcə də təhsil aldığı bilik ocağında sərgisi təşkil olun usta vətənpərvərlilik mövzusuna işləməyə daha çox önəm verir. Onun incəliklə yaratdığı sənət əsərlərindən biri - Milli qəhrəmanımız Mübariz İbrahimovun portreti isə xüsusilə diqqət cəlb edir.

25 yaşılı bu gənc ustanın yaratdığı, yüksək sənət meyarlarına cavab verən incəsənət nümunələrinə tələbat da çoxdur. Hazırda kifayət qədər sifarişləri var. Bütün əl işlərini xüsusi diqqətlə hazırlayır.

Əliturab Rəşidoğlunun əl işləri
© Sputnik / Ilham Ahmadov
Əliturab Rəşidoğlunun əl işləri

Ə.Rəşidoğlunun indiyə kimi 40-dan çox əl işi sərgilərdə nümayiş olunub. Ümumilikdə isə yüzlərlə ağac üzərində işləmələrin müəllifidir. Hər bir əl işi də baxanların, görənlərin həm zövqünü, həm də ruhunu oxşayır.

Əliturabın yaratdığı incəsənət nümunələrinin qiymətləri isə çox münasibdir. Əl işinin həcminə və onun mürəkkəbliyinə görə qiymətlər 50-700 manat arasında dəyişir.

5708