Novruz Novruzlu

Böyük sənətkarın xatirəsinə qürurlu hüznlü alqış...

3206
(Yenilənib 13:49 26.01.2019)
Orxan BAHADIRSOY
Hərdən təəccüblənirəm ki, cəmi 9 milyon əhalisi olan bir ölkədə bu qədər istedadlı insan və bu insanlarda bu qədər istedad necə olur?!

BAKI, 29 yanvar — Sputnik. Rəşid Behbudov adına Mahnı Teatrındayıq. Mərhum sənətkar, "Savalan" qrupunun solisti və bədii rəhbəri Novruz Novruzlunun xatirə gecəsinə yığışmışıq. Salon adamla doludur. Bir çoxları da oturmağa yer tapmır və ayaq üstdə durub tədbirin başlamasını gözləyir.

Hamının gözləri Novruz Norvuzlunun səhnədə asılmış şəklindədir. Ara-sıra salona daxil olan sənətkarlara tərəf boylanırıq. Flora Kərimova gəlir, birinci sırada əyləşən sənət adamları: Nəzakət Teymurova, Tünzalə Ağayeva, Eyyub Yaqubov və başqaları ayağa qalxıb sənətkarla bir-bir görüşürlər.

İşıqlar sönür. Salon qaranlıqlaşır və səhnə iri projektorlarla işıqlanır. Aparıcı Novruz Novruzlu haqqında duyğu dolu nitqi ilə tədbirə başlayır: "Sonuncu dəfə Novruz Novruzlunun konsertinə toplaşanda heç ağlıma gəlməzdi ki, bir neçə ay sonra onun xatirə gecəsinə toplaşacağıq... Novruz müəllimin vəfat xəbəri sosial şəbəkələrdə yayılanda bu xəbərlərin altındakı rəyləri oxuyurdum. Hamının rəyi, aşağı-yuxarı, bir məna verirdi: "Yaxşı adam idi!" Məncə, dünyasını dəyişən bir insan üçün bundan yaxşı rəhmət olmazdı".

Daha sonra "Savalan" qrupunun üzvü, müğənni və bədii qiraətçi Həlimət Sultan səhnəyə çıxır. Xanımın qeyri-adi səsi və ifası bizi başqa aləmə aparır. Bu ifa zamanı gözümüzün önündə səmazənlər canlanır. Sufi dünyasına səyahət edirik. Qiraətlə musiqinin sintezi, fonda sufi nəğmələri... İlahilərlə məşhurlaşmış İlahi İnsanın ilahi dünyasına – Novruz Novruzlu sənətinin sehrli aləminə qapılırıq.

Savalan qrupunun solisti və bədii rəhbəri Novruz Novruzlunun xatirə gecəsi
© Sputnik / Orkhan Bahadirsoy
"Savalan" qrupunun solisti və bədii rəhbəri Novruz Novruzlunun xatirə gecəsi

Çıxışlar ardıcıllıqla davam edir. Bir az quruluş səliqəsizliyi, bir az darıxdırıcı pauzalar, bir az da texniki problemlərə rəğmən, seçilən səhnə ustalarının istedadı və peşəkarlığı bütün çatışmazlıqları örtə bilir. Nuriyyə Hüseynova əlində dəflə səhnəyə qalxaraq ecazkar səsi ilə hamını ovsunlayır. İfaçı səsi, ifası, heyrətləndirən boğazları, şirinlik və xırdalıqları ilə bütün varlığımızı musiqiyə bürüyür.

Ardınca "Savalan" qrupunun üzvlərinin ifasında türkülər, ilahilər dinləyirik. Xatırladım ki, "Savalan" qrupu Novruz Novruzlu tərəfindən yaradılıb. Yarandığı gündən etibarən, Türkiyə, Pakistan, Hollandiya, ABŞ və başqa xarici ölkələrdə uğurlu çıxışları, eyni zamanda ölkə daxilində çoxsaylı konsertləri, fərqli repertuarı ilə tanınıb.

Çıxışlar davam edir: Eyyub Yaqubov, Samirə Əfəndiyeva, "Yuğ" teatrının aktyorlarının ifasında bədii kompozisiya, yenidən "Savalan" qrupunun ifası və nəhayət, tədbir başlamazdan əvvəl gördüyümüz, həyəcanla gözlədiyimiz sənətkarlar – Nəzakət Teymurova və Tünzalə Ağayeva.

Hərdən təəccüblənirəm ki, cəmi 9 milyon əhalisi olan bir ölkədə bu qədər istedadlı insan və bu insanlarda bu qədər istedad necə olur?! Nəzakət Teymurova və Tünzalə Ağayeva da həmin təəccübümün səbəbkarlarındandır. Həm solo ifaları, həm də möhtəşəm duetləri ilə bizi səsin, musiqinin, sənətin fövqünə qaldırırlar. Bu fövqəl yüksəliş əbəs deyil. Ona görədir ki, hər iki sənətkar sənətin fövqündə dayanır və onlar səhnədə olanda tamaşaçını da o ucalığa qaldıra bilirlər.

Savalan qrupunun solisti və bədii rəhbəri Novruz Novruzlunun xatirə gecəsi
© Sputnik / Orkhan Bahadirsoy
"Savalan" qrupunun solisti və bədii rəhbəri Novruz Novruzlunun xatirə gecəsi

Onların ifası mərhum Novruz Novruzlunun əziz xatirəsinə ən böyük ehtiram oldu. Vəfat edənlərə "ruhu şad olsun" deyirlər. İndi güman edirəm ki, Novruz Novruzlunun ruhu şaddır. Bu gecə göylərin hansısa müqəddəs qatından bizi izləyən sənətkar istedadına və zəhmətinə qarşı gördüyü bu sevgi və sayğıya sevinir. Ki, həm maddi, həm də ruhi aləmdə bütün sevgi və sayğılara layiqdir!

Novruz Novruzlu 1960-cı ildə Ordubad rayonunda doğulub. Akademik Opera və Balet Teatrının solisti, aktyor-müğənni kimi fəaliyyət göstərib. 1990-cı ildə 20 yanvar faciəsindən sonra şəhidlərin xatirəsinə "Savalan" qrupunu yaratmaq fikrinə düşüb. Həmin il başlayan fəaliyyət 2000-ci ildə 12 nəfərlik qrupun ərsəyə gəlməsi ilə nəticələnib və 2002-ci ildə "Savalan" qrupu mütamadi fəalyyət dövrünə qədəm qoyub.

və uzun əziyyətlərlə 2002-ci ildə qrupu yarada bilib. 2018-ci ilin noyabr ayında qəfil ürəktutmasından vəfat edib. Sənətkar Xırdalan qəbiristanlığında dəfn olunub.

Bu gecə isə səhnədə "Savalan" qrupunun üzvləri və digər sənətkarlar Novruz Novruzlunun xatirəsinə oxuyurlar. Gecənin sonunda proyektorda sənətkarın görüntüsü əks olunur və onun ifasında "Ey Vətən" mahnısı eşidilir. "Savalan" qrupunun üzvləri səhnənin sağ və sol künclərində sıra ilə düzülürlər. Qəfil gözümüzə dəyir ki, səhnədə gənc bir oğlan gözünün yaşını silir. Bu yerdə məni və digər tamaşaçıları da qəhər boğur.

İmzasını bilmədiyim kimsə deyib ki, qadın ağlayırsa, kədərdir, kişi ağlayırsa, faciədir. Bu gecənin faciəsi Novruz Novruzlunun aramızda olmamasıdır. Bir ölkə və xalq olaraq, həm biz, həm də mədəniyyətimiz böyük sənətkarlarından birini itirib.

Sənətin aliliyi isə yenə öz işini görür: hamımız bu faciəni qürur və hüznlə ayaqda alqışlayırıq. Ona görə qürurla ki, bu sənətkar bizimdir! Ona görə hüznlə ki, artıq bizimlə deyil!

3206
Teqlər:
ifa, səhnə, sənətkar, xatirə, anım, Novruz Novruzlu
Əlaqədar
Novruz Novruzlu Hollandiyada yad edildi
Novruz Novruzlunun xələfi: "Bundan sonra ona fəxri ad verilsə belə, heç nə dəyişməyəcək"
Azərbaycan mədəniyyətinə ağır itki üz verib