Ramiz Əzizbəyli

Xalq artisti Ramiz Əzizbəyli: "Qırx adda xəstəliyim var"

13264
(Yenilənib 11:25 26.12.2018)
"Üç dəfə insult keçirmişəm, səkkiz dəfə əməliyyat olunmuşam"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 26 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür Xalq artisti, məşhur rejissor və aktyor Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib. Üç dəfə beyin insultu keçirən aktyorun vəziyyətini öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı ona baş çəkib. Daha çox təngnəfəslik, yüksək şəkərdən əziyyət çəkən Xalq artisti suallarımızı cavablandırıb.

Капельницы во время операции
© Sputnik / Varvara Gertye

- Özünüzü necə hiss edirsiniz?

- İndi yaxşıyam. Özümü pis hiss etmirəm. Ağrılarım da öncəki günlərə baxanda azalıb. Mehriban Xanlarova, Zaur Baxşəliyev sağ olsun. Demişdim ki, xəstəxanada olmağımı, xəstəliyimi efirdə işıqlandırmağa ehtiyac yoxdur. Amma yenə də sağ olsunlar. Eşidənlər gəlib xəbər-ətər tutur. Qonaqlarım da çox olur. Səhərdən-axşamadək gəlib-gedirlər. Dostum Müşfiq Hətəmov da harada olsa, gələr. Dostlarım çoxdur, hamısından razıyam, baş çəkirlər.

- Səhhətinizdə, əsasən nədən şikayətçisiniz?

- Türkiyədən dolanaraq bu xəstəxanaya gəlmişəm. Artıq 10 ildən çoxdur ki, şəkər xəstəsiyəm. 2013-cü ildən etibarən insulin vururam. Üç dəfə insult keçirtmişəm, şəkərim və təzyiqim yüksək olur. Hərdən şəkərim kəllə-çarxa çıxırdı. Hazırda isə həkimlər şəkərimi nəzarətdə saxlayırlar. Mədə-bağırsaqla bağlı problemlərim də var. 40 adda xəstəliyim var. Hansını deyim? Özümdən bir dənə olsa da, xəstəliklərim çoxdur, hamısı bir-birinə qarışıb. Səkkiz dəfə əməliyyat olunmuşam. Ona görə də bu gündəyəm. Təngnəfəs olduğum üçün danışa bilmirəm...

Ramiz Əzizbəyli xəstəxana palatasında
© Sputnik / Nigar Maharram
Ramiz Əzizbəyli xəstəxana palatasında

Məşhur adamın məşhur xəstəlikləri olar. 6-7 yaşım olanda ilk "Buratino" idim. Yaşar Nuri, Fuad Poladov, İbrahim Əliyev mənim adıma gəliblər. Onları qabağa çəkəndə özüm də qabağa çəkilmişəm. Yerlərimi vermişəm.

- Mədəniyyət Nazirliyindən arayıb-axtarırlarmı?

- Nazirlikdən də arayıb-axtarırlar. Bir az öncə mədəniyyət naziri Əbülfəs Qarayev mənə baş çəkdi. Bundan öncə isə nazir zəng edərək xəstəxananın baş həkiminə tapşırıqlarını verib. Bildirib ki, "nə kömək lazımdırsa, edilsin". Sağ olsunlar, necə lazımdırsa, maraqlanırlar. Xəstəxana xərclərimiz qarşılanacaq. Göstərdiyi diqqət üçün Əbülfəs Qarayevə xüsusi minnətdarlığımı bildirirəm.

- Qidalanmağınızda necə, problem varmı?

- Xırda-xırda yeyirəm. Yeməklə özümü yorub əldən salmıram. Qızım Xədicə də məni yedirdir.

- Sağalıb ayağa qalxdıqdan sonra hansı yarımçıq işlərinizi tamamlayacaqsınız?

Ramiz Əzizbəyli xəstəxana palatasında
© Sputnik / Nigar Maharram
Ramiz Əzizbəyli xəstəxana palatasında

- İşlərim çoxdur, özümlə məşğul olacağam. Kitablar yazacağam. "Cızma qaralar" adlı 3 dəfə nəşr olunmuş kitabım var. Bayatılar, esselər, aforizmlər, şeirlər, lağ-lağılar yazacağam... Mən düz yerdə oturmamışam, elə-belə aktyor da deyiləm. Yaşasın Ramiz Əzizbəyli Hacıağa oğlu.

P.S.

Qeyd edək ki, həkimlər Ramiz Əzizbəylinin yaranmış qanqren ilə bağlı olaraq ayağının öncə topuqdan, sonra isə dizdən amputasiya edilməsini məsləhət görüblər. Qızı Xədicə Əzizbəyli isə bildirib ki, ailəsi aktyorun ayağının, tamamilə, kəsilməsini istəmir. Həkimlər dəqiq qərarı 1-2 gün ərzində verəcəklər.

13264
Teqlər:
xəstəlik, şəkər, xəstəxana, Ramiz Əzizbəyli, aktyor, rejissor, xalq artisti