Певец на сцене, фото из архива

Rejissorun tələbi: Başını mən doğdum, bədənini sən doğ!

9631
(Yenilənib 16:16 12.12.2018)
Özü ölkə mədəniyyəti üçün ən utancverici məhsulların yaradıcısıdır, amma media önünə keçən kimi "sənət əldən gedir" deyir

BAKI, 13 dekabr — Sputnik. Ötən yazılardan birində musiqi sənətində kollektiv yaradıcılığın getdikcə məhv olmasından, müğənnilərin mahnılara həm söz yazıb, həm musiqi bəstələyib, həm də ifa etmələrindən yazmışdım. Bu dəfə oxşar problemin serial və kino sektorundakı fəsadlarından söz açacağam.

Bernardo Bertoluççi
© Sputnik / Yekaterina Chesnokova

Müğənnilər kimi rejissorlar da eyni sevdaya düşüblər. Ümumiyyətlə, bu problem təkcə bizim sərhədlərimiz daxilində deyil, dünyanın hər yerində baş verməkdədir. Lakin mədəniyyətə daha çox önəm verən dövlətlərdə bu sahəyə nəzarət ciddiləşir və belə problemlər həmin ölkələrdə tez zamanda həllini tapır.

Bizdə isə bu problem getdikcə böyüməkdədir. Rejissorlar özləri ssenari yazır, özləri quruluş verir, özləri də baş rol ifa edirlər. Nəticədə, bu gün Azərbaycan teleməkanında izlədiyiniz kino və seriallar ortaya çıxır.

Qəribədir ki, kino sənətinin yarandığı ilk illərdən bu günə qədər bütün rejissorlar özlərini təkcə dahi rejissor deyil, həm dahi dramaturq, ssenarist, həm də dahi aktyor hesab ediblər. Sənət mühitində bitməz-tükənməz rejissor eqosu dünənin, bugünün məsələsi deyil. Bu, onillərdir davam etməkdədir.

Əslində isə, rejissorlar tamamilə asılı sənətlə məşğuldurlar. Onlar, dramaturqlar, ssenaristlər, aktyor və aktrisalar qədər azad yaradıcılıqla məşğul deyillər, heç vaxt da ola bilməyəcəklər. Yəqin bu nəhayətsiz eqo da həmin asılılığı ört-basdır etmək üçün formalaşmış haldır.

Rejissor əvvəlcə böyük ədəbiyyat adamı kimi masa arxasına əyləşib bir şeylər yazmağa çalışır. Müəyyən bir məzmun – hadisələr ardıcıllığı qurub onu ssenariyə çevirmək istəyir. İş bədii təsvirə, dialoqların qurulmasına, ideya və məzmun vəhdətinə və s. bu kimi mühüm nüanslara gələndə, anlayır ki, o, ədəbiyyat adamı deyil və bir ssenari yaza bilməz.

Bu zaman yazdığı qısa məzmunu, kino dilində desək, sinopsisi götürüb hansısa ssenaristə müraciət edir və bunun ssenariyə çevrilməsini istəyir. Burda sual ortaya çıxır: Mən sənin yazdığın sinopsisi niyə ssenariləşdirməliyəm?

Bu, aşağı-yuxarı nəyə bənzəyir, bilirsiniz? Təsəvvür edin, kimsə bir körpənin başını doğub və gəlib sizə deyir ki, "bədənini sən doğ"! Axı mən sənin yaratdığın "adamlara" niyə tale yazmalıyam? Bacarırsansa, öz yaratdıqlarının taleyini də özün yaz. Bacarmırsansa, bu qədər adamın vaxtını alma və zəhləsini tökmə!

Rejissorun düşüncələri
© Sputnik
Rejissorun düşüncələri

Əlbəttə, təcrübə onu göstərir ki, həm dünyada, həm də Azərbaycanda (Azərbaycan dünyadan yavaş-yavaş ayrıldığına görə, bunu xüsusi iki aləm kimi vurğulamalıyam) kifayət qədər yaxşı ssenarilər yazıb, bunu mükəmməl ekran işinə çevirə bilən rejissorlar var. Lakin bu unikal istedadlar hər dəqiqəbaşında doğulmur və xahiş olunur ki, hər dəqiqəbaşında doğulan rejissorlar özlərini bir əsrin üç nəhəngi kimi aparmasınlar.

İş o yerə çatır ki, həm ssenarist, həm rejissor, həm də aktyor olan bu adamlar öz sənətdənkənar məhsullarına laqeyd, etinasız münasibət görüncə, kütlədən üz çevirir və utanmadan xalqa şəhadət barmağı silkələyib "daha sizin üçün film çəkməyəcəyəm" deyir. Əvvəldən çəkməsəydin və əvvəldən öz kim olduğunu, nəyə qadir və layiq olduğunu bilsəydin, o şəhadət barmağın bu gün həyasızcasına şaha qalxıb bu qədər gülünc görünməyəcəkdi.

Hərdən kino və serial sektorundan gileylənən, zəhmətinin bəhrəsini görməməyindən şikayətlənən sənətkarların arasında həmin adamların səslərini də eşidirik. Adam özü ölkə mədəniyyəti üçün ən utancverici məhsulların yaradıcısıdır, amma media önünə keçən kimi "sənət əldən gedir" deyir.

Sən və sənə meydan açanlar sənəti əldən verdilər də. Nədən şikayətlənirsən? Sən nə Eldar Quliyevsən, nə də Rövşən İsax. Sən bütün zamanlarda sənət adına utanc olmusan. İndi bu yalançı sənətşüvənliyinlə nə demək istəyirsən?

Bir filmin ssenaristi də, prodüsseri də, rejissoru da, aktyoru da eyni adam olanda ərsəyə nə gələ bilər ki? Bu hal on filmdən birində baş verirsə, normaldır. Amma on filmdən doqquzunda bütün yaradıcı heyət bir adamdan ibarətdirsə, bu, həm psixoloji problem, həm də ümumi mədəni səhnədə absurd komediyadır.

Zəhmət olmasa, kağız-qələminizi, kameranızı, işığınızı da götürüb gedin Afrika cəngəlliklərinə. Bu gözəl məsləhəti qardaş qardaşa etməz, amma mən sizə edirəm. Orda "meşədə təkbaşına" mövzulu çox yaxşı təbiət və ya qorxu filmləri çəkə bilərsiniz. Bəlkə hansısa hanibalın könlünü də sevindirdiniz.

9631
Teqlər:
sənət, aktyor, ssenarist, rejissor
Əlaqədar
Azərbaycanlı aktrisanı zorladığı iddia edilən məşhur rejissor 20 il iş ala bilər
Rejissor Elvin Abdulla “EuroAsia İnternational Film Festival”ı haqqında danışır
Baş nazir Azərbaycanın görkəmli rejissoru barədə qərara imza atdı
"Qara Volqa"nın rejissoru: "Neçə ildir işsizəm"
Müğənni, arxiv şəkli

Analar üçün: üç ölkənin məşhurları bir araya gəldilər - VİDEO

28
(Yenilənib 23:20 25.02.2021)
Klipdə Rusiyanın Xalq artisti Valeriya, türkiyəli müğənni Alişan və yerli məşhurlar - Əməkdar artist Ədalət Şükürov, müğənni Zamiq Hüseynov və teleaparıcı Afaq Gəncəli yer alıblar.

BAKI, 25 fevral — Sputnik. Türkiyəli müğənni Adil Karaca yeni "Mənim anam" adlı klipini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi Rusiya, Türkiyə və Azərbaycanda çəkilib. Klipdə Rusiyanın Xalq artisti Valeriya, türkiyəli müğənni Alişan və yerli məşhurlar Əməkdar artist Ədalət Şükürov, müğənni Zamiq Hüseynov və teleaparıcı Afaq Gəncəli yer alıblar.

Klipin rejissorları Ruslan Ağayev və Murad Aygördür. Adil Karacanın "Mənim anam" adlı mahnısı musiqi platformalarında "Zhara Music" leyblı altında təqdim olunub.

28
Teqlər:
video, məşhurlar, Azərbaycan, Türkiyə, Rusiya, ana, musiqi
Uşaq televizora baxır, arxiv şəkli

Uşaq Koroğlunu cizgi filmində görmürsə, sevimlisi Turbomen olacaq

16
(Yenilənib 22:35 25.02.2021)
Dünyanın böyük animasiya studiyaları olduqca bahalı cizgi filmlərini çəkib pulla satmaq barədə o qədər də düşünmürlər. Cizgi filminin əsasına qoyulan ideya bir müddət sonra milyonlarla uşağın həyat tərzinə çevrilir.

 

Azərbaycanın yeni Z nəsli yerli kanallara baxmaq istəmir. Uzaqbaşı bazar günü səhər yeməyi zamanı Azərbaycan dilində nümayiş edilən maraqlı animasiya filminə baxar. O da əgər valideyn məcbur etsə. Kanallar həm maraqlı deyil, həm də uşaq verilişi, cizgi filmi olduqca azdır. Evdə internet, smart TV, planşet və smartfon varsa, uşaq mütləq özünün bəyəndiyi videoları və animasiya filmlərini axtarıb tapacaq.

Cizgi filmləri çoxdan böyük bir gəlir mənbəyi, reklam platformasına çevrilib

Uşaqlar ana dildə kontent tapa bilmədiklərindən xarici resurslara üz tuturlar. Ölkə dəqiq olaraq iki cəbhəyə bölünüb: Türkiyə və Rusiya kontentinə baxanlara. Ailədə rus dilini bilən varsa, uşaq tezliklə rus dilini mənimsəyib elə ona lazım olan filmlərə bu dildə baxır. Rus dilini bilən yoxdursa, deməli, bizə ən yaxın olan türk dilində cizgi filmlərini seçib baxacaq. Baxırsan, adi bir ailənin uşağıdır, amma dili dəyişib, Türkiyə ləhcəsində danışır. Öz dilində nəyisə ifadə etməkdə çətinlik çəkir.

Cizgi filmləri artıq çoxdan öz ilkin mənasını itirib, böyük bir gəlir mənbəyi, reklam platformasına çevrilib. Dünyanın böyük animasiya studiyaları olduqca bahalı cizgi filmlərini çəkib pulla satmaq barədə o qədər də düşünmürlər. Bu prosesdə daha böyük strateji maraqlar var. Cizgi filminin əsasına qoyulan ideya bir müddət sonra milyonlarla uşağın həyat tərzinə çevrilir. Supermen, Betmen, Spaydermen kimi animasiya filmlərinin qəhrəmanları uşaqların beynində dərin bir iz buraxmaqla həkk olunur. Uşaq bu hərəkətləri təkrar etməyə çalışır, ata-anadan oyuncaq qəhrəmanı almağı tələb edir, çarpayısının hörümçək insan formasında olmasını istəyir, geyimdə belə üzərində məhz onların əksinin olmasını arzulayır.

Bakının 8-ci km bazarında yerləşən dükanlarda “Mikki və Maus” yataq dəstləri satılır

Cizgi filmləri qəhrəmanlarının obrazı bir çox malda əks olunub. Sevimli obrazların nişanları da, saatları da, virtual oyunları da var. Hara getsən belə, gözünə onlar görünəcək. Hətta ABŞ-dan çox uzaqda, Bakının 8-ci km bazarında yerləşən kiçik dükanlarda Mikki və Maus, hörümçək adam və digər animasiya qəhrəmanlarını əks etdirən yataq dəstləri satılır. Adi materiallardan daha yaxşı satılır bu dəstlər. Valideyn istər-istəməz uşağın tələbi ilə, deyək, “İtlər, irəli” filminin qəhrəmanlarıni əks etdirən geyimi almağa məcbur olur. Almasan da olmur.

Disney kimi məşhur bir animasiya nəhəngi dayanmadan illərdir cizgi filmləri istehsalı ilə məşğuldur. Bu müddətdə artıq Disneyin oyuncaq sənayesi əmələ gəlib, satış şəbəkəsi dünyanın bir çox ölkəsində yaradılıb. Bəzən brend dükanları gəlir gətirməyə yox, reklama xidmət edir. Disney şirkəti Disneylend parkını yaradarkən onun bu qədər populyar olacağını, bəlkə də zənn etmirdi. Kaliforniya ştatında qurulan əyləncə parkını ümumilikdə 600 milyon insan ziyarət edib. Şirkət buna bənzər əyləncə parklarını bir çox ştatlarda yaradıb.

Disneylendlər dünyanın bir çox ölkəsinə də yayılıb. Parisdə də var, Tokioda da, Honkonqda da. Disney kəndləri ABŞ-da yayılıb, başqa ölkələrdə də. Florida ştatında yaradılan Disney şəhərciyi isə bəzən insanlara məhz bu reallıqda yaşamağı təklif edir. Hara baxsan, Disney qəhrəmanları gəzir, hər yerdə Disney simvolikasıdır.

Disneyin əlindən heç yerə qaça bilməzsən

Uşaqlar belə reallığı çox sevirlər. Animasiya qəhrəmanları artıq virtual məkanda, oyunların daxilində də məskunlaşıblar. Fərqi yoxdur, müəyyən yaşacan televizorda cizgi filminə baxırsan, daha sonra isə smartfonda oyun oynayırsan. Bir sözlə, Disneyin əlindən heç yerə qaça bilməzsən. Uşağa da oyuncaq söz verdinsə, mütləq almalısan. Bəzən bu cizgi filmi qəhrəmanından yaradılmış oyuncağı əldə etmək də mümkünsüz olur. “Milad bayramına hədiyyə” filmində eyni vəziyyət müşahidə olunur. Məşhur Amerika ulduzu Arnold Şvarsnegerin rol aldığı filmdə baş qəhrəman Milad ərəfəsində oğluna söz verdiyi Turbomen oyuncağını əldə etmək üçün bütün gücünü sərf etməli olur. Marketlər isə bomboşdur. Turbomen nə gəzir?

İki oğul atası həmin bu Turbomeni almaq üçün əməlli-başlı müharibə edirlər. Film gülməli, komik vəziyyəti ifadə etsə də, bir növ reallığı əks etdirir. Cizgi filmi qəhrəmanı həyatımızın ayrılmaz hissəsinə çevrilib, övladına bu oyuncağı hədiyyə edə bilmirsənsə, deməli, onun hörmətinə qazana bilməzsən. Başıaşağı gəzəcəksən.

Sadə və müsbət ruhlu köhnə filmlər uşaqlarda bir gülüş doğurur

Reklam və biznes maraqlarından əlavə, ABŞ-ın animasiya studiyaları həm də dünyaya ideoloji mesaj göndərməklə məşğuldurlar. Burada məqsəd hələ möhkəmlənməmiş uşaq psixikasına təsir etməklə kimin bu dünyada güc sahibi olduğunu beyinlərə yeritməkdir. Yəni animasiya filminin qəhrəmanları dünyanı xilas etmək, şər qüvvələrə qalib gəlmək işini görməklə məşğuldurlar. Burada xeyir ABŞ-da, şər isə başqa yerdə cəmlənir.

Cizgi filmlərin uşaq psixikasına mənfi təsiri varmı? Əgər dəhşətli varlıqlar, əcaib yadplanetlilər, mutantlar dəqiqəbaşı cizgi filmlərində görünürlərsə, uşaq hələ aşağı yaş dövründən onlarla birgə həyat sürməyə məhkum olur. Bir müddət sonra artıq normal süjetlər ona maraqlı görünmür. Bu günün uşağı nə Tıq-tıq xanıma, nə Cırtdana, nə də sovet dövründə çəkilmiş minlərlə pozitiv sovet animasiya filminə baxmaq istəyir. Sadə və müsbət ruhlu köhnə filmlər uşaqlarda bir gülüş doğurur.

“Nu, poqodi” filmini yaşlı nəsil əzbər bilir, amma indiki uşaqlarda heç bir reaksiya doğurmur. Filmə baxıb darıxırlar. Onlar müasir süjet gözləyirlər. Dünyanın bir çox ölkəsi də animasiya işini prioritet olaraq inkişaf etdirir. Yaponiya, Koreya, Çin də çox möhtəşəm cizgi filmləri yaradır. Rusiyanın “Maşa və ayı” cizgi filmi Azərbaycanda çox populyardır. Maşa adlı dəlibaş qız hər yeri dağıdır, filmin aqressiyası da böyükdür, amma uşaqlar bəyənirlər.

Mədəniyyət Nazirliyinin cizgi filmi sifarişi yoxdur

Azərbaycanda animasiya işi, açığı, bərbad gündədir. Ölkədə yaradılan bir neçə kiçik studiyanın nə əməlli-başlı maliyyəsi var, nə güclü kadr bazası, nə də gəlir əldə etmək üçün böyük bazarı. Cizgi filmləri bazarı artıq tutulub. Disney kimi studiya ilə axı necə rəqabət aparasan? Heç mümkün deyil. Animasiya filminin istehsalı çox bahalı prosedurdur. Əvvəllər rəssam-animator filmi əllə süjet-süjet, anbaan çəkirdi, sonra xüsusi metodla canlandırılıb kameraya köçürülürdü. Hələ o dövrdə ağır bir proses idi, hazırda cizgi filmi kompüter proqramlarında yığılır, amma bu proqramda hər adam işləməyi də bacarmaz. İşin qiyməti də bahadır, daha çox işçi qüvvəsi cəlb edilməlidir. Daha mürəkkəb süjetlər yaradılır.

Böyük mənada Mədəniyyət Nazirliyinin cizgi filmi sifarişi yoxdur. Hansısı xırda-para filmlər çəkilir. Yerli animasiya studiyalarının nə sponsoru var, nə də sifarişi. Hətta bəzi studiyaların hazır filmləri də var. Amma bazara çıxış yoxdur, yəni kimsə təqdimat edə, bir qədər pul ödəyə, kinoteatrlara çıxarda və sair kimi işlər görülmür. 

Bütün Azərbaycan animasiyalarına bir gündə baxmaq olar. Bəs sabahısı uşaq nəyə baxacaq? Yaxşı deyək, Azərbaycan dilinə dublyaj edilmiş filmlərə. Bu limit də uzaqbaşı bir həftə on günə bitəcək. Bəs sonra? Keçəcək Türkiyə və Rusiya resurslarına, axtarışı daha yaxşı bilən uşaqlar isə ingilis dilində filmlər tapacaqlar.

Çin, Koreya, Yaponiya cizgi filmlərinə də o ölkələrin dilində baxanlar az deyil. Axı animasiya bütün uşaqlara aydındır, xarici dili anlamasa, yenə əlli əlliyə başa düşəcək.

Öz cizgi filmlərimiz də havadan yaranmayacaq

Ölkədə animasiya işini gücləndirmək, bu sahəni rəqabətə davamlı etmək olarmı? Ölkə kiçik, bazar məhduddur. İstər-istəməz xarici animasiya filmlərindən istifadə etməli olacağıq. Amma nəyi etmək olar? İlk növbədə Azərbaycan uşaqlarının doğma dildə animasiya filmlərinə baxmağını təmin etmək mümkündür. Yəni lisenziyası bizdə olan keyfiyyətli, pozitiv cizgi filmlərini dublyaj edib internetdə açıq resurslarda yerləşdirmək lazımdır. Bir var uşaq nəyə gəldi baxır, yad təsirə məruz qalır, üstəlik, öz dilini unudur, bir də var uşağın öz dilində animasiya filminə baxması üçün imkan yaradırıq. Ən azı seçim etmək şansı olur. Azərbaycan kanalları da cizgi filmlərini dublyaj edir, amma bu filmlər internetdə yoxdur. Hərə özü üçün çalışır. Nəticədə bizim uşaqlar bu filmlərə baxa bilmirlər. İndi heç kim oturub hansıma kanalın cizgi filmini gözləmək istəmir, elə internetdə axtarış edib istədiyinə baxır. Axtarışda isə yalnız başqa ölkələrin filmləri çıxır.

Öz cizgi filmlərimiz də havadan yaranmayacaq. Kiçik də olsa, bir dövlət proqramı olmalıdır. Deyək, bir neçə yerli studiyaya dövlət xətti ilə maliyyə ayrıla, filmlər çəkilə bilər.

Rusiyada bu təcrübə özünü doğruldub. Mədəniyyət Nazirliyinin xətti ilə bütün rus nağılları ekranlaşdırılıb, həm böyük həcmli filmlər çəkilib, həm də qısa animasiyalar var. Digər ölkələrdə çəkilən bütün dəyərli cizgi filmləri rus dilinə tərcümə edilib. Yəni illərlə bax, heç bir zaman bitməz. Dalı da gəlir, studiyalar işləyir, yeni cizgi filmləri çəkilir, tərcümə edilir. Amma əsaslı bir xətlə iş gedir. Belə bir əsaslı xətt Azərbaycanda da olmalıdır. Dublyaj edilməli, yerli filmlər çəkilməlidir.

Cizgi filmlərinin çəkilməsi Azərbaycanın qarşısında duran ən mühüm və strateji məsələlərdən biridir. Bu işi nə sabaha, nə də birigünə saxlamaq olmaz. Məsələ bu gün həll edilməlidir, uşaqları itirməmək barədə düşünməliyik. Dərsliklərdə Dədə Qorqud, Koroğlu və ya şah İsmayıl Xətaidən mətn yazmaq yetərli deyil. Uşaq həm də onları animasiya filmlərinin qəhrəmanı kimi görməli və tanımalıdır. Yoxsa qəhrəmanı da elə Supermen, ya da Turbomen olacaq. 

16
Teqlər:
problem, dünya, Azərbaycan, cizgi filmi
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0