Здание центра кино Низами в Баку

Paytaxt sakinlərinin yeni türk filmləri ilə tanış olması üçün əla fürsət yaranıb

261
Bakıda türk filmləri həftəsinin açılışı olub

BAKI, 24 noyabr - Sputnik. Noyabrın 23-də Nizami Kino Mərkəzində türk filmləri həftəsinin açılışı olub.

Sputnik Azərbaycan xəbər verir ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşıb.

Açılış mərasimində kinorejissor Ayaz Salayev ənənəvi olaraq keçirilən film həftəsinin əhəmiyyətindən söz açıb. Deyib ki, həftə ərzində təqdim olunacaq ekran əsərləri ümumi dünyagörüşümüzün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracaq: “Bu gün türk filmlərinin dünya miqyaslı izləyici auditoriyası var. Bu, bizim üçün sevindirici haldır. Türk filmlərinə baxdıqda, sanki öz filmlərimizə baxırıq. Türkiyə istehsalı olan filmlərin uğurlarını biz öz uğurlarımız hesab edirik”. 

Gizem Karaca yay tətilini Bakıda keçirməyi planlaşdırır
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Bildirib ki, film həftəsində azərbaycanlı kinosevərlərə, peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən filmlər təqdim ediləcək. Tamaşaçılar üçün bu həftə çox gözəl film bayramı olacaq.

Türk filmləri həftəsinin baş əlaqələndiricisi, rejissor Öner Kılıç həftə ərzində baxılacaq ekran əsərləri barədə məlumat verib. Vurğulayıb ki, filmlər beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq. Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil ediləcək. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsilə daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

O, qardaş ölkələr arasındakı körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayıb. Qeyd olunub ki, təşkil edilən film həftəsində böyük rəğbət qazanmış ekran əsərləri təqdim olunacaq.

Qonaqları Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu film həftəsinin önəmini qeyd edib. Bildirib ki, türk filmləri yalnız Azərbaycanda deyil, digər qardaş türkdilli ölkələrdə də nümayiş olunmalıdır.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq əlaqələrindən söz açıb. “Bu gün Türkiyə ilə Azərbaycan arasında yeni mədəniyyət körpüsü qurulur. Bizi bir-birimizə bağlayan çox səbəblər var, ancaq bunlardan ən önəmlisi könül bağlarıdır. Bizlər bir millət, iki dövlət olaraq, bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq, bunun üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə təbliğ etməliyik”.

Tədbirdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib: “Biz qardaş ölkə Türkiyə ilə mədəniyyət sahəsindəki əməkdaşlığımızdan məmnunuq. Bu sahədə strateji konsepsiyamız olmasa da, bunun yaxın gələcəkdə reallaşdırılması üçün çalışmalıyıq”.

Sonra türkiyəli rejissor Mehmet Günün “Güllər” filmi nümayiş olunub.

Noyabrın 27-dək davam edəcək türk filmləri həftəsi çərçivəsində “Güllər”, “Səni sevirəm, adamım”, “Can fəda”, “Hay” və “Anons” filmləri nümayiş ediləcək.

261