Studiya

Atası da, anası da, dayəsi eyni olan mahnı-uşaq

15172
(Yenilənib 15:38 22.11.2018)
Keyfiyyətsiz mahnılar: şair də, bəstəkar da, müğənni də eyni adam olanda...

BAKI, 23 noyabr — Sputnik. Hesab edirəm ki, bir insanda müxtəlif istedadlar ola bilər. Həm çox yaxşı şeirlər yazıb, həm çox gözəl rəsm əsərləri çəkmək, həm də əsrarəngiz musiqilər bəstələmək mümkündür. Bununla bağlı çox sevdiyim bir məsəl də var: bacarana can qurban! Amma bacarana, bacarmayıb ağlına gələni edənə yox!

Bu gün əksər incəsənət sahələrində insanlar eyni anda bütün işləri görmək istəyirlər. Sovet dönəmində bir sıra sənətkarlarımız vardı ki, onlar bəzi mahnıları özləri bəstələyib oxuyurdular. Qulu Əsgərovun, Əlibaba Məmmədovun, Zeynəb Xanlarovanın bir sıra mahnılarının musiqiləri də özlərinə məxsusdur. Lakin o sənətkarların repertuarında belə, elə bir mahnı tapılmaz ki, həm sözlərini və musiqisini yazıb, həm də ifa etsinlər.

Müasir müğənnilərimiz isə, həm şair, həm bəstəkar, həm də ifaçı olublar. Nəticədə ortaya elə bir mahnı çıxarırlar ki, musiqisi qarışıq, yad, oğurlanmış, sözləri isə anlaşılmaz, uyumsuz və mənasız olur. Bəzən belə mahnılar milyonlarla dinlənmə sayına çatsa da, tez zamanda unudulur, məhv olur. Çünki onların davamlılığı, dözümlülüyü, aktuallığı olmur.

Axı bu məhsullar ümumi insan düşüncələrinə, duyğularına təsir etməyi bacarmır. Bu təsir gücünü yarada biləcək istedaddan doğulmuş söz də, not da yoxdur. Necə tarixdə qalsın ki?

Hələ bir də ölkə sərhədlərini aşmaq iddiası ilə türkcə, rusca, ingiliscə mətnlər yazırlar. Bu zaman iş lap gülünc görünür. Sən düşündüyün dildə danışmağı, oxumağı, yazmağı bacarmamısansa, öz şüur və duyğularının dilində ortaya bir keyfiyyətli məhsul çıxarmamısansa, ruhuna yad olan bir dildə nə yaratmağa çalışırsan?

Sovet dönəminin bəstəkarları, şairləri və müğənniləri arasında olduqca mükəmməl bir bağ vardı. Bu üç sənət mühitinin insanları bir-birləri ilə həm əsl yaradıcı ruhda, həm də macəra dolu bir ünsiyyət qurmuşdular. Bu gün o dövrdə baş verən yaradıcılıq proseslərinin xatirələrinə baxanda, insan sənətin mükəmməl gücünü, sənətkarlıq əzmini görür.

Yeri gəlmişkən, o hadisələrdən birini sizə də nəql edim.

Bir gün Bəxtiyar Vahabzadə Hacıbaba Həsənova öz kitabını hədiyyə etmək istəyirmiş. Bəstəkarın Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi "Yağma, yağış" mahnısı şairin çox xoşuna gəlibmiş. Lakin həmin kitabdan şairdə qalmayıb, hamısını bağışlayıbmış.

Bəxtiyar Vahabzadə Hacıbaba Həsənovla birlikdə kitab mağazasına yola düşür ki, kitabdan birini alıb bəstəkara hədiyyə etsin. Amma hansı kitab mağazasından soruşsalar, hamısı deyir ki, "qalmayıb, satılıb". Şair soruşur: "Necə olur ki, bu kitabdan bir ədəd də qalmır?" Satıcı deyir: "Axır vaxtlar "Yağma, yağış" mahnısı çıxıb, xalq ancaq Bəxtiyarın kitabını alır".

Bəxtiyar Vahabzadə mağazadan çıxandan sonra Hacıbaba Həsənova deyir: "İndiyə qədər elə bilirdim ən təsirli sənət poeziyadır. Demə musiqi ondan təsirli imiş!".

Yeri gəlmişkən, "Yağma, yağış" mahnısının məşhurlaşdığı dönəm yay mövsümünün bitməsinə təsadüf edir. Təsərrüfatçılar bol məhsul götürmək üçün yağışın yağmasını gözləyirlər. Amma tərslikdən, yağış yağmır ki, yağmır.

Buna hirslənən kolxoz sədrləri şikayət məktubu yazıb Mərkəzi Komitəyə göndərirlər. Məktubda qeyd edirlər ki: "Hamı deyir yağma, yağış, yağma, yağış! Yağış yağmır və biz də məhsul verə bilmirik. Xahiş edirik ki, bu mahnı qadağan olunsun!" Çoxsaylı müraciətlərdən sonra, həqiqətən də bu mahnının oxunmasını uzun müddət qadağan edirlər.

Belə xatirələri oxuyanda təəssüflənirəm. Təəssüflənirəm ki, gələcək nəsillər bu dövrün sənətkarları ilə maraqlananda onların arasında heç bir bağ görməyəcək. Bu gündən gələcəyə hansısa mahnının birgə yaradıcılıq prosesi ilə bağlı xatirələr qalmayacaq.

Bir mahnının valideynləri şair və bəstəkar, dayəsi müğənnidir. Dövrümüzün müğənniləri isə həm əkmək, həm doğmaq, həm də böyütmək istəyirlər. Anlamırlar ki, bir məhsula hər kəs öz peşə sevgisindən pay qoymayıbsa, o məhsul böyüməz, xəstə doğular və ölər. Necə ki, dövrün mahnıları bir neçə ay yaşayıb, ölürlər.

Əgər öz sənətinizdə ucalmaq, tarix yazmaq istəyirsinizsə, ehtiyac duyduğunuz sözləri, notları bu işin peşəkarlarından alın. Özünüzü həm bəstəkar, həm şair, həm də müğənni olmağa məcbur etməyin. Əgər siz şirin bir yalan kimi hamısını bacardığınıza inanmısınızsa, sizə dost kimi acı bir həqiqət deyim: bacarmırsınız!

15172
Teqlər:
söz, bəstəkar, müğənni, mahnı, sənət
Əlaqədar
Məşhur brendin çarxında mahnısı səslənən Nəsibə Abdullayeva danışdı - EKSKLÜZİV
Buzların mahnısı sizi valeh edəcək — VİDEO
Emin və Maksim Fadeyevdən Azərbaycan haqqında möhtəşəm mahnı
“Səni deyirlər” mahnısının ifaçısı Sputnik Azərbaycan üçün oxudu – EKSKLÜZİV
Xınalıq kəndi, arxiv şəkli

“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik

5
(Yenilənib 15:41 03.07.2020)
Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

BAKI, 3 iyul — Sputnik. Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatga görə, qurumun Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün İlkin Siyahıya salınması məqsədilə uyğun sənədləri Dünya İrs Komitəsinə təqdim edib.

UNESCO-nun Azərbaycan üzrə Milli Komitəsi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumdünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.

Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən İlkin Siyahıya salınması tələb olunur. İlkin Siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin İlkin Siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

5
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
Əlaqədar
Xaricilər Azərbaycanın üç kəndinə "göz qoyublar"
Dağ başında, amma fəlakətdən uzaq: onları əcdadlarının sümükləri qoruyur
Xınalığın inkişaf konsepsiyası hazırlanır - Yeniliklər olacaq
Qızıldan qiymətli peyin, yaxud üstü bəzək, altı təzək
Emil Qədirov, arxiv şəkli

Dünyanın hər yerində yaşayan azərbaycanlılar Moskvada keçiriləcək müsabiqəyə dəvət edilir

1853
Gənc azərbaycanlı müğənnilər çəkilişlərinə sentyabrda Moskvada start veriləcək beynəlxalq layihənin iştirakçısı ola bilərlər. Münsiflərdən biri Emil Qədirovdur.

BAKI, 2 iyul — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsilli rusiyalı ifaçı Emil Qədirov münsiflər heyətinin üzvü olduğu “Vo ves qolos” (Bütün səsi ilə) Beynəlxalq musiqi layihəsində iştirak etmək üçün gənc istedadlı həmyerlilərinin axtarışına çıxıb. Bu barədə Sputnik Azərbaycan-a müğənninin özü məlumat verib.

Müsabiqənin təşkilatçıları qismində "Uşaqlar uşaqlara kömək edir" regional ictimai xeyriyyə fondu, Müstəqil Dövlətlər Birliyinin işləri üzrə Federal Agentliyi yanında “Otrajeniye” Mədəniyyətin İnkişafı Fondu və xaricdə yaşayan həmvətənlər çıxış edir. Müsabiqədə doqquz ölkədən - Azərbaycan, Rusiya, Qazaxıstan, Moldova, Ermənistan, Belarus, Tacikistan, Almaniya və İsraildən gənc ifaçılar iştirak edirlər.

Kadırov bu layihənin yarandığı ilk gündən münsiflər heyətinin tərkibinə daxildir. Müsabiqənin dördüncü mövsümü üçün kastinqlər artıq başlayıb. Buna görə də müğənni gənc həmkarlarının axtarışındadır.

"Bu layihədə 12 yaşdan 17 yaşadək olan həmvətənlərim iştirak edə bilərlər. Fərqi yoxdur, onlar Azərbaycanda, Rusiyada, yaxud başqa ölkədə yaşayırlar. İştirak etmək istəyənlər video yaza və özləri haqqında məlumatlarla birlikdə mənə məktub şəklində gadirov-music@mail.ru ünvanına göndərə bilərlər. Mən özüm onların arasından ən istedadlıları seçəcəyəm", - Kadırov qeyd edib.

Layihənin çəkilişləri 2020-ci ilin sentyabr ayına planlaşdırılır.

Xatırladaq ki, "Vo ves qolos" 2017-ci ildən Moskvada keçirilir. Müsabiqə səkkiz konsertdən ibarət olacaq. Layihə boyunca tamaşaçılar həm xalq musiqilərini, həm də öz qəyyumların öz yetirmələrinə səhnədə ifa üçün seçəcəyi estrada hitlərini eşidəcəklər.

1853
 İranda epdimioloji vəziyyət

İranda bir gündə 150-dən çox şəxs koronavirusdan öldü

0
(Yenilənib 00:14 04.07.2020)
Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb

BAKI, 4 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2566 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Hospitalda koronavirus xəstəsinin yoxlanılması
© Sputnik / Vladimir Astapkovich

"Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb. Bir gün ərzində 154 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11260-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 235429 şəxsdən 196,5 mindən çoxu sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,8 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla