Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Əksinqilabi fəaliyyətə" görə Sibirə göndərilən milli ədəbiyyatımızın nümayəndəsi

© © Hilal Məmmədov tərəfindən təqdim olunubZülfüqar Əhmədzadə
Zülfüqar Əhmədzadə - Sputnik Azərbaycan
Abunə olmaq
"Əksinqilabi fəaliyyət" ittihamı ilə 5 il azadlıqdan məhrum edilərək Sibirə sürgün edilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Bu il ictimai-siyasi xadim, şair, naşir, yazar, jurnalist, tənqidçi, publisist, tərcüməçi, redaktor, korrektor, dilşünas, pedaqoq, metodist və rəssam olmuş Zülfüqar Əhmədzadənin 120 yaşı qeyd edilib.

Dörd il Sibirdə sürgün həyatı yaşamış Zülfüqar Əhmədzadənin 44 illik ömür yolunu və yaradıcılığını tədqiq edən Hilal Məmmədov Sputnik Azərbaycan-a onun haqqında ətraflı məlumat verib.

© © Hilal Məmmədov tərəfindən təqdim olunubHilal Məmmədov
Hilal Məmmədov - Sputnik Azərbaycan
Hilal Məmmədov

O bildirib ki, şair 1898-cil ildə Astaranın Bütəsər(İndiki Pensər) kəndində doğulub: "Zülfüqar Əhməd oğlu Əhmədzadənin ata-babaları torpaq sahibləri və din xadimləri olublar. 14 yaşında olanda Zülfüqar bir çox tanınmış müəllimlərin yanında dərslər alaraq, fars, ərəb, türk və rus dillərində mükəmməl yazıb-oxumaqla yanaşı, danışmağı da bacarıb. Şer yazır, rəsmlər də çəkirmiş, hətta çəkdiyi rəsmlərin çoxu Lənkəran şəhərində baha qiymətə satılıb".

H.Məmmədov qeyd edib ki, elə həmin illərdə Zülfüqar Lənkərana təyinatla göndərilmiş bir müəllimin yanında 19 ay fərdi məşğələlər keçərək riyaziyyat, təbiətşünaslıq, ədəbiyyat, coğrafiya və fizika fənlərini də mükəmməl öyrənib.

Z.Əhmədzadə gənc yaşlarından başlayaraq haqq-ədalət naminə mübarizələrə də qoşulub: "Çar Rusiyasının yerli bölgə nümayəndəsi Mir Əhməd xan Talışinskinin torpaq mülkiyyətçilərinin mülklərini əllərindən alması, kənlilərə qarşı zülm və istismarın gündən-günə artması və yerli ruhanilərin xana dəstək verməsi 1912-ci ildə Lənkəran qəzasının Bütəsər kəndini ən qaynar siyasi üsyan ocağına çevirir. Mir Əhməd xana qarşı olan bu üsyan tezliklə qonşu kəndlərə də yayılır və 14 yaşında olan Zülfüqar üsyanın gənc fəallarından biri olur".

© © Hilal Məmmədov tərəfindən təqdim olunubZülfüqar Əhmədzadə
Zülfüqar Əhmədzadə - Sputnik Azərbaycan
Zülfüqar Əhmədzadə

"Təbii ki, üsyan yatırılır, özü də vəhşicəsinə. Lakin gənc Zülfüqarın inqilabi mübarizliyi sönmür. Sonralar "Ədalət", "Hümmət", "Bolşevik" partiyalarının ən fəal üzvlərindən olan Z.Əhmədzadə Azərbaycan SSR-in Zaqafqaziya Federasiyasının bir çox bölgələrinin dövlət, sovet və partiya orqanlarında müxtəlif rəhbər vəzifələrində çalışıb" – deyə müsahibimiz qeyd edib.

Z.Əhmədzadənin Bakıda Respublika Fəallar Yığıncağında etdiyi cəsarətli çıxışı isə onun respublikadan kənar yerə təyin edilməsiylə nəticələnib: "1931-ci ildə Astara RİK-nin sədri vəzifəsindən Bakıda Azərbaycan MİK-in şöbə müdiri vəzifəsinə təyin edildiyi vaxtlarda Zülfüqarın, "Azərbaycan Mərkəzi Komitəsinə uzun müddətdir ki, Mirzoyanlar, Rubenlər, Polonskilər rəhbərlik edir. Azərbaycan MK-də cəmi 9% azərbaycanlı qalıb. Qalanlar ruslar, ermənilər, gürcülər, yəhudilər və başqa millətdən olanlardır. Məgər Azərbaycanın elə bir oğlu, kadrosu yoxmu ki, ona rəhbərlik etsin?" çıxışı ona baha başa gəlir. Dərhal respublikadan uzaqlaşdırılaraq, Ermənistanın Vedi Rayon İcra Komitəsinə sədr göndərilir".

Şair dərhal buna uyğun beyt də yazıb: Atdığım daş idi, düşdü bostana, İndi çək cəzanı, get Hayıstana".

Bakıya qayıtdıqdan sonra isə Zülfüqar Əhmədzadə bir sıra yüksək rütbəli vəzifələrdə çalışsa da, 1938-cü ildə "Əksinqilabi fəaliyyətdə ittiham olunaraq, mart ayının 15-dən 16-na keçən gecə həbs edilib. O, 1938-ci ilin mart ayında həbs edilsə də, ailəsinə ilk məktubu 1938-ci ilin 15 oktyabrında Daşkənddən göndərə bilir.

© © Hilal Məmmədov tərəfindən təqdim olunubZülfüqar Əhmədzadənin həyat yoldaşı Hüriyə xanım
Zülfüqar Əhmədzadənin həyat yoldaşı Hüriyə xanım  - Sputnik Azərbaycan
Zülfüqar Əhmədzadənin həyat yoldaşı Hüriyə xanım

Şair oğluna yazdığı məktubunda isə bunları deyir: "Əzizim Əyyub! Çox təəssüf, Bakıdan çıxarkən sənlə görüşə bilmədim. Mənim kefim yaxşıdır, fəqət paltar və pulum yoxdur. Oktyabrın 14-də Daşkəndə varid oldum. Buradan isə Vladivastoka gedəcəyəm. Oradan sənə ünvan yazaram. Oğlum darıxma. Hüriyə (həyat yoldaşı) və uşaqlara yaxşı bax, onlara ürək ver. Özün də ağıllı dolan. Mənim iki il işim qalıb. Sağlıq olsun, lap yaxın zamanda görüşərik. Hər vaxt axırıncı ünvanımı alsaz, mənə ətraflı kağız yazarsan. Öz işindən, uşaqlardan və kənddən yaz. Əhədə (dayısı oğlu) de ki, uşaqlara yardım etsin. Əyyub Bakıda pis keçirsə, uşaqları ya kəndə ya da Balaqana (Balakən) apar, fəqət harada olsalar da, onlara köməklik et. Əyyub can Hüriyə yazdığım paltarları və pulu ünvanımı alan kimi göndərərsən. Məlahətin (qızı) və Rüfətin (oğlu) üzünü mənim əvəzimdən öp. Heç darıxma, Əhədə, nənəyə və Lalazara (bacısı) salam göndər. Mən heç gözləmədən Bakıdan çıxdım, yoxsa vaxtında xəbər verərdim. Öpürəm səni. Sənin: Z.Əhmədzadə 15/10/38 il."

Şair oğlu Əyyub Əhmədzadəyə ünvanladığı 28 yanvar 1940-cı il tarixli məktubunda həbsinin əsas səbəbini belə izah edib ki, guya o, Talış mahalını Azərbaycandan ayırmaq istəyib. Lakin sübut edilmədiyindən 64-cü maddə (vətənə xəyanət) üzərindən götürülüb və heç bir maddə yazılmadan "Əksinqilabi fəaliyyət" ittihamı ilə 5 il azadlıqdan məhrum edilərək Sibirə sürgün edilib.

© © Hilal Məmmədov tərəfindən təqdim olunubZülfüqar Əhmədzadənin oğlu Əyyub Əhmədzadə
Zülfüqar Əhmədzadənin oğlu Əyyub Əhmədzadə - Sputnik Azərbaycan
Zülfüqar Əhmədzadənin oğlu Əyyub Əhmədzadə

Hilal müəllim qeyd etdi ki, Z.Əhmədzadə gənc dostu və sevimli şairimiz Səməd Vurğunla Sibirdə olarkən də məktublaşırmış: "15 yanvar 1940-cı ildə o, dostu Səməd Vurğuna məktub-poema da ünvanlayıb. Həmin illərdə özü də az təqib və təzyiqlərə məruz qalmayan S.Vurğun həyatını riskə qoyaraq Mircəfər Bağırovun qəbuluna gedərək Zülfüqar Əhmədzadənin vətənə qaytarılmasını xahiş edib".

Azadlığına bircə il qalmış — 1942-ci ilin 9 iyun tarixində şair Zülfüqar Əhmədzadə Kemerovo vilayətinin Mariinsk Şəhər Xəstəxanasında ağır dərəcəli "kataral pnevmoniya" xəstəliyindən dünyasını dəyişib.

Əlavə edək ki, Z.Əhmədzadənin ötən əsrin 30-cu illərində talış dili ədəbiyyatının formalaşmasında əvəzsiz xidmətləri olub. O, ilk dəfə olaraq latın qrafikası ilə talış əlifbası yaradıb.

Talışca "Lenin çəmə rəhbəre, bə dınyo bərbəre" — "Lenin bizim rəhbərimizdir, o bir dünyaya bərabərdir" deyimi var. Və günümüzdə də bu deyimin Əhmədzadə tərəfindən tərcümə edildiyi və bilərəkdən səhv formada "Donos" edildiyi barədə fikirlər mövcuddur. Deyilənə görə, Z.Əhmədzadə məhz bu deyimin səhv tərcüməsinə görə həbs edilib.

Xəbər lenti
0