İnsanlar

Siz hansı səlahiyyətin sahibisiniz ki, milyonları təhqir edirsiniz?

5601
(Yenilənib 16:57 07.11.2018)
Əvvəlcə, bir aydınlaşdırın ki, borclu olan kimdir: xalq sizə borcludur, yoxsa siz həm sənətə, həm də xalqa

BAKI, 7 noyabr — Sputnik. Yerli yazıçıların oxucularla səngimək bilməyən davasında hansı tərəf haqlıdır? Bütün Azərbaycan xalqı həqiqətənmi kitabdan, ədəbiyyatdan uzaqdır? Yeni nəsil yazıçıların problemi nədir?

Düzü, bu sualların cavabını özüm də dəqiq bilmirəm. Ona görə yox ki, mənim ədəbiyyat anlayışım yoxdur və ya Azərbaycan xalqına bələd deyiləm. Ona görə ki, yazıçıların bu iddia və ittihamları o qədər absurddur ki, bunu anlamaq çətindir.

İddialardan biri və birincisi budur ki, xalq kitab oxumur. Bu, ağ yalandır. Məgər bu xalq deyildimi Salam Qədirzadənin, Əlibala Hacızadənin kitablarını gündüz vaxtı çıraqla gəzən? Məgər bu xalq deyildimi bütün Şərqdə ilk dəfə Qərb əsərlərini tərcümə edib səhnələşdirən? Bugünün özündə bu xalq deyilmi bir sıra yerli və xarici müəlliflərin minlərlə tirajlanmış kitablarını alıb oxuyan?

Digər bir iddia da budur ki, xalq bu yazıçıları anlamır. Yüngül ədəbiyyata qaçır. Buna görə də sovet dövrünün yüngül ədəbiyyatı kimi Salam Qədirzadə, Əlibala Hacızadə, bu günün yüngül ədəbiyyatı kimi Elxan Elatlı, Rövşən Abdullaoğlunu oxuyur. Yaxşı, bəs siz hansı ciddi ədəbiyyatı yaradıb xalqa sundunuz və onlar istəmədilər?

Bu xalq sizi oxumağa da, anlamağa da məcbur deyil. Ümumiyyətlə, insanlar sizə borclu olduqları üçün kitab oxumalı deyillər. Sizin kitablarınızı oxusalar da, sizə borclu olmayacaqlar! Uğursuzluğa bəhanə qazandırmaq üçün kütlənin boynuna bu yersiz minnətləri qoymağa lüzum yoxdur.

Əlbəttə, bir müəllif dövründən çox üstün əsərlər yaza bilər. Elə əsərlər ki, onlar əsrlər sonra da aktual olacaq və dəyəri bilinəcək. Əlbəttə, bugünün sıravi insanı öz dövründən üstün əsərləri anlamaz, müəllifinin dəyərini bilməz, yüngül ədəbiyyata qaçar, asudə vaxtını hər hansı bir kitabla keçirər.

Bu və ya digər səbəbdən çox istedadlı yazıçıların əsərləri az tirajla da satıla bilər. Lakin bunların heç biri haqq vermir ki, siz xalqı ittiham edib özünüzü zirvələrə qoyasınız.

Əgər bir insan ədəbiyyatı, yaradıcılığı seçibsə, yazmaq, yaratmaq, gələcəyə mühüm əsərlər qoymaq onun vəzifə borcudur. Xalq oxuyarmı, oxumazmı, sevərmi, lənətləyərmi, yaşadarmı, undarmı - bunu xalq bilər. Siz özünüzü hansı səlahiyyətin sahibi bilirsiz ki, milyonları təhqir edir, alçaldır və özünüzə borclu çıxarırsınız?

Siz, ümumiyyətlə, sənət üçün nə etdiniz? Nələrdən keçdiniz? Nələri qurban verdiniz? Əgər bir şeylər etdinizsə, bu etdikləriniz sizə və mənsubu olduğunuz – indi ittiham etdiyiniz bu xalqa nələr verdi? Hansı uğurları gətirdi?

Keçmişin adamları demişkən, papağınızı qoyun qabağınıza düşünün, bu sualları cavablandırın. Əvvəlcə, bir aydınlaşdırın ki, borclu olan kimdir: xalq sizə borcludur, yoxsa siz həm sənətə, həm də xalqa borclusunuz?

Tarixin heç bir dönəmində üstün yaradıcılıq öz müəllifinə dərhal qızıl mecməyidə nemətlər sunmayıb. Bütün dövrlərdə şahid olmuşuq ki, sizin nəzərdə tutduğunuz ciddi sənət nümunələrinin müəllifləri vuruşublar, mübarizə aparıblar, iztirablar, əzablar çəkiblər, qalmaqallar, mübahisələr, davalardan keçiblər. Nələrsə əldə etmək üçün öz sənətləri uğruna saysız-hesabsız qurbanlar veriblər.

Siz isə isti yuvanızda bir-iki kitab yazmaqla özünüzü dahi hesab edirsiz?

Zəhmət olmasa, xalqla sənətin arasına girməyin. Nə bacarırsınızsa yazın, yaradın, xalqa təqdim edin. Sevsələr də, lənətləsələr də, bu onların biləcəyi işdir. Əgər siz öz dahi olduğunuzdan əminsinizsə, bu, sizə bəsdir. Uğurlar!

5601
Teqlər:
kitab, sənət, əsər, yazıçı, xalq
Əlaqədar
Almaniyada Qarabağ "müharibəsi" və halı pisləşən erməni yazıçı
Azərbaycanlı yazıçının romanı Türkiyədə nəşr olunub
Xalq yazıçısı əsəbləşdi: "Ağıldankəmlər..."
Amerikalı müəllif Tərtərdən və erməni işğalından yazıb
Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

22
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

22
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
Dart Veyder, Ulduz müharibələri filmindən, arxiv şəkli

"Dart Veyder" Yer planetini tərk elədi

17
Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı

BAKI, 29 noyabr - Sputnik. Britaniyalı aktyor, klassik "Ulduz müharibələri" trilogiyasında Dart Veyder rolunun ifaçısı Devid Prouz dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə onu təmsil edən Bowington Management agentliyi məlumat yayıb.

Aktyorun agenti Tomas Bouinqton bildirib ki, 85 yaşlı aktyr xəstəlikdən ölüb.

"Bizim və dünyadakı milyonlarla pərəstişkarı üçün dərin peşmançılıq və ürəkağrıdıcı kədər hissi ilə müştərimiz David Prouzun 85 yaşında vəfat etdiyini elan edirik", - agentliyin Twitter hesabında qeyd olunub.

​​Prouz Corc Lukasın orijinal "Ulduz müharibələri" trilogiyasındakı (1977-1983) Dart Veyderin rolu ilə məşhurlaşmışdı. Prouzun filmdəki səsi isə amerikalı aktyor Ceyms Erli Cons idi. Dart Veyderədək Prouz Böyük Britaniyada Green Cross Code yol hərəkətinin təhlükəsizliyi hərəkatının kampaniya çarxlarında oynayan ilk aktyor kimi tanınırdı. Aktyor "Qurulan portağal"da epizodik rol alıb, həmçinin "Frankenşteyn və cəhənnəmdən gələn monstr", "Frankenşteyn dəhşəti" filmlərində də çəkilib.

Devid Prouz ağır atletika ilə də məşğul olub, aktyor Kristofer Rivi Supermen rolu üçün hazırlayıb.

17
Teqlər:
Böyük Britaniya, "Ulduz müharibələri", film, vəfat, aktyor
Kəlbəcərə mənzərə, arxiv şəkli

Kəlbəcərdə hər il 50 mindən artıq insan müalicə alırdı - Xidmət rəisi

0
(Yenilənib 18:09 29.11.2020)
"Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı"

BAKI, 29 noyabr — Sputnik. Kəlbəcər təkcə filiz və ya qeyri-filiz yataqları ilə deyil, həm də termomineral suları ilə zəngindir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, Kəlbəcərdə "İstisu" və "Tutqun" termal-mineral iri su hövzələri mövcuddur. Onun sözlərinə görə, bu hövzələrin hər birində 4 yataq var: "Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı. Eyni zamanda "İstisu" kurort-sanatoriya kompleksi fəaliyyət göstərirdi".

O deyib ki, Kəlbəcərdə bir ildə 50 mindən artıq insan müalicə alıb, şəfa tapırdılar.

0
Teqlər:
müalicə, termal sular, İstisu, Qarabağ, Kəlbəcər