BAKI, 31 oktyabr — Sputnik. 1-3 noyabr 2018-ci il tarixlərində Muzey Mərkəzində “Azerbaijan Fashion Week” (AFW) — ölkəmizin rəsmi moda həftəsinin 8-inci mövsümü keçiriləcək. AFW-nin 8-inci mövsümünün rəsmi sloqanı "Art meets fashion" kimi səslənir. Həftənin təşkilatçıları mövsümün əsas mövzusunu aydın ifadə edərək, həmçinin nümayişlər üçün əsas meydançanın seçimi ilə bunu bir daha vurğulamağa qərar veriblər.
Modaya xas olan yaradıcı başlanğıca baxmayaraq, ilkin olaraq, o, yalnız kommersiya mahiyyətinə əsaslanan istehlak məhsulu kimi qəbul edilirdi. İncəsənət isə, daha yüksək estetik sahəyə aid olunurdu. Bu gün isə ilk növbədə əl ilə yaradılan və kütləvi istehlak üçün nəzərdə tutulmayan yüksək moda, ümumiyyətlə, sənətin ayrı bir sahəsi hesab olunur. Muzeylərdə getdikcə daha çox moda sərgilərinin keçirilməsi faktı isə sənət və moda arasında olan sərhədlərin daha da çox silinməsinə səbəb olur.
Azərbaycan Moda Həftəsinin 8-inci mövsümünün əsas vizual obrazları kimi, müəllifin razılığı ilə, Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq fəlsəfəsi doktoru və Rusiya İmperator Akademiyasının fəxri akademiki Rəşad Mehdiyevin əsərlərindən istifadə edilib. Qadın — onun siması, cəmiyyətdəki və yaradıcılıq prosesindəki, həmçinin ilham mənbəyi kimi rolu qarşıdakı həftənin hörmətli qonaqlarından biri olacaq bu istedadlı müasir rəssamın işlərində əsas yerlərdən birini tutur.
Səkkizinci mövsümün iştirakçıları Kaftan, Aygün Talıbova, Çəkməçi, Meeamee, “SK collection”, Aya Bapani, Mak Mari, A.Sain, NUBI Couture, La Veine, Noora, Elian Couture, Zherebtsov, Ayşən Həbibova kimi dizaynerlər və markalar olacaqlar. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Tacikistandan olan dizaynerlər 2019-cu ilin yaz-yay mövsümünün ən son kolleksiyalarını qonaqlara təqdim edəcəklər.
Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən “Showroom АFW” də təşkil olunacaq. “Showroom АFW”nin əsas məqsədi butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün yeni geyim seçmək imkanı yaratmaqdır.
Tədbirlərin cədvəli, məkanların siyahısı, dizaynerlər haqda daha ətraflı http://www.afw.az/az saytından məlumat əldə edə bilərsiniz.
Qeyd edək ki, Sputnik Azərbaycan sözügedən moda həftəsinin informasiya tərəfdaşıdır.
Əlavə məlumat və akkreditasiya üçün: press@afw.az
BAKI, 16 yanvar — Sputnik. Yanvarın 14-də vəfat edən Rusiyanın tanınmış sənət xadimi, "Yeralaş" Uşaq Yumoristik Kinojurnalının bədii rəhbəri Boris Qraçevski ilə yanvarın 17-də vida mərasimi keçiriləcək.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, dekabrın 28-dən xəstəxanada olan 71 yaşlı rejissor koronavirusa yoluxmuşdu. Dekabrın 31-də vəziyyəti ağırlaşan Boris Qraçevskini reanimasiya şöbəsinə yerləşdirmişdilər. Yanvarın 3-də səhhətində stabilləşmə nəzərə çarpan B.Qraçevski sosial media hesabından məlumat yayaraq, vəziyyətinin düzəldiyini və yaxın zamanlarda evə yazılacağını bildirmişdi. Amma virus öz işini görmüşdü. Belə ki, yenidən vəziyyəti ağırlaşan Boris Qraçevski bir müddət əvvək komaya düşmüşdü. Yanvarın 14-də isə tanınmış rejissor vəfat etdi.
71 yaşlı mərhum Boris Qraçevski ilə vida mərasimi yanvarın 17-də Rusiyanın "Kino Evi"ndə olacaq. Vida mərasimindən sonra mərhum rejissor Troyekurov qəbristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Boris Qraçevski 1949-cu il martın 18-də Moskva vilayətinin Ramenski rayonunda anadan olub. 1974-cü ildə Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq kinojurnalını yaradıb və ömrünün sonunadək jurnalının bədii rəhbəri və baş redaktoru olub.
Xatırladaq ki, bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi.
BAKI, 16 yanvar — Sputnik. Məşhur fotoqraf Reza Deqati Fransanın TV5MONDE televiziya kanalının qonağı olub. O, verilişdə Şuşa şəhərinin tarixindən danışıb, onun əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
Sputnik Azərbaycan xəbər verir ki, Reza Deqati vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa məşhur bəstəkarlar, musiqiçilər, şairlər, yazıçılar yetişdirib. Veriliş zamanı Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları nümayiş etdirilib. Şəhərin 30 illik erməni işğalından azad olunduğu bildirilib.
Məşhur fotoqraf İkinci Qarabağ müharibəsi zamanı Fransa mediasının nümayiş etdirdiyi qərəzdən də bəhs edib. O deyib ki, Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı. "Azərbaycan tərəfində isə mən Fransadan olan yeganə jurnalist idim. Mən adətim üzrə münaqişə zonalarına gedərək insanların çəkdikləri iztirabları işıqlandırmağa çalışıram. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci ildə də mən Azərbaycan tərəfində idim. Mən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını, Azərbaycan xalqının əzablarını gördüm və bütün bunları lentə alaraq yaymağa çalışdım", - deyə o qeyd edib.
Reza Deqati verilişdə Ermənistanın döyüş zonalarından uzaqda yerləşən Azərbaycan şəhərlərini, mülki əhalini kasetli bombalarla hədəfə almasından da danışıb. O, Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə məruz qaldığını, mülki əhalinin qətlə yetirildiyini qeyd edib.
Fotojurnalist bildirib ki, o, yalnız müharibədən əziyyət çəkən mülki insanların əzabını dünyaya çatdırmaq istəyir.
Reza Deqati veriliş zamanı Azərbaycandakı multikulturalizmdən də bəhs edib, bununla bağlı çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycanda müxtəlif dini icmaların birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. Fotojurnalist Azərbaycanın dini tolerantlığı ilə həmişə diqqəti cəlb etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan dini tolerantlıq baxımından dünya dövlətlərinə nümunədir və hətta Avropa ölkələrində də bu cür tolerantlıq yoxdur.
BAKI, 16 yanvar - Sputnik. Transsərhəd səfərləri zamanı insanlardan COVID-19 əleyhinə peyvənd olunduqlarına dair sertifikat tələb olunması məsləhət deyil.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət üzrə Komitəsinin bu gün keçirilən videokonfransında deyilib. Qeyd olunub ki, bir çox ölkələrdə vaksin əlçatan deyil və ümumiyyətlə, hələlik peyvəndlərin xüsusiyyətləri öyrənilmə mərhələsindədir.
Komitə üzvləri qeyd ediblər ki, pandemiya əvvəlki kimi təhlükəli olmaqda davam edir. Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib.