Rusiyalı fotoqraf Andrey Qlazkov Bakıda

Fotoqraf: “Atam öləndən sonra gördüm ki, onunla bir dənə şəklim yoxdur”

4527
(Yenilənib 19:55 24.10.2018)
Andrey Qlazkov Azərbaycanı o qədər sevir ki, hər dəfə bura yenidən gəlməyə və daha çox unikal yerləri kamerasının yaddaşına köçürməyə hazırdır

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Bakıdakı NUR Art House qalereyasında rusiyalı fotoqraf Andrey Qlazkovun “Baku streets” (Bakı küçələri) adlı fotosərgisi açılıb. Burada fotoqrafın Bakı və bakılılara baxışını ehtiva edən fotolar sərgilənir. Qlazkov Bakı ilə bağlı təəssüratlarını Sputnik Azərbaycan-la da bölüşüb.

— Andrey, sizin Bakı ilə tanışlığınız necə olub?

— İlk dəfə Bakını 3 il əvvəl ziyarət etmişdim. Bu, artıq mənim Bakıya üçüncü səfərimdir. İlk dəfə Bakıya yayda gəlmişdim. Onda şəhər çox isti idi və başa düşdüm ki, səfər üçün uyğun vaxt seçməmişəm. Bura mənim o qədər ürəyimə yatdı ki, bir daha gəlmək istədim. Mənim ən çox xoşuma sizin mədəniyyətiniz, unikal insanlarınız gəlir. Onların hamısı xeyirxah, səmimi və qonaqpərvərdirlər.

Выставка русского фотографа Андрея Глазкова Baku streets
© Sputnik / Kemale Aliyeva
Rusiyalı fotoqraf Andrey Qlazkovun Bakıdakı sərgisi

— Bakıda özünüzə dostlar tapmısız?

— Bəli, mənim Bakıda çoxlu dostlarım var. Məhz onlar məni bu şəhərə dəvət etdilər. Biz uzun müddət əlaqə saxladıq və qərara gəldim ki, gəlib onların necə yaşadığını öz gözlərimlə görüm. İkinci dəfə Bakıya kameramla gəldim. Dostlarım hətta təəssüfləndilər ki, mən daha çox şəkil çəkirəm, nəinki onlarla vaxt keçirirəm. Onlara verdiklərə dəstəyə və Bakıda mənim ilk şəxsi sərgimi təşkil etdiklərinə görə minnətdaram.

Выставка русского фотографа Андрея Глазкова Baku streets
© Sputnik / Kemale Aliyeva
Rusiyalı fotoqraf Andrey Qlazkovun Bakıdakı sərgisi

— Sizin kameranın obyektivinə ən çox Bakının hansı yerləri düşüb?

— Kubinka, Sabunçu və Suraxanı rayonlarındakı Bakı bazarları. Hər dəfə bu rayonlara gedəndə mənə şəhərin mərkəzinə, İçərişəhərə getməyi məsləhət görürlər. Mənsə onlara izah edirəm ki, məni ən çox şəhərin mərkəzi deyil, onun ətraf hissələri maraqlandırır. İnsanların sifətini çəkmək xoşuma gəlir. Bakılılar o qədər xoşxasiyyət və təbəssümlüdürlər ki, heç kəs mənim obyektivimə düşməyə qarşı çıxmayıb. Bakıda çəkilmiş çoxlu şəkillərim var. Sərgiyə ən yaxşı 30 şəkli təqdim etmişəm. Gələcəkdə "Bakı - iki dünyanın şəhəri" adlı fotoalbom hazırlamaq fikrim var. Burada Bakının keçmişi ilə gələcəyi birləşəcək.

Выставка русского фотографа Андрея Глазкова Baku streets
© Sputnik / Kemale Aliyeva
Rusiyalı fotoqraf Andrey Qlazkovun Bakıdakı sərgisi

— Siz nə qədər vaxtdır fotoqraf işləyirsiz?

— Düzünü deyim ki, mənim üçün fotoqrafiya incəsənətdir. Demək olar ki, bundan pul qazanmıram. Uşaqlıqdan şəkil çəkməyə başlamışam. Mənim ilk fotoaparatım sovetin "Smena" fotoaparatı olub. Onun fokusu yox idi. Mən ona nifrət edirdim. Əvvəlcə foto çəkmək mənim üçün sadəcə hobbi idi, amma atam öləndən sonra gördüm ki, onunla bir dənə də olsun şəklim yoxdur. Əvvəllər smartfonlar yox idi, selfie çəkmək mümkün deyildi. Onda başa düşdüm ki, bizim həyatımızın hər anı nə qədər qiymətlidir.

Sonra zamanla Los Ancelesdə foto sənətkarlığı ilə bağlı müxtəlif seminarlara qatıldım. Mənə Mark Edvard və Maçek Dakoviç kimi məşhur foroqraflarla tanışlıq nəsib oldu və onlardan çox şey öyrəndim.

Выставка русского фотографа Андрея Глазкова Baku streets
© Sputnik / Kemale Aliyeva
Rusiyalı fotoqraf Andrey Qlazkovun Bakıdakı sərgisi

— Siz niyə Los Ancelesdə yaşayırsız?

— Orada yaşayan insanlar mənim xoşuma gəlir. Orada çoxlu dostlarım var. Eyni zamanda mən istini və dənizi sevirəm. Bütün bunlar Los Ancelesdə var. Yeri gəlmişkən, bu mühit Bakıda da var və ola bilsin, ona görə bu şəhər də mənim ürəyimcədir. Hər dəfə bura gələndə özümü evdəki kimi hiss edirəm.

— Başqa hansı yerlər sizdə iz buraxıb?

— Amsterdam və Argentina. Orada da çoxlu dostlarım var. Oralar da sevimli yerlərimdir, ancaq Azərbaycandan sonra. Mənim üçün ilk yerdə sizin ölkənizdir.

Выставка русского фотографа Андрея Глазкова Baku streets
© Sputnik / Kemale Aliyeva
Rusiyalı fotoqraf Andrey Qlazkovun Bakıdakı sərgisi

— Şəxsi sərgilərinizi tez-tez təşkil edirsiz?

— Bakıda ilk dəfədir. Əsasən şəkillərimi Amerikada həmkarlarımla birgə sərgiləyirəm.

— Bakıda çəkilmiş fotolarınızı başqa haradasa nümayiş etdirmək fikriniz var?

— Mən çox istəyərdim. Düşünürəm ki, ola bilsin, Amerikada da belə bir sərgi təşkil etmək olar.  

Выставка русского фотографа Андрея Глазкова Baku streets
© Sputnik / Kemale Aliyeva
Rusiyalı fotoqraf Andrey Qlazkovun Bakıdakı sərgisi

— Azərbaycanlı həmkarlarınızla tanış olmaq imkanınız yaranıb?

— Bakıdakı sərgimin himayədarı olan dostum Vadim İsayev sayəsində bəli. O məni Bakıdakı bir çox həmkarlarımla tanış edib. Ona dəstəyə görə minnətdaram. Məhz Vadim sayəsində mən bu sərgini təşkil edə bilmişəm. Ola bilsin ən qısa zamanda sizin şəhərə yenidən gəldim.

4527
Teqlər:
şəkil, sərgi, təəssurat, Bakı, fotoqraf
Əlaqədar
Fotoqraflar Sputnik Azərbaycan-a yığışdılar
Azərbaycanlı fotoqraf Fransada 2 qızıl medalla mükafatlandırıldı
Peşəkar fotoqraf: “Azərbaycanda fotoqrafiya təhsili problem olaraq qalır”
Fotoqraf: “Yeni texnologiyaların fotoqrafiyada tətbiqi bu sahəyə marağı artırıb”
Rusiyalı siyasətçi alt paltarda azərbaycanlı fotoqrafın obyektivində