Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistinin oğlu: "Pul insanı çox şeyə məcbur edir"

© Sputnik / Murad OrujovAktyor Nofəl Şahlaroğlu
Aktyor Nofəl Şahlaroğlu - Sputnik Azərbaycan
Abunə olmaq
"TV kanallarında əxlaq itib, mənəvi zəiflik, mövzu qıtlığı var, təkrarçılıq artıb"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. Parodiya və yumor deyəndə yada düşən gənc aktyorlardan biri də Nofəl Şahlaroğludur. Aktyor yaratdığı obrazlarla yanaşı, ləhcələrdə danışdığı nağıllar ilə də qısa bir zamanda böyük kütlənin sevgisini qazana bilib. O, eyni zamanda bir çox filmlərdə oynadığı maraqlı obrazlarla da izləyicilərin yaddaşında qalmağı bacarıb.

Yumoristik gənc aktyor kimi tanınsa da, Nofəl Şahlaroğlu özünü gənc hesab etmir. Sputnik Azərbaycan-ın redaksiyasındakı görüşümüzdə də söhbətə elə bu barədə danışmaqla başladı: "Mənə cavan deyəndə əsəbiləşirəm. 35-50 orta yaş dövrüdür. Mənim də artıq 35 yaşım var. Özümü necə gənc adlandırım? 22-25 yaşlı uşaqlara gənc deyilir. 2002-ci ildə mən gənc idim, indi artıq orta yaşlıyam. 2005-ci ildə Hacıbaba Bağırovla bir səhnə bölüşmüşəm. İndi videobloggerlər gənclərdir, mən yox".

© Sputnik / Murad OrujovAktyor Nofəl Şahlaroğlu
Aktyor Nofəl Şahlaroğlu - Sputnik Azərbaycan
Aktyor Nofəl Şahlaroğlu

Qəribədir ki, özünü gənc saymayan həmsöhbətim özünü həm də aktyor hesab etmir: "Özümü aktyor saymıram. Aktyor ilə artist fərqlidir. Aktyor peşəkar adamlara deyilir, artist isə hər hansısa rolu ifa edənə. Mən özümü də aktyor saymıram, peşəkar artistəm, mənə verilən rolu ifa edirəm. Amma bəzi videobloggerlərə də aktyor deyirlər. Videobloggerlik də bir işdir, amma aktyorluq deyil".

Daha sonra videobloggerlərlə eyni səhnəni bölüşməyə məcbur olan peşəkar aktyorlarımızdan danışırıq. Nofəl deyir ki, onları buna pul məcbur edir: "Məcburuq. Pul insanı çox şeyə məcbur edir. Amma mən çox zaman etiraz edirəm. Çəkilişə gedirəm, görürəm ki, mənə görə yer deyil, atmosfer mənlik deyil, uzaqlaşıram ordan. Bəzən televiziya verilişlərinə çağırırlar. Gedib görürəm ki, mənlik yer deyil. Bir sözlə, bəzi işləri istəmədən edirik, amma bəzilərinə etiraz edirik. Elə layihələr olub ki, mən özümü orada görməmişəm deyə çəkilməmişəm, pul olsa belə".

Söhbətimizin bu məqamında aktyor xüsusilə vurğulayır ki, o, ancaq öz istəyi ilə hərəkət edir, hamının fikri ilə yox: "Cəmiyyətdə insanların çoxu ətrafdakılara görə hərəkət edir. Hamı oturub bir sifarişi edir. Adam da deyir ki, hamı yeyirsə, mən də yeyim. Mən amma belə deyiləm. Niyə mənim mədəm başqasına görə götürmədiyi qidanı yeməlidir?! Kiminsə xətrinə iş görmək olmaz. Hər kəsin öz istəyi ilə olmalıdır".

"Hamı elə bilir ki, Nofəl ancaq deyib gülür. Bu gördüyümüz işdir. Amma bu, o demək deyil ki, mən həmişə güləcəm. Bu da məni əsəbiləşdirir" – deyən Nofəl həm də süniliyi bacarmadığını vurğulayır: "Tanışıma, dostuma görə uşağına can demirəm. Əgər uşaq məni çəkirsə, tanımadığım bir uşaq olsa belə, onu qucaqlayıb öpürəm. Yox, uşaq məni çəkmirsə, dostumun övladı olsa belə, ona yalandan "can" deyib əzizləmərəm".

Söhbət əsnasında öyrənirəm ki, dəqiqlik həmsöhbətimin şakəridir. Müsahibəmizə təyin etdiyimiz vaxtdan bir dəqiqə belə, gecikməməsi də bunu sübut etdi: "Həyatı boyu cibimə heç kim girməyib. Ona görə yox ki, cibimdə pul yoxdur. Ona görə ki, mən diqqətli adamam. Qeyri-dəqiq insanlara isə sadəcə nifrət edirəm. Ciddi adam deyəndə üz cizgilərini qırışdırıb dayanan obraz yada düşür. Amma mənimçün ciddiyyət o deyil. Bir adam ki, vaxtı işini dəqiq bilmirsə, o, ciddiyyətdən danışa bilməz".

© Sputnik / Murad OrujovAktyor Nofəl Şahlaroğlu
Aktyor Nofəl Şahlaroğlu - Sputnik Azərbaycan
Aktyor Nofəl Şahlaroğlu

Söhbətimiz hərlənib, sosial şəbəkələrdən düşür. Daha doğrusu özlərini sosial şəbəkələrdə "gözə soxmağa" çalışanlardan danışırıq. Maraqlıdır ki, bir çox məsələyə qarşı olan həmsöhbətim belələrini qınamır: "Onları qınamaq olmaz. Həyatda kompleksləri olan insanlar da var, ancaq orada özlərini göstərə bilirlər. Elələri də var ki, bununla pul qazanırlar. Mənsə heç vaxt gördüyüm işlər barəsində məlumat verməmişəm. Hətta valideynlərim belə, illər sonra bu barədə məlumat əldə ediblər. Axı nəyə görə hansısa işimi reklam etməliyəm?! Bilən biləcək də".

Bəlkə də elə düşünərdik ki, bütün bunlar özündən razılıq əlamətidir və ya təvazökarlıqdan irəli gəlir. Əgər Nofəl Xalq artisti Şahlar Quliyevin oğlu olmasaydı. Müsahibim eynən atası kimi davranır, necə deyərlər, "ot kökü üstə bitib": "Atam Opera və Balet Teatrında illərlə işləyib, Azərbaycan səhnəsində, həmçinin xarici ölkələrdə uğurlu çıxışlar edib. Amma bir dəfə də olsun bu haqda danışmayıb. İndi də səs imkanları yerindədir. Atam o cür sənətkar ola-ola bunu adi qarşılıyırsa, mənim əldə etdiklərimlə onun yanında özümü tərifləyə bilmərəm".

© Sputnik / Murad OrujovAktyor Nofəl Şahlaroğlu
Aktyor Nofəl Şahlaroğlu - Sputnik Azərbaycan
Aktyor Nofəl Şahlaroğlu

Aktyor son vaxtlar efirlərdə gec-gec görünməsindən də danışır. Deyir ki, TV kanallarında əxlaq itib, mənəvi zəiflik, mövzu qıtlığı var, təkrarçılıq artıb: "Ona görə də televiziyaya maraq da əvvəlki kimi deyil. İnsanların əksəriyyəti internetə üstünlük verir. Efirlərdə tez-tez görünməməyimin səbəbi çoxdur. Aparıcıların əksəriyyəti dəvət etdikləri qonağın kimliyini bilmirlər. Aparıcıda səhv tutanda elə bilirlər ki, özümü ağıllı göstərmək üçün belə edirəm. Amma bu, belə deyil, sadəcə savadlı və məlumatlı olmaq lazımdır. Aparıcı var ki, məni efirə çağırıb və Əməkdar artist deyə müraciət edib. Başa sala bilmirəm ki, mən Əməkdar artist deyiləm və tamaşaçını aldada bilmərəm".

Nofəl efirlərə ancaq parodiya etmək üçün çağırıldığına görə də getmir: "Axı nə qədər eyni və çeynənmiş mövzular olar? Xüsusilə parodiyadan anlayışı olmayan insanlarla birlikdə efirə dəvət edirlər. Axı onlar parodiyadan nə danışacaq?! Efir zamanı aparıcı mənə sual verib ki, "özün-özünü parodiya etmisən?". Bir adam özü-özünü necə parodiya edə bilər ki? Ümumiyyətlə, bu nə sualdır? Bu səbəblərdən efirlərin çoxundan imtina edirəm".

© Sputnik / Murad OrujovAktyor Nofəl Şahlaroğlu
Aktyor Nofəl Şahlaroğlu - Sputnik Azərbaycan
Aktyor Nofəl Şahlaroğlu

Söhbətimizi aktyorların müəllimlərindən, yəni bu peşəni tədris edənlərdən danışmaqla yekunlaşdırırıq. Nofəl onların da səviyyəsindən narazıdır: "Bu gün müəllim işləyənlərin əksəriyyətinin özünə dərs deyən lazımdır. Ustalar bizim dövrümüzdə idi. Bu gedişlə 30 il sonra sənətkar tapa bilməyəcəklər. İnanmıram, belə bir meqaçevriliş olsun ki, sənətkarlar səhnəyə gəlsin. Günü-gündən bu sənətdə olanlar da cılızlaşır. Az qala iki dəfə kamera qarşısına çıxanlar da özlərinə aktyor deyir. Bu da doğru deyil, heç də yaxşı vədlər vermir".

Xəbər lenti
0