Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında

Bəhram Bağırzadə: "Əgər mən ağlamağa başlasam, sıravi vətəndaş etsin?"

8576
(Yenilənib 12:08 05.09.2018)
Məşhur aktyor: "İndiki zamanda mənim kimi insanlar üçün yaşamaq çətindir"

Kamilla Əliyeva, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın əməkdar artisti, əfsanəvi "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun məşhur siması, Rəssamlar İttifaqının, Fotoqraflar Birliyinin, Karikaturaçılar Cəmiyyətinin üzvü, yazıçı, aktyor, rejissor, bir sözlə, istedadlı insan Bəhram Bağırzadə sentyabrın 4-də özünün 44-cü ad gününü qeyd edir. O, bu münasibətlə Sputnik Azərbaycan-a müsahibə verib.

Bağırzadəni kədərli və təbəssümsüz sifətlə təsəvvür etmək çox çətindir. Amma, sən demə, onun da elə günləri olurmuş. Lakin onun missiyası insanlara sevinc bəxş etməkdir və bizim qəhrəmanımızda bu həmişə yüz faiz alınır.

Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
© Sputnik / Murad Orujov
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında

Qeyd edək ki, Bəhram Bağırzadə bizim redaksiyaya daxil olan kimi saytımızın bütün oxucuları və izləyiciləri üçün müsabiqə elan etdi. Belə ki, kim Sputnik Azərbaycan-ın saytındakı müsahibəsinin skrinşotunu onun şəkli ilə birlikdə ilk olaraq Bağırzadəyə göndərsə (Instagram vasitəsilə), müəllifin Azərbaycan, rus və ingilis dillərində olan "Bakı uşaqlar üçün" kitabını əldə edə biləcək.

Bunun üçün oxucu özü haqqında məlumatı və şəklini də müəllifə göndərməlidir. Həmin məlumatları göndərmək üçünsə, Bağırzadənin "Instagram" səhifəsinə üzv olmaq lazımdır. Kitabı bizim redaksiyadan da götürmək mümkündür.

-Bəhram müəllim, sizinlə hər bir insan üçün ən qiymətli günlərdən biri olan ad gününüz ərəfəsində görüşmüşük. Özünüzü necə və neçə yaşda hiss edirsiz?

— İnanın, bu, mənim üçün adi günlərdən biridir. Həmin gün mən başqa günlərdə olduğu kimi səhər tezdən yuxudan dururam və ilk növbədə Allahıma şükr edirəm ki, bu gün yuxudan oyanmışam, nəfəs alıram və bu dünyanı görürəm. İkinci planda isə mən hər sentyabrın 4-ü bir dəstə güllə anamın yanına gedir, onu təbrik edir, əllərindən öpür və mənə həyat verdiyi üçün minnətdarlığımı bildirirəm.

Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
© Sputnik / Murad Orujov
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında

Bundan sonra mənim ad günüm iş günü kimi davam edir. Son 25 ildir müstəqil işçi kimi çalışıram. İşləməyi sevirəm və daim Yaradana dua edirəm ki, mənə həmişə hərəkət etmək və işləmək üçün qüvvət versin. Son on ildə mən ad günlərimi məhz belə qeyd edirəm. 17 sentyabrda atamın dünyadan köçməsinin düz 10 ili tamam olur. Onun vəfatından sonra təmtəraqlı və dəbdəbəli tədbirlər keçirmək ürəyimdən gəlmir.

Düzünü desəm, atamın yoxluğunu çox hiss edirəm. Amma bütün bu illər ərzində elə bir günüm olmayıb ki, ona müraciət etməyim. Mən daim ona suallar verirəm, o da onları cavablandırır. Əgər lazımdırsa, məni dayandırır. Hər şeyi onunla razılaşdırıram. Elə bil, o, həmişə öz dəstəyi ilə yanımdadır.

- Bəs yubileyiniz?

— Əgər Allah imkan versə, yubileyimi qeyd edəcəm. Bu vaxt ərzində şəkilli kitab-albom çap etdirməyi düşünürəm. Orada görüşdüyüm, mənə dəstək verən, həyatda kömək edən hər bir şəxsiyyət — istedadlı jurnalist Aqşin Kazımzadədən başlamış Müslüm Maqomayevə qədər hər kəsdən bəhs edəcəyəm. Sizə deyim, mən çox xoşbəxt insanam ki, o cür adamlarla münasibətim olub.

Hələlik bu yaradıcılığa az vaxt ayırıram, günə iki-üç xatirəmi yazıram. Ümumiyyətlə, nəşriyyat sahəsində güclü boşluq var və istəyirəm onu dolduram. Xüsusilə də uşaq ədəbiyyatı və kitabları ilə bağlı. Misal üçün, mənim son kitabım "Bakı uşaqlar üçün" rus dilində, sonra isə Azərbaycan və ingilis dillərində çap olunub. İndi çox istəyirəm ki, uşaqlar üçün etika, estetika, muzeylərdə və teatrlarda davranış barədə yazım. Mən öz uşaqlığımda keçdiyim tərbiyə yolunu, həmin bilikləri indi də gələcək nəslə ötürmək istəyirəm. Ola bilsin, nə vaxtsa Bəhram dayı televiziyada uşaqlar üçün veriliş açacaq və orada balacalarla münasibət quracaq (gülümsəyir — K.Ə.).

Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
© Sputnik / Murad Orujov
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında

- Bildiyim qədər, siz daim hərəkətdəsiz. Bütün bu məşğuliyyətlərinizlə yanaşı, bir də kömək etmək və öyrətmək istəyirsiniz. Bəs özünüzə vaxt qalır?

— Təəssüf ki, indi və burada mən özüm üçün yaşaya bilmirəm. Mən indi burdayam, amma fikrim başqa yerdədir. Bu burulğanda ən dəhşətli olan odur ki, mən son illərdə özümü, öz şəxsi həyatımı, ən əsası isə sağlamlığımı unutmuşam. Yalnız indi başa düşürəm ki, belə olmaz, mən özümü yaddan çıxarmışam. İndi çox istəyirəm ki, heç olmasa bircə il təklikdə qalım, dağlara, meşəyə gedim, səssizliyə çəkilim. Hər dəfə də xatırlayıram ki, bu, mümkün deyil. Uşaqlar böyüyür, ömür bir yerdə dayanmır, vaxt azalır, pul qazanmaq lazımdır. Bizim zamanımızda halal yolla qazanmaq çox çətindir. Ona görə də mənim kimi insanlar üçün yaşamaq çətindir.

- Sizi müşahidə edərkən adam heç vaxt bunu düşünməzdi.

— Düşünürəm ki, adamlar mənim problemlərimi bilməməlidirlər. Təsəvvür edin, Azərbaycanın ən pozitiv adamı birdən-birə ağlamağa başlayır. O zaman sıravi vətəndaş nə etsin: Özünü güllələsin, yaxud, körpüyə çıxıb özünü atsın? Mənim kimi adamlar əksinə, depressiyada olanlara kömək etməlidir.

Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
© Sputnik / Murad Orujov
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında

Bəzən mənə deyirlər ki, "Bəhram, bəsdir də, axı sən insanlara nə verirsən?" Deyirəm ki, insanlara sevinc bəxş edirəm. Bu, sadəcə mənim missiyamdır, həyat yolumdur. Bir neçə il əvvəl mən ŞHK-dan getmək, teatr və kinonu buraxmaq, biznesə başlamaq istəyirdim, hansı ki, mənim əlim yaxşı gətirir. Və inanın, mən biznesə getsəydim, bir ilə milyonçu olardım. Amma hazırda gördüyüm iş xoşuma gəlir. Bir sözlə, illər mənim sərvətimdir.

- Maraqlıdır, siz nə arzulayırsız?

— Xoşbəxt, enerjili, xeyirxah bir həyat yaşamaq istəyirəm. Əgər bu dünyanı dəyişməyə qadir olsaydım, ilk növbədə atamla görüşərdim, ona öz uğurlarım və qələbələrim haqqında danışardım. Əminəm ki, o, onsuz da bunları bilir.

© Sputnik / Камилла Алиева / Талех Махмудов
Бахрам Багирзаде для Sputnik Азербайджан

- Deyirlər ki, gözləntilər həyatdakı sevinci azaldır. Bəs siz həyatınızda qeyri-adi, yeni və parlaq nəsə gözləyirsiz?

— (Gülür — K.Ə.) Mən zəhmətkeşəm. Heç vaxt gözləmirəm, əksinə, əzələlərimi gərib məqsədimin arxasınca gedirəm. Həmişə demişəm və yeni də deyirəm: məqsəd heç nədir, hərəkət isə hər şeydir. Bu, o deməkdir ki, insan hərəkət edəndə gözləməkdən vaz keçir. Və nəhayət, qoy məni işlərim və layihələrim gözləsin. Mən gözləyən kişilər kateqoriyasından deyiləm…

Bilirsiz, burada iki yol var: Bir var sürətlə yolunda duran hər şeyi yıxaraq qələbə qazanan Napoleonun yolu, hansı ki, bu yol nəticələrlə doludur. Bir də var böyük sərkərdə Teymurləngin yolu — rəqibini, yaxud düşmənini yaxşıca öyrənirsən, bundan sonra hərəkətə keçib işğal edirsən. Mən sərkərdə Teymur kimi hərəkət edir, ancaq Napoleon kimi hücuma keçirəm. Həyata və insanlara münasibətimə gəlincə, burada mən Məhəmməd peyğəmbərin yolu ilə gedirəm.

P.S.

Söhbətimizin sonunda Bəhram Bağırzadə təkcə Azərbaycandakı deyil, bütün postsovet məkanındakı oxuculara və dinləyicilərə minnətdarlığını bildirib. Eyni zamanda, Sputnik-in MDB məkanında yerləşən bütün nümayəndəliklərini salamlayıb. Onlarla bağlı kiçik arzusunu videoya yazdırıb.

8576
Teqlər:
"Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu, Bəhram Bağırzadə, komediya, sənət, Azərbaycan
Əlaqədar
Bəhram Bağırzadədən ictimaiyyətə çağırış
Bəhram Bağırzadə istefa verdi
Bəhram Bağırzadədən “Neftçi” futbolçularına sərt sözlər
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Astarada həsir toxuyanlar

Qədimdən gələn ənənə: bir həsir, bir Məmmədnəsir olsaq da... - FOTO

25
(Yenilənib 20:42 16.01.2021)
Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını həsir zənbildə saxlayırdılar. Zənbil bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. İndi isə həsir başqa bir ehtiyaca görə mazata minib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda bu ildən polietilen torbaların satışı qadağan edilir.

Yenidən dədə-babalarımızın daim istifadə etdiyi, qiyməti ucuz, keyfiyyəti yüksək, qamışdan hazırlanmış həsir zənbillər dəbə düşəcək.

  • Astarada həsir toxuyanlar
    © Sputnik / Irade JELIL
  • Astarada həsir toxuyanlar
    © Sputnik / Irade JELIL
  • Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Astarada həsir toxuyanlar

Yadıma gəlir, hələ uşaq olanda Bakı kəndlərində bir çox evlərdə bu zənbillərdən istifadə edilirdi.

Evin kişisi bazarlığa gedəndə zənbili əlinə alıb, yola düşərdi.

Həsir zənbillərin istifadəsinə "Şərikli çörək", "Bizim Cəbiş müəllim" kimi filmlərdə də rast gəlmişik.

Ancaq müasirləşən dünyada həsir zənbillər tarixə qovuşmuşdu. Hamı onun sağlamlıq üçün təhlükəsiz, istifadə üçün uzunömürlü olduğunu belə unutmuşdu.

Həsir zənbillərin müxtəlif formalarından sadəcə dəb üçün istifadə edilirdi.

© Sputnik / Irade JELIL
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev

Azərbaycanda həsir zənbillər cənub bölgəsində, xüsusilə də Astara rayonunda toxunsa da, alıcıları az idi. Düzdür, ABAD bu sənətkralara bacardığı qədər şərait yaratsa da, qeyd etdiyimiz kimi onların işinə o qədər də dəyər verən yox idi.

Sputnik Azərbaycan həsir zənbil toxuyan sənətkarla görüşmək üçün Astara rayonunun Kakalos kəndinə üz tutub.

Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev Kakalos kənd Mədəniyyət evində metodist vəzifəsində çalışır. Bakıdan gələcəyimizi bilib, havanın yağışlı olmasına baxmayaraq, bizi həyətdə gözləyən, mehriban, səmimi, ürəkləri sözlə dolu olan sənətkarlarla görüşüb, işləri ilə tanış oluruq.

İlk həmsöhbətimiz, Kakalos kəndinin canlı tarixi Fərbiyə Şabanova olur (onun haqqında digər yazıda ətraflı danışacağıq). F.Şabanova bizə kəndin tarixindən danışır. Tarix muzeyi ilə, gördüyü işlərlə tanış edir.

© Sputnik / Irade JELIL
Həsir

Həsir və zənbillərin ustası Rüfət Rzayev isə bizə bu sənət haqqında məlumat verir. Onun sözlərinə görə, müasir dünya həsir zənbilləri qəbul etməsə də, bu sənətlə də maraqlananlar az olmayıb.

R.Rzayev özü 1995-ci ildən bu işlə məşğul olur. Deyir ki, iş çətin olsa da, gətirdiyi gəlir o qədər də çox olmur:

"Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını zənbildə saxlayırdılar. Yəni zənbillər bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. Zənbillər qamışdan hörülür. Qamış isə iki cür olur. Onlar "lığ" və "püzə" adlanır. Əsasən onları may ayında toplayırıq. Sonra quruduruq və həsir, zənbil, asılqan, süfrə, ayaqaltı və s. hörürük".

R.Rzayevin sözlərinə görə, zənbillər ölçülərinə görə müxtəlif qiymətlərə satılır. Kiçik ölçülü zənbillər 3, böyüklər isə 10-15 manata satılır.

Həsir zənbil ustası deyir ki, cənub bölgəsi qış aylarında nəmişlik, rütubət olduğu üçün xüsusi qamışdan hazırlanmış həsir döşəməyə salınır. Bu isə rütubətin qarşısını alır.

"Zənbil keşidən toxunur. Televizora baxa-baxa keşini toxuyuram. 5-6 metr hazırlayıram. Sonra zənbili toxumaq asan olur. Məsələn, bir balaca zənbili bir saata toxuya bilirəm. Böyük zənbillər isə bir günə hazır olur", - deyən R Rzayev bildirir ki, gənclər qamış toxuculuğuna maraq göstərirlər, amma qazanclı olmadığı üçün çoxu bu işlə məşğul olmur.

© Sputnik / Irade JELIL
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev

Ustanın sözlərinə görə, həsir palazların toxunması bir qədər çox zaman alır. Məsələn 1,5 metrlik həsirlər 2-3 günə başa gəlir və müxtəlif qiymətlərə satılır.

Rüfət Rzayev, demək olar ki, bu sənətin ustadıdır. O, mədəniyyət evində təkcə həsirçiliklə məşğul olmur, bəzən tamaşalarda da rol alır. Dediyinə görə, onun tamaşaları əsasən talış dilində olur və bu tamaşalara talışlar çox maraqla baxırlar.

Ömrünün 68-ci ilini yaşayan Rüfət Rzayev bundan sonra yaşayacağı həyatı öz sənətinə həsr edəcəyini deyir.

25
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət