Yaşar Nuri. Arxiv şəkli

Səhnəmizin həmişə Yaşarı

51
(Yenilənib 01:39 03.09.2018)
Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.

BAKI, 3 sentyabr — Sputnik. Bu gün Azərbaycanın xalq artisti, Azərdbaycan Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür. 

Sputnik Azərbaycan-ın məlumatına görə, o, 3 sentyabr 1951-ci ildə Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. 

Tələbəlik dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız müqəssirlər"də Neznamov və s. obrazlarını yaradıb. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. 

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib. "Alma almaya bənzər", "Yol əhvalatı", "Bəyin oğurlanması", "Ölsəm, bağışla", "Qətl günü", "Mənim ağ şəhərim", "Ağ atlı oğlan", "Yoxlama" və s. kimi məşhur filmlərdə sevilən rolları ilə yadda qalıb. 

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.    

51
Teqlər:
Yaşar Nuri, teatr, doğum günü, film, aktyor, xalq artisti