İosif Kobzon

Fərhad Bədəlbəyli İosif Kobzonun azərbaycanlılara necə kömək etdiyindən danışdı

270
(Yenilənib 23:41 01.09.2018)
Bədəlbəyli: Kobzon Azərbaycanı çox sevirdi və həmişə azərbaycanlıların problemlərinin həllinə kömək edirdi

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. İosif Kobzon Azərbaycanı çox sevirdi və həmişə azərbaycanlıların problemlərinin həllinə kömək edirdi

Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli SSRİ xalq artisti, Rusiya Dövlət Dumasının deputatı İosif Kobzonun vəfatına münasibət bildirərkən deyib. Qeyd edək ki, ifaçı avqustun 30-da uzun sürən xəstəlikdən sonra 80 yaşında Moskvada dünyasını dəyişib.

Fərhad Bədəlbəyli üçün İosif Kobzon təkcə görkəmli şəxsiyyət deyil, həm də ən yaxşı dostlardan biri idi. Odur ki, onun üçün öz kədərini ifadə edəcək sözlər tapmaq çətindir.

Azərbaycan və Rusiyanın mədəniyyət xadimləri Qorxma, mən səninləyəm! filminin təqdimatında
© Fərhad Bədəlbəylinin arxivindən
Azərbaycan və Rusiyanın mədəniyyət xadimləri "Qorxma, mən səninləyəm!" filminin təqdimatında

"Bütün insanlar üçün o, məşhur müğənni, ictimai xadim, Dövlət Dumasının deputatı idi, mənim üçünsə dost. Biz hamımız tez-tez Moskvada, ya da Azərbaycanda toplaşırdıq. Onun sadəcə gözəl ailəsi var idi və o, həyat yoldaşını dəlicəsinə sevirdi. Baxmayaraq ki, müğənninin ciddi görkəmi var idi, onun yumor hissi çox yaxşı inkişaf etmişdi" — Bədəlbəyli deyib. 

Onun sözlərinə görə, Kobzon çox həssas, qayğıkeş, xeyirxah insan, əsl dost idi. Elə çətin vəziyyətlər olurdu ki, adam kömək üçün yalnız ona müraciət edə bilirdi. Hamı onun xarakterini bilirdi ki, heç kəsə "yox" deməyi sevmir. Ona görə də, kimin bir problemi olsa, dərhal ona müraciət edirdi.

"Кobzon mənə də dəfələrlə kömək edib. Mən Bakı Mərkəzinin prezidenti olanda, yeni yaradıcılığa başlayan Azərbaycan rəssamlarının çəkdiyi rəsmləri almasını xahiş edirdim və o, heç vaxt etiraz etmirdi. O, o qədər səxavətli idi ki, həmin rəsmlərə külli miqdarda pul ödəyirdi. Mən dəqiq bilirdim ki, o rəsmlər heç ona lazım da deyil" — deyə Bədəlbəyli onunla bağlı xatirələrini bölüşüb.

Pianoçu etiraf edib ki, İosif Kobzonla axırıncı dəfə 2015-ci ildə görüşüb. Həmin vaxt Kobzon xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun yubiley konsertində iştirak etmək üçün Azərbaycana gəlibmiş. Bundan sonra Bədəlbəyli onunla bir dəfə də olsun görüşməyib. Çünki müğənni özünü çox pis hiss edirmiş.

"İosif Kobzonun itkisi bütün dünya üçün böyük itkidir. Təəssüf ki, biz heç nəyi dəyişmək iqtidarında deyilik. Ölümdən heç birimiz qaça bilmərik" — Bədəlbəyli deyib.

İosif Kobzon 11 sentyabr 1937-ci ildə Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərində anadan olub. O, musiqi ilə uşaq vaxtlarından məşğul olub. Hələ 9 yaşında olarkən Kremldə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi İosif Stalinin qarşısında "Köçəri quşlar uçur" mahnısı ilə çıxış edib.

Məktəbi bitirəndən sonra orduya yollanıb. Oradan qayıtdıqdan sonra Qnesinlər adına Dövlət Musiqili-Pedaqoji İnstitutunun (hazırkı, Qnesinlər adına Rusiya Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Bir il sonra müğənni artıq populyarlaşıb və bir çox konsertdə iştirak edib.

1964-cü ildə Estrada Artistlərinin Ümumrusiya Müsabiqəsində və 1964-cü ildə Polşanın Sopot şəhərində keçirilən beynəlxalq musiqi festivalda qələbə qazanaraq estradada mövqeyini bir qədər də gücləndirib. Kobzon özünün səhnə fəaliyyətinə 11 sentyabr 2012-ci ildə 75 illik yubileyində son qoyub. Həmin gün o, Dövlət Kreml Sarayında sonuncu solo konsertini verib.

270
Teqlər:
müğənni, SSRİ Xalq artisti, Azərbaycan, Fərhad Bədəlbəyli, İosif Kobzon, Rusiya
Əlaqədar
Məşhur müğənni dünyasını dəyişdi
Prezident İlham Əliyev İosif Kobzonun ailəsinə başsağlığı verib
Çingiz Abdullayev İosif Kobzondan yazdı: "O, əsl kişi kimi öldü"
Prezident Kobzonu niyə mükafatlandırdı?