Yazıçı Anar

AYB-nin ayıbları...

721
(Yenilənib 18:00 10.05.2018)
Adi üzvlük haqqından ötəri yazı yaza bilən hər kəsi birliyə üzv etmək bütün yazıçılara təhqirdir

BAKI, 10 may — Sputnik. Rəsmi məlumata görə AYB-nin (Azərbaycan Yazıçılar Birliyinin) 1500-dən artıq üzvü var. Qeyri-rəsmi məlumata yox, müşahidəyə əsasən azacıq mübaliğə ilə deyə bilərəm ki, ölkədə qələm tutub yazı yaza bilən hər kəs Yazıçılar Birliyinin üzvüdür. Təkcə məhz sənət üçün, ədəbiyyat üçün yazı yazan yazıçılardan başqa yazı yazmağı bacaran kimi görüblərsə, bu birliyə üzv ediblər.

Azca araşdırma aparan hər kəs görə bilər ki, bu birliyin yüzlərlə üzvündən ən yaxşı halda yüz nəfəri sənətə, ədəbiyyata xidmət edir. Digərlərinin isə nəyə görə, hansı bacarığına, hansı əməyinə görə bu birliyə üzv olması barədə heç bir dəlil-sübut yoxdur. Əhali arasında sorğu da keçirilsə, ən yaxşı halda elə həmin yüz nəfəri tanıyarlar. Digərlərinin yazıçı olmasından heç birliyin sədri yazıçı Anarın da xəbəri yoxdur.

Bəs yazıçıların birliyi adı altında hərf tanıyan, cümlə qura bilən hər kəsi yazıçı adı ilə bu birliyə salmaqda məqsəd nədir? Birliyə üzv olan hər kəs üzvlük haqqı ödəyir. Üstəlik, üzvlərin sayı çoxaldıqca dövlət tərəfindən birliyə ayrılan məbləğ də çoxalır və bu da birliyin rəhbər vəzifəsində çalışanlara sərf edir.

84 ildir ki, fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin son otuz ildə yetirib xalqa təqdim elədiyi, tanıtdığı bir yazıçı belə, yoxdur. Hal-hazırda tanınan, oxunan və sevilən ədəbiyyat adamlarının əksəriyyəti də AYB-nin üzvü deyil. Onların bir qismi vaxtı ilə üzv olub, sonradan imtina ediblər, bir qismi də mənim kimi, əvvəlcədən birliyin yararsızlığını dərk edərək heç vaxt üzv olmayıblar.

Üstəlik, hal-hazırda Azərbaycan Yazıçılar Birliyində 84 illik tarixin əsl diktatura dönəmi yaşanır. Rəsul Rza 1 il, Mehdi Hüseyn 7 il, Süleyman Rəhimov 6 il (fasilələrlə), Səməd Vurğun 6 il (fasilələrlə), Mirzə İbrahimov 21 il (fasilələrlə), İsmayıl Şıxlı 1 il bu birliyin sədri vəzifəsini tutublar. Yazıçı Anar isə 31 ildir ki, (1987-ci ildən) fasiləsiz olaraq bu birliyin sədri vəzifəsində çalışır. Rəhbərliyində dəyişiklik olmayan birliyin fəaliyyətində hansı yenilikdən, nailiyyətdən söhbət gedə bilər ki?

Yaxşı olmazdımı Azərbaycan Yazıçılar Birliyində məhz nasirlər, şairlər, dramaturqlar, tənqidçilər, tərcüməçilər birləşsin? Onlar hər il, heç olmasa, bir müəllifin kitabını çap edib, onun təbliğatı ilə məşğul olsunlar və bu birlik həmin yazıçının məktəbinə çevrilsin.

Yaxşı olmazdımı, birliyin fərdi təqaüdlər verən fondu olsun? Bu fond hər il, heç olmasa, bir müəllifə təqaüd ayırsın. Bu təqaüd ilbəil neçə-neçə yazıçının maddi şəraitini yaxşılaşdırsın və bu müəlliflər yeni əsərlər yazmağa daha çox vaxt ayırsınlar.

Yaxşı olmazdımı, AYB dünya miqyaslı ədəbiyyat müsabiqələri təşkil etsin və məhz bu ölkənin bütün dünya ədəbiyyatına mükafat töhfəsi olsun? "Nobel" kimi, "Buker" kimi, "Pulitser" kimi bizdən də mükafat almağı arzulayan dünya ədibləri olsun.

Bütün bunlar bir yana. Gənc ədiblərin nəsrə, şeirə qaçdığı bir vaxtda, gənc dramaturqların az qala tapılmadığı zamanda AYB gənc dramaturqların yetişməsi üçün niyə heç bir addım atmır? Birlik dramaturgiya dərnəkləri, seminarları, festivalları təşkil etməli, teatrlarla əməkdaşlıq qurub ölkəyə və xalqa yeni dramaturqlar təqdim etməlidir.

Bütün bunlara nail olmaq üçün AYB kökündən dəyişilməlidir. İstedadı olmayan, ədəbiyyat adına fəaliyyət göstərməyən adamlar birlikdən kənarlaşdırılmalıdır. Bu yolda ilk addım birliyə qəbul üçün üzvlük haqqının ləğvi olmalıdır. Birlik, əsasən dövlət tərəfindən, qismən isə sənətin inkişafına dəstək olmaq istəyən şəxslər tərəfindən maliyələşməlidir.

Ən əsası isə, birlik həm də özünün gəlir yerini formalaşdırmalıdır. Kitab nəşrini, satışını, tərcüməsini, yerli müəlliflərin əsərlərinin xarici dillərə tərcümə olunmasını və xarici ökələrdə satışını həm sənətə xidmətə, həm də gəlir yerinə çevirə bilməlidir və beləcə ayaqda durmağı bacarmalıdır.

İndiki halda isə AYB-nin fəaliyyəti başdan ayağa ayıbdır. Adi üzvlük haqqından ötəri yazı yaza bilən hər kəsi birliyə üzv etmək bütün yazıçılara təhqirdir. İnsanların da bu birliyə üzvlük vəsiqəsi almağı bir uğur hesab etməsi, bunu bir titul kimi qəbul etməsi lap dəhşətdir.

Yazıçı boyunduruq quludursa, etiraz etməyi bacarmırsa, hakimiyyət eşqi ilə yaşayırsa, işğalçıdırsa, burda ədəbiyyatın adı keçə bilməz. Axı ədəbiyyat və ümumilikdə sənət həqiqətləri bədii dildə göstərmək üçün yaranıb. 31 il bir kürsüdə oturmaq və bu kürsünün 31 illik sahibinə mədhiyyələr yazmaq yazıçı əxlaqına sığışan iş deyil. Belə birlik AYB abreviaturası ilə yox, ən yaxşı halda ayıb sözü ilə tanına bilər.

721
Teqlər:
Anar, nasir, üzvlük haqqı, AYB, dramaturq, Azərbaycan Yazıçılar Birliyi, şair, yazıçı, üzv
Əlaqədar
"Cəbiş müəllim" Xalq yazıçısı Anar barədə danışır
Prezident yazıçı Anarı təltif etdi
Dahi yazıçının ölümünün səbəbləri məlum oldu
Məşhur türk yazıçısından rəzalət: “erməni soyqırımı”na görə üzr istədi
Yazıçılar Birliyindən qalmaqal qoparacaq bəyənat
Hacıbala Abutalıbov: Əxlaqsız gecə klubunu Yazıçılar Birliyi icarəyə verib
Netflix

"Netflix" İstanbulda ofis açır

22
"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib

BAKI, 3 dekabr — Sputnik. Dünya üzrə təxminən 195 milyon üzvü olan "Netflix" platformasının İstanbulda ofisi açılacaq. Bu addım Türkiyədə istehsal olunan uğurlu ekran əsərlərinin dünya tamaşaçısına tanıdılmasında da əhəmiyyətli rol oynayacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı "Netflix" platformasından bildirilib.

Türkiyədəki sərmayələrini artıran şirkətin yeni ofisinin 2021-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy xüsusilə son on beş il ərzində əhəmiyyətli inkişaf yolu keçən ölkəsinin kino və teleserial sektorunun iqtisadi artımla yanaşı, həm də mədəni diplomatiya sahəsinə böyük töhfələr verdiyini bildirib: ""Netflix" kimi qlobal bir şirkətin ölkəmizdə ofis açması qərarını məmnuniyyətlə qarşıladıq. Türkiyə istehsalı olan film və serialların 190 ölkədə izlənə bilməsi bu sektorun daha geniş beynəlxalq cəmiyyətə tanıdılması və film turizminin inkişafına böyük töhfələr verəcəyini düşünürük".

"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib.

22
Teqlər:
ofis, Türkiyә, Netflix şirkəti
İlqar Muradov, arxiv şəkli

İlqar Muradov: "Düşünürəm ki, zahirən Dronqoya oxşarlığım var"

2267
(Yenilənib 18:06 03.12.2020)
"Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Onun həzin, məlahətli səsini dinlədikcə ötən günlərə qayıdırsan. Kiminin uşaqlığı, kiminin gəcliyi, kiminin ilk məhəbbəti düşür yada… Bir sözlə, onu dinlədikcə xatirələr düşür yada.. "Bir ömrün nəğməsi", "Mənim 17 yaşım var", "Mənimlə qal", "İstərsənmi", "Bu dünyanı nağıl bilək", "Peşiman olarsan" mahnıları insanın ruhunu oxşayır. Söhbət alicənablığı, sakit, ciddi, ağır təbiəti, qalmaqallardan uzaq olması ilə seçilən Xalq artisti İlqar Muradovdan gedir. Sənətkar özü və sənəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb:

"Mən əslində, 5 yaşında pianoda çalıb-oxuyurdum. Məndən böyük bacım, qardaşım musiqi məktəbinə gedirdilər. Valideynlərimin dediyinə görə, mən onların ikisindən də istedadlı olmuşam. Sonra mən Naxçıvanda 7 illik Orta İxtisas Musiqi Məktəbinin piano şöbəsini bitirdim. Demək olar ki, ömrüm boyu musiqi ilə məşğul olmuşam. 1981-ci ildə bizim dahi sənətkarımız, mərhum Rafiq Babayev məni Bakıya dəvət etdi. Həmin vaxtdan bu günə qədər də oxuyuram".

"İlqar Muradovun ruhunu ifadə edən mahnı hansıdır?" sualına Xalq artistinin cavabı belə oldu: "Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır. Mənim üçün fərqi yoxdur. Onlar mənim daxili aləmimdən xəbər verir. Onlar mənim övladlarımdır. Necə ki, övladlarımızın arasında fərq qoymuruq. Oxuduğum mahnılarım da mənim övladlarımdır. Onlar mənə yaxın olmasaydılar, mən onları ifa etməzdim".

Dünyanı cənginə alan COVİD-19 pandemiyası həmsöhbətimizin də yaradıcılığına təsirsiz ötüşməyib: "Karantindən qabaq 3 konsert nəzərdə tutulmuşdu. Onun 2-ni edə bildik, 1 konsert qaldı. Həmin konsertin tarixi dəyişilə-dəyişilə dekabrın 20-ə salınıb. Həmin vaxta bitsə, konsert baş tutacaq, ancaq çətin ki, o vaxta bitər. Ümidimiz 2021-ci ilədir".

Pandemiyadan söz düşmüşkən, müğənni insanlarımızı diqqətli olmağa, özlərini qorumağa çağırdı: "İnsanlar son dərcə diqqətli olsunlar. Qarabağ uğrunda döyüşlərdə qələbə qazandıq. Qripə də qalib gələsi olsaq çox yaxşı olar. Bu, özümüzün əlindədir".

"Pandemiya dövrü hər kəsə təsir etdiyi kim mənə də təsir etdi. Xüsusən maddi tərəfdən. Mən də öz doğmalarımı qorumaq üçün məcburiyyətdən evdə qaldım. Əslində mənə mənəvi olaraq elə də böyük təsir etmədi. Həmin dönəmlərdə yaradıcılığımın üzərində işlədir. Həmin dövrü səmərəli keçirdim".

Müsahibimizin fərqli imici, üzünün fakturası rejissor Yavər Rzayevin diqqətiini çəkib. Rejissor İlqar Muradovu quruluş verdiyi "Xeyirlə şərin rəqsi" filminə dəvət edib: "Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. Quruluşçu rejissor Yavər Rzayev məni baş rola - Dronqo obrazına dəvət etdi. Film Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında lentə alınıb. Filmə ona görə çəkildim ki, o obraza simpatiyam var idi. Ümumiyyətlə, Çingiz müəllimin özünə də çox böyük hörmətim var. Yenə bu tipli obraza dəvət etsələr gedəcəyəm, amma başqa filmə yox".

"Əvvəlcə çəkilişə razılıq vermədim, çünki mən aktyor deyildim. Amma əsərlə tanış olduqdan sonra obrazda xarakterimə uyğun nələrisə tapdım. Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var. Çingiz Abdullayev mənim obrazımdan çox razı qalıb. Hətta premyerada da qeyd etdi ki, bu günə qədər çox film olub, lakin onların arasında ən uğurlu alınan və ən çox bəyəndiyi məhz bu filmdir. Bundan başqa, peşəkar kino mütəxəssisləri də film haqqında müsbət rəylər bildirirlər. Ümid edirəm ki, bunun ardı və yaxud başqa obrazlar olacaq".

Xalq artisti ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edib: "Bir neçə layihələrdə də iştirak etmişəm. Misal kimi Norveç xoru ilə olan layihəni göstərə bilərəm. 1995-ci ildə mərhum səyyah Tur Heyerdal Azərbaycana gəldi. Onun ideyası ilə layihə yazıldı. Bu proyekt ən yaxşı proyektlər sırasına düşdü. Orda həm bəstəkar, həm də xalq mahnılarından istifadə etdik. Mərhum bəstəkar-pianoçu Rafiq müəllimin davamçısı olaraq dostum Siyavuş Kərimi ilə əl-ələ verib başqa-başqa ölkələrdə Azərbaycan musiqisini təbliğ etmişik. Qismət olarsa, yenə də edəcəyik".

2267

Koronavirusu blok edən üç ərzaq

0
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

0
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla