Ümid yeri serialından kadr

Film serial sektorunda dərəbəylik: Səlahiyyətli qurumlar hara baxır?

1609
(Yenilənib 18:48 28.02.2018)
Mədəniyyəti bu qədər ucuzlaşdırmaq, xalqı bu qədər ələ salmaq olmaz!

BAKI, 27 fevral — Sputnik. Ölkənin film və serial sahəsində ardı-arası kəsilməyən biabırçılıqlar davam etməkdədir. Daha da pisi odur ki, bu mənfi davamiyyət zəifləməkdənsə, şiddətlənməkdədir.

Əvvəlcə, sosial şəbəkələrdə məsxərə obyektinə çevrilərək sürətlə paylaşılan kadrlara rast gəldim. İlk izlədiyimdə bunu zarafat kimi qəbul etdim. Elə düşündüm ki, bu kadrlar ölkədəki ümumi serial sektorunu tənqid etmək üçün çəkilmiş komediyadır. Dramaturgiya anlayışı olmayan ssenaristlərin, süni, qeyri-peşəkar aktyor və aktrisaların, istedadsız rejissorların bu kadrlarla parodiya olunduğunu zənn etdim. Daha sonra anladım ki, məsələ ciddi imiş. Bu kadrlar Azərbaycanın televiziya məkanında əməlli-başlı serial adı ilə yayımlanıbmış.

Həmin kadrların Lider TV-də yayımlanan dram janrında çəkilmiş "Ümid yeri" serialından seçmə kadrlar olduğunu gördüm. Serialın artıq 20-yə yaxın bölümü yayımlanıb. Görünür ki, bu vaxta qədər telekanal rəhbərliyindən, Milli Televiziya və Radio Şurasından heç kəs bu məsələyə müdaxilə etməyib.

Sənət anlayışı olan tamaşaçı kütləsi istər zarafatyana paylaşımlarla, istər ciddi iradlarla serialı tənqid etsələr də, serialın quruluşçu rejissoru (titrlarda belə təqdim olunur) tamaşaçılara nömrəsini verib məhəllə tipli davalara dəvət edir. Özbaşınalığın bundan o tərəfi varmı, görəsən?

Ümumiyyətlə, yerli film və serial sektorunda hal-hazırda fəaliyyət göstərən şəxslərin böyük qismi qeyri-peşəkarlardan, sadəcə sənətin şöhrət tərəfinə həvəslənib, əlindəki müəyyən imkanlarla özünü sektora dürtməyə çalışan istedadsızlardan ibarətdir. Son on ildə yayımlanan film və serial ssenaristlərinin neçəsi dramaturgiyanın nə olduğunu bilir, görəsən?

Məlumunuzdur ki, dramaturgiya teatr əsərlərindən başlayır. Yaxşı film və serial ssenarisi yazmaq üçün, əvvəlcə, yaxşı pyes yazmağı, dialoqlar üzərində hadisə qurmağı bacarmaq lazımdır. Əgər pyes yazmaq bir ssenarist üçün şərt deyilsə belə, ssenaristin pyes mütaliəsi kifayət qədər zəngin olmalıdır ki, yazdığı ssenari keyfiyyətli olsun. Dindirsən, Henrik İbsenin bir pyesini oxumayanlar, Valter Benjaminin dramaturgiya haqqında bir cümləsini belə bilməyənlər serial və film titrlarında "ssenari müəllifi" deyə təqdim olunurlar.

Aktyor və aktrisa seçimlərindən danışmağa dəyməz. Müasir yerli film və seriallarda rol alanların əksəriyyəti sənətə yeddi köynək uzaq adamlardır. Onların aktyor oyunundan, səhnə danışığından, emosional yaddaşdan xəbərləri yoxdur. İzləyəndə bəzi simalar tanış gəlir, hansı ki, onlardan bəziləri həqiqətən Mədəniyyət və İncəsənət Universitetində təhsil alsalar da, tələbə vaxtlarını universitetin bufetində məhəllə tipli qeybətlər etməklə keçirirdilər. İndi onlar dost-aşna dairəsindən kimsə sponsor tapıb və hansısa vasitələrlə efirə çıxıb deyə, bir dəstə avaranı da kütləyə aktyor kimi sırıyırlar.

Bir neçə il bundan əvvələ qədər eyni vəziyyət Türkiyədə də baş verirdi. Sonralar dövlətin bu sahəyə nəzarəti sayəsində problem aradan qaldırıldı. Nazirlik qəti tapşırıq verdi ki, aktyorluq təhsili olmayan, aktyorluq üzrə ən azı üç aylıq kurs keçməyən heç bir şəxs serial və filmlərdə rol ala bilməz. Nəticədə, həm bu sahədə təhsil verən müəyyən kurslar yarandı, həm də istedadı olanlar özlərini daha da inkişaf etdirib sonra təcrübə qazanmağa başladılar.

"Ümid yeri" serialının ardınca "Güləhməd" filmi ilə bağlı biabırçılıq mediaya manşet oldu. Keyfiyyətsiz və senzurasız film ilk nümayişdən sonra kinoteatrdan yığışdırıldı. Rejissorun açıqlaması isə lap dəhşətli idi. Həmin açıqlamadan ölkədəki film sektorunun vəziyyəti olduqca aydın görünürdü.

Adını rejissor, ssenarist, prodüser, aktyor, aktrisa və başqa cür qoyan şəxslər əməlli-başlı qəpik-quruş davasına çıxıb, sənəti öz əllərində dilənçi qurşağına çevirərək gah gileylənir, gah da yalvarırlar. Olmaz! Mədəniyyəti bu qədər ucuzlaşdırmaq, xalqı bu qədər ələ salmaq olmaz!

Bu ölkədə Mədəniyyət və Turizm Nazirliyi varmı? Var! Bu nazirliyin nəzdində olan onlarla digər qurumlar varmı? Var! Milli Məclisin Mədəniyyət komitəsi varmı? Var! Milli Televiziya və Radio Şurası varmı? Var! Hər bir telekanalın öz bədii şurası varmı? Var! Onlarla digər müxtəlif nəzarət komissiyaları varmı? Var! "Azərbaycanfilm" kinostudiyası varmı? Var! Bəs hanı bu adı var olanların işi? Nəyə yarayır bu təmtəraqlı adlar?

Turizmin inkişafından pafosla danışırıq! Ölkəyə gələn turistlər qaldığı hoteldə açıb bir yerli telekanalı izləyərsə, kinoteatra gedib bir filmə baxarsa, qonağı olduğu ölkənin mədəniyyəti ilə tanış olmaq istəyərsə, nəyi görəcək? Brextin, Artaudun, Qratovskinin, Piskatorun, Tarkovskinin, Fellininin vətənindən gələnlər öz ölkələrinə bizim "Ümid yeri"ndən xəbər aparacaqlar, yoxsa "Güləhməd"dən?

1609
Teqlər:
"Ümid yeri", sahə, biabırçılıq, ssenari, pyes, aktrisa, serial, film, Türkiyə, aktyor, sosial şəbəkə
Əlaqədar
Kinooperator: “İndi çəkilən filmlərin 5 faizini keyfiyyətli saymaq olar”
Azərbaycanlı aktyor Hollivud filmində rol alıb
Abdulla: “Azərbaycanın ilk qorxu filminə maraq böyük oldu”
Cahangir: “Ayla” filmi onu izləyən hər kəsi qürurlandırır”
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

6
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

6
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
Dağlıq Qarabağ, arxiv şəkli

Avropaya baxmağa ehtiyacımız yoxdur: Qarabağın qızılı yenə göz qamaşdıracaq

212
(Yenilənib 23:53 30.11.2020)
"Müasir İtaliya, Fransa zərgərlərinin işlərində biz bu gün Qarabağ zərgərlik məktəbinin nümunələrini görə bilirik. Bu isə o deməkdir ki, Azərbaycanda zərgərlik məktəbinin inikişafı üçün bizim Avropaya baxmağa ehtiyacımız yoxdur"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Ölkə başçısı İlham Əliyev işğaldan azad edilən və ediləcək bölgələrin inkişaf planlarının hazırlanması üçün göstəriş verib.

Ötən əsrin 90-cı illərinin əvvəllərinədək Azərbaycanın mineral su mənbələri, ət ehtiyyatının, eyni zamanda meşə materiallarının bir qismi məhz Qarabağ bölgəsinin hesabına ödənilib. Ermənilərin Azərbaycanın məhz bu torpaqlarına göz dikməsi də əbəs yerə olmayıb. Ərazi həm mineral su yataqları, həm də faydalı qazıntılarla zəngin olub.

Torpaqlarımızın geri qaytarılması Azərbaycanda yerli istehsal sahələrinə, ət tələbatının qarşılanmasına, su qıtlığının aradan qaldırılmasına, iqtisadiyyatımızın daha da dirçəlməsinə səbəb olacaq.

Bu torpaqların perspektivi, potensialı barədə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, professor, BDU-nun  "Faydalı qazıntılar" kafedrasının müdiri Vasif Babazadə Sputnik Azərbaycan-a açıqlamasında danışır:

"İşğal altında olmuş ərazilərimizdə müxtəlif faydalı qazıntı yataqlarımız var. Hesab edirəm ki, torpaqlarımız tam azad olunduqdan sonra xüsusi tapşırıqla bu ərazilərin planlarını, istismar qaydalarını hazırlayacağam. Bizim iqtisadi resurslarımız dəfələrlə artacaq. Çünki həmin torpaqlarımızda əhəmiyyətli qızıl yataqlarımız var.

Kəlbəcər ərazisində Tutxun, Zod, Ağdərə tərəfdə Qızılbulaq, Zəngilanda Veysəli ən zəngin yataqlardandır. Zod yatağı özü Qafqazda ən iri yataqdır. Zod yatağının təxminən 67 faizi Azərbaycan ərazisində Kəlbəcərdə, 33 faizi isə Göyçə mahalında yerləşir. Sovet dövründə də, 90-cı illərdən etibarən də ermənilər artıq Kəlbəcər ərazisindən Zod yatağının istismarına başlayıblar. Ümumiyyətlə, bizim o ərazilərdə xeyli sayda qızıl, mis yataqlarımız da var".

"Təbii su resurslarından danışdıqda isə ilk növbədə Sərsəng su anbarından bəhs etmək lazımdır. Bu su anbarı suvarma işləri üçün böyük əhəmiyyətə malikdir. Bundan başqa, işğal olunmuş ərazilərdə külli sayda mineral su yataqlarımız da var. Məsələn, Kəlbəcərdə İstisu buna nümunədir. Həmin ərazilərdə çoxlu adlı və adsız su yataqlarımız var. Qızılbulağın yaxınlığında yerləşən "Mehmana" yatağı da çox böyükdür. Ermənilər bilərəkdən bizim ən əhəmiyyətli yataqlarımızın yerləşdiyi əraziləri işğal ediblər. Ümumiyyətlə, o zonada, xüsusən də Laçın-Kəlbəcər zonasında uzun illər işləyib, əraziləri addım-adım gəzib tədqiqatlar aparmışam", - deyə o əlavə edib.

Təxminən 40 ilə yaxın bu yataqları tədqiq etmiş mütəxəssis bildirir ki, biz bu yataqları 10 illər ərzində ehtiyatlarımıza sala biləcəyik.

V.Babazadə deyir ki, haqqında söz açdığı torpaqlar həmçinin üzlük daşlar üçün istifadə olunan materiallarla da zəngindir: "Bu əraizlərdə həmçinin müxtəlif rəngli meşə materialları da var. Lakin ermənilər bu meşə materiallarının çoxunu qırıblar".

Qızıl resurslarından danışarkən Qarabağın zərgərlik məktəbini unutmaq olmaz. 30 ildir ki, tənəzzül edən Qarabağ zərgərlik məktəbinin inkişafı üçün indi uyğun zaman yaranıb. Bu işi öz üzərinə götürənlərdən biri isə əslən yəhudi olan Eduard Şamaryayevdir. Azərbaycanda zərgərlik sənətini yaşadanlardan biri olan Şamaryayev Sputnik Azərbaycan-a Qarabağ zərgərlik məktəbi haqda danışır:

"Sovet dövründə Azərbaycan zərgərlik məktəbi, demək olar ki, məhv olmuşdu. O dövrdə zərgərlərə fəaliyyət göstərmək qadağan olunmuşdu. Yalnız biz zərgərlik zavodu fəaliyyət göstərirdi. Yəni, sovet dövründə Azərbaycan zərgərliyi yalnız hökumətin istədiyi formada fəaliyyət göstərirdi. O dövrdə milli ruhda da demək olar ki, bəzək əşyaları hazırlanmırdı. Birinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan zərgərləri yavaş-yavaş dirçəlməyə başladılar. Məsələn, mən 1996-cı ildən fəaliyyətə başladım.

Qarabağ bölgəsindən olan bir neçə zərgəri tanıyıram. Lakin onlar məcburi köçkün olduqdan sonra, demək olar ki, Bakıda, yaxud da qaldıqları digər yerlərdə zərgər kimi çalışmayıblar. İşğalda olan torpaqlarımız alındıqdan sonra, yəqin ki, həmin şəxslər yenidən Qarabağ irsinə əsaslanaraq fəaliyyətlərini davam etdirəcəklər. Lakin sırf Qarabağ zərgərlik məktəbi ilə bağlı olaraq qeyd edim ki, təxminən son 30 ildə bu məktəb böyük zərbə alıb, o qədər inkişaf etməyib".

E.Şamaryayev deyir ki, ümumiyyətlə Qarabağ zərgərlik məktəbinin nümunələrini, təsirlərini Rusiya, Fransa, İngiltərə muzeylərində də görmək mümkündür: "Bu nümunələr qızıl, gümüş və misdən hazırlanırdı. Qarabağ zərgərlik məktəbinin nümunələri əsasən şəbəkə formasında hazırlanır. Ən çox məmulat XVIII-XIX əsrlərdə hazırlanıb. "Şarlı sırğa", "Ay-ulduzlu sırğa", "Piyalə cəng sırğa", "Səbət sırğa" əsasən şəbəkə texnikasına hazırlanıb. Yəni, əsasən məftillərlə işlənərək hazırlanıb. Ancaq qeyd edim ki, Gürcüstanın da Qarabağ məktəbinə böyük təsiri olub. Xüsusi texnika ilə də çoxlu bəzək əşyaları hazırlanıb. Qarasala üsulunda metal kəsmə ilə hazırlanır və onun üzərində xüsusi nəbatat ornament formasında oymalar işlənilir. Məsələn, yarpaqlar, butalar. Sonra isə həmin oyulmuş hissələrə xüsusi qara maddə doldurulur və bişirilir. Bizdə bu nümunələrdən də var".

Qədimlərdən əsas zərgərlik mərkəzlərinin Qarabağ, Şamaxı, Şəki, Naxçıvan, Lənkəran və Bakıda cəmləşdiyini söyləyən zərgər İpək Yolu vasitəsilə bu bəzək əşyalarının bütün dünyaya yayıldığını söyləyir: "Bu səbəbdən müasir İtaliya, Fransa zərgərlərinin işlərində biz bu gün Qarabağ zərgərlik məktəbinin nümunələrini görə bilirik. Bu isə o deməkdir ki, Azərbaycanda zərgərlik məktəbinin inikişafı üçün bizim Avropaya baxmağa ehtiyacımız yoxdur, əksinə, onlar bizdən öyrənsinlər, necə ki, hələ də öyrənirlər".

"Bilirsiniz, Qarabağ zonası həm də xarı-bülbülü ilə tanınır. Xarı-bülbül xüsusən də Şuşa tərəfdə bitir. Bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Qarabağ adına böyük bir iş görüb, "Qobu Park 3" Yaşayış Kompleksində "Xarı-bülbül" təlim mərkəzi açıb. Orada biz qaçqın və məcburi köçkünlərin övladlarına zərgərliyi öyrədirik. Bu məktəbdə "Xarı-bülbül" kolleksiyası da hazırlamışıq. Bizim mərkəzdə Qarabağ zərgərliyinə aid müxtəlif nümunələr var", - deyə o əlavə edib.

Arxeoloq alim: "Tarix bizə səhvlərimizi düzəltmək üçün böyük bir şans verib">>

Həmsöhbətimiz deyir ki, Qarabağ zonasında bəzək əşyası olaraq əsasən qadın və kişi kəmərləri, sırğalar, üzüklər, qolbaqlar, boyunbağılar hazırlanıb: "Bildiyiniz kimi, Qarabağ zonasında müxtəlif daş yataqları var. Firuzə, əqiq və s. daşlar var ki, bəzək əşyalarının hazırlanmasında da onlardan çox istifadə olunub".

Qeyd edək ki, torpaqlarımız işğal olunanadək həmin ərazilərdə 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemzavulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcud olub. Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, təzahür və perspektivli minerallaşma sahəsi müəyyən edilib.

Bir sözlə, bu torpaqların həm təbii resurslarla zəngin olması, həm də təbiətinin gözəlliyi postkonflikt dövründə ölkəmizin iqtisadi potensialının daha da artması deməkdir.

212
Teqlər:
yataq, mineral, zərgərlik, qızıl, Laçın, Ağdərə, Kəlbəcər, Qarabağ
Notebook-la oynayan kişi, arxiv şəkli

Bu qurum vətəndaş müraciətlərini sosial səhifələr vasitəsilə cavablandıracaq

0
Vətəndaşlar həmin səhifələr vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər

 

BAKI, 1 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan facebook, instagram, telegram və twitter sosial səhifələri vasitəsilə də cavablandıracaq. Bu barədə Sputnik Azərbaycan-a DSMF-dan məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar həmin səhifələr:

www.facebook.com/dsmf.sosial.gov.az/

www.instagram.com/dsmf.sosial.gov.az/

t.me/dsmfsosialgovaz

twitter.com/dsmfsosialgovaz

vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq. Sosial şəbəkə səhiflərində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.

0
Teqlər:
sosial şəbəkə, Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu