Səhnədə aktyor

İndi gəl onlara izah et ki, bu, əxlaqsızlıq deyil

969
(Yenilənib 11:14 12.01.2018)
Görən bu adamlar özlərinə sual ediblərmi: nədir əxlaq?

BAKI, 11 yanvar — Sputnik. Fərqli oxuyan müğənni əxlaqsızdır! Fərqli yazan yazıçı əxlaqsızdır! Fərqli rollar canlandıran aktyor, aktrisa əxlaqsızdır! Fərqli rəsmlər çəkən rəssam əxlaqsızdır! Ümumiyyətlə, fərqli olan hər kəs əxlaqsızdır!

Bu əxlaqsızlıq damğası artıq zəhləmizi töküb. Cəmiyyətin tipik fərdləri, milli şüurun sədaqətli dostları, mentalitetçilər, ənənəçilər, xüsusən yaşlı nəslin bəzi nümayəndələri və onların tərbiyə etdiyi gənc nəslə mənsub şəxslər azca qeyri-adilik görən kimi "aha, əxlaqsızdır!" deyib şəhadət barmağını silkələyir. Nədir sənətə və fərdi yaşam tərzlərinə qarşı bu münasibət?

Ümumiyyətlə, nədir əxlaq? Lap şeyximiz demiş, mən bu yaşa çatmışam, cəmiyyətimizin əxlaq dedikdə nəyi nəzərdə tutduğunu hələ anlamamışam. Mən əxlaqın bütün müsbət insani keyfiyyətləri özündə birləşdirən, olduqca geniş anlayış olduğunu öyrənmişdim kitablardan.

Zaman-zaman mühitin əxlaqı cinsiyyət orqanlarına, seksual həyata bağladığını gördüm. O zaman anladım ki, onlar əxlaqsızlıq dedikdə özlərinin yaşam tərzlərinə uyğun olmayan bütün davranışları nəzərdə tuturlar. Əslində isə əxlaqın əsl mahiyyətinə görə başqalarının şəxsi həyatına müdaxilə etmək, önyarğılı olmaq, insanları şəxsi arzu və istəklərinə görə qınamaq, sənətə və sənətkara mühafizəkar münasibət bəsləyib onu daşqalaq etmək əxlaqsızlıqdır.

Onların öz həyatlarını mühafizə etdikləri çərçivələri var və əgər başqa biri öz həyat çərçivəsini onlarınkından azca geniş qurarsa, dərhal əxlaqsız olacaq. Məsələn, hansısa müğənni öz konsertində ayağı və sinəsi açıq geyimdə şou göstərərsə, deməli, əxlaqsızdır. Axı cəmiyyətin məlum nümayəndələri öz həyatlarında ayaqlarını və sinələrini heç kəsə göstərmirlər.

İndi gəl və bunlara izah et ki, bu, sənətdir. Başa sal ki, sənin olar-olmazlarının sənətə və başqalarına heç bir dəxli yoxdur. Bu, onların vecinə də deyil.

Bir rejissor tanışım çəkmək istədiyi filmdə cüzi erotik səhnəsi olan bir obrazı canlandırması üçün aktrisa axtarırdı. Adamın ümidi bir ona qalmışdı ki, seks işçisi olan qadınlardan birini çəksin bu rola. Ölkənin peşəkar gənc aktrisalarının heç biri rolu qəbul etməmişdi.

Bu məsələdə aktrisaları da qınamaq olmur. Kim istəyər ki, öz sənəti ilə məşğul olduğu üçün söyülsün, təhqir olunsun? Aktrisalar bilir ki, o səhnəyə baxan heç bir Azərbaycan tamaşaçısı aktrisanın oyun tərzini, hiss və həyəcanlarını, obraza münasibətini, canlandırdığı xarakteri nə qədər tanıya bilməsini müzakirə etməyəcək. Aktrisa əmindir ki, Azərbaycan tamaşaçısı onun sadəcə bədəninə baxacaq və bədəni göründüyü üçün onu əxlaqsız adlandıracaq.

Qəribəsi odur ki, sonra həmin tamaşaçı bu mühitdə Monika Belluçi yetişməsini gözləyəcək. Sonra bu Monikanın Oskar almasını da arzulayacaq. Axı necə? Öz bütün rollarında cəmiyyətin gözündə əxlaqsız olmaması barədə düşünən bir aktrisa necə Monika Belluçi olsun, hələ üstəlik Oskar da alsın? Bu, səhradan balıq tələb etməyə bənzəyir.

Yəqin çoxunuz eşitmisiz, məşhur bir aktrisamız haqqında söhbət yayılmışdı ki, güya İran şahı onun göbəyində mürəbbə şirəsi içib. Kütlədəki fantaziyaya baxın! Sonra həmin aktrisa ömrü boyu İranda olmadığını açıqlamışdı. İndi kimdir əxlaqsız: sadəcə sənəti ilə məşğul olan həmin istedadlı aktrisamı, yoxsa onu öz təxəyülündə İrana aparıb göbəyindən şahlara mürəbbə şirəsi içirənlərmi?

Niyə bu sənət anlayışı olmayan, önyarğılı, radikal şəxslərin nəzərində həyatını istədiyi kimi quran şəxslər və azad yaradıcılıqla məşğul olmaq istəyən sənət adamları əxlaqsız olur? Görən bu adamlar özlərinə sual ediblərmi: nədir əxlaq?

969
Teqlər:
əxlaqsızlıq, əxlaqsız, əxlaq, aktrisa, sənət, aktyor, cəmiyyət
Əlaqədar
İranda böyük əməliyyat: şərab içən 320 “əxlaqsız” peşman oldu
Hacıbala Abutalıbov: Əxlaqsız gecə klubunu Yazıçılar Birliyi icarəyə verib
Əxlaqsızlıq yuvaları saxlayan müğənninin şikayətinə baxıldı
Cəzalandırmaq əxlaqidirmi?
Kitabxana

Mədəniyyət işçiləri üçün böyük töhfə

4
(Yenilənib 00:38 16.01.2021)
Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir.

BAKI, 16 yanvar — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı "Boş məkan" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, "Cansız teatr", "Müqəddəs teatr", "Kobud teatr", "Teatr", "Y.Kaqarlitski" başlıqlı fəsillər üzrə toplanmış əsərlər teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verir.

Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Qeyd edək ki, Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir. O, həmçinin 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir. "Britaniya imperiyası", "Şərəf legionu" ordenlərinə layiq görülüb. "Avropa teatr mükafatı", "Kioto" və "Beynəlxalq İbsen mükafatı" kimi ödüllərlə də təltif edilib. Onun əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.

4
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

10
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

10
Gözəllik salonu, arxiv şəkli

Bu sahələrin fəaliyyətinə yanvarın 25-dən icazə veriləcək

0
Ancaq xəbərdarlıq da var: Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar