Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 27 dekabr — Sputnik. Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları dəyişəcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə öz əksini tapıb.
"Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən, bu məmulatlara 3 faiz idxal gömrük rüsumları tətbiq olunur. Gələn il yanvarın 1-dən isə bu məmulatlara tətbiq edilən idxal gömrük rüsumları 5 faiz olacaq.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a şərhində bildirib ki, gömrük rüsumlarının əsas məqsədi daxili istehsalçını qorumaqdır: "Kitablara qoyulan rüsumu artırmaq da ona görədir ki, hamı yerli kitabları alsın. Bəzi mallara qoyulan rüsumlar başa düşüləndir. Məsələn, mebel və ya digər ərzaq mallarına rüsum qoyulması normaldır".
"Bunları Azərbaycanda da istehsal etmək mümkün olduğu üçün xaricdən gətirilən mallara dövlət rüsumu qoymaq olar. Amma kitablara dövlət rüsumunu artırmaq düzgün deyil" — Həsənov bildirib.
Ekspert vurğulayıb ki, bu gün yerli kitab istehsalı mövcud olsa da, yerli kitablar xarici kitablarla rəqabət aparmır: "Xaricdən gələn kitablar başqa dildədir və onların Azərbaycan bazarında alternativi yoxdur. Nəzərə alsaq ki, azərbaycanlı gənclərin xarici dilləri yaxşı bilmələri mütləqdir, o zaman onlar xarici dil biliklərini artırmaq üçün xarici dildə olan elmi və ədəbi kitablar oxumalıdırlar. Amma Azərbaycan bazarında olan kitablar yalnız doğma dilimizdədir".
"Eyni zamanda, elmi kitabların Azərbaycan dilində azlığı da nəzərə alınmalıdır. Elə elmi kitablar var ki, Azərbaycanda heç yoxdur, olanlarda da məlumat azdır və elmi işlə məşğul olan insanları qane etmir. Mən özüm şəxsən hüquq sahəsi üzrə olan kitabları xaricdən alıram" – mütəxəssis əlavə edib.
Ə.Həsənovun qənaətincə, bu sahədə gömrük rüsumunun artırılması belə, yerli istehsalçıya kömək etməyəcək: "Əksinə, gömrük haqlarının artırılması əhalinin maariflənməsində problem yaradacaq. Əsas məntiq dövlət büdcəsini doldurmaqdır. Amma bu, doğru yol deyil. Çünki yeni qanun artıq onlayn kitabların oxunuşunu artıracaq".
"Hədəf Nəşrləri" MMC-nin direktoru, yazar Müşfiq Xan isə o fikirdədir ki, yeni dəyişiklik yerli nəşrlərin istehlakına az da olsa, təkan verəcək: "Ümumiyyətlə, son 2 ildə kağızın bahalaşmasını nəzərə alsaq, Azərbaycanda nəşr olunan kitablar yetərincə uyğun qiymətə təklif olunur. Başqa vacib nüans isə kitabın keyfiyyətidir. Tələb olunmayan, heç kəsin yadına düşməyən müəlliflərin yeni-yeni kitablar yayımlaması olduqca gülüncdür".
"Bunun əvəzinə tələb olunan kitablar çap olunmalıdır. Bunu da naşirlər düşünməlidirlər. Hər hansı xaricdə çap olunan kitabı ana dilimizdə yayımlamaq üçün nəşriyyata 1-2 ay vaxt lazımdır. Amma dəfələrlə olub ki, oxucuların rəğbətini qazanacağına ümidləndiyimiz, çox oxunacağını proqnozlaşdırdığımız kitabların nəşrdən sonrakı aqibəti adətən bizi məyus edib" — direktor Sputnik Azərbaycan-a bildirib.
Millət vəkili Asim Mollazadə də Sputnik Azərbaycan-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, xaricdən gətirilən kitablara qoyulan dövlət rüsumunun artırılması təəssüf doğurur: "Bu yenilik elektron kitablara tələbatı artıracaq. Onsuz son zamanlar tələbələr, elmi işlə məşğul olan şəxslər elektron kitablardan daha çox istifadə edirlər. Düşünürəm ki, kitablara qoyulan gömrük haqlarının artırılması zamanı yaranacaq boşluğu onlayn kitablar dolduracaq".
BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.
Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.
Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.
BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.
Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.
İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.
BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.
Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.
Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.